Romantik “Peyğəmbər”dən realist “Peyğəmbər”ə
30 Aprel 2014 17:39 MədəniyyətHüseyn Cavidin "Peyğəmbər"indən sonra Azərbaycan ədəbiyyatının şah əsəri olan "Peyğəmbər" bu sahədə uzun müddət mövcud olan boşluğu doldurdu. H. Cavididin "Peyğəmbər"indən sonra sevimli peyğəmbərimizə bu səviyyədə demək olar ki, heç bir əsər həsr olunmamışdır. "Peyğəmbər"i yaratmaqla Zəlimxan Yaqub umumən islam dünyasına əvəzsiz bir xidmət göstərmiş oldu.
Zəlimxan Yaqub "Peyğəmbər" poemasında islam peyğəmbərinə əsil tarixçi kimi düzgün, obyektiv yanaşmış, Peyğəmbəri necə varsa eləcə də təsvir etmiş, onun həyatını bütün incəliklərilə verə bilmişdir. Qurani-kərim şərafətli peyğəmbərimizə ayə-ayə nazil olduğu kimi Zəlimxan Yaquba da sözü, şeri dərk etdiyi üçün bu əsəri sətir-sətir, cümlə-cümlə yazmış, ömrünün ixtiyar çağında başa çatdırmışdır. Təsadüfi deyil ki, şair poemada əsəri yazmağa başladığı ili qeyd etmir. "Peyğəmbər"i bütün ömrüm boyu yazmışam"-deyir. Elə Peyğəmbəri dərk etmək üçün bir yaşın müdrik çağı lazımdır.
Bəlli toxum, bəlli sünbül
bəlli dən,
Haqq özüdür müşkülləri
həll edən.
Yük bağladım, maya tutdum
əllidən,
Altmışıma "Peyğəmbər"lə
gəlmişəm.
"Peyğəmbər"i yazmamışdan öncə şair bu məsuliyyəti dərindən dərk edirdi. Bu məqsədlə onlarla qaynaq araşdırmış, bununla yetinməmiş, müqəddəs Məkkəni və islamın digər müqəddəs şəhərlərini ziyarət edib gəzib dolaşmışdı. İslamın meydana gəldiyi tarixi şəraiti öyrənmişdi. Əks halda "Peyğəmbər" bu qədər şöhrət qazana bilməzdi.
"Peyğəmbər" qədim təntənəli yunan şer şəkli olan hekzametrlə yazılıb. Klassik şerdə olduğu kimi bu əsər də minacatla başlayır. Hər bölümün əvvəlində bu bölümün ruhuna uyğun ya Qurani-kərimdən, ya da peyğəmbər kəlamlarından istifadə olunur. Əsərlə tanışlıqdan anlaşılır ki, şair peyğəmbərin şəninə layiq sözlər yazmaq üçün çox düşünmüş, bir sözü dəfələrlə götür-qoy etmişdir. Əsərdə şair hər bir hadisəni yaşadığımız zamanla əlaqələndirərək haqlı olaraq belə bir nəticəyə gəlir ki, "xalqımızın başına nə müsibət gəlirsə imanın azlığından gəlir. İnsanlar insanlığı yaşada bilmirlər. Hər şey öz dadını, ləzzətini itirib, ona görə də yaxşı işlər görməyə tələsmək lazımdır. İman insanların başının tacı olarsa onlara ağrı-acı yaxın durmaz".
Belə olduğu təqdirdə qiyamət gününü gözləməyə dəyməz. Çünki, insanlar bu qiyaməti öz hərəkətləri ilə hər gün törədirlər və bir növ böyük qiyamətə hazırlıq görürlər.
"Qiyamət nə zaman
qopacaq"?-demə
Hər gün qiyaməti
qopur dünyanın.
Harınlar, haramlar,
haramzadalar,
Sağını, solunu
çapır dünyanın.
İblis donuna girən xəbislər, həyatın sonunu dərk etməyənlər bu dünyanın axırına çıxırlar. Məgər, ləyaqətli insanların sinəsinə çalın-çarpaz dağ çəkilməsi, su yerinə tökülən qanlar, yetimlərin haqqının tapdalanması qiyamət deyilmi? "Peyğəmbər" islam peyğəmbərinin şəninə yazılmış gözəl bir əsər olmaqla həm də bir şairin ürək ağrısı, daxili sarsıntılarıdır. Tarix boyu xristian dövlətlərin fitfasına uyub bir-birimizin qanını tökmüşük. Bugünün özündə belə birləşib öz güc və qüdrətimizi nümayiş etdirə bilmirik. İslamın ən gözəl bir din olmasına baxmayaraq Allahın min bir nemət bəxş etdiyi müsəlmanlar birləşə bilmirlər. Bu gün bizi birləşdirməyə dağınıq, qan intiqamına susamış qəbilələri məharətlə birləşdirib, tayfa ixtilafını aradan qaldıraraq vahid müsəlman umməti yaradan bir Məhəmməd peyğəmbər qüdrəti, mətanəti lazımdır. Bütün bunlar əsər boyu Zəlimxan Yaqubu narahat edən məsələlərdir. Amma şair təkcə deməyi, yazmağı bacarır. Onu qazancı elə şairin özü demiş:
Alimin qazancı
ürək ağrısı,
Şairin qazancı
iztirab olur.
İslam peyğəmbərinin türklərə böyük məhəbbəti bu gün hamımıza məlumdur. Türklərin peyğəmbər ideyalarının ən yaxşı davamçıları olacağını cənab Cəbrayıl hələ merac gecəsi peyğəmbərə xəbər vermişdi. Ona görə də o,"Türklərin dilini öyrənin, onların hakimiyyəti uzun sürəcək" demişdi. Peyğəmbərimizin bir sıra türk adətlərini yaşatması, yaşayış üçün türk çadırından istifadə etməsi bunu subut edir. Onun türklər haqqında bu uzaqgörənliyi özünü zaman-zaman doğrultdu. Ərəblər islamı təkcə yaratdılar, amma bu dini dünyaya türklər yaydı. Avropada islamın yayılmasına sədd çəkən İstanbul da türklər tərəfindən fəth olundu.
"Nə böyük sərkərdədi
İstanbulu alan kəs,
Nə xoşbəxt döyüşçüdü
Orda vuruşan əsgər".
Peyğəmbərimizin bu arzusunu çox illər sonra elə onun mübarək adını daşıyan Sultan Məhəmməd Fateh həyata keçirdi. Bugünün özündə belə türk islamsız yaşaya bilmədiyi kimi, ərəb də türksüz yaşaya bilməz.
İslam türkün ürəyi,
Türk islamın beynidir!
H. Cavidin "Peyğəmbər"indən fərqli olaraq Zəlimxan Yaqub peyğəmbərimizin həyatı ilə bağlı demək olar ki, bütün məqamlardan söhbət açır. Hətta islamın meydana gəlməsindən qabaq ərəblərin həyat və məişəti haqqında əsərdə məlumat almaq mümkündür. Məhəmmədin dünyaya gəlişini ən böyük dərdlərin əlacı, başların tacı, gözlərin işığı kimi, yer üzünə həqiqətin gəlişi kimi xarakterizə edir:
Tapıldı ən böyük
dərdin əlacı
Gəldi, xoş niyyətin
xəbəri gəldi
Gözlərin işığı,
başların tacı
Qolların qüvvəti
təpəri gəldi
Məhəmməd doğulub
gəldi dünyaya!
Həqiqət doğulub
gəldi dünyaya!!!
Bütün peyğəmbərlər içərisində islam peyğəmbəri ən humanist, insanpərvər peyğəmbərdir. Biz peyğəmbərlərə zülm etdiklərinə görə onların qarğışı ilə məhv olan qövmlər var. İslam peyğəmbərinə isə zülm etdikdə "Ya rəbbim, nadanlıqları üzündən etdikləri günahları bağışla" - deyərdi. Allaha şərik qoşmaqdan başqa insanların bütün günahlarını bağışlayardı. "Şeytana uymayın, havalı başla dünyanı idarə etmək olmaz" - deyirdi. Öz səbri ilə, gözəl əxlaq ilə yer üzünü pisliklərdən təmizlədi.
Allahın qüdrətiylə
Yendin yenilməzləri,
Sən özünə tanıtdın
özünə bilməzləri.
İslam dini bütün özgə dinlərə və peyğəmbərlərə dərin məhəbbətlə yanaşır. "Qurani-kərim"də bu peyğəmbərlər hörmətlə xatırlanır. Amma təəssüf ki, dinimizə münasibət eyni deyildir. Bütün bunları təəssüflə qeyd edən Zəlimxan Yaqub
peyğəmbərimizə iftira yaxan Rüşdilərə, "Qurani-kərimi" yandıran keşişlərə öz üsyankar səsini ucaldır. "Dinlərin içində ən saf din olan" islama bu cür münasibət onun şair ürəyini ağrıdır.
Bu ədalət dini
bu ixlas dini
Bu iman diniydi
insaf diniydi
İmanlar içində
ən mükəmməli,
Dinlərin içində
ən saf diniydi.
Əsərdə sevimli peyğəmbərimizin şairə, sözə yüksək qiymət verməsindən söz açılır. Şairlərə hörmətlə yanaşan Məhəmməd peyğəmbər müsəlman şairləri üçün məsciddə əlavə bir minbər düzəltdirmişdi. Müşrük şairlər peyğəmbərimizi həcv edəndə o, islam şairlərinə "Müşrüklərin cavabını şerlə verin, şerin dili kəsərli olur" - deyərdi.
Şairlərə təb iki cür verilir; ya ilahi təblə, ya da şeytanın vəsvəsəsi ilə. Hansı şairin sözü şeytan sözü, hansının ilahi vəhydən doğduğunu həmin şairlərin şerlərindən anlamaq olur. Zəlimxan Yaqub da ilahi bir nurdan mayalanıb. Poemanın hər sətrini qələmə alarkən ilahi bir qüvvədən güc alıb. Əks halda belə bir cahanşümül əsər yarada bilməzdi.
Biri başın töhməti,
üzümüzün qarası,
Düzlərin sərgərdanı
çöllərin avarası.
Biri şeytana uyan
kafirlərin kafiri,
Biri Allah yolunun
ən nurlu müsafiri.
Şairlər başqa-başqa,
şairlər cürbəcürdür.
Birinin dedikləri
saman çöpünə dəyməz,
Birinin dedikləri
ləldi, gövhərdi, dürdü.
Bu gün bir şair də var
könül və can şairi,
Zəlimxan Yaqub kimi
Azərbaycan şairi.
Türk ruhuna, islama
sədaqətin şairi,
Sənin çox bəyəndiyin
bir millətin şairi,
Yaradana səcdənin
ibadətin şairi.
Zəlimxan Yaqub xalqının, millətinin dərdlərini köksündə daşıyan bir şairdir. Bu gün onun Qarabağ boyda bir dərdi var. Şair hansı mövzuda yazırsa yazsın orada mütləq millətin dərdlərini izhar etməlidir. Baxın, onun milliliyi də məhz bundadır. "Peyğəmbər" poemasında görün öz dərdlərini necə izhar edir? Əllərini uca tanrıya açıb ondan kömək diləyir, xalqına mərhəmət diləyir, xalqını bir olmağa çağırır. "Müsəlmanları bir-biri ilə vuruşduran məkrli şeytanı onların qəlbindən çıxarıb atmaq üçün böyük yaradandan kömək diləyir.
Bir közəm əlimdən
Ocağım gedib,
Əsirim, girovum,
Torpağım gedib.
Ərşə səsim gedib,
sorağım çatıb,
Məlhəmi, əlacı
Ara bağrıma,
Vurublar nə qədər
yara bağrıma,
Qarabağ çevrilib
qara bağrıma,
Qarşıda ölüm var,
dadıma sən çat!
İslam dinində bir şəhidlik mərtəbəsi vardır ki, bu dinin başında duran peyğəmbərimiz də islami dəyərlər üçün hər an belə şəhid olmağa hazır idi. İslamı şəhidlər ucaltdı. İslam bu gün ona görə yaşayır ki, onun yolunda hər an şəhid olmağa hazır olan insanlar var. "Şəhidlər ölmür, yalnız dünyasını dəyişirlər" - deyir dinimiz. Şair də bu uca mərtəbəyə yetmək arzusundadır.
Ondan gəlir tükənməz
əbədi qüdrət mənə,
Tanrım, şəhid olmağın
sirrini öyrət mənə!
"Peyğəmbər" poemasını oxuduqca heyrətlənməmək mümkün deyildir. Şair ulu peyğəmbərimizin uca şəninə təriflər söyləməklə bu gün islami dəyərləri tərsinə yozan bədxahlara etirazını bildirir. Zəlimxan Yaqub dərin düşüncə tərzinə malik bir şairdir. Onun diqqətindən heç nə yayınmır. Quran sözünün mənası ucadan oxumaq deməkdir. Lakin bu müqəddəs kitab əksər məclislərdə astadan oxunur. Bundan narahat olan şair "Quranı ucadan oxu, Allaha xoş getməz" - deyir.
Şairi ciddi narahat edən digər bir məsələ mərhəmətli və şəfəqqətli dinimizin bu gün dünyada terrorçu bir din kimi tanınmasına cəhd edilməsidir. Dünyanın
hansı yerində bir terror baş verirsə onu dindaşlarımızın adı ilə bağlayırlar. Böyük dünyanın böyük dərdləri böyük şairimizi ciddi narahat edir:
Həmişə dünyanın
böyük dərdləri
Böyük adamların
başına gəlir.
"Peyğəmbər" poemasında Zəlimxan Yaqubu narahat edən daha bir islamın guya mövhumatı, cəhaləti yayması məsələsidir. Uca Allahdan "Oxu" kəlməsinin bir neçə dəfə təkrarı ilə başlayan bir müqəddəs kitab necə elmin, oxumağın qarşısına sədd çəkə bilər? Bütün əsər boyu şair oxucularla birlikdə bu suallara cavab axtarmağa çalışır.
"İlahi sevgi, Tanrı eşqi və ölçüyəgəlməz fikir axtarışlarının" nəticəsi olan "Peyğəmbər" təkcə Zəlimxan Yaqub yaradıcılığının deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının şah əsəridir. Nə yaxşı ki, bu şah əsəri yaratmaq qəlbində tükənmiz Tanrı eşqi olan, mənəviyyatına peyğəmbər mənəviyyatından böyük pay düşən Zəlimxan Yaquba qismət oldu. Bizi belə bir əsərlə sevindirən, peyğəmbərimizə daha bir addım yaxınlaşdıran çox hörmətli şairimizə bir müsəlman kimi oxucu çükranlığımızı yetirirk.
Zəlimxan Yaqub yazdığı bir-birindən gözəl əsərləri ilə öz xalqı, öz milləti qarşısında borcunu ödəmişdir. Cahanşümül "Peyğəmbər"i ilə bir müsəlman kimi də öz borcunu yerinə yetirdi.
Azərbaycan ədəbiyyatında belə bir gözəl əsərə həqiqətən də böyük ehtiyac vardı. H.Caviddən sonra bu mövzuya müraciət edilməmişdi. Ümüd edirik bu mövzuda yeni-yeni əsərlər yaranacaq.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.