Xəzinə, yoxsa toz-torpaq bəsləyən kitabxanalar...

Kitabxanalar hazır olmalıdırlar. Belə ki, Azərbaycanda dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinə qənaət etmək üçün işləməyən kitabxanalar bağlanacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə bir açıqlama verib. Nazir kitabxanaları daha aktiv fəaliyyət göstərməyə çağırıb: "Bizə bərbad binada yerləşən kitabxanalar lazım deyil. Belə binalar insanları kitabxanalardan uzaqlaşdırır. Kitabxanalar insanlara ona görə lazımdır kı, buraya gəlib yaxşı, isti otaqlarda kitablar, qəzetlər oxusunlar.  Yerlərdəki insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da öz labüdlüyünü getdikcə itirəcək". Nazirin sözlərinə görə, kitabxanalarda lazımsız ədəbiyyatların silinməməsi, lazımlı ədəbiyyatların məhv edilməsi halları da olur.

Ә.Qarayev deyib ki, Azərbaycanda kitabxanalar şəbəkəsi vəhdətləşdirilməlidir. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır: "Mən nazir ola-ola mənim saytıma ancaq Milli Kitabxanaya yeni nəşrlərin gəlməsi barədə məlumat daxil olur, başqa heç bir kitabxanaya yeni nəşrin gəlməsi barədə məlumat daxil olmur. Kitabxanaların saytlarında hansısa ədibin qeyd edilmiş yubileyi barədə məlumatlar olur. Bu informasiyaları saytlarında illərlə saxlayırlar. Köhnə yeməyi yemək olar?! İnformasiya da belədir. İnsanlar yeni informasiya almaq istəyirlər. Әgər şəbəkə bunu edə bilmirsə, demək, şəbəkə müflisləşib".

Demək olar ki, bu gün lap elə paytaxtın özündə elə kitabxanalar var ki, onların durumu nazirin təsvir etdiyindən də açınacaqlı vəziyyətdədir.

Yalnız kitabların köhnəliyi, binaların  bərbadlığı deyil problem olan. Demək olar ki, paytaxtın mərkəzi küçələrindən birində yerləşən kitabxanalardan birinə üz tutmuşdum.  Bina o qədər bərbad vəziyyətdə deyildi. Normal görünüşdə idi. "Bir saat" işçiləri axtarmaq məsələsi olmasaydı. Nəhayət, onları küncdə olan balaca bir otaqdan hamısı bir yerə toplanmış halda tapa bildim. Filan-flan kitabları istəyirəm dedim, bir-birlərinin üzünə baxdılar. "O kitab yoxdur, bu biri var. Qızlar, hansınız gedirsiniz?" Bir xeyli də onların öz aralarında bu danışığını dinləməli oldum. Nəhayət kitabların seçimi üçün işçilərdən biri tənbəl-tənbəl ayağa qalxdı. Xeyli müddətdən sonra əlində köhnə-tozlu kitablarla qayıtdı. Bəzi kitabların arxa səhifələri yerində deyildi. Nəsə sual vermək istəyəndə işçi mənə sərt bir cavab da verdi. Uzun sözün qısası, kitab götürmək ümüdü ilə daxil olduğum kitabxana binasından korlanmış əhval-ruhiyyə ilə çıxdım. Oxumaq istədiyim kitabların bəzilərini əldə edə bilməmişdim. Almaq üçün daxil olduğum mağazada isə 10 manat qiyməti var, dedilər. Əgər oxumaq istədiyin bütün kitabları pulla almağa cəhd eləsən, o zaman gərək başqa bir xərcləmən olmaya.  

Kitabxanalar nə üçün lazımdır bəs? Əgər əhalinin normal şəkildə kitabxanalardan istifadəsi məsələsindən danışırıqsa, onların həm sayını, həm də  keyfiyyətini artırmaq lazımdır. Bu gün əhalimizin mütailəsinin zəif olmasından şikayət ediriksə, kitabın təbliğatının zəif olması amili də önə çəkilməlidir. Kitabxananın qarşısından keçəndə oranın kitabxana olduğunu heç cür anlamaq olmur. Heç olmasa yazarların hikmətli kəlamlarından, hansısa kitablardan çıxarılmış fikirlərdən ibarət bir lövhə belə yoxdur. Qulağında telefon şunuru, gözü telefondan başqa heç nə görməyən gənclərin kitaba olan marağını artırmaq üçün kitabxanalar, yaxud elə kitab mağazaları işlər görməlidirlər.

Bu gün kitabxanada yeni kitab yoxdursa, bunda cəmiyyətin də günahı var. Pulu olan biri restoran açır, parfümeriya mağazalarının şəbəkəsini yaradır. Amma heç kim 500 manat ayırıb bir kitabxana üçün 100 kitab almaq istəmir.  Çünki onun ucunda ciblərə girəcək pul yoxdur. Kitabdan uzaq bir gənclik var amma. Bunu da düşünmək lazımdır. Parfumeriya mağazalarına daxil olan gənclərin onundan heç olmasa biri kitabxanaya getmirsə, bu cəmiyyətin bəlasıdır və ya az müddətdən sonra bəlasına çevriləcək.

Iki gün əvvəl kitab mağazalarının birindən Nizami Gəncəvinin əsərlərinin hamısına bir yerdə cəmi 23 manat ödəyib aldım. Endirim var idi kitablara. Əslində 38 manat edirdi. Əgər bu endirim hansısa bir mağazada bir paltar olsaydı,  həmin mağaza dolub-daşırdı. Amma mağazada heç kim yox idi. Yolboyu, evə gəldikdən sonra fikirləşirdim ki, Nizami bu əsərlərini yazanda hər biri bir xəzinə qiymətində olub. İndi biz ona bir çay pulunu belə qıymırıq. Amma o kitabların içində xəzinə yatdığını unuduruq. Nəyimizə lazımdır? Əgər fəaliyyəti zəifdirsə, bağlayaq bütün kitabxanaları.

Aygün 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31