Akademik Milli Dram Teatrı festivalda iştirak edəcək
21 May 2014 19:15 MədəniyyətAkademik Milli Dram Teatrının dünya teatr məkanına inteqrasiyası istiqamətində işləri davam edir. Son illər ərzində Akademik Teatrın nüfuzlu beynəlxalq teatr festivallarında iştirakı, ölkədaxili və xarici qastrol səfərləri intensiv xarakter alıb. Teatr tariximizə nəzər salsaq, görərik ki, bu günə qədər heç vaxt teatrımız bir ay ərzində 3 beynəlxalq festivalda iştirak etməyib. Dünya teatr məkanına inteqrasiyanı, beynəlxalq əlaqələrin qurulmasını fəaliyyətinin prioritet istiqamətlərindən hesab edən Akademik Milli Dram Teatrı Azərbaycan teatrının dünya teatr məkanında tanınması, dünyanın qabaqcıl teatrları ilə möhkəm qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ardıcıl səylər göstərir, müntəzəm şəkildə beynəlxalq layihələrdə iştirak edir.
Xəbər verdiyimiz kimi, may ayı ərzində Akademik Milli Dram Teatrı artıq Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalında və Konyada "Min nəfəs, bir səs" Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında böyük uğurla iştirak edib. Teatrın kollektivi növbəti beynəlxalq teatr festivalına - Makedoniyanın paytaxtı Skopyedə keçirilən Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalına getməyə hazırlaşır. 25 may - 5 iyun tarixlərində keçiriləcək festivalda teatrımız Vladimir Zuyevin "Sülh göyərçini" pyesi əsasında hazırlanmış "Mən... Biz..." adlı monotamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Pyesin tərcüməçisi və ifaçı Əməkdar artist Ayşad Məmmədovdur. Bir hissəli mono reportaj janrında hazırlanan tamaşanın qısa məzmunu belədir: komplekslərlə böyüyən 50 yaşlı birisi anası öldükdən sonra xatirələrlə yaşayır, övladları ilə əlaqə yaratmaq, səhvlərini düzəltmək istəyir. Nəticədə həyatındakı boşluqlardan bezib, intihar edir. 48 dəqiqə davam edən monotamaşa həyatı komplekslər üzərində qurulan insanların faciəli həyatından bəhs edir. Rejissor ideyasına görə, cəmiyyətdə, ailədə kompleksli insanları böyütmək günahdır, çünki onlar cəmiyyətin diri ölüləridir. Komplekslərlə, bivec, mərhəmətsiz böyüdülən insan gələcəkdə cəmiyyətdən təcrid, lüzumsuz, gərəksiz həyat ilə barışan, ölümünü gözləyən insanlardır.
Festivalda Akademik Milli Dram Teatrının tamaşası 28 may tarixində - Respublika Günündə Makedoniya Milli Teatrının səhnəsində nümayiş olunacaq. Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə Akademik Milli Dram Teatrı bir çox xarici ölkələrin teatrlarının iştirak etdiyi Beynəlxalq Festivalda "Mən... Biz..." tamaşasını təqdim edəcək.
Qeyd: Kollektiv 30 may tarixində festivaldan qayıdacaq. Ətraflı məlumat üçün elektron poçt və telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Əməkdaşlığa görə media nümayəndələrinə təşəkkür edirik! OLAYLAR