Vəkillər bir-bir Kollegiyadan çıxarılır: SƏBƏB
18:02 SosialMehman Muradlı: "Nərminin vəkili qəsdən uzaqlaşdırılmadı, o..."
Son bir ildə xeyli vəkil Azərbaycan Vəkillər Kollegiyası (VK) üzvlüyündən çıxarılıb və bu proses mediada da gündəmə gəlir. Hər gün yayılan xəbərlərdə daha bir vəkilin fəaliyyətinə xitam verildiyi, Kollegiyadan uzaqlaşdırıldığı hallarına rast gəlmək mümkündür. Proses hələ davam edir və VK-dan verilən məlumata görə, bu qərarlar "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun və VK-nın intizam komissiyasının əsasnaməsi çərçivəsində qəbul edilir.
İntizam tədbirləri müxtəlif formalarda olur: üzvlükdən xaric edilmə, vəkillik fəaliyyətinin müvəqqəti dayandırılması, irad, töhmət və xəbərdarlıq kimi cəzalar tətbiq edilə bilər.
Fəaliyyəti dayandırılan bəzi vəkillərin adları açıqlansa da, əksəriyyətinin kimliyi mediada açıqlanmır. Bəzən vəkillərin uzaqlaşdırılmasının səbəbi dələduzluq və vətəndaşların pullarını mənimsəməsi kimi ciddi pozuntularla bağlı olur.
Vəkil Mehman Muradlı mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bunları deyib:
"İntizam icraatı olur. İntizam icraatı məhkəməyə göndərilə bilər və vətəndaşların müraciəti əsasında da başlaya bilər. Əgər vəkil pozuntuya yol veribsə, pozuntunun dərəcəsindən asılı olaraq "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda nəzərdə tutulmuş tədbirlər tətbiq edilir - xəbərdarlıqdan tutmuş, Kollegiyadan çıxarılmağa qədər.
Əvvəlki qanuna görə, vəkillikdən uzaqlaşdırma yalnız məhkəmə qaydasında həyata keçirilirdi, amma indi bu qərar birbaşa Rəyasət Heyətinin səsverməsi ilə qəbul olunur. İntizam icraatı vəkilin pozuntusuna dair rəy verir, son qərarı isə Rəyasət Heyəti çıxarır. Qərar bir nəfərin yox, heyət üzvlərinin səsverməsi ilə qəbul edilir.
Həmçinin əvvəllər vəkillərin uzaqlaşdırılması ilə bağlı məlumatlar açıq verilmirdi, ona görə bu prosesin miqyası görünmürdü".
M.Muradlı əlavə edib ki, Kollegiyadan uzaqlaşdırılan vəkillər nə məhkəmədə, nə də hər hansı istintaq orqanında vəkillik fəaliyyətini davam etdirə bilərlər:
"Onların vəkillik hüququna xitam verilir və yenidən vəkil olmaq üçün imtahandan keçmək, sənədləri yenidən təqdim etmək və müsahibədən keçmək kimi prosedurlar mövcuddur. Yenidən fəaliyyətə başlamaq üçün ən azı bir il gözləmək tələb olunur".
Mehman Muradlı "Tovuzda amansızcasına öldürülən Nərminin vəkili Zabil Qəhrəmanovun da vəkillik fəaliyyəti yaxınlarda dayandırıldı. Bəziləri bunun qəsdən edildiyini bildirir" sualına isə belə cavab verib:
"Zabil Qəhrəmanovun fəaliyyətini 6 aylıq dayandırmışdılar, bundan sonra onun ehtimal olunan cinayət hadisəsi baş verdi. Mən onun Kollegiyadan qəsdən uzaqlaşdırıldığını hesab etmirəm. Hadisə hamının başına gələ bilər, mənim də başıma gələ bilər. Sadəcə vəkil özünü təmkinli aparmalı idi. Əlində olan hüquqi alətlərdən istifadə edərək onu təhqir edəni məhkəməyə verməli idi".