Füzulinin romantizm, M.F.Axundzadənin realist davamçısı S. Ə. Şirvani Əli Fəhmi yaradıcılığında
14 May 2014 17:15 MədəniyyətDaha əvvəllər qeyd etdiyimiz kimi Əli Fəhmi Azərbaycan klassik ədəbiyyatında yaradıcılığı ən çox mürəkkəb olan şairləri tədqiq etmişdir Alimin arxivində S. Ə. Şirvani haqqında irili xırdalı 12 elmi məqalə vardır .
Bu məqalələr böyük ədəbiyyatşünas alimin Seyid Əzim haqqında gərgin axtarışlarının nəticəsidir. Adlarını çəkdiyimiz bu məqalələrdən başqa Əli Fəhminin yarımçıq qalmış daha iki əsərini əlavə edə bilərik ki, bunlardan birincisi "S. Ə. Şirvaninin həyat və yaradıcılığı" mövzusu ona aspiranturada oxuyarkan namizədlik dissertasiyası kimi verilmişdi. Lakin, Əli Fəhmi bu dissertasiyadan 3 fəsil,( yəni 4 çap vərəqi) işləsə də sonralar məlum səbəblərdən (son anda məlum olmuşdu ki, həmin dissertasiya bir başqasına da tapşırılmışdır. Əli Fəhmi bu haqsızlığa qarşı Moskvaya, Ali Attestasiya Komitəsinə şikayət etsə də covet dövrünə xas olan süründürməçilikdən bezikmiş, sonda bu işdən vaz keçmişdi) onu yarımçıq saxlamağa məcbur olmuşdur. İkinci namizədlik işi olan "S. Ə. Şirvaninin sənətkarlığı" mövzusunu o, akademik Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə demək olar ki, başa çatdırmışdı. Lakin Seyid Əzimin fars divanı üzərində işini tamamlamaq üçün ADU-nun rəhbərliyindən əlavə olaraq 6 ay vaxt istəmiş bu vaxt ona verilmədiyindən onun bu işi də yarımçıq qalmışdır. Biz bu yazını hazırlarkan bu monoqrafiyaları ayrı-ayrılıqda bir neçə dəfə oxusaq da onların ətraflı təhlilinə nail ola bilmədik. Bu əsərlərin gənc ədəbiyyatçılar üçün faydalı olmasını nəzərə alıb bütün bunlar haqqında oxuculara kiçik bir məlumat verməklə kifayətlənirik "S. Ə. Şirvaninin estetik görüşləri" məqaləsi ADU-nun "Elmi əsərlər" seriyasında çap olunmuşdur. Məqalə elmi aktuallığı ilə seçilir, çünki S. Əzimin yaradıcılığının ən az işlənmiş sahələrindəndir. Məqalədə diqqəti cəlb edən ən vacib amil odur ki, şairin ən çox fars divanından olan qəzəlləri tədqiq olunmuşdur. Daha əvvəllər qeyd etdiyimiz kimi Seyid Əzim mütəfəkkir şair olmaqla klassik, eləcə də dövrünün bütün poeziya nümunələrini məmimsəmiş, səyahətdə olmuş, XIV əsr Şərq poetikası ustası alim Türküstanlı Sədəddin Təftazinin (1322-1388), Ərəb ədəbiyyatı nəzəriyyəçisi Dəməşqinin (1267- 1338) əsərlərini dərindən öyrənmiş bir alim şair idi. Əli Fəhminin zəngin kitabxanasında adlarını çəkdiyim alimlərin fars və ya ərəb dillərində təzkirələri vardır. Deməli, Əli Fəhmi bu mütəfəkkir alimlərlə Seyid Əzimin əsərlərindən deyil, bu alimlərin öz əsərlərini mütailə etməklə tanış olmuşdu. Bu ərəb və fars dilli əsərlər haqqında Əli Fəhminin özünün maraqlı yazıları, qeydləri vardır. Lakin həmin yazılar ərəb və fars dillərindədir. Bu yazıların tərcümə olunması və üzərində işlənməsi zaman məsələsidir.
Böyük Füzulidən sonra ədəbiyyatımızda qəzəl janrında uzun müddətli bir boşluq yarandı. XIX əsrdə Azərbaycan şer məkanına S. Ə. Şirvaninin gəlişi ilə bu boşluq doldu və qəzəl janrı öz inkişafının yeni mərhələsinə daxil oldu.
"S.Ə.Şirvaninin estetik görüşləri" məqaləsi şairin yaradıcılığının vacib bir məsələsindən bəhs edir. Bildiyimiz kimi S. Ə. Şirvani incəsənətin bütün növlərini dərindən mənimsəmiş, xüsusən də "hər pərdəsində yüz əsrar olan növünə- musiqiyə daha çox rəğbət bəsləmişdir" O, tez-tez şer və dini məclislərdə olar, burada mühazirələr oxuyardı. Hazırda Bakı kəndlərində qəzəlləri ifa olunan üç böyük şairin Füzulinin, Ə.Vahidin və onlarla yanaşı S. Əzimin musiqi duyumlu, musiqiyə daha yaxşı uyuşan yüzlərlə qəzəlin müəllifidirlər. Bu qəzəllərin televiziya kanallarında, el şənliklərində təbliği kifayət etmir, bunların geniş təbliğ olunması lazımdır. 2009-cu ildə Bakıda keçirilən muğam festifalı göstərdi ki, muğamımız eləcə də xalq musiqimiz dünya musiqisinin zirvəsi hesab oluna bilər. Musiqiyə, muğama aid əsərlər yazılmalı, kütləvi tirajla nəşr olunmalıdır. Bu baxımdan Əli Fəhminin hələ çap olunmamış S. Ə. Şirvani musiqi haqqında monoqrafiyası olduqca təqdirə layiqdir. S. Ə. Şirvaninin görkəmli sənətkar, müqtədir şair kimi yetişməsi ilk növbədə Allhın ona bəxş etdiyi fitri istedadla bağlı olsa da, əlbəttə burada şairin yaşayıb yaratdığı Şirvan ədəbi mühiti həlledici rol oynayır. O, bu zəngin ədəbi mühitdən layiqincə bəhrələnmişdi. Şirvanda hələ intibah mədəniyyətindən başlamış mədəni dirçəliş demək olar ki, S. Əzimin yaşayıb-yaratdığı dövrə qədər və hətta ondan sonra da davam etmişdir. Burada XII əsrdə Əbdülkərim kimi münəccim, Fələki Şirvani, İzəddin kimi istedadlı şairlər. Töhvətül-İraqeyn kimi dünya şöhrətli bir əsərin müəllifi, ümumxalq məhəbbəti qazanmış Əfzələddin Xaqani kimi şairlər yetişdirmişdi. Əbülüla Gəncəvi də ömrünün böyük hissəsini Şirvanda yaşayıb-yaratmışdı. Şirvan şairlər yurdu olmaqla yanaşı həm də musiqinin beşiyi sayılır. Burada Məhəmməd ibn Əbubəkr tərəfindən yazılmış, musiqiyə həsr olunmuş "Risaleyi-ixvanus-
səfa" əsəri təkcə Şirvanda deyil, bütün Şərqdə böyük şöhrət qazanmışdı. Bu dövrdə yetişən şairlər arasında Seyid Zülfüqar Şirvani, İmadəddin Nəsimi kimi şairlər, Şəmsəddin Şirvani kimi görkəmli alimlər yetişmişdi. Böyük Nizamişünas alim professor Rüstəm Əliyev haqqında deyirlər ki, o, Nizaminin yaradıcılığına o qədər dərindən bələd idi ki, hətta Bakıdan Nizaminin məqbərəsinə qədər neçə addım olduğunu da bilirdi. S.Ə.Şirvanini ətraflı tədqiq edən Əli Fəhmi dəfələrlə Şirvanda olmuş, Seyid Əzimi yettiıdirən Şirvanın təbiəti ilə belə tanış olmuşdu. Alimin qənaətinə görə S. Ə. Şirvaninin böyük şair kimi yetişməsində Şirvan ədəbi mühiti ilə yanaşı əsrarəngiz Şirvan təbiətinin də çox rolu olmuşdu. Seyid Əzimi Füzuli ədəbi məktəbinin davamçısı hesab edirlər. O isə Füzulini təkcə onun öz əsərlərindən deyil, XVII-XVIII əsrlərdə Şirvanda yaşayıb-yaratmış və Füzuli ədəbi məktəbini və ənənələrini davamşısı olan Nişat Şirvani, Ağa Məsih Şirvaninin əsərlərindən də bəhrələnmişdi. Əli Fəhmi S. Ə. Şirvaninin sənətkar şair olmasını ilk növbədə onun zəngin irsə malik bir mühitdə yetişməsi ilə bağlayırdı.
