Azərbaycanın əməkdar incəsənət xadimi: "Brilliant Dadaşovanın oxuduğu o gözəl mahnını..."

Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin müsahibəsi.

Dosye: Məhərrəm Əlisəttar oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. Rejissorluq fəaliyyətinə 1967-ci ildə Azərbaycan Radiosunda başlayıb. 1971-ci ildən isə Azərbaycan Televiziyasının rejissorudu.

1969-cu ildən Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. M.Bədirzadə televiziya rejissorları arasında Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülmüş yeganə rejissordu ("Gəlinlər" tamaşasına görə. İttifaqın ilk və yeganə prezidenti, mərhum sənətkar Həsənağa Turabov bu tamaşanı görəndə deyib ki, "Gəlinlər" heç bir teatr tamaşasından əskik deyil).

M.Bədirzadənin filmoqrafiyasında "Bağdada putyovka var", "Gəl qohum olaq", "Gəlinlər", "Gürzə", "Qayınana" əməliyyatı", "Mən sənin dayınam", "Təlatüm", "Mürafiə vəkilləri", "Sonuncu şahid", "Ünvansız eşq", "Yol yoldaşları" və s. kimi film və teletamaşalar var.

- Arxivdə qalmayan tamaşaların taleyi necə olub ki, belə alınıb - onlar bədii keyfiyyətləri olmadığına görə arxivdə saxlanılmayıblar, yoxsa başqa səbəblər olub?

- Xeyr, xeyr, məsələ bədii keyfiyyətdə deyil. Mən 71-ci ildən televiziyadayam. Tamaşanın arxivdən silinməsi faktını ilk dəfə Rauf Kazımovskinin hazırladığı "Laçın yuvası" tamaşasının misalında gördüm. Guya təsadüfən kimsə o tamaşanın lent yazısını pozdu. Kimsə rejissordan acığını çıxmaq üçün belə üsula əl atmışdı. O vaxt texniki şərait elə idi ki, belə "təsadüflər" çox asanlıqla baş verirdi. İndi belə halı hətta təsəvvür də etmək mümkün deyil, arxivə heç kim yaxın düşə bilməz. Özü də indi nə çəkilirsə, hamısının dublikatı da yazılır. Rəhbərlik bu işə çox ciddi diqqət ayırır. Məsələn, Mərahim Fərzəlibəyovla birgə hazırladığımız "Aşığın arzuları" tamaşası da belə "təsadüf"ün qurbanı olub. O tamaşa səyyar telestansiya ilə, böyük çətinliklə çəkdiyimiz ilk tamaşa idi. Efirə bir-iki dəfə getdi. Həmin çəkilişlər Buzovnada aparılmışdı. Zərnigar Ağakişiyeva, Əliabbas Qədirov, Məlik Dadaşov, Firəngiz Mütəllimova kimi aktyorlar cəlb olunmuşdular o tamaşaya. Özü də o vaxt mən tibb işçilərinin xalq teatrının rəhbəri idim, rahat-rahat, bol-bol məşq eləmək imkanımız var idi. O tamaşanın pozulması lap qəribə oldu - "Aşığın arzuları" Lenin komsomolu mükafatına təqdim olunmuşdu, tamaşanın lent yazısını münsiflər heyətinə göstərmək istəyəndə xəbər tutduq ki, guya təsadüfən silinib. Hamımız məəttəl qaldıq. Brilliant Dadaşovanın oxuduğu o gözəl mahnını Emin Sabitoğlu məxsusi həmin tamaşa üçün bəstələmişdi. Sözlərini də elə əsərin müəllifi olan Məmmədiyyə Yusifzadə yazmışdı. Onun da oğlu Milli Təhlükəsizlik Nazirliyində rəhbər vəzifədə idi (Ziya Yusifzadə. 1980-1988-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin 7-ci sədri-red.). O tamaşaya böyük diqqət var idi. Həmin mahnıdan başqa o tamaşadan heç nə qalmayıb.

- Eşitdiyimizə görə, bəzi rejissorlar rəhbərliklə problemləri üzündən öz tamaşalarının lent yazılarını özləri yandırıblar...

- Belə hadisə bircə dəfə olub. Tahir Tahirovun başına gəlmişdi. Çox gözəl rejissor idi. O vaxt biz lap cavan idik. Bir gün eşitdik ki, kimsə onunla yola getməyib, işdən azad olunub, buna görə özü bütün lentlərini yandırıb. Onun tamaşalarının sayı da, keyfiyyəti də kifayət qədər yüksək idi. Şekspirin sonetləri əsasında hazırladığı tamaşa ən gözəl işlərindən biri idi.

- Sizin daha hansı tamaşanız hansısa təsadüfün qurbanı olub?

- O təsadüflərin bir qismi dırnaqarası təsadüf olurdu, bəziləri isə gerçək təsadüfi hallar idi. Məni ən çox təəssüfləndirən 78, ya da 79-cu ildə çəkdiyim "Ostap Benderin sərgüzəştləri" tamaşasının məhv olmasıdı. O tamaşanın heç təkrarı da getmədi efirə. Təkrarını böyük sevinclə efirə vermək istəyəndə dedilər ki, yoxdu, pozulub. Belə izah elədilər ki, tamaşanın pasportunda "Dünya ədəbiyyatından nümunələr" yazıldığına görə bu, kimisə çaşdırıb, elə biliblər ki, artıq efirə getmiş eyniadlı verilişin lent yazısıdı, pozublar. Çox heyfslənirəm o tamaşaya görə. Ramiz Əzizbəyli də Ostap Bender rolunda təkrarsız idi.

- Təsəvvür edirəm...

- Bizim o tamaşadan sonra Mark Zaxarovun "12 stul" filmi ekranlara çıxdı. Maraqlıdır ki, bəzi epizodlar, detallar bizim tamaşadakı kimi idi. Deyə bilmərəm ki, o filmin yaradıcı heyətinin üzvləri bizim tamaşanı görmüşdülər, ya yox. Amma oxşarlıqlar çox idi. Əlbəttə, istənilən halda Mark Zaxarovun böyük rejissor olması danılmaz faktdı. Görünür, bu əsərin yozumunda baxışlarımız üst-üstə düşüb. Əlbəttə, sırf təsadüf üzündən pozulan tamaşalar da olub. Amma "Ostap Benderin macəraları"na bu sözü aid edə bilmərəm. Bu, kiminsə qeyri-sağlam rəqabət hissinin fəsadı idi. "Sehrli kürsü" və "Təhsil haqqımı qaytarın" tamaşalarımın da aqibəti belə olub. Birinci tamaşada Səyavuş Aslan mister Blaf rolunda çıxış edirdi. Məhz o roldan sonra o, özündə dram aktyoru keyfiyyətlərini kəşf etdi və dram teatrına üz tutdu. Özünün yubiley gecəsindəki çıxışında da bunu etiraf etmişdi. O iki tamaşada Səyavuş Aslandan başqa daha kimlər iştirak etmirdilər - Firəngiz Şərifova, Məmmədrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, Yaşar Nuri, Əliabbas Qədirov...

- Necə heysfləndiyinizi başa düşmək çətin deyil. Bəs həmin tamaşaları yenidən hazırlamaq istəyiniz olmayıb?

- Yenidən hazırlamağa artıq həvəs qalmır. Həmin ilham ikinci dəfə təkrarlana bilməz axı. Həm də bu işin maddi-texniki tərəfi də var."Qonşular" tamaşası da pozulmuşdu. Birinci dəfə studiyada çəkmişdim. Pozulandan iki il sonra acığa düşüb ikinci dəfə çəkdim. Bir hissəsini qızımgilin binasının liftində, bir hissəsini qayınanamgilin binasının liftində, bir hissəsini də damda. Çexovun "Elçilik" əsəri əsasında hazırladığım tamaşa da pozulub, yaxşı ki, heç olmasa,"Yubiley" tamaşası qalıb. "Elçilik"də İlham Namiq Kamalın fərqli aktyoluq bacarığı üzə çıxmışdı. Hüseynağa Sadıqovla Gülşən Qurbanova da o tamaşada iştirak edirdilər. Özü də Çexova Azərbaycan televiziyasında az müraciət ediblər, məndən əvvəl İsmət Səfərəliyev onun əsəri əsasında tamaşa hazırlayıb, vəssalam. Ramiz Həsənoğlunun "Evləri köndələn yar" tamaşasının lenti pozulmuşdu, yaxşı ki, Ramiz evdə o lent yazısının bir nüsxəsini saxlayırmış, onu gətirib, tamaşanı bərpa elədi. Amma elə də olub ki, itib-batmış bildiyim hansısa tamaşa günlərin bir günü üzə çıxıb. Məsələn, bir fantast yazıçımız var idi - Emin Mahmudov, sonralar Amerikaya köçmüşdü elə orada da bu yaxınlarda 87 yaşında rəhmətə getdi, onun "Dərya balığı" əsəri əsasında hazırladığım tamaşanı silinmiş bilirdim. Amma bir gün təsadüfən o tamaşanın lent yazısı tapıldı. O tamaşada Nəsibə Zeynalova, Süleyman Ələsgərov, Sofa Bəsirzadə kimi aktyorlar iştirak edirdilər. Ümumiyyətlə, bizim bəxtimiz gətirib ki, o cür aktyorlarla işləmişik. İstedadlı olmaqdan başqa həm də çox məsuliyyətli idilər, məşqə bir neçə saat əvvəl gəlirdilər.

Mən indiki aktyorların istedadını danmıram. Amma o vaxtın aktyorları ayrı aləm idilər, onlar özlərini sənətdə yox, sənəti özlərində sevirdilər. Sizə deyim ki, belə hadisələr teatr tamaşalarının da lent yazılarının başına gəlirdi. Məsələn, "Sizi deyib gəlmişəm" tamaşasında Səməndər Rzayevin iştirak etdiyi əksər səhnələr, "Yayda qartopu oyunu" tamaşasının son pərdəsinin silinməsi çox qəribə görünür. Əgər təsadüfən pozulubsa, tamaşanın lent yazısı bütünlüklə pozulmalıydı. Ona görə də həmin tamaşaları efirə vermək artıq mümkün deyil. Hansısa tamaşanın lent yazısının pozulması yalnız 90-cı illərin əvvəlində təbii görünə bilərdi, çünki o vaxt hər şey qeyri-müəyyən idi, ara qarışmışdı. Amma sonrakı illərdə belə hadisələrin baş verməsi, doğrudan da, qəribədi.

- Televizya rejissorları arasında "Qızıl Dərviş" mükafatına layiq görülmüş yeganə şəxs olaraq hansı yeni tamaşalar hazırlamaq niyyətindəsiniz?

- Haqverdiyevin hekayələri əsasında bir ssenari var, "Uçurum", çox ürəyimə yatıb, onu çəkmək istəyirəm. Klassiklərin personajlarının ancaq kostyumunu dəyişsən, dönüb olurlar bizim müasirlərimiz, ona görə çalışmalıyıq ki, onların əsərlərinə daha tez-tez müraciət edək... milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31