Əməkdar artist: "Tamaşadan sonra gəlib dedi ki, nişanını qaytarır"
19 May 2014 10:39 MədəniyyətƏməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev teatrın onun həyatındakı rolu, özünün bu teatrdakı rolu, tamaşalarının teatrsevərlərə qeyri-adi təsirləri və eksklüziv xəbəri Milli.Az-a danışdı.
1994-cü il mayın 16-sı Azərbaycan teatrı tarixinə yeni və maraqlı səhifə kimi yazıldı - xalq artisti Bəxtiyar Xanızadənin yaratdığı "Dəli yığıncağı" teatr-studiyası fəaliyyətə başladı. O vaxtdan "dəlilər" böyüdülər, 2000-ci ildə dövlət statusu qazandılar və indi zatən teatral olub-olmamağından asılı olmayaraq Dövlət Pantomima Teatrını sevməyən yoxdur, desək, yanılmarıq. Onlar "teatrdan artıq teatr" anlayışını özlərinə və tamaşaçılara eyni dərəcədə sevgi və hörmət bəsləyərək var etdilər, yaxın və uzaq xaricdə çoxsaylı festivallarda Azərbaycan teatrının yeni simasını layiqincə təmsil etdilər, hər bir tamaşaları ilə teatr bayramı ovqatı yaratdılar. Məhsuldar və keyfiyyətli teatr anlamının nə olduğunu anladan teatrlar sırasını bəzədilər. Bu il 20 yaşının sevincini pantomimçilər ünvanlarına qiyabi və əyani olaraq "var olun!" diləklərini çatdıran saysız-hesabsız tamaşaçıları ilə bölüşürlər.
- Pantomima Teatrı Elman Rəfiyevə nə verib?
- Pantomima Teatrı Elman Rəfiyevə sənət aləmində azadlıq verdi. Bu azadlığın qiyməti yoxdur. Çünki bu teatrın aktyoru olduğumuz üçün teatr və kino aləmində bütün qapılar bizim üçün açıqdır. Biz bayaq Bəxtiyar müəllimdən soruşduq ki, 20 yaşımızla bağlı nəsə eləyəcəyikmi? Dedi, yox, bu münasibətlə heç nə eləməyəcəyik, sadəcə, teatrın qapısını bütün bizi sevənlər üçün açıq qoyacayıq. (Yenicə başlayan müsahibəyə təbriklər səbəbindən fasilə verməli oluruq. Əyani təbrik edənlər arasında teatrın daimi tamaşaçıları olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimləri Alina Pankratova və Natalya Malışeva "Pantomima Teatrı - 20" adlı albom-kitab tərtib ediblər. Müsahibim təbriklərə şərh olaraq davam edir) Bugünkü gündə isə bizi sevənlərin sayı az deyil və bu, bizə ruh verir. Bizi sevənlərdən biri də sənsən, Samirə, on beş ilə yaxındır ki, Pantomima Teatrı ilə əməkdaşlıq edirsən və mən inanıram ki, nə qədər biz varıq, nə qədər ki sən varsan, bizim teatrın tamaşalarından yazacaqsan. Bu, çox xoşdur.
Bu teatr, onun verdiyi azadlıq mənə ayaq üstə möhkəm dayanmaq üçün dayaq oldu. Mən anladım ki, gərək seçdiyin, sevdiyin sənətlə məşğul olasan. 26 ildir, Bəxtiyar Xanızadə ilə çiyin-çiyinə çalışıram. Və bu 26 ildə hər gün nəsə öyrənirəm, nəsə qazanıram. Bəxtiyar Xanızadə mənə Pantomima Teatrının əlifbasını öyrətdi. Və bu gün mən bu biliklərin sayəsində özümü sərbəst ifadə etmək bacarığı qazanmışam. Bəli, itirdiklərim də olub. Amma nəyisə itirməsən, nədənsə keçməyi bacarmasan, qazancın da olmaz. Bəzi insanlar bunu anlamırlar. Bunu mən bu teatrda, Bəxtiyar müəllimin sayəsində anladım. Təkcə buna görə mən ona sonsuz minnətdaram. İndi, ya da vaxtilə bu teatrda çalışan hər kəs belə düşünür. Çünki təməlləri keyfiyyətli olduğu üçün bu teatrdan ayrılanların hər birinin adı yeni uğurlarla bağlı olub və olmaqdadır.
- Bəs siz bu teatra nə vermisiniz?
- Mən bu teatra bütün varlığımı, enerjimi, sevgimi vermişəm. Verilən enerjidən, sevgidən yeni enerji, yeni sevgi doğulur. Gənc aktyorlara dayaq olmuşam. Tamaşalar və tamaşaçı sevgisi vermişəm. Çünki xarüqələr yaradıb səhnə arxasında qalan Bəxtiyar müəllimin ideyalarının ifadəçisi kimi tamaşaçı ilə üz-üzə qalan biz aktyorlarıq. Aktyor isə heç vaxt tamaşaçını aldatmamalıdır. Biz Pantomima Teatrında bunu öyrənmişik... (bu anda telefon zəng çalır, məlum olur ki, zəng edən eks-pantomimçi və teleaparıcı Azər Axşamdır) Yeri gəlmişkən, eksklüziv olaraq Milli.Az-ın oxucularına bildirim ki, Pantomima Teatrının yaranma dövrünün iştirakçılarından biri, hamının Azər Axşam kimi tanıdığı Azər Şabanov teatra qayıdıb. Aprelin 1-dən yenidən bu truppanın üzvüdür və yeni mövsümdə tamaşaçılar onu baş rejissor Bəxtiyar Xanızadənin hazırladığı yeni tamaşada görəcəklər. Bu, çox sevindirici hadisədir. Buna da qərar verən yenə də Bəxtiyar müəllim oldu - Azər gəlib dedi ki, Bəxtiyar müəllim, mən teatra qayıtmaq istəyirəm, o da bunun doğru qərar olduğunu dedi.
- Lap yaxşı... 20 yaş teatr üçün gənclik dövrüdür, yoxsa müdriklik çağıdır?
- 20 yaş teatr üçün gənclik dövrüdür. Mənim üçün isə 20 yaş müdriklik çağıdır. Yaşımın az olmasının müqabilində bu teatr mənə müdriklik qazandırdı. Bir dəfə bir tamaşaçı da mənə dedi ki, tamaşa bitəndən sonra sənin səhnəyə çıxmağından hiss olunur ki, bu teatrın qocaman aktyorusan. Mən bilmirəm, bu, necə olur, içdən gələn bir effektdir. Belə olmasaydı, mən 10 il əvvəl bu ovqatda verə bilmədiyim müsahibəni indi verə bilməzdim. Necə ki on il əvvəl özümü səhnədə indiki kimi sərbəst hiss eləmirdim. Bəxtiyar müəllim həmişə deyir ki, aktyor səhnənin hakimidir. Bizim bu teatrda qazandığımız bax bu hakimlik hissidir. Buna nail olmaq üçün gərək hər gün öyrənəsən. Mənim həyat devizim də budur: daim öyrənmək və daim irəliyə getmək. 40-cı qapının açarını tapana qədər... Uğurun dalınca getmək yox, uğuru öz əlinlə yaratmalısan.
- Aktyor Elman Rəfiyevi və direktor Elman Rəfiyevi necə xarakterizə edə bilərsən? Direktor vəzifəsinin aktyorluğundan nəyisə aldığı məqam olurmu?
- Mən həmişə özümü "Pantomima Teatrının aktyoru və direktoru" kimi təqdim edirəm. Direktorluğa gəlib çıxmağım hələ 88-ci ildə Bəxtiyar müəllim belə bir teatr yaratmaq haqqında fikirlərini bizimlə bölüşəndə müəyyənləşmişdi. Bacarıqlarımızı nəzərə alıb demişdi ki, gələcək teatrın direktoru Elman olacaq, aktyoru Səyavuş olacaq, rejissoru Rövşən olacaq, ssenaristi Əsəd olacaq.
Çalışıram ki, direktorluq aktyorluğumu məhv eləməsin. Çünki direktor vəzifəsini mənim əlimdən ala bilərlər, aktyorluğu isə heç vaxt. Elə vaxtlar olub ki, məşq vaxtı zəng gəlib, bu vəzifə ilə bağlı hansısa işimi yerinə yetirmək üçün getməli olmuşam, amma bu, o demək deyil ki, mən inzibati işlərimlə bağlı yaradıcılıq işlərimə etinasızlıq göstərirəm, sadəcə bir az yubanma olur. Aktyorluğumu direktorluğa qurban verməməyimin bariz təsdiqi 2012-ci ildə "əməkdar artist" adına layiq görülməyimdir. Həm bu fəxri ad, həm də Pantomima Teatrının direktoru vəzifəsinin mənə həvalə edilməsi böyük etimaddır və mən bundan qürur duyuram. Əlbəttə, daha çox ondan qürur duyuram ki, Azərbaycanda ilk pantomima teatrının yaradıcılarından biri də mənəm.
- Pantomima Teatrı sözçülüyü sevməyən adamların meydanıdır, yoxsa bu meydanda olmaq üçün yeganə səbəb və şərt hərəkət və mimikalarla "danışmağı" bacarmaqdır?
- Bizim sözlü tamaşalarımız da var. Bəxtiyar müəllim həmişə deyir ki, biz səhnədə ona görə susmuruq ki, danışa bilmirik, sadəcə danışmaq istəmirik. Amma yeri gələndə danışırıq. Və danışanda da elə danışırıq ki, zalda oturan əcnəbi tamaşaçılar da hərəkətlərimiz, mimikalarımız vasitəsilə nə danışdığımızı anlasınlar.
- 20 il imkan verir ki, tamaşaçı nəsillərini müqayisə edəsən. Nəyi göstərir belə müqayisə?
- Maraqlı sualdır. 20 il əvvəlki tamaşaçı ilə indiki tamaşaçı arasında böyük fərq var. O vaxtkı tamaşaçı bizi anlamırdı, tamaşalarımıza təsadüfən düşənlər səhnədə baş verənlərə qəribə, çaşqın nəzərlərlə baxırdılar. İndi isə bu teatrın sayəsində yeni tamaşaçı nəsli formalaşıb. Tamaşalarımızı izləyən daimi auditoriya yaranıb. Özü də bu tamaşaçı nəslinin yaş kateqoriyası çox müxtəlifdir.
- Sizin tamaşalarda ehkam, tövsiyə, ismarış elementi olmur. Amma hər halda olubmu ki, hansısa tamaşanın tamaşaçıya həlledici təsirini görəsiniz?
- Bəli, bizim tamaşalar sadalanan elementlərdən uzaqdırlar. Biz sadəcə özümüzü düşündürən məsələləri səhnəyə gətiririk, həmfikir axtarırıq və tapırıq. Premyeradan sonra tamaşaçılarla fikir mübadiləsi ənənəmiz də bunu göstərir. Bizim "Pantomima buketi" adlı bir tamaşamız var, onun "Ayrılıq" adlı etüdündən sonra bir xanım başqa tamaşanın nümayişinə gələndə etiraf etdi ki, o etüddən sonra nişanını qaytarmaq qərarına gəlib, dedi, anladım ki, mən o adamla yaşaya bilməyəcəm. "Adsız" tamaşasında isə belə bir hal müşahidə elədim - tamaşaya o qədər də mehriban əhvalda, bir-birinə o qədər də istiqanlı münasibətdə olmayan tərzdə gələn cütlük tamaşadan tamam fərqli ovqatda çıxdı - kişi qadının qədir-qiymətini bilməyi anlayaraq onun qolundan tutmuşdu. "Ora-bura" tamaşasının premyerasından sonra isə bir tamaşaçı dedi ki, bu tamaşanın finalını başqa cür görürdü. Və biz də o tamaşaçının fikrinə dəyər verib baxıb gördük ki, düzgün qeyddir - tamaşanın finalını dəyişdik. Çünki biz tamaşalarımızı belə tamaşaçılar üçün oynayırıq.
Samirə Behbudqızı
Milli.Az