Qasım Bəy Zakirdən Mirzə Ələkbər Sabirə

Romantik-realist poeziya məktəbinin yaradıcısı

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan S.Ə.Şirvani XIX yüzildə ədəbi olaylarla zəngin olan Şirvanda anadan olmuşdur. Elə bu ədəbi irs onun görkəmli sənətkar kimi yetişməsində böyük rol oynamışdı.

S.Ə.Şirvani yaradıcılığının özəyini geridə qalmış xalqının halına acımaq, xalqın maariflənməsi uğrunda dirəniş, dinin və riyakar din xadimlərinin ifşası, dünya mədəniyyətindən və tərəqqisində geriliyə qarşı mübarizə və sair bu kimi realist ideyalar təşkil edir. Bu yazıda biz bu realist ideyaları şərh etməklə yanaşı Seyid Əzimin yaradıcılığında yetərli qədər ziddiyyət doğuran məqamları aydınlaşdırmağa çalışacağıq.

Seyid Əzim də sələfləri kimi (M.F.Axundzadəni çıxmaqla) var olan bütün eybəcərlikləri ifşa edirdi, amma bütün bunlardan çıxış yolunu açıb göstərə bilmirdi. O, bir yandan çar idarə üsulunu tənqid edir, digər tərəfdən də Şamaxını bərpa edən çar məmurlarını tərifləyirdi.

Azərbaycan xalqının psixologiyasına bələd olan çar yönətimi bir sıra qəza mərkəzlərində bəy komissiyaları yaratmışdı. Bəylik rütbəsi almaq istəyənlər riyakarlıq edir, cilddən-cildə girir, bir-birindən danos yazır, bu yolda hər bir xəyanətə əl atırdılar. Belə "Bəy"ləri şair "Şirvan bəyləri haqqında" həcvində satirik qələmlə ifşa edirdi.

Hər uzun saqqalı ki, lazımədir bəy olsun,

Bəs niyə bəy eləmir Mahmud ağa Kuzmani.

Lakin burada da şair bütövlükdə bəylərin mövcud olduğu cəmiyyəti deyil, ayrı-ayrı bəyləri hədəf götürmüşdü. Bəylərin bir neçəsinə hətta mədhiyyə belə yazmışdı.

Hər hansı bir cəmiyyətin ictimai əsasları özündən qabaqkı cəmiyyətin ictimai ilkləri üzərində qurulduğu kimi mədəniyyətin, yəni incəsənətin də əsasları özündən öncəki mədəni əsasların üzərində qurulur. Bir şair, bir yazıçı da özündən qabaqkı şair və yazıçıların yazılarından dərindən bəhrələnməsə o, yüksək ədəbi örnəklər yarada bilməz. Bu anlamda Seyid Əzim də özündən öncəki istər əski Azərbaycan , istərsə də rus və Avropa mədəniyyətini mənimsəmişdi. Ona görə də yazdıqları dərin məzmunlu idi və hələ şairin öz dövründə böyük maraq doğururdu. Seyid Əzimin İran, Türkiyə, rus və bir sıra Azərbaycan şairləri haqqında bilgi verən "Təzkirə"si "Tarixi Şirvannamə"si Tiflisdə çıxan "İzvestiya Kafkazskoqo obşestvo-istoriya i arxeoloqii" tolusunda rus dilində çap olunmuşdur.

Çünki, S.Ə.Şirvani Füzuli ədəbi məktəbinin ardıcılı olmaqla özündən öncəki klassik ədəbiyyat ilə yanaşı rus və Avropa ədəbiyyatı ilə də ətraflı tanış olmuşdu. Və özündən öncəki romantik poeziya məktəbini davam etdirməklə eyni zamanda özü də bir ədəbi məktəbin, romantik-realist bir poeziya məktəbinin yaradıcısıdır. O, rus ədəbiyyatından A.S.Puşkin Şərq ədəbiyyatından Nizami, Firdovsi, Füzuli, Sədi, Hafiz və digər şairlərin haqqında dəyərli fikirlər söyləmişdir. Məlum olduğu kimi Puşkin Rusiya tarixində qanlı çar kimi tanınan I Nikolayın fətvası ilə öldürülmüşdü. Şerdən aldığınız bilgiyə görə Nikolayın yerinə keçən II Aleksandrın göstərişi ilə onun qəbri təmizlənmişdir. Bu kiçik təzkirədə şair Puşkini oxuculara ətraflı tanıda bilir:

Neçə nafe kitab etmişdi ol şirin suxən bərpa,

Məcalislər tapıb zinət o pakın nəsrü-nəzmindən.

Söz Seyid Əzim üçün müqəddəs idi, göydən, yüksək aləmdən enmişdir. Əgər orada sözdən qiymətli bir gövhər, cəvahir olsaydı, sözün əvəzinə o enərdi. Nizami, Xaqani, Füzuli kimi şairlərə Seyid Əzim nə qədər ehtiram bəsləsə də Fars

şairlərindən olan Sədidən, Hafizdən özünü üstün tutur (baxmayaraq ki, təmsillərində Sədidən çoxlu iqtibaslar gətirmişdi).

Şairin bütün dövrlər üçün güncəl olan əsərləri həmişə böyük maraq doğurmuşdur. Sovetləşmədən qabaq uşaqlar və gənclər üçün nəşr olunan "Dəbestan", "Arı", "Məktəb" və başqa dərgilərdə uşaqların və gənclərin ruhuna uyğun şeirləri çap olunmuşdu. "Dəbistan" dərgisində dərginin yaradıcısı və redaktoru Əli İskəndər Cəfərzadə Seyid Əzim haqqında yazdığı bir məqaləsində yazırdı: "Hacı Seyid Əzimi əsr və zəmanəsinin, həmçinin vətəninin ən məşhur ürəfa və şüəralarındandır". Müəllif şairin:

Mövti cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

-beytini Derjavin və Puşkinin "Pamyatnik" adlı mənzumələri ilə müqayisə edir. O, həmçinin "Məktəb" toplusunda dərc olunan, "İdarədən" və "Hacı S.Ə.Şirvaninin tərcümeyi halı" məqalələrində yazırdı: "Hacı S.Ə.Şirvani haqq sözünü deməkdən çəkinməzdi, millətin qüsurunu daima söyləyib, dəfi üçün çarələr arardı. Amma bunların əvəzində nələr çəkər".

Lakin Oktyabr çevrilişindən öncə onun yaradıcılığına müraciət edənlər onun zamanını qamçılayan şerlərinə qətiyyən maraq göstərmirdilər. 1891-1892-ci illərdə şairin əsərlərinin ilk dəfə bütün halında H.Z.Tağıyevin vəsaiti ilə çap olunan variantında yalnız zamanla səsləşməyən şerləri çap olunmuşdur. Maarifçilik ruhunda yazdığı şerlər isə diqqətdən kənarda qalmışdır.

Seyid Əzim irsinin ən yaxşı araşdırıcısı olan Əli Fəhmi şair haqqnda yazılmış bütün monoqrafiyaları ətraflı tədqiq edərək yazırdı ki, "onların bir çoxu formanı məzmundan, bədiiliyi ideyadan ayırmağa çalışmışlar. Şübhəsiz ki, bu, metodoloji səhvdir. İnsan üçün beyin ilə qəlbin hansı birinin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək mümkün olmadığı kimi sənət əsərində də ideya ilə formanın arasındakı üstünlük fərqini söyləmək çətindir".

Seyid Əzimin ədəbiyyatımızda bir olmaqla yetinməmiş ayrı şairlər haqqında, onların şerləri haqqında, bütövlükdə şer və şairlik haqqında qiymətli fikirlər söyləmiş, istər fars, istərsə də azərbaycan dilində yazdığı divanlarında gözəl məzmunlu şeri vəsf etmişdir. Farscadan tərcümə olunan şerlərinin birində yazırdı:

Nə gözəldir oxuyub əşarı,

Zövqi ürfanə xəbərdar olasan.

Hər guruhun görəsən şəri tərin,

Dəhrdə vaqifi əsrar olasan.

Və yaxud fars dilində yazdığı başqa bir şerində "Ey Seyyid, söz incilərindən başqa heç bir şeyi toplayıb saxlama, çünki, nə varsa puç olacaqdır". Şairin bu məzmunda yazdığı şerlərində həmçinin "nitq və söz haqqında, şerdə forma və məzmunun vəhdəti, şer dilinin sadə və lakonik olması haqqında məlumat almaq mümkündür". (Əli Fəhmi)

S.Ə.Şirvani sözü vaxtnda deməyi bacarırdı. Şairi oxuculara sevdirən xususiyyətlərdən biri də budur. Zəmanənin eybəcərliklərini vaxtında ifşa etmək, öz müasirlərini zamanın tələblərinə uyğun şerlər yazmağa səsləyən şair başa düşürdü ki, güldən-çiçəkdən, eşq-məhəbbətdən bəhs edən qəzəllərlə zamanın eybəcərliklərini ifşa etmək mümkün deyildir.

Demə əşar rəsmi şeri unut,

İndi sən bir təriqi digər tut.

Bu, artıq onun yaradıcılığının ikinci mərhələsinin-maarifçi realist mərhələsinin başlanmasından xəbər verirdi. Burada şair incə ruhlu qəzəldən daha çox satirik şerlər yazmağa üstünlük verməyin vacibliyindən danışır..

Dinə, din xadimlərinə münasibətdə də Seyid Əzimin yaradıcılığında bir sıra ziddiyyətlər vardır. Şerlərində bir tərəfdən Quran ayələrinə, peyğəmbərlərin hədislərinə, əshabələrin dediklərinə, Həzrət Əlinin "Divani-Əmir"inə iqtibaslar gətirir, bir yandan da dini, yalançı din xadimlərini müctəid səviyyəsinə qədər ifşa edirdi. Bunları nəzərə alaraq da onu bir ateist hesab etmək düzgün olmazdı. Çünki, o, dinin əsaslarına toxunmurdu.

S.Əzim sünniliyin və şiəliyin ən ifrat dərəcədə mövcud olduğu Şirvanda yaşasa da, islamın bütün təriqətlərini dərindən bilsə də bunların heç birinə qoşulmamışdır. Oğlu Cəfərə nəsihətində yazırdı:

Mən özüm şiəyəm, budur sifətim,

Leyk əsnafa yox müxalifətim.

Gər Əbubəkrlə Ömər Osman,

Zülm ediblərsə həqq edər divan.

Dilini saxla lənət etməkdən,

Qeyri şəxsə şəmadət etməkdən.

Seyid Əzimin yaradıcılığında ziddiyyət doğuran növbəti məqam onun klassik şer şəkillərinə olan münasibətindədir. Farsca Divanının böyük bir hissəsi mərsiyə və qəsidə və həcvlərdən ibarət olmasına baxmayaraq (şair həmçinin ara-sıra ləntərani şerə meyl edirdi, həmin şerlərin əsasən deyişmə formasında bir neçəsi bu gün yaşlı nəslin dilində dolanmaqdadır) o, şerdə söyüşün, həcvin əleyhinə çıxırdı. Ümumiyyətlə mərsiyə və həcv yazanları, mübaliğələrə yol verənləri tənqid edirdi. Bakı şairlərindən olan Əbdülxaliq Yusifə yazdığı şer bu qəbildəndir.

Nə hünərdir bu söyüş söyləməyi hər kimsə bilir,

Bu kəmalilə deməzlər sənə loğman, Yusif.

Şerə, sənətə qiymət qoyulmamasından uzun-uzadı şikayətlənən şair sonda şerə qiymət verən bir zamanın və insanların gələcəyinə dərin inam bəsləyirdi.

Seyid Əzimin təmsilləri, alleqorik mənzum hekayələri onun realist yanrında yaratdığı qiymətli nümunələrdir. Bu məzmunda yazdığı əsərlərinin başlıca mövzusu dostluqda sədaqət, məzlumlara yardım, insanlarla mehriban münasibət, xeyirxahlıq, ədalətin təntənəsi və s. təşkil edir. Oğlu Cəfərə yazdığı və bütün gənclərə ünvanladığı ibrətamiz nəsihətlər bu gün belə əhəmiyyət kəsb edir.

Satirik şerlərində, hekayə və təmsillərində daha çox realizmə meyl edən Seyid Əzim qəzəllərində romantik xəyalların təsirindən qopub ayrıla bilmirdi. Onun qəzəl yaradıcılığı sırf Füzuli qəzəllərinin təqlidindən ibarətdirr. Amma fərq orasındadır ki, onun lirik qəhrəmanı olan aşiq nisbətən nikbindir, gələcəyə ümüdlüdir. Çünki, onun sevdiyi gözəl romantik deyil, təbii bir gözəldir. Biz, əlbəttə, bu qəzəlləri geniş təhlil etmək fikrindən uzağıq. Lakin bu qəzəllərin bir neçəsi riyakar ruhanilərin ifşasına həsr olunduğundan onların haqqında bir neçə söz deməyi lazım bilrik.

Seyid Əzim ruhani ailəsində doğulmuş, təhsil almış, ömrünün çox hissəsini ruhani dairələrində keçirmişdi. Ruhanilərin içində olaraq da, o mühitdə yaşayaraq da onların eybəcərliklərini daha yaxşı görmüş, ifşa etmişdir. O, ikiüzlü din xadimlərinə qarşı amansız mübarizə aparmış, özü də dindar olmamışdı. Bu istedadlı şair zəmanəsinin gözüaçıq adamlarından biri olmaq etibarı ilə ruhaniliyin törətdiyi fitnə fəsadları dərindən duymuş, runani cildinə girən adamların hiylə və fırıldaqlarını müşahidə etmiş, yeri gəldikdə onları satira atəşinə tutmuşdur. Dini əllərində xalqı soymaq üçün vasitə edən adamları şair təkcə lirik şeirlərində deyil, satirik şerlərində, təmsillərində, mənzum hekayələrində də cəsarətlə tənqid atəşinə tutmuşdu.

Şair "Var" rədifli qəzəlində yazır.

Özü ləyaqilü sərməsti meyi-qəflətdir,

Söyləyir badəni kim, zərərdir vaiz.

Yox yəqin olmayan işdən sözünü nəqlə eylər,

Seyyida, var xəbərim, əhli xəbərdar vaiz.

Seyid Əzimin din xadimlərinə qarşı mübarizəsi şairdən qabaq da ədəbiyyatımızda Q.B.Zakir və digər şairlər tərəfindən kifayət qədər işlənmişdir.Məsələn, onun riyakar ruhanilər haqqında yazdığı:

Özü lum-lum udur batində, əmma,

Zahirdə dediyi mənaya bir bax.

-sözlərini zamanla ayaqlaşmaq baxımından din xadimlərinə tutarlı cavab kimi qəbul etmək olar. Amma XIX əsr Azərbaycan ədəbiyyatında din xadimlərini S.Ə.Şirvani qədər ifşa edən, ikinci bir şəxs yoxdur.

Könül tavar əlində cami-mey səbhəşümar olma,

Riyayi xəlqdir, billah, namaz əhlinə yar olma.

Və yaxud:

Zahidin gər güzəri duşə meyxanə sarı,

Kafərəm gər dönə ol məscidi viranə sarı.

-kimi lirik qəzəlləri riyakar din xadimlərini və mövhumatı ifşa etmək baxımından qiymətlidir.

Dindarları riyakar, məscidləri viranə, vaizləri bayquş adlandırırdı. "Cəhalətdə keçən ömür ömür sayılmaz" sözləri onun əsas həyat şüarı idi. Ona görə də maarifçiliyin, satiranın, umumilikdə realizmin yayılmasında onun müstəsna rolu olmuşdur.

Dövrünün eybəcəcərliklərinə qarşı apardığı mübarizə nəticə vermədikdə şair bədbinləşirdi. Amma necə bədbin olursa-olsun musiqiyə qulaq asdığı zaman nikbinləşir. Onun musiqiyə həsr etdiyi şerlərində zəmanəsindən şikayət, haqsızlıqların ifşası da öz əksini tapır. Seyid Əzim mürtəce din xadimlərinin musiqiyə münasibəti ilə əsla razılaşmırdı. Bildiyimiz kimi islam, hüquq və şəriət məktəblərinin hər birinin musiqiyə, çalğıya xüsusi münasibətləri vardır. İndinin özündə belə çalğının qadağan olunub-olmaması haqqında dərin mübahisələr mövcuddur. Lakin S. Əzim peyğəmbərimizin "bir saat Alllahın yaratdığı şeylərin bədiiliyi haqqında fikirləşmək yetmiş illik ibarədətdən artıqdır" hədisini əsas götürüb çalğını qadağan edən din xadimlərinə müraciətlə deyirdi:

Tanrı əsbabi mənahi demə böhtandır bu.

Və yaxud:

Can verəndə deyin nəğməni Ouran əvəzi,

Qəbrimin üstə verin ruhuma meydən xeyrat.

Seyid Əzim Şirvani hələ zamanında şerləri əldən ələ gəzmiş, o dövrün demək olar ki, bütün qəzetlərində dərc olunmuş, haqqında məqalələr yazılmışdır. Bu məqalələrdə o, "Sərvəri-dövran", "Səramədi dövran", "Nadereyi ürfan", "Şairi nədim", "Şüəranın sultanı", "Mərifət bağının Süleymanı", "Məlikuş şüəra" və b. adlarla adlandırılmışdır. Lakin o, bütün yaradıcılığı boyu apardığı mübarizəsində yalnız maarifçi realist səviyyəsinə yüksələ bildi. Yaradıcılığındakı kəