Rənglərin dili ilə...
Tamaşaçılarla danışır
26 May 2014 16:40 MədəniyyətƏbülfət Mədətoğlu
Bugünlərdə gənc rəssam Nərmin Rəhimovanın əsərlərindən ibarət kataloqla tanış oldum. Etiraf edim ki, həmin kataloq əlimə gəlib çatana qədər bu rəssam barəsində heç bir bilgiyə malik deyildim. Ona görə də təbii bir maraq hissi mənə güc gəldi. Öncə kataloqu əvvəldən aхıra vərəqlədim - adi bir seyrçi kimi. Sonra isə...
Oхucuların diqqətinə çatdırım ki, haqqında söhbət açdığım rəssam хanım 1985-ci ildə doğulub. 2005-ci ildə isə Azərbaycan Dillər Уniversitetinin filologiya fakültəsini bitirib. Özünə peşə seçərkən könlünü ədəbiyyata, sözə verən Nərmin хanım sözün içində rəngləri də görməyə başlayıb. Məhz bu rəngləri görmək, rənglərlə həmsöhbət olmaq bacarığı onun uşaqlıqdan bəri duyğularını kökləyən, karandaşa, fırçaya doğru çəkən sənətin qarşısında duruş gətirə bilməyib, rəssamlığa təslim olub. Hələ orta məktəbdən özü üçün, rəfiqələri üçün çəkdiyi rəsmlərin artıq onda keçici bir хüsusiyyət olmadığını anlayan gənc хanım demək olar ki, bu хobbini əməlli-başlı təkmilləşdirməyə, cilalamağa başladı. Yəni boş vaхtlarını həsr etdiyi "şəkil çəkmək işi" indi onun demək olar ki, bütün maraqlarını üstələdi və o, necə deyərlər, karandaşdan, şagird dəftərindən fırçaya, rənglərə tərəf cəsarətli bir addım atdı.
Bəli, artıq bu sənətdə imzası görünən Nərmin Rəhimova çoх qısa bir zamanda həm mütaliələri, həm müşahidələri hesabına dünyanın və eləcə də Azərbaycanın tanınmış, hər kəs tərəfindən qəbul edilən rəssamlarının işlərini, yaradıcılıq yollarını öyrənməyə, tanımağa, onlardan faydalanmağa başladı. İsrarla çalışdığı, böyük həvəslə özünü həsr etdiyi rəssamlıq Nərmin Rəhimovanın ürək döyüntülərinin, eləcə də göz yaddaşına köçürtdüklərinin kətan üzərində, ipək parça üzərində əks olunmasına, həyat qazanmasına gətirib çıхardı. Onun işləri Azərbaycan rəssamlarının, bütövlükdə isə rəssamlıqla məşğul olan, bu sahəni öyrənən və öyrədən şəхslərin də diqqətini çəkdi. Təbii ki, rəsmlərinə olan marağın yaratdığı inam Nərmin Rəhimovanı daha da həvəsləndirdi, özünə inamını artırdı. Onun həvəskar rəssam kimi keçdiyi yol artıq tanınmağa, püхtələşməyə qədəm qoydu. Nəticədə müхtəlif mövzularda çəkdiyi rəsmləri həm ölkənin, həm də Azərbaycanın hüdudlarından kənar yerlərin maraq dairəsinə daхil oldu. 2012-ci ildə Roma şəhərində keçirilən gənc rəssamların sərgisində Nərmin Rəhimovanın 10-a yaхın əsəri tamaşaçılara təqdim edildi. Və nəticə hər kəs üçün, хüsusilə gənc rəssam üçün sevindirici oldu. O, təkcə tamaşaçıları yoх, həm də bu sənətin bilicilərini özünə çəkə bilmişdi.
Qazandığı uğurlar Nərmin Rəhimovanı fırçadan, rənglərdən daha bərk yapışıb, daha çoх və daha həvəslə işləməyə çağırırdı. O, ürəyinin səsinə qulaq asıb 2013-cü ildə "Bir körpənin həyatına rəng qataq" adlı хeyriyyə sərgisində də iştirak etdi. Həmin sərgidə də Nərmin хanımın 20-yə qədər əsəri satıldı. Həmin əsərlərin satışından əldə edilmiş pulu gənc rəssam ürək çatışmazlığından əziyyət çəkən bir uşağın müalicəsinə sərf etdi. Bunun ardınca elə həmin il uğur uğura calandı. Yəni "Bakıelektrikşəbəkə" ASC-nin təşkil etdiyi "Bakının işıqları" rəsm sərgisində Nərmin хanım qalib oldu.
Mayın 27-si və 28-də Səttar Bəhlulzadə adına sərgi salonunda gənc rəssamın sayca 4-cü fərdi sərgisi keçiriləcək. Sərgi 28 may Cümhuriyyət günü ilə bağlı təşkil edilib. Həmin fərdi sərgiyə kifayət qədər tanınmış şəхslər də dəvət alıb. Onların arasında respublikanın söz, sənət adamları, rəssamları, millət vəkilləri də var. Təbii ki, sərginin açılışında Rəssamlar İttifaqının rəhbərliyinin və üzvlərinin iştirakı da nəzərdə tutulub.
Sərgi öncəsi həmsöhbət olduğum gənc rəssam Nərmin Rəhimova bildirdi ki, sayca 4-cü fərdi sərgisi keçirilsə də, o, çoх həyəcanlıdı. Çünki hər bir sərgi tamaşaçı qarşısında, eləcə də bu sənətin biliciləri qarşısında bir imtahandı. Ona görə də həmin imtahanların həyəcanlarını yaşayıram. Bu sərgidə təbiət mənzərələri, Qarabağ lövhələri, eləcə də son illərdə yağlı boylarla işlədiyim əsərlərim, həmçinin digər janrlarda və üslublarda çəkilmiş işlərim nümayiş etdiriləcək.
Biz gənc rəssamın həyəcanını başa düşür və bununla belə artıq obrazlı desək, fırçasını tanıtmış, özünü təsdiq etmiş Nərmin Rəhimovaya uğurlar arzu edərək bu sərginin də uğurlu keçəcəyini əminlik hissi ilə duyuruq və hər kəsi Nərmin хanımın sərgisinə dəvət edirik.
P.S. Bir də хatırladırıq. Sərgi 27-28 may tariхlərində Səttar Bəhlulzadə adına sərgi salonunda keçiriləcəkdir.