Ədəbi hadisələrlə zəngin olan XIX əsr həm də bir neçə ədəbi bədii şairlər məclisi ilə də yadda qalmışdır. Bu ədəbi məclislər özündə çoxlu şairləri, musiqiçiləri birləşdirmək baxımından ən böyüyü və zəngini Şamaxıda yerləşən "Beytüs səfa" ədəbi məclisi idi. S. Ə. Şirvani də bu ədəbi məclisin ən fəal üzvlərindən biri idi. Bu ədəbi məclisin diqqətəlayiq cəhətlərindən biri də bunda idi ki, burada təkcə şairlər deyil, həm də Seyid Əzim dövrünün görkəmli musiqi nəzəriyyəçiləri toplaşmışdı. Bu məclislərdə təkcə tar, kamança, dəf, ney, rübab, cəng, ud, tənbur, bərbət, qanun, tütək, balaban, saza deyil, digər musiqi alətlərinə də münasibət bildirilir, onların hər birinin yaranma tarixi, insanlara necə zövq verməsindən bəhs olunurdu. Bütün bunlar Seyid Əzim yaradıcılığında çox gözəl şəraitdə öz əksini tapmışdır .Bir muğamın yaxşı səslənməsi, insana zövq verməsi üçün qəzəlin müsiqi ilə uyşmasının vacibliyini artıq qeyd etmişdik. Tez-tez belə bir hadisənin şahidi oluruq. Öz qəzəlini hər hansı bir xanəndənin ifasında bəyənən qəzəlxan məxsusi olaraq həmin xanəndə üçün qəzəllər yazır. Və yaxud əksinə də olur. Bir qəzəxanın qəzəlləri xanəndənin zövqünə yatanda o, həmin qəzəlxana qəzəl sifariş edir. Burada Əli Fəhmi belə bir nəticəyə gəlir ki, qəzəl musiqi ilə uyşmaqla yanaşı qəzəlxanla xanəndənin qarşılıqlı zövqünə də uyğun gəlməlidir. Bu keyfiyyətlərin S. Əzimdə olmasını Əli Fəhmi onun Füzuli irsindən bəhrələnməyi ilə əlaqələndirir. S. Ə. Şirvanin yaradıcılığında bu baxımdan çoxlu oxşarlıqlar vardır. Füzuli kimi S. Əzim də xanəndələrin ən çox müraciət etdiyi şairlərdəndir. Şairin musiqi duyumunu yüksək qiymətləndirən Əli Fəhmi yazırdı: "Ümumiyyətlə muğamın və xalq
musiqisinin alovlu tərənnümçüsü olan Seyid Əzim musiqini meyi məzəni şirin ixtilatları həyatın əvəzsiz nemətləri saymış, dünyəvi hiss və bilikləri real həyat hadisələrini maddi və mənəvi nemətləri geniş tərənnüm etmiş həyatın məqsədi bilmişdir.
Can verəndə oxuyun nəğməni Quran əvəzi
Qəbrim üstündə verin ruhuma meydən xeyrat.
-deyən Seyid Əzim musiqinin nəğmənin, meyin, məzənin şirin və ürəkaçan söhbətlərini insan duyğularının bir sözlə canlı və yaradıcı insanın dünya nemətlərinin böyük tərənnüçüsü idi."
Seyid Əzimin yaradıcılığı ilə məşğul olunca adamda belə bir qənaət yaranır ki, o, bir şair olmaqla yanaşı həm də bir musiqi nəzəriyyəçisi olub. Burada Əli Fəhmi onun hər hansı bir musiqi alətindən istifadə edib etməməsindən bəhs etmir. Lakin, böyük alim şairin musiqiyə həddindən artıq aludə olmasını, tez-tez musiqi məclislərində iştirak etməsini, ayrı-ayrı musiqiçilərlə dostluq etməsini əsas götürərək onu həqiqətən də bir musiqi nəzəriyyəçisi kimi bizə təqdim edir. Şair Şamaxıda Mahmud ağanın yaratdığı musiqi məclisinin yaraşığı idi. Əli Fəhmi qeyd edirdi ki, Seyid Əzim musiqi və müğənnilərdən nə qədər xoşlanırdısa onlar da bir oqədər şairin duzlu məzəli söhbətlərindən, şirin və hikmətli qəzəllərindən incə və çox zaman şerlə ifadə etdiyi lətifələrindən ilham və zövq alırdılar. Olduqca maraqlı faktlarla zəngin olan bu məqalədə Əli Fəhmi təkcə Seyid Əzimin yüksək musiqi duyumundan şairin musiqi haqqında qiymətli fikirlərindən söz açmaqla kifayətlənmir, eyni zamanda XIX əsrdə Şirvanın musiqi həyatı haqqında qiymətli məlumatlar verir. Burada biz Mahmud ağanın musiqi məclisinin daimi üzvləri ilə, şairin şəxsən dostluq etdiyi insanlarla da tanış oluruq. Hacı Hüsü, Məşədi İsi, Topal Mehdi, Dabbağ oğlu Mirzə Məhəmmədhəsən kimi dövrünün məşhur musiqiçilərin adları çəkilir.
Burada biz Dabbaq oğlu Mirzə Məhəmmədhəsənin ömrünün sonunda qələmə aldığı və Bakıda 1916-cı ildə "Tulu" mətbəsində məhdud miqdarda nəşr etdiyi kitabçasının müqəddiməsində oxuyuruq: "Bir gün bahar fəslində məşhur şair S. Ə. Şirvani təbiətin tamaşası qəsdi ilə Şamaxı bağlarını seyr edərkən bir bağın kənarında bir nəfərin gözəl avazla oxuduğunu eşidir və bir az diqqətlə qulaq asdıqdan sonra Mirzə Məhəmmədhəsənin olduğunu anlayınca fövrən bu şeri deyir":
Əqlimi əlimdən nə küllü yasəmən aldı,
Nə sünbulü reyhan nə baği çəmən aldı.
Davud məgər zində imiş dəhrdə, Seyyid,
Arami dilim səvti Məhəmmədhəsən aldı.
Seyid Əzimin rəğbəti təkcə Mirzə Məhəmmədhəsənlə bitmir. Qəzəllərin birində Topal Mehdi və ya Mehdiqulu adı ilə məşhur olan Mehdini də vəsf etmişdi.
Seyyida, Mehdiyə ylvar ki, bu dürr danələri,
Eləsin məclisi şəhvari Kərimbəydə nisar.
Seyid Əzimin muğama və xalq musiqisinə rəğbəti o dərəcədə böyük idi ki, o, təkcə Şirvandakı, Azərbaycandakı xanəndələri deyil, Cənubi Azərbaycanda, Tiflisdə yaşayan xanəndələri də tanıyır, onlarla əlaqə saxlayırdı. Bu haqqda faktkarı ciddi araşdıran Əli Fəhmi Seyid Əzimin Cənubi Azərbaycanın XIX əsrin məşhur aşıq və xanəndəsi olmuş Mirzə Səttar Ərdəbilli haqqında məlumat verir. Bu məlumatdan aydın olur ki böyük alim, professor M. Rəfilinin Gürcüstan alimlərindən İ. K. Yenikolonovun apardığı tədqiqatlarla və Tiflisdə nəşr olunan "Kafkaz" qəzetinin materialları ilə ətraflı tanış olmuşdur. Burada "Kuzneçik muzikant" poemasının müəllifi kimi tanınan rus şairi F. R. Polonski "Russkaya starina" jurnalının 6-cı nömrəsində verdiyi məqalə bu baxımdan qiymətlidir. Müəllif yazırdı: "Səttarı nəinki Azərbaycan, hətta erməni və gürcülərin toylarında da dinləmək olurdu". Məqalə ilə tanış olan Əli Fəhmi qeyd edir ki, "Polonski Mirzə Səttarı şəxsən dinləmiş, onun yanıqlı səsindən vəcdə gəlmiş hətta ona şer belə həsr etmişdir".
Əli Fəhminin bütün əsərləri ilk növbədə zəngin məlumatları ilə seçilir. Məlum olur ki, o, hər hansı bir şair haqqında yazmamışdan qabaq onun əsərlərini, fəaliyyət göstərdiyi mühiti, hətta şairin doğulduğu təbii şəraiti belə dərindən öyrənirdi. Bu isə alimin öz işinə böyük məsuliyyəti ilə bağlıdır. O, Mirzə Səttar haqqında demək olar ki, bütün məlumatları toplamış, onun Seyid Əzimin hansı qəzəlini daha çox oxumasını bilirdi. Qocaman tarzən Mansur Mansurovun xatirələrinə istinad edən Əli Fəhmi qeyd edir ki, Mirzə Səttar Seyid Əzimin qəzəllərini ən çox Rast və Humayun üstündə daha gözəl ifa edərdi. Ən çox xoşladığı qəzəl isə aşağıdakı misralarla bitən qəzəli idi.
Olma yarın Seyyida, cövrü cəfasından məlul,
Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.
Məqalədə həmçinin Seyid Əzimin görkəmli sənətkar Humayunla və Sadıqcanla dostluq münasibətlərindən və Mirzə Möhsün Nəvvabın "Qarabağnamə" əsərindəki şairlə bu iki sənətkar arasndakı dostluq əlaqələri haqqında oxuculara qiymətli məlumatlar verir.
Seyid Əzimin Mahmud ağaya həsr etdiyi "Olsun" rədifli bir mədhiyyəsi vardır. Bu mənzum məktubun 6 beytlik bir parşasında demək olar ki, bütün muğamların musiqi alətlərinin hətta oxuyan quşların belə adları çəkilir.
Səhər səvti humayun ilə bülbül başlasın nəğmə,
Həzəran şur ilə məmluğ bu firurihəsar olsun.
"S. Ə. Şirvani və musiqi" məqaləsi əksər ədəbiyyatçılar və musiqiçilər üçün hələ də qaranlıq qalan məqamları aydınlaşdırır. Bəlkə bu gün çox az adam bilir ki, dahi Azərbaycan şairi H. Cavidin atası şair, xanəndə və mərsiyəxan kimi tanınan Hacı Molla Abdulla Şaxtaxtılının Seyid Əazimlə gözəl dostluq münasibətləri olmuşdur. Şair Hacı Molla Abdullaya həsr etdiyi "Səndən" rədifli şerində onun avazını Davudun avazına bənzətmişdir.
Əli Fəhminin bu məqaləsində musiqinin hətta heyvanlara belə güclü təsir etdiyindən bəhs edir. Lakin, qeyd etdiyimiz kimi hələ ki, bu məqalələri tədqiq etmək üçün yüksək elmi bacarıq və bir də zaman lazımdır.
Hər hansı bir cəmiyyətin ictimai əsasları özündən əvvəlki cəmiyyətin ictimai əsasları üzərində qurulduğu kimi mədniyyətin, yəni incəsənətin də əsasları özündən əvvəlki mədəni əsasların üzərində qurulur. Bir şair, bir yazıçı da özündən əvvəlki şair və yazışıların əsərlərinidərindən mənimsəməsə o, yüksək ədəbi nümunələr yarada bilməz. Bu mənada Əli Fəhmi də Azərbaycan ədəbiyyatının böyük simaları olan üç böyük simanı- Nəsimini, Fizulini, Şirvani yaradıcılını dərindən bilirdi, əks təqdirdə belə gözəl məqalələr yarana bilməzdi. Füzuli kimi dünya şöhrətli nəhəng bir şair də öz şeirlərində Nizamini, Əbu Nuvası, Ə. Nəvaini dönə-dönə xatırladır, onlardan bəhrələndiyini göstərir.
Ol bir neçə həmdəmi müvafiq
Yəni şuərayi-dövri sabiq
Dövran onları məzəmmət etdi
Hər dövr birini mükərrəm etdi.
S. Ə. Şirvani də özündən əvvəlki klassik irsi dərindən bilmiş, onlara xüsusilə də Füzuliyə dəfələrlə istinad etmişdir. "Seyid Əzim Şirvaninin irsinin öyrənilməsi" məqaləsində də məhz bundan söz açılır. Şairin ədəbi irsinin öyrənilməsi burada burada etiraf etmək lazımdır yalnız Azərbaycanda bolşevik hakimiyyəti dövründə mümkün olmuşdur. Bolşevik reyimindən qabaq Seyid Əzimin irsinin tədqiqindən danışan Əli Fəhmi yazırdı ki, "Sovet hakimiyyətindən qabaq o, oxucuları liberal ruhani kimi təqdim olunur, onun zamanla səsləşən, maarifçi və dövrünü qamçılayan satirik şeirləri əsla nəzərə alınmırdı".
Seyid Əzimin yaradıcılına bələd olanlar bilir ki, o çox ziddiyətli bir şairdir. Maraqlı burasıdır ki, onu tənqid edənlər də məhz şairin yaradıcılığının birinci dövrünə istinad etmişlər. Yaradıcılığının ilk illərində o mərsiyələr, qəsidələr və qəzəllər yazsa da, XIX əsr ədəbiyyatının ən
qabaqcıl və realist qolu olan realizmə qoşuldu. Haqqında söhbət gedən məqalədə Əli Fəhmi, S. Ə. Şirvaninin əsərlərinin nəşri tarixini elə dərindən tədqiq etmişdir ki, bu sahədə özündən sonrakı tədqiqatçılar üçün demək olar ki, qaranlıq heç bir məqam qoymamışdır.
S. Ə. Şirvani irsinin öyrənilməsi yolunda ilk böyük addım Firudin bəy köçərli tərəfindən atılmışdır. O, özünün "Azərbaycan ədəbiyyatı tarixi materialları" və 1903-cü ildə Tiflisdə rus dilində nəşr etdirdiyi "literatura Azerbaydjanski tatar" adlı kitabçasında S. Ə. Şirvaninin əsərləri və həyatı haqqında məlumat vermişdir. Əli Fəhmi həmin əsərlərə istinadən yazır: "Hacı Seyid Əzim Şirvani nəinki yalnız Şirvan vilayətində, bəlkə zamanı Azərbaycan türklərinin (Azərbaycanlıların) Əzəm şüərasından biri olub onun nam və şöhrəti, şəmü rrütbəsi hal-hazırda əbnayi vətənimizin mabeyində kəmalincə istihar olmuyubsa da gələcəkdə olunmasına şübhə yoxdur". Şair haqqında məlumat verən F. Köçərli onun riyakar ruhaniləri ifşa etməsini, xalqı elm və maarifə çağırışını yüksək qiymətləndirir. Bütün bunlara baxmayaraq Əli Fəhmi Firudin bəy Köçərlinin Seyid Əzimi tədqiqini qənaətbəxş saymamış, bu tədqiqata tənqidi yanaşmışdır. " F. Köçərlinin şairin yaradıcılndakı qabaqcıl və ya mürtəce ideyaları şərh edərkən bunların ictimai köklərini görə bilməməsini" xüsusi olaraq qeyd edirdi.
S. Ə. Şirvani irsinin öyrənilməsi yolunda ikinci addımı tarixçi-etnoqrafçı alim Rəşid bəy İsmaylov atmışdır. O, 1905-ci ildə nəşr etdirdiyi "Müxtəsər Qafqaz tarixi" əsərində şairin tərcümeyi halı və yaradıcılığı haqqında məlumat verir və bu yaradıcılığın xalqı qəflət yuxusundan oyatmaq yolunda ən güclü vasitə olduğunu qeyd edir. Məqalədə Seyid Əzim haqqında istər öz dövrünün, istərsə də sonrakı, Sovet dövründə deyilmiş elə bir fikir yoxdur ki, həmin fikir Əli Fəhmi tərəfindən oxuculara çatdırılmasın.
Sovetləşmədən qabaq uşaqlar və gənclər üçün nəşr olunan " Dəbestan", "Arı", "Məktəb" və sair jurnallarda uşaqların və gənclərin ruhuna uyğun şeirləri çap olunmuşdu. "Dəbistan" jurnalında jurnalın təsisçisi və redaktoru Əli İskəndər Cəfərzadə S. Ə. haqqında yazdığı bir məqaləsində yazırdı: "Hacı Seyid Əzimi əsr və zəmanəsinin həmçinin vətəninin ən məşhur ürəfa və şüəralarındandır. Müəllif şairin:
Mövti cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
beytini Derjavin və Puşkinin "Pamyatnik" adlı mənzumələri ilə müqayisə edir. Əli Fəhmi "Məktəb" məcmuəsində dərc olunan", "İdarədən" və "Hacı S. Ə. Şirvaninin tərcümeyi halı" məqalələri haqqında da maraqlı məlumatlar verir və məqalə müəllifindən belə bir iqtibas gətirir:
"Hacı S. Ə. Şirvani haqq sözünü deməkdən çəkinməzdi, millətin qüsurunu daima söyləyib, dəfi üçün çarələr arardı. Amma bunların əvəzində nələr çəkərdi". Bu məqalələrin və şeirlərin nəsrini Əli Fəhmi adı çəkilən məqaləsində böyük hadisə kimi qeyd etsə də, şairin yaradıcılığının ətraflı tədqiq olunmamasını, şairin bədii söz sənətinə gətirdiyi yeniliklərin görə bilmədiyini təəssüflə qeyd edir. Sovetləşmədən qabaq tərtib olunmuş dərsliklərdə də S. Ə. Şirvaninin ayrı-ayrı şeirlərinndən nümunələr verilmişdir. "Bəsirətül-Ətfal" adlı dərslikdə onun "İskəndər Zülqərneyedən rəvayət", "Alim ilə müəlimin söhbəti", "Səlamət və mədamət" seirləri və bir sıra tərcümələri verilmişdir. Bu təşəbbüsü davam etdirən A. Şaiq "Gülzar" adlı müntəxabatında Şirvaniyə daha çox yer ayırmışdı. Buraya şairin tərcümeyi halı "Nəzmən məktub (H.B.Zərdabiyə)", "Xan və dehqan", "Səlamət və mədamət" kimi şeirləri verilmişdir.
S. Ə. Şirvani irsinin ən yaxşı öyrənilməsi işinə XIX əsrin 40-60-cı illərində başlandı. Burada Əli Fəhmi H. Zeynallının, Ə. Müznibin, H. Səmədzadə, F. Qasımzadə, Ə. Seyidov, K. Mirbağırovun əməyindən danışılır. Öz növbəsində Əli Fəhmi adını çəkdiyimiz bu görkəmli alimlərin də S. Əzim haqqında monoqrafiyalarını araşdırmış, onlara münasibət bəsləmiş, ən çox da K. Mirbağırovun monoqrafiyasına tənqidi yanaşmışdır. Azərbaycan inqilaba qədərki və inqilabdan sonrakı dövrlərə bölündüyündən biz "sovet ədəbiyyatı" terminini tez-tezişlətməyə məcburuq. Əli Fəhmi sovetləşmədən sonra S. Əzim haqqında yazılmış məqalə və tədqiqatları üç yerə bölür:
1. Dərsliklər üçün yazılmış materiallar
2.Qəzet məqalələri
3.Şairin kitablarına yazılmış müqəddimələr, jurnal məqalələri və ədəbiyyat tarixində yazılmış oçerklər.
Sovet dövründə şairin həyat və fəaliyyəti haqqında ilk dolğun məlumat 1928-ci ildə nəşr olunmuşdur. Lakin S. Ə. Şirvani yaradıcılığına dərindən bələd olan Əli Fəhmi bu kitabı ətraflı tədqiq edəndən sonra orada şair haqqında yazılanlarlı heç də qənaətbəxş hesab etməmişdir. Əli Fəhmi yazırdı ki, "Bu kitabda Şirvaniyə həsr olunan fəsildə şairin dövrü haqqında verilən məlumat müəyyən dərəcəyə qədər doğru olsa da, qənaətbəxş deyil". Bu kitabın müəllifləri S.Ə.Şirvani yaradıcılığını onun yaşadığı dövrü ilə bağlaya bilməmiş, onu, damğalamağa çalışmışlar. Lakin, böyük alim, şairin 1930-cu ildə nəşr olunan seçilmiş əsərlərinə H. Zeynallının müqəddiməsini olduqca qənaətbəxş hesab edir. "O, S. Əzimin yaradıcılığındakı ziddiyyətləri çox ustalıqla göstərmişdir. Məsələn, şairin bir yandan çar idarə üsulunu tənqid etməsini, digər tərəfdən də Şamaxını bərpa edən çar məmurlarını tərifləməsi, bir yandan islamı və peyğəmbərləri
qəbul edib onları vəsf etməsi digər tərəfdən də dini və din xadimlərini tənqid etməsi kimi ziddiyyətləri M. Zeynallı çox gözəl təsfir etmişdir." Əli Fəhmi də bu məqaləsində ədəbiyyatşünas alimin bu zəhmətini yüksək qiymətləndirmişdir. Bununla yanaşı o "Zeynallının Seyid Əzimi sirf bir sinfin nümayəndəsi kimi göstərməsini, şairin xalqla bağlı olan demokratik cəhətlərini kölgədə buraxmasını" tənqid edir.
Ümumiyyətlə, Əli Fəhmi yuxarıda adlarını çəkdiyimiz ədəbiyyatşünas və tənqidçi alimlərin bir çatışmayan cəhətini göstərir ki, "onların bir çoxu formanı məzmundan, bədiiliyi ideyadan ayırmağa çalışmışlar". "Şübhəsiz ki, bu, metodoloji səhvdir"-deyir. "İnsan üçün beyin ilə qəlbin hansı birinin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək mümkün olmadığı kimi sənət əsərində də ideya ilə formanın arasındakı üstünlük fərqini söyləmək çətindir".
S. Ə. Şirvaninin Azərbaycan oxucularına ilk dəfə olar, tam, nöqsansız şəkildə, şairin ədəbiyyat tarixində mövqeyini F. Qasımzadə göstərmişdir.
Əli Fəhminin elmi rəhləri olmuş hörmətli alim 1938-ci ildə S. Əzimin yaradıcılığını araşdırmağa başlamışdır. F. Qasımzadə 1960-62-ci illərdə ədəbiyyat dərsliyində Seyid Əzim Şirvani adlı ayrıca bir fəsil vermişdi. O, Seyid Əzim haqqında araşdırmalarını sonralar da davam etdirmiş, 1944-cü ildə nəşr etdirdiyi "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" adlı dərsliyində şair haqqında daha əvvəl yazdıqlarını bir az da təkmilləşdirmiş, bu dəfə şairin aşiqanə və lirik qəzəllərini daha ətraflı tədqiq etmiş, Seyid Əzimi Fizuli ədəbi məktəbinin ən layiqli davamçısı hesab etmişdir. Sonuncu dərsliyin böyük əhəmiyyəti bunda idi ki, burada F.Qasımzadə şairin pedoqoji fəalliyyətini də genişəks etdirmişdir. 1950-ci ildə F. Qasımzadə həmin dövrə qədər Seyid Əzimin çap olunmuş divanlarını yeni nəşrlə, "Azərnəşr" xətti ilə çap etdirmişdir. Bundan başqa F. Qasımzadə 1956-cı ildə nəşr etdirdiyi "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" əsərində S. Ə. Şirvaniyə ayrıca bir fəsil həsr etmişdi ki, bu da şairin yaradıcılığını daha dərindən öyrənməyə imkan verir.
Əli Fəhmi S. Ə. Şirvanidən bəhs edən müəlliflər içərisində akademik M.Arifi də xüsusi olaraq qeyd edir. O, adını çəkdiyimiz bu əsərində öz müasirləri olan daha bir neçə alimin Seyid Əzim haqqında oçerk, məqalə və monoqrafiyaları tənqidi-surətdə gözdən keçirmişdir. Lakin məqsədimiz bu məqaləni tədqiq etmək yox, sadəcə onun haqqında məlumat vermək olduğundan bu işi gələcək tədqiqatçıların öhdəsinə buraxırıq. Əli Fəhmi S.Əzim haqqında yazdığı bu monoqrafiyanın son yekunu olaraq bildirirdi ki, "Bir çox başqa klassiklərlə yanaşı S. Ə. Şirvani irsini öyrənmək sayəsində yuxarıda nəzərdən keçirdiyimiz kimi müəyyən əhəmiyyəti olan
işlər görülmüşdür. Lakin həmin tədqiqi əsər və məqalələrdə Şirvaninin sənətkarlıq məsələləri kimi mühüm bir cəhət öz əksini tapmamışdır". Lakin Əli Fəhmi Seyid Əzim haqqında yazdığı bu məqaləsində özünün sonrakı monoqrafiya və məqalələrində, indiyədək Seyid Əzim haqqında yazılmış monoqrafiyalarda bu və ya digər müəlliflər tərəfindən buraxılan səhvləri özünün dissertasiyasında ətraflı ifadə edəcəyini bildirmişdi. Çox təəssüf ki, biz alimin "S. Ə. Şirvaninin həyat və yaradıcılığı" mövzusunda yazdığı namizədlik disertasiyasının mətnin əldə edə bilmədik. Görünür bu disertasiya da onun digər əsərləri kimi alimin Kamo küçəsindəki mənzilində saxlanılmış, onun ölümündən sonra itmişdir.
S. Ə. Şirvani irsini ətraflı tədqiq edən Əli Fəhmi şairin əsərlərinin nəşri ilə də maraqlanmış və bu əsərlərin hətta çap olunma tarixlərini və hətta məkanlarını göstərmişdir. Alimin tədqiqatlarından məlum olur ki, şairin əsərləri hələ öz sağlığında müxtəlif mətbuat orqanlarında nəşr olunmuşdur. Lakin ilk olataq şairin əsərləri küll halında 1891-1892-ci illərdə H. Z. Tağıyevin vəsaiti ilə nəşr olunmuşdur. Bu nəşri əldə edib oxuyub ətraflı tədqiq edəndən sonra nəşrin nöqsanlarını göstərən Əli Fəhmi göstərir ki, "bu nəşrdə şairin yalnız zamanla səsdləşməyən şerləri çap olunmuş nəşrə maarifçilik ruhunda yazılmış şerlərin isə heç biri bu nəşrə daxil edilməmişdir".
Təbrizdə nəşr olunmuş bu divanda müxəmməs, müstəzad, bahariyə və klassik irsin digər növləri daxil edilmişdir. Onu da qeyd edək ki, 10 min beytdən ibarət bu divan Mirzəhəbib Məşədi Sadiq oğlu Şamaxılı tərəfindən nəşr olunmuşdu. Əli Fəhmi yazırdı: "Seyid Əzimin əsərlərinin bu nəşri bir ədəbiyyat həvəskarının arzu və marağının nəticəsi olan faydalı bir meyldən irəli getməmişdir". Şairin əsərlərinin nəşri say etibarı ilə ikinci nəşri 1895-1896-cı illərdə şairin oğlu Cəfərin müqəddiməsi ilə nəşr olunan mənzum hekayələrdir.
Seyid Əzimin əsərlərinin daha bir nəşri 1902-ci ildə "Əvvəlinci şirkət" mətbəsində çap olunan "Qəzəliyyati Seyid Əzim Şirvani" əsəridir. Əli Fəhmi bu nəşri bir sıra nöqsanları olmasına baxmayaraq ona qədərki nəşrlərin ən mükəmməli hesab edirdi. Belə ki, iki cilddə nəşri nəzərdə tutulan bu kitabın yalnız birinci cildi nəşr olunmuş, iknci cildi isə naməlum səbəblərdən nəş olunmamışdır.
Seyid Əzimin əsərlərinin həqiqi nəşri Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasından sonrakı dövrdə mümkün olmuşdur. 1917-ci il Oktyabr çevrilişindən sonra onun şerləri xüsusilə də zəmanəsindən şikayət, dini mövhumatı ifşa edən şerrləri zamanla səsləşdiyindən müxtəlif ədəbiyyat müntəxabatlarına daxil edilmişdir. 1930-cu ildə ilk dəfə olaraq şairin seçilmiş şerləri Azərnəşr tərəfindən çap olundu. Tənqidçi H.
Zeynallınin və şair tədqiqatçı Ə. Müznibin şair haqqında məqalələri də bu nəşrlərə daxil edilmişdir. Əli Fəhmi Seyid Əzim irsinə dərindən bələd olduğu üçün bu nəşrdə də müxtəlif nöqsanların olduğunu, imla, ifadə səhflərinə və ayrı ayrı şer parçalarının təhrif olunduğunu göstərir.
1937-ci ildə Seyid Əzimin şerlərinin nəşri nisbətən daha mükəmməl və şairin daha geniş tannınması yolunda mühüm addım sayıla bilər. Burada şairin şerləri- qəzəlləri, rübailəri, müxəmməsləri, tərkibbəndləri və müxtəlif mövzularla bağlı şerləri daxil edilmişdi. Bu məqaləsində Əli Fəhmi bilavasitə özü məşğul olduğu, ADU-da dərs dediyi tekstologiya (mətnşünaslıq) yəni qəzəllərin elmi izahına münasibəti də çox maraqlıdır. Belə ki, o, bu sahədə H. Araslının və Feyzulla Qasımzadənin gördüyü işləri təqdir etmişdir. Professor F. Qasımzadə Seyid Əzimin əsərlərinin elmi tənqidi mətnini hazırlaması şairin həyat və yaradıcılığını ədəbi irsini öyrənmək sahəsində irəliyə doğru atılmış ən ciddi addımlardan biri olmuşdur.
Seyid Əzimin İran Türkiyə rus və bir sıra Azərbaycan şairlərihaqqında məlumat verən "Təzkirə"si "Tarixi Şirvannamə"si Tiflisdə çıxan "İzvestiya Kafkazskoqo obçestvo- istoriya i arxeoloqii" məcmuəsində rus dilində nəşr olunmuşdur.
S. Ə. Şirvaninin əsərləri "Əkinçi", "Kəşkül", "Ziya" qəzetlərində müntəzəm çap olunmuşdur. Əli Fəhmi onun nəşr olunmuş əsərlərinin siyahısını verir.
1. Divan. Təbriz. 1897
2. F. Köçərli Azərbaycan ədəbiyyatı tarixi materialları ıı cild ı hissə B 1924
3. K. Mirbağırov Seyid Əzim Şirvani: Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı 1959.
4. Qəzəllər. Bakı Azərnəşr 1960.
5. Ə. H. Rəhimov: Seyid Əzim Şirvaninin farsca qəzəlləri haqqında. Azərbaycan SSR EA Xəbərləri, 1961 N XI
6. Şerləri: Azərnəşr 1963.
"S. Ə. Şirvani ədəbiyyat haqqında" məqaləsində görkəmli ədəbiyyatşünas alim Əli Fəhmi S. Ə. Şirvanini təkcə bir şair kimi deyil, eyni zamanda bir ədəbiyyatçı kimi, bir tənqidçi kimi də tədqiq etmişdir. Çünki, S. Ə. Şirvani Füzuli ədəbi məktəbinin davamçısı olmaqla özündən əvvəlki klassik ədəbiyyat ilə yanaşı rus və avropa ədəbiyyatı ilə də ətraflı tanış olmuşdu. Və özündən əvvəlki romantik poeziya məktəbini davam etdirməklə eyni zamanda özü də bir ədəbi məktəbin, romantik-realist bir poeziya məktəbinin yaradıcısıdır. O, rus ədəbiyyatından A. S. Puşkin şərq ədəbiyyatından Nizami, Firdovsi, Fizuli, Sədi, Hafiz və digər şairlərin
haqqında qiymətli fikirlər söyləmişdir. Şairin böyük rus şairi Puşkin haqında yazdığı və EA-nın əlyazmaları fondunda saxlanılan təzkirəsi Əli Fəhmi tərəfindən araşdırılıb, tədqiq edilmişdir. Məlum olduğu kimi A. S. Puşkin Rusiya tarixində qanlı çar kimi tanınan I Nikolayın fitfası ilə öldürülmüşüdü. Məqalədən aldığınız məlumata görə Nikolayın yerinə keçən II Aleksandrın fərmanı ilə onun qəbri təmizlənmişdir. Bu kiçik təzkirədə şair Puşkini oxuculara ətraflı tanıda bilir:
Neçə nafe kitab etmişdi ol şirin suxən bərpa,
Məcalislər tapıb zinət o pakın nəsrü-nəzmindən.
S.Ə.Şirvaninin bir ədəbiyyatçı alim olmaq etibarı ilə Füzulinin istər azərbaycanca, istərsə farsca yazdığı demək olar ki, bütün şerlərini öyrənib onların haqqında tədqiqat aparmışdır. Şairin məhz bu cəhəti Əli Fəhmi tərəfindən sözün əsil mənasında alqışlanır. Aşağıda şairin Füzulinin farsca yazdığı bir beytini Əli Fəhminin təfsiri ilə təqdim edirik.
Şere-mən darəd təşəbbeh gər Fizuli ra çe ğəm,
Dər məzaqe-əhm-del manəndə şiro şəkkərəst.
(Əgər mənim şerim Fizulinin şerinə bənzəyirsə nə qəmim vardır, əhli-hal yanında südlə şəkər kimidir və yaxud Arifi Bağdadra Seyyid nəzire qoftei? To Kocavo u koca şərmikon əz əşare xod).
(Ey seyyid Bağdad arifinə, Fizuliyə nəzirə yazmısan?. Sən hara, o hara, öz şeirlərindən bir utan).
Lakin Seyid Əzimin dərindən bələd olduğu, yaradıcılığına dönə-dönə müraciət etdiyi təkcə Nizami deyildir. O, Nizamidən sonrakı özünə qədər bütün şair və alimlərin əsərlərinə vaqif olmuşdu. O, farsca yazdığı divanında Xaqanini dəfələrlə xatırlayır, ona öz ehtiramını bildirir.
Naibi Xaqaniyəm əndər diyare u bəli.
Zərreye Xurşidra başəd be xorşid entesab.
Şerin Əli Fəhmi tərəfindən edilən tərcüməsi belədir:
(Mən Xaqaninin yurdunda onun naibiyəm, çünki, günəş zərrəsinin nisbəti günəşə çatar". Nizamini isə şair həm farsca, həm də azərbaycanca divanında bir neçə dəfə xatırlayır. Şairin Nizami haqqında, xususilə də onun Gəncədəki qəbrinin bərbad vəziyyətdə olması haqqnda yazdığı şerlər çox məşhur olduğundan biz onların üstündən keçir və Əli Fəhminin şairin fars divanından götürdüyü 2 beyt iqtibqsı və onun sətri tərcüməsini veririk.
Soxən əz asiman ferud aməd,
Soxan əz aləme kəbud aməd.
Gər bode govheri vəraye soxən,
Uferud aşədi becaye soxən.
(Söz göydən yüksək aləmdən enmişdir. Əgər orada sözdən qiymətli bir gövhər, cəvahir olsaydı, sözün əvəzinə o enərdi. Nizami, Xaqani, Füzuli kimi şairlərə Seyid Əzim nə qədər ehtiram bəsləsə də Fars şairlərindən olan Sədidən, Hafizdən özünü üstün tutur. Fars dilində yazdığı və Əli Fəhmi tərəfindən tərcümə olunan şerlərindən birində: "Ey Seyyid təzmin yaratmaqda sən Sədi və Hafiz Şirazidən yüksəksən" .Əli Fəhmi yazırdı ki, "S. Ə. Şirvani Şamaxı mühitində yetişmiş Azərbaycan klassiklərinin, xüsusilə də İzəddin Şirvani, Xaqani, Zülfüqar Şirvani, Bədr Şirvani və Bahar Şirvani kimi şairlərin adını iftixar hissi ilə çəkir və öz müasiri Mirzə Nəsrullah Bahar Şirvanini özünə ustad hesab edir.
Mən özüm kimi zəmanə sərvəriyəm
Əhli zövqün kəminə çakəriyəm
Ustadım Bəhari vəhyi kəlam
Ki onun nəzmidir mülki nizam.
Əli Fəhmi Seyid Əzimin ayrı ayrı şairlər haqqında şerlərini tədqiq etməklə kifayətlənməyib şairin şer və şairlik haqqında dediyi fikirləri haqqında da məlumat vermişdir. İstər fars istərsə də azərbaycan dilində yazdığı divanlarında gözəl məzmunlu şeri vəsf etmişdir. Məqalə müəllifi şairin şeirin gözəlliyi haqqında farsca bir təzkirəsini iqtibas gətirir.
Nə gözəldir oxuyub əşarı,
Zövqi ürfanə xəbərdar olasan.
Hər guruhun görəsən şəri tərin,
Dəhrdə vaqifi əsrar olasan.
Və yaxud fars dilində yazdığı başqa bir şerində "Ey Seyyid, söz incilərindən başqa heç bir şeyi toplayıb saxlama, çünki, nə varsa puç olacaqdır". B Əli Fəhminin bu monoqrafiyasında həmçinin nitq və sös haqqında, şerdə forma və məzmunun vəhdəti, şer dilinin sadə və lakonik olması haqqında məlumat almaq mümkündür.
S. Ə. Şirvaninin sözü vaxtnda demək bacarığını müəllif çox yüksək qiymətləndirir. Şairi oxuculara sevdirən xususiyyətlərdən biri budur. Əli Fəhmi yazırdı ki, "Zəmanənin eybəcərliklərini vaxtında ifşa etmək, öz müasirlərini zamanın tələblərinə uyğun şerlər yazmağa səsləyən şair başa düşürdü ki, güldən çiçəkdən, eşq- məhəbbətdən bəhs edən qəzəllərlə zamanın eybəcərliklərini ifşa etmək mümkün deyildir".
Demə əşar rəsmi şeri unut,
İndi sən bir təriqi digər tut.
Burada şair incə ruhlu qəzəldən daha çox satirik şerlər yazmağa üstünlük verir. Əli Fəhmi qeyd edir ki, Seyid Əzimin böyüklüyü həm də ondadır ki, onun şerlərində Quran ayələrinə, peyğəmbərlərin hədislərinə, əshabələrin dediklərinə, Həzrət Əlinin divani-əmirinə iqtibaslar mövcuddur.
S. Əzim islamın bütün təriqətlərini dərindən bilsə də bunların heç birinə qoşulmamışdır. Oğlu Cəfərə nəsihətində yazırdı:
Mən özüm şiəyəm, budur sifətim,
Leyk əsnafa yox müxalifətim.
Gər Əbubəkrlə Ömər Osman,
Zülm ediblərsə həqq edər divan.
Dilini saxla lənət etməkdən,
Qeyri şəxsə şəmadət etməkdən.
Şair, şerdə söyüşün, həcvin əleyhinə idi. Ümumiyyətlə mərsiyə və həcv yazanları, mübaliğələrə yol verənləri tənqid edirdi. Bakı şairlərindən olan Əbdülxaliq Yusifə yazdığı şer bu qəbildəndir.
Nə hünərdir bu söyüş söyləməyi hər kimsə bilir,
Bu kəmalilə deməzlər sənə loğman, Yusif.
Şerə, sənətə qiymət qoyulmamasından uzun-uzadı şikayətlənən şair sonda şerə qiymət verən bir zamanın və insanların gələcəyinə dərin inam bəsləyirdi. Satirik şerlərində, hekayə təmsillərində daha çox realizmə meyl edən Seyid Əzim qəzəllərində romantik xəyalların təsirindən qopup ayrıla bilmirdi. Onun qəzəl yaradıcılığı Sırf Füzuli təsiri altında olsa da onun lirik qəhrəmanı olan aşiq nisbətən nikbindir, gələcəyə ümüdlüdir. Çünki, onun sevdiyi gözəl romantik deyil, təbii bir gözəldir. Monoqrafiyanın sonunda Əli Fəhmi şairin farsca divanında aşağıda göstərilən 2 beytin tərcüməsini verib və bu beyti geniş şərh etmişdir.
"Ey Seyyid, daha söz büsatını yığ, çünki, bu zəmanədə çox az arayıb-axtarmışam bir nəfər də olsun şerə xiridar yoxdur. Mənim yeddi beytim ( yəni yeddi beytdən ibarət qəzəlim) Xosrovun yeddi xəzinəsindən daha qiymətlidir".
Şərhi:
Xosrov Pərvizin yeddi, bəzi rəvayətlərə görə isə səkkiz xəzinəsi varmış.
1. Gənci-ərus (gəlin xəzinəsi). Bu xəzinəni Xosrov tək özü qazanmışdı.
2. Gənci-badəbərd (Külək gətirən xəzinə). Bu xəzinəni Rum qeysəri öz dövlətini gəmi ilə İtamuaya qaçırarkən dənizdə rast gəlib ələ keçirmişdi.
3. Gənci- qeybeyi-Xosrovi (Xosrovun qumaş xəzinəsi) idi.
4. Əfrasiyab xəzinəsi. Bu dövləti Turan padşahı Əfrasiyab gizlətmişdi. Sonradan Xosrovun əlinə keçmişdi.
5. Gənci süxtə (burada "süxtə" sözü ölçülmüş mənasını bildirir).
6. Gənci xəzra (yaşıl xəzinə). Bunu Xosrov Pərviz Ərəb xalqından əxz etmişdi.
7. Gənci-şadaban (Şadlıq gətirən xəzinə. İskəndər zülqərneyn tərəfindən gizlədilmişdi. Xosrov təsadüfən bir kəndli vasitəsilə bu xəzinəni tapmışdı).
"S. Ə. Şirvaninin lirikası məqaləsində Əli Fəhmi S. Ə. Şirvaninin lirik şerlrindən söhbət açır. Klassik şerin bütün növlərində şerlər yazan S. Əzim lirik şerlərini demək olar ki, əksəriyyətini Füzulinin təsiri ilə qələmə aldığını göstərir. Təsadüfi deyildir ki, onu Fizulidən sonra qəzəl janrının ən gözəl davamçısı sayırlar. Həmişə klassik şairlərin lirik şerlərini oxuyarkən məndə belə bir sual doğur ki, niyə şairlərin əksəriyyəti özünə lirik yaradıcılıq üçün məhz qəzəli seçirlər?. Heç sübhəsiz ki, bu qəzəlin daha şən, daha gözəl səslənməsi, ən əsası ilə musiqiyə asan uyuşmasıdır.
Batin üzümün şahididir vəchi-kəlamını,
Əlminnətü lillahi ki, vəchi-həsənim var.
Sənət aləmini meydan adlandıran şair özünün bu sənət meydanının Fərhadı adlandırır.
S. Əzim də özündən əvvəlki lirik şairlər kimi öz lirikası üçün qəzəl janrını əsas götürmüşdü. Bu əsərində Əli Fəhmi əsas diqqətini şairin qəzəllərində məhəbbət mövzusunun aydınlaşdırılmasına həsr etsə də S. Əzimin qəzəllərində insan, insan gözəlliyi kimi xüsusiyyətləri də göstərmişdir. Allah sevərək yaratdığı insanları yer üzünün əşrəfi yaratmış, bütün canlı və cansız, yeraltı və yerüstü aləmi istifadə etmək üçün insanların ixtiyarına vermişdir. Əli Fəhmi də S. Əzim lirikasında məhz bu keyfiyyətləri açıb göstərməyə çalışır. S. Əzim lirikasında insan gözəlliyini ustalıqla təsvir edir, təsvir etdikcədə də vəcdə gəlir. "Yarı onu incitsə də o incimir, yarın cəfasını təbibin dərmanından üstün tutur".
S. Əzimin lirik qəzəllərində riyakar ruhanilərin ifşası xüsusi yer tutur. Burada Əli Fəhmi bir sıra tədqiqatçılardan fərqli olaraq onu ruhani ailəsi ilə sıx bağlılığını göstərmişdi. Seyid Əzim ruhani ailəsində doğulmuş, təhsil almış, ömrünün çox hissəsini ruhani dairələrində keçirmişdi. Sual oluna bilər. Ruhanilərin içərisində olmadan o mühitdə yaşamadan onların eybəcərliklərini görmək, ifşa etmək mümkündürmü? Zənnimcə yox. O, ikiüzlü din xadimlərinə qarşı amansız mübarizə aparmış, özü də dindar olmamışdı. "Bu istedadlı şair zəmanəsinin gözüaçıq adamlarından biri olmaq etibarı ilə ruhaniliyin törətdiyi fitnə fəsadları dərindən duymuş, runani cildinə girən adamların hiylə və fırıldaqlarını müşahidə etmiş, yeri gəldikdə onları satira atəşinə tutmuşdur". Əli Fəhmi "dini əllərində xalqı soymaq üçün vasitə edən şair belə din adamlarını təkcə lirik şeirlərində deyil, satirik şerlərində, təmsillərində, mənzum hekayələrində də tənqid atəşinə tutmasını" qeyd edir. Artıq biz burada Əli Fəhminin əsas diqqətini şairin qəzəllərində din xadimlərinin ifşasına yönəltməsini qeyd etdik. Din xadimlərinin ifşası ilə bağlı qəzəllərdə şair iki obraz aşiq və zahid obrazlarını yaradır. Bunları bir-birinə qarşı qoyur. Bu iki surət bir-biri ilə kəsgin ziddiyət təşkil edir.Çünki
bunların biri aşiq insanları yaşamağa, nikbinliyə, zahid isə bədbinliyə, tərkidünyalığa səsləyir. Lakin zahid özü dediklərinin heç birinə əməl etmir.
Burada Əli Fəhmi şairi "Var" rədifli qəzəlini nümunə göstərir.
Özü ləyaqilü sərməsti meyi-qəflətdir,
Söyləyir badəni kim, zərərdir vaiz.
Yox yəqin olmayan işdən sözünü nəqlə eylər,
Seyyida, var xəbərim, əhli xəbərdar vaiz.
Seyid Əzimin din xadimlərinə qarşı mübarizəsi şairdən qabaq da ədəbiyyatımızda Q. B. Zakir və digər şairlər tərəfindən kifayət qədər işlənmişdir.Məsələn, onun riyakar ruhanilər haqqında yazdığı:
Özü lum-lum udur batində, əmma,
Zahirdə dediyi mənaya bir bax.
sözlərini zamanla ayaqlaşmaq baxımından din xadimlərinə tutarlı cavab kimi qəbul etmək olar. Amma XIX əsr Azərbaycan ədəbiyyatında din xadimlərini S. Ə. Şirvani qədər ifşa edən, eyni zamanda buna görə ruhanilər tərəfindən təqib olunan iknci bir şair məlum deyildir. Seyid Əzimin yaradıclığını dərindən tədqiq etməyi öz qarşısına məqsəd qoyan Əli Fəhmi din və mövhumat mövzusuna həsr etdiyi qəzəlləri tədqiq etməklə kifayətlənməmişbu mövzuda qələmə alınmış rübai, qitə, təxmis, müxəmməs, müstəzad və s.bu kimi klassik ser şəkillərindən Seyid Əzim ən çox qəzəl janrına vermişdi. Ümumiyyətlə şairin 600-ə qədər qəzəli vardır. Bu qəzəllər məzmun cəhətcəbir-birindən fərqlənir. Belə ki, bu qəzəllərin əksəriyyəti aşiqanə lirik qəzəllər olsa da zəmanədən şikayət, din xadimlərinin, dövlət məmurlarının ifşasından bəhs edən qəzəllər də çoxdur. Məsələn: onun Fizullyə nəzirə olaraq yazdığı:
Könül tavar əlində cami-mey səbhəşümar olma,
Riyayi xəlqdir, billah, namaz əhlinə yar olma.
Və yaxud:
Zahidin gər güzəri duşə meyxanə sarı,
Kafərəm gər dönə ol məscidi viranə sarı.
kimi lirik qəzəlləri riyakar din xadimlərini və mövhumatı ifşa etmişdir. Lakin şair heç zaman dinin əsaslarına əsla toxunmamışdır. Bu mənada Seyid əzimin yaradıcılığı ziddiyyətlidir. Onun 10 min beytdən ibarət farsca divanının bir hissəsini təziyə şerləri təşkil etsə də din xadimlərini amansız ifşa edir, şərabı Kərbəla şəhidlərinin qanından üstün tutur. Dindarları riyakar, məscidləri viranə, vaizləri bayquş adlandırırdı. "Cəhalətdə keçən ömür ömür sayılmaz" sözləri onun əsas həyat şüarı idi. Ona görə də maarifçiliyin, satiranın, umumilikdə realizmin yayılmasında onun müstəsna rolu olmuşdur.
Aşiqanə lirik qəzəllərində isə pak, təmiz və ülvi məhəbbətdən bəhs olunur, məhəbbətləri xatirinə özlərini oda atmağa belə hazır olan, aşiq və məşuqdan bəhs olunur. Lakin başqa mövzulara həsr etdiyi qəzəllərdə olduğu kimi, aşiqanə qəzəllərində də şairin bədbinliyə qapılan vaxtları olur. Seyid Əzim yaradıcılığına dərindən bələd olan Əli Fəhm göstərir ki, şair necə bədbin olursa-olsun musiqiyə qulaq asdığı zaman nikbinləşir. Onun musiqiyə həsr etdiyi şerlərində zəmanəsindən şikayət, haqsızlıqların ifşası da öz əksini tapır. Seyid Əzim mürtəce din xadimlərinin musiqiyə münasibəti ilə əsla razılaşmırdı. Bildiyimiz kimi islam, hüquq və şəriət məktəblərinin hər birinin musiqiyə, çalğıya xüsusi münasibətləri vardır. İndinin özündə belə çalğının qadağan olunub-olmaması haqqında dərin mübahisələr mövcuddur. Lakin S. Əzim peyğəmbərimizin "bir saat Alllahın yaratdığı şeylərin bədiiliyi haqqında fikirləşmək yetmişillik ibarədətdən artıqdır" hədisini əsas götürüb çalğını qadağan edən din xadimlərinə müraciətlə deyirdi: Tanrı əsbabi mənahi demə böhtandır bu Seyid Əzimin musiqiyə bağlılığını Əli Fəhmi şairin Xəyyamın musiqi fəlsəfəsinə bələd olması ilə izah edir. Qeyd etməyi lazım bilirik ki, haqqında sözü gedən məqalə alimin yaradıcılığında xüsusi yer tutur. Əli Fəhmi sonralar bu məqalə üzərində işləyib onu bir monoqrafiya həcminə gətirmək istəyirdi. Lakin təəssüf ki, naməlum səbəblərdən bu əsər yarımçıq qalmışdır. Əkrəm Cəfər yazırdı ki, "Əli Fəhmi neçə illərdir ki, S. Ə. Şivaninin lirukası üzərində işləyir. Təəssüf ki, Azərbaycan ədəbiyyatşünaslığında çox dəyərli olan bu əsər yarımçıq qaldı". Seyid Əzim Şirvanı Azərbaycan ədəbiyyatının görkəmli simalarındandır. Hələ zamanında şerləri əldən ələ gəzmiş, o dövrün demək olar ki, bütün qəzetlərində dərc olunmuş, haqqında məqalələr yazılmışdır. Bu məqalələrdə o, "Sərvəri-dövran", "Səramədi dövran", "Nadereyi ürfan", "Şairi nədim", "Şüəranın sultanı", "Mərifət bağının Süleymanı", "Məlikuş şüəra" və s. Adlarla adlandırılmışdır.
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.