"Eurovision-2014"ün qalibi danışdı...
12 May 2014 17:05 Mədəniyyət"Rise Like a Phoenix" mahnısı ilə "Eurovision-2014" mahnı müsabiqəsində qalib gələn Konçita Vurts bu gün gerçək yaşamından bəhs edib. "Konçita Vurts" adı ilə tanınan transeksual müğənninin əsl ad və soyadı Tomas Noyvirtdir. 1988-ci ilin noyabrın 6-da Avstriyanın cənub-şərqindəki Qmunden şəhərində anadan olmuş Tomasın dediyinə görə, uşaqlıq illərini Ştriyada keçirəndən sonra Qras şəhərində Moda Məktəbinə daxil olub, 2011-ci ildə orada təhsili başa vurub.
Milli.Az The Sun-a istinadən bildirir ki, 2006-cı ildə Avstriyada müğənni olmaq istəyənlərin şousu sayılan "Starmania"ya qatılıb. Nadin Beylerə uduzan Tomas şouda 2-ci yeri tutmuşdu. 2007-ci ildə isə o, "Jetzt anders!" adlı pop-rok qrupu yaratmışdı. Hazırda Vyanada yaşayan Tomasın dediyinə görə, yeniyetməlik illərindən "mavi" olduğu üçün təqiblərə məruz qalıb və bu səbəbdən də "saqqallı obraz" yaratmaq fikrinə düşüb. "Yeni nəslin daha tolerant, dözümlü olmasını istəyirəm. İnsanları necə göründüklərinə, harada doğulduqlarına görə yox, necə adam olduğuna görə dəyərləndirməliyik. Zahiri görkəmə aldanaraq batini unutmamalıyıq", - "Konçita" kimi məşhurlaşan T.Noyvirt söyləyib.
Avstriyanın ORF telekanalının "Die große Chance" şousunda 2011-ci ildə "Konçita Vurst" kimi debüt edən Tomas 2012-ci ildə "Eurovision-2012"nin milli seçimlərində 2-ci yeri tutmuşdu. 2013-cü ilin sentyarın 10-da ORF telekanalı ""Eurovision-2014"də ölkəmizi Konçita Vurst təqdim edəcək" bəyanatı ilə çıxış edəndə Avstriyada böyük qalmaqal yaranmışdı. Hətta Facebook-da "Anti-Wurst" səhifəsi yaradılmış, 31 min avstriyalı müraciət imzalayaraq "bu biabırçılığa yol verməməyi" tələb etmişdilər. Tomas Noyvirt bu gün deyib: "Qələbəmin birmənalı qarşılanmayacağını təzminləyirdim. Amma onu da bilirəm ki, çox adamlar şoudan əvvəl mənə nifrət edirdilərsə, indi mövqelərini dəyişiblər. Saqqallı qadın obrazı çoxlarını hiddətləndirir, amma eyni zamanda ksenofobiyanın təbiəti ilə bağlı müzakirələrə səbəb olur". Xatırladaq ki, "Eurovision"da belə "nə qadın, nə kişi"lər ilk dəfə çıxış etməyib.
1998-ci ildə "Eurovision"da İsraili təmsil edən transvestist Dana İnternational qalib gəlmiş, 2007-ci ildə ukraynalı "Vera Serdyuçka" 2-ci yeri tutmuş və DQ adlı transvestist 19-cu yerə çıxmış, 2002-ci ildə isə Sloveniyadan olan "Sestre" draq-kvini səhnəyə çıxmışdı.
Tomas Noyvirtin dediyinə görə, "Konçita Vurts" ləqəbi nənəsi Konçitanın adı və atası Alfred Knak fon Vurstun soyadından ibarətdir.
Bundan başqa, "Eurovision-2014"ün qalibi bildirib ki, 4 ildən bəri burlesk rəqqası Jak Patriakla nikahda yaşayır.