Elçin Hüseynbəyli: “Azad seks istəyənlər xaraktercə fahişədirlər – kişisi də, qadını da!” – YENİ LAYİHƏ
“Bir qələtdi eləmisən, otur yerində də...”
22 May 2014 15:44 MədəniyyətLent.az yeni layihəyə başlayır. "PAQAQ" adlanan bu layihədə qonaqlarla mentalitet, milli-mənəvi dəyərlər barədə, daim yeniləşən dünya və cəmiyyətimizdə bu dəyərlərin yeri, rolu haqda danışacağıq. Azərbaycan xalqının folklorunda yer tutan "Papağı qarşısına qoyub düşünmək" deyiminin formal təminatı da müsahibə zamanı milli baş geyimimizin ortada olmasıdır.
Layihənin ilk qonağı "Ədəbiyyat" qəzetinin baş redaktoru, yazıçı Elçin Hüseynbəylidir.
- Deməli belə, Elçin müəllim, papaqdan danışacağıq. Həm də "papaqaltı" söhbətlərdən...
- Onda Məşədi İbaddan başlayaq...
- Tamam, başlayaq, amma çox maraqlıdı Sizin fikriniz. Ki, bu papaq neyçün bizim qeyrət simvolumuza çevrildi? Hansı haqla?
- Açığı, mən bilmirəm bunun etimologiyasını. Ancaq şəxsən mən papağa sadəcə baş örtüyü kimi baxıram. İndi bizdə deyiblər papaq namus-qeyrətdi... Niyə belə deyiblər, başa düşmürəm. O dövrlərdə də, yəni keçmiş zamanlarda da papaq qoymayan kişilər olub. Hətta papaq da yox, çalma (çalma - adi parçadan və ya yaylıqdan olub, istənilən formada başa bağlanan bir şey - Ş. d. G) olub bizdə. Kənd adamları daha çox istifadə eləyiblər bundan. Kinolarımızda da belədi, bədii əsərlərimizdə də... Məncə, sən deyən papaq söhbəti daha arxaikləşmiş söhbətdi...
- Yox, heç də elə deyil. İndinin özün də kimsə durub kiməsə "sənin papağın belə-belə olsun" desə, bu iş ən azı 8 bıçaq deşiyi, 2 balta çapığıyla qurtarar...
- Bəlkə də haqlısan. Yəqin papaq başdan yuxarıda dayanır, ona görə bu qədər ciddiyə alırlar bu məsələni. Açığı, mən papaq mövzusunu çoxdan unutmuşam... Yəni, papaq heç vaxt mənim üçün o simvolu, o rəmzi daşımayıb. Niyə bu cür olub, neyçün belə olub, bilmirəm...
- Sizin ilk hekayələrinizdə, elə "Rəqs edən oğlan" kitabınızın özündə də köhnəliyə, bu cür bəsit dəyərlərə bir ironiya, istehza var. Amma sonralar nəyə görəsə çəkildi getdi. Nəylə bağlıdı bu? Yaşlamı, yoxsa daha əsərləriniz universitetlərdə tədrisə salınır deyə belədi?
- Yox, bir az yaşla əlaqədar ola bilər. "Azıx" romanımı yəqin ki, sən oxumamısan...
- Xeyr, oxumamışam...
- Hə, bax "Azıx" ümumiyyətlə "mırt roman"dı, belə deyək, ironik romandı. Saxta vətənpərvərliyə ironiyadı... (gülümsəyir) Amma sonralar daha ciddi əsərlər yazdım, "Şah Abbas"ı yazdım, "Don Juan"ı yazdım. İstər-istəməz belə yüngül mövzulara getmədim...
- Elçin müəllim, bizdə, dinlə mentalitetin ciddi şəkildə kəsişdiyi bir neçə yer var. Məsələn, dində qadınına xəyanət zina sayılır, amma mentalitetdə bu iş "kişiklik"dən hesab olunur. Bu kəsişmədə siz nəyin tərəfindəsiz? Zinanın ya "kişiliyin"?
- Bu yanaşmada mən qanun olaraq deyil, mənəviyyat olaraq birincinin tərəfindəyəm, yəni dinin. Əgər sən bir qadınla əhdi-peyman bağlamısansa, ona axıra qədər sədaqətli olmalısan. Şeytana lənət, bir də görürsən şeytan yoldan çıxardır. Elə kişilər olur, bunu "səlis" eləyir, heç kəs xəbər tutmur. Elələri də olur, gözgörəti eləyir. Hətta düşükcəsinə, nümayişkaranə.
Bu artıq axmaqlıqdı, kişilik yox! Qadın zəif olursa, dözüb durur. Qadın güclüdürsə, ya çıxıb gedir, ayrılır. Ya da qisas alır. Sonunda ailə dağılır...
- Dediniz mənəviyyat baxımından dinin tərəfindəsiz. Belə çıxır ki, mentalitet hardasa mənəviyyatsızlığı da sırıyır?
- Əlbəttə. Bir də görürsən, belə ucuz "kişilik" oyunlarına uyub mətbuatda da sərsəm-sərsəm açıqlamalar verirlər. Yaxşı, bir qələtdi eləmisən, otur yerində də. Bu nə əxlaqdı, bu nə mənəviyyatdı çıxıb bunu mətbuatda da deyirsən?! Ümumiyyətlə, həyat yoldaşına xəyanət eləyən vətənə də xəyanət eləyər, dosta da, övlada da. Deməli, onda qutsal heç nə yoxdu. Deməli, bu adam bu axmaqlıqları yaxşı bacarır...
- "Qız qaçırtmaq", "qoşulub qaçmaq" deyə bir ənənəmiz də var. Azərbaycanda yüzlərlə ailə bu yolla qurulub. Qabaqlar bu iş də normal sayılırdı. İndi artıq "adam oğurluğu" hesab olunur...
- Mən bunun da əleyhinəyəm. Hətta şahidi olduğum hadisə olub, ana öz qızının qaçırılmasına şərait yaradıb. Bu necə ola bilər? Get-gedə cılızlaşmışıq elə bil. Gözəl adət-ənənələrimiz var. Həmin adət-ənənəylə ailə qurmaq ən gözəl olanıdı. İndi artıq bizdə vətəndaş nikahından dəm vururlar. "Gəl bir yerdə yaşayaq, görək alınırsa davam eləyək, yox, alınmırsa, yaxşı yol"... Belə şey olar?
- Son vaxtlar bəkarət mövzusu da ciddi-cəhdlə aktual olmaqda. Sizcə bu məsələ nə qədər vacibdi səadət üçün?
- Mənə elə gəlir elə məsələlər var ki, onu müzakirə eləmək doğru deyil. Yəni, kişi olaraq biz bu mövzunu müzakirə etməməliyik...
- Niyə? Bunu müzakirə eləməyin kişiliyə nə dəxli var, Elçin müəllim? Söhbət onlarla qadının faciəsindən gedir, sonrakı tüfeyli taleyindən gedir, hansısa pərdədən deyil...
- Ona görə ki, artıq Avropa qayıdır bakirəliyə. Ailənin təmizliyini qorumaq istəyirsənsə, buna əməl etməlisən. Ümumiyyətlə, azad seksi şüar eləyən adamların xarakterinin kökündə fahişəlik durur. Kişisi kişi kimi, qadını qadın kimi fahişədi o adamlar... Kim istəyir, getsin fahişəliyini eləsin. Fahişəxanalar dünyanın hər yerində fəaliyyət göstərir. Azərbaycanda da gizli də olsa var, hamımız bunu bilirik. Hətta evində oturub sifarişlə də görüşə çıxa bilər. Bakirəlik çox həssas məsələdi. Buna riayət olunmalıdı. Mən inanmıram, özünü kişi sayan bir adam namusuna, qeyrətinə sığışdırıb gedib bakirə olmayan bir qadınla evlənsin. Kimsə dul qadınla evlənirsə, bu başqa məsələdi, getsin evlənsin. Bunun o məsələyə dəxli yoxdu. O evdən qaçıb Bakıya azad həyat dalıyca gələn yeniyetmə qızlar gedib "Kerri Bacı"nı oxusunlar. Görsünlər o həyatın axırı hara gətirib çıxardır.
- Yəni, kim bakirə qadınla evlənməyibsə, kişi kimi özünü tanımır?
- Yox, o baxır situasiyaya. Kişi də bakir evlənməlidi, qadın da bakirə ərə getməlidi...
- Sizə elə gəlmir ki, həddindən artıq mühafizəkar olmusuz, Elçin müəllim?
- Yəqin ki... Yəqin ki, bu belədi. Həm də mən məsuliyyət hiss eləyirəm axı. Həm də bu dediklərimi təcrübəmdən, yaradıcılığımdan və öz düşüncəmdən çıxış edərək deyirəm. Mənim gənclərə pis vərdişlər aşılayan vaxtım deyil. Ancaq hər kəs öz düşüncəsində azaddı. Mənimsə fikrim budu.
- Yaxşı, bəs siz hansı dəyərlərinizə toxunularsa cinayət edərsiz?
- Bir şey var də - kiçik cihad, orta cihad, böyük cihad. Kiçik cihad ailənin namusunu qorumaqdı, orta cihad vətənin namusunu qorumaq, böyük cihadsa nəfsi. Şübhəsiz ki, ailəyə qarşı hər-hansı təhlükə olarsa, cinayət eləmək, adam da öldürmək olar. Hətta lazım olsa, çox adam öldürmək olar. Baxmayaraq Allah dində bunu yasaq eləyib. Ki, insan öldürmək olmaz. Ancaq mən düşünürəm, axmaq insanı öldürmək də olar, başqa şeylər də...
- Demək, burda da mentalitet dini üstələyir?
- Bilirsənmi, insan fərddi, hər kəs öz hisslərində azaddı, istənilən hərəkəti eləyə bilər...
- Qohum nikahlara necə baxırsız? Məsələn, əmiqızı-əmioğlu. Rusiyada, başqa xristian ölkələrində birmənalı inkar edilir bunlar. Bilirsiz, onlar əmioğluya "ikinci qardaş", əmiqızıya "ikinci bacı" deyə müraciət edirlər...
- Guya deyirlər əmioğlu-əmiqızının göbəyi göydə kəsilir, göydə nikahı olur filan-beşməkan. Tibbi baxımdansa bu heç yaxşı deyil deyəsən. Amma aralarında sevgi varsa, mehribanlıq varsa, bunun qarşısını almaq düzgün deyil.
- Şərqdə zorlanmış, əzilmiş qadınlara qarşı da mərhəmət hissi kasaddı. Ən xırda misal "Əri döymüş arvadı it də tutdu bir yandan" deyə bir deyim var...
- Məncə elə deyil. Bizdə də mərhəmət hissi yüksəkdi. Ümumiyyətlə, cəmiyyətdə belə hallara qarşı həssaslıq yaratmaq lazımdı, maarifləndirmək, təlqin eləmək lazımdı...
- Yaxşı, Elçin müəllim, siz özünüz fərd olaraq hansı mental dəyəri "təmir" etmək istəyərdiz, hansını silib itirmək istəyərdiz? Və ya nəyisə bir dəyər kimi təbliğ eləyib mentalitetə əlavə eləmək fikriniz varmı?
- Mənim arzum nədi? Həddindən artıq böyük arzumdu ki, Azərbaycanda ailələr 30-40 il əvvəlki ailələr kimi olsunlar. Daha qayğıkeş, daha mehriban. Uşaqlar... Sosial şəbəkələr uşaqları dəhşətli dərəcədə ailədən uzaqlaşdırıb. Özünə qapalı edib. Həddən artıq fərdiyyətçi olublar. Qabaqlar daha mehriban, səmimiydi ailələr. Amma bu feysbuk-filan o bağları tamam zəiflədib, qırıb. Mən istəyərdim yenə də mehriban olsunlar o vaxtlarkı kimi. Amma düzünü deyim, gələcək mənim üçün yaxşı heç nə vəd eləmir. Adamlar kəskin sürətdə vəhşiləşirlər.
- Elçin müəllim, görürəm sizdə kəskin daxili senzura yaranıb. Bir yazıçının bu boyda senzuradan keçib yeni nəsə yazmağı çətin deyil ki?
- Yox-yox, söhbət ondan getmir e. Bilirsən necədi, mən həmişə bir məşhur deyim var, onu dəstəkləmişəm. Deyir, insan dəyər yaradana qədər inqilabçı olur, dəyər yaradandan sonra mühafizəkar. Yaşlandıqca, əlbəttə, hansısa şeylərdə özünə qadağa qoyursan. İnsan yaşlandıqca mühafizəkarlaşır. Mən indi bu 25 yaşlı, 30-35 yaşlı gənc yazıçı-şairlərə baxıb gülürəm. Mən də hardasa elə olmuşam o yaşlarda. Onlar da mənim yaşıma çatanda belə olacaqlar. Siz də bir gün indi kəskin şəkildə inkar elədiyiniz şeyləri asanlıqla qəbul edəcəksiniz, barışacaqsınız...