İbrahim dünyası

İbrahimlə bütün görüşlərim nədənsə yadımdadır. İbrahimdən öncə qardaşı Hacı Məhəmməd Astanbəylini tanımışam. Kənddəki evlərində pəncərə ağzına yığılmış kitabları, bağın ayağındakı əncir ağacını tanımışam. Həmin əncir ağacının altında Məhəmməd mənə şeirlərini oxuyub. İlk məqaləmi də birinci ona həsr etmişəm. Atası Musa müəllim radionun fondundan Aşıq Kamandarın havalarını kasetə yazdırıb göndərməyi məndən xahiş etmişdi... Onda Azərbaycan radiosunda veriliş aparırdım.

İndi İbrahimi tanınmış şair kimi hər yerdə gözləyirlər, həvəslə çap edirlər. Hətta rus dilinə də tərcümə edilir.

Amma bir səmimi etirazı - rayon qəzetində - "Qalibiyyət Bayrağı"nda çap olunmaq arzusu onun yurd sevdasından xəbər verir.

İbrahim "Facebouk"da yazışsa da, virtual texnologiyalardan istifadə etsə də əski sözlərin, obrazların içindədir. Dədələrin didaktikası hələ də ona doğmadır:

Üzün dönməz mənə sarı, 

Yarı, öz ömründən yarı.

İbrahimin sitəmkarı

Necəsən zalım, necəsən?

yaxud

Qaydadı: Xan dinər, rəiyyət susar,

Qanla qazan asan bir gün qan qusar.

Dünənin "o"dursa, bu günün "bu"sa,

Baban da yazıqdı, balan da yazıq.

İbrahim İlyaslı çox istiqanlı, ünsiyyətcil dostdur. Bu xasiyyəti şeirlərinə də keçibdir. Başqaları ilə tez dil tapmaq, tez ünsiyyətə girmək onun şeirlərini monoloq başlanğıcından məhrum edir. Onun ömür və söz məkanı dialoq üstə köklənibdir. Şeirlərində ritorik müraciətlər epik ünsiyyətin tərkib hissəsidir.

İbrahimin şeirlərində bir tərəkəmə - elat sadəliyi var - bu, onun yaşam müdrikliyindən və saz-ozan şeirinin havasından gəlir. İbrahim İlyaslı kimi şairlərin yaddaşı yazının, kitabın deyil, daha çox söylənən, oxunan sözün sehrinə bağlı olur. Qımqımı, qoşma, gəraylı, divani onun üçün yalnız sözün formaları deyil, həm də etnik səsin, nəfəsin və kimliyinin təzahürüdür. Saz-ozan şeiri gələnəyi onu XXI əsrdə də Yunus Əmrə, Qaracaoğlan, Aşıq Ələsgər zamanında da yaşada bilir. 

Gəl sənə bir yalan uydurum, könül,

Adına aldanıb yaşa da getsin.

Ən böyük yalanmış doğru deyilən,

Doğruçu olmağı boşla da getsin.

Onun uşaq sadəliyi və səmimiyyəti küsməyə də qoymur. Bəzən İbrahimin bu tolerantlığı o həddə çatır ki, qrafomanla da, modernistlə də, postmidernistlə də dil tapa bilir...

İbrahim öz ömrünü xatirə kimi şirincə danışa bilir. Hər xatirədə öz obrazını, ömründən keçən insanların obrazını ustalıqla göstərə bilir. Yalnız başqasını təsvir edəndə özünün portreti alınır. 

Fikir vermişəm: xatirələrində özündən yox, görüşdüyü insanların jestini, mimikasını, sözlərini danışır. Və o qədər səmimi nağıl edir ki, həmin koloritli obrazlara inanırsan. Sanki həmin görüşlərin şahidlərtindən biri də sənsən. Bu, şeirlərində də belədir. 

İbrahimin dünyasının mərkəzində öz "mən"i, öz bədəni deyil, "başqası" durur. 

Şəhər həyatı, urbanizasiya vərdişləri, streotipləri içindəki incəli qımqımısını, gəraylı ritualını, "Ruhani" havasını öldürə bilmədi. İbrahim içinin havacatını yazıya, bəyaz kağıza etibar edə bilir.

İncədə bir gözəl ağlar, -

Sarı çiçək, sarıma, çiçək.

Axşam ağlar, səhər ağlar, -

Sarı çiçək, sarıma, çiçək.

İbrahim sevdalı, havalı kişidir. Bu sevdanın işığını "Ruhani"yə oynayanda görmüşəm: İbrahimin ayaqları və vücudu yerdən üzülür. Ancaq səmanın ritmini duyan adam şeirdə ritmi saxlamaq gücündə olur.

İbrahim İlyaslının 50 yaşı tamam olur. Bir 50 il də bundan sonra ağzımızdan İbrahim qağamızın qoşma-gəraylısının, qımqımısının dadı getməyəcək...

Rüstəm KAMAL
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31