Anarın “Molla Nəsrəddin-dünən, bu gün”ü
27 May 2014 17:18 MədəniyyətAnarın haqqında söhbət açdığımız kitabında toplanmış hekayələrindən "Yaxşı padşahın nağılı" hekayəsini xüsusi olaraq qeyd etmək lazımdır. Padşah vəzirlərini hüzuruna çağırıb xalqı xoşbəxt görmək üçün daha hansı qərarları vermək lazım olduğunu soruşur. Fikir verin, hər vəzir yalnız öz mənafeyinə uyğun qərarları təklif edir. Axmaq padşah fərman verir və xüsusi olaraq hamıya xoşbəxt olmağı əmr edir. İndi mənim bu quruluş haqqında aldığım bilgilərə görə insanların çox zaman quru sözlə qidalandığı 70 ildə, xüsusilə 70-ci illərdə həqiqətən də belə axmaq padşahlar vardı. Bu ideyani Anar Sabirə nəzirə kimi yazdığı "Neylərdin, ilahi" şerində də qeyd edir.
Guya hər şey yerində, qurd quzu ilə otlayır,
Belə ağ yalanları neylərdin, ilahi!
Anar bu günün gəncləri üçün cəsarətli, sözünü vaxtında deyə bilən, özünü tənqidi sevən, həqiqətin gözünə dik baxan bir şəxsiyyətdir. Felyetonların birində AYİ (hazırda AYB) nin üzvlüyündə ağır prosedur qaydalarını tənqid edir. Həmin ağır prosedurların bu gün də mövcud olduğunu desək yəqin ki, hörmətli yazıçımız bizdən inciməz.
"Molla Nəsrəddin-dünən, bu gün" kitabında toplanmış hekayə, esse, felyeton və şerlərin əsas tənqid hədəfləri yaltaqlar, qorxaqlar, avamlar, alçaqlar, rüşvətxorlar, müftəxorlar, qohumbazlar, dəstəbazlar, yerlibazlar-bir sözlə cəmiyyətin bütün antipodlarıdır.
Bir millət olaraq çox çatışmayan cəhətlərimiz var. Ən vacibi isə milli birliyimizin zəifliyidir. Bildiyimiz kimi Anar 90 illərin əvvəllərində bir neçə ay Türkiyədə çalışmışdır. Müəllifin "Muhakkak görüşürüz" hekayəsini oxuduqca burda müəllifin eyni bir millətin bir-birinə qarşı biganəliyinin şahidi olur. Süründürməçı bir institut rektorunun qəbuluna həftələrlə düşə bilməməsi, bir sahibkarın xalqımızın qanını axıdan ermənilər üçün İrəvanda sabun zavodu açması və (bunu mən ona görə edirəm ki, ermənilər müsəlmandan asılı olduqlarını bilsinlər) deyən sahibkarın xəstə təxəyyülünə qəlbən acıyır. Üzeyir Hacıbəyovu italyan bəstəkarı hesab edən "Koroğlu" operasının müəllifini tanımayan Mete bəy kimiləri Qarabağa nə yardımı edə bilərdilər. Hekayə haqqında Anar yazır: "Türkiyəni ikinci vətənim sayıram. Birinci vətənimdə-Azərbaycanda gördüyüm naqisliklər, çatışmamazlıqlar haqqında tənqidi, satirik yazılar yazdığım kimi, ikinci vətənimdə bəzi xətaları müşahidə etdikcə sözünü tutmayan, vədənə əməl etməyən, havayı söz danışan adamlarla rastlaşdıqca bu barədə susmaq istəmədim. "Muhakkak görüşürüz" hekayəsi də bu hisslərdən yaranıb. Məncə vətəni sevmək, onu hər cür qusurlardan, boşboğaz adamlardan xali görmək istəyidir və qələmi bu məqsədə yönəltməkdir".
Anar təbii boyalarla cəmiyyətin portretini yaradan rəssamdır, cəmiyyətin bütün dərdlərini və bu dərdlərin əlacını bilən bir həkimdir. Və təkcə bu xəstəliklərə sələfi və pərəstişkarı M.Cəlil kimi xəstəliyə diaqnoz qoymaqla yetinmir, bu xəstəliyin sağalmasına çalışır, cəmiyyətə məsləhətlər verir. O, hələ gənc yaşında bunları bir müdrik kimi başa düşürdü. K.Talıbzadə yazır: "Anarın "Molla Nəsrəddin-66" silsilə hekayələri fikrimizcə oxucunu ona görə razı salır ki, burada cəmiyyətdəki kölgəli cəhətləri inkişafa, sosializm quruculuğuna mane olanları görə bilmək, göstərə bilmək istedadı ilə yanaşı onları aradan qaldırmaq üçün öz vətəndaşlıq borcunu bütün qüvvəsi ilə, qəzəbi və nifrəti ilə yerinə yetirməyə çalışan bir sənətkarın qabiliyyəti və cəsarəti birləşib".
C.Məmmədquluzadə haqqında Anar kifayət qədər yazdığına baxmayaraq hələ də bunları yetərli bilmir. Kitabda müəllifin "Əbədi Mirzə Cəlil" essesini həyəcansız, kövrəlmədən oxumaq mümkün deyil. Mirzə Cəlil haqqında yaza-yaza özü də üçüncü Molla Nəsrəddin olmaqla bir Mirzə Cəlil taleyi yaşayır. Qanmaq istəməyənləri qandırmaq baxımından. Başa düşənlər üçün yazmağa nə var ki, əsas odur ki, Mirzə Cəlil demiş "qanmayanları qandırasan". Mirzə Cəlil yazırdı: "Müsəlman yazıçısı avama xoş gələn söz yazmasa işi keçməz. Budur qanlı faciə..."
Anarın bu yazısında Nehrəm kənd məktəbində şagirdləri dərsə çağıran zəngdən söhbət gedir. Mənim fikrincə Bakının ən uca yerində o zəngi asıb hər sübh çağı səsləndirmək lazımdır ki, bugünün özündə də yatmış milləti oyada bilək, Mirzə Cəlilin kimliyini xalqa daha yaxşı tanıda bilək..
Nə yaxşı ki, tam zamanında dünyasını dəyişdi Mirzə Cəlil. Zatən ölümündən on il əvvəl də dünyasını dəyişmiş kimi idi. Varlığı qədər mübarizə apardığı, inandığı bir quruluş ondan üz döndərmişdi. Sabirin heykəlinin açılışına dəvət olunmayan gündən bu dünyanı tərk etmiş kimi idi. Və nə yaxşı ki, zamanında bu dünyanı tərk etdi. Alçaqların əli ilə zirzəmilərə sürülüb işgəncələr verilmədi, güllələnmədi. Yoxsa Azərbaycan xalqı bu faciənin hesabını heç zaman ödəyə bilməyəcəkdi; nə Allah qarşısında, nə də gələcək nəsillərin qarşısında.
Anar bu gün də yorulmadan çalışır, yazır, cəmiyyətin nöqsanlarını onun üzünə deyir. Hansı ədəbi cərəyanda yazmasından asılı olmayarq onun bütün əsərlərini bir məqsəd birləşdirir. Milli ruhu saxlamaq.
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.