Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb
14 May 2014 17:44 MədəniyyətGəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb. Yaxın günlərdə istifadəyə veriləcək "3w.mirzashafi.az" saytı 7 bölmədən ibarət olacaq. Burada Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, onun hikmətli sözləri, xələfləri və sələfləri haqqında ətraflı məlumat veriləcək.
Saytın ana səhifəsində dahilərin Mirzə Şəfi Vazeh haqqında dediyi sözlər, biblioqrafiya bölməsində ədib haqqında yazılan kitab və biblioqrafiyalar barədə məlumatlar yer alacaq. Musiqi bölməsində isə dahi şairin şeirlərinə bəstələnmiş musiqilərin notları yerləşdiriləcək.
Sayta Mirzə Şəfi Vazehin Avropanın Berlin Milli Arxivi və Kitabxanası, eləcə də Almaniyanın Prussiya mədəni irsi Mərkəzindən ölkəmizə gətirilmiş əlyazmaları da yerləşdiriləcək.
Veb-sayt Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində də fəaliyyət göstərəcək. ("OLAYLAR"İA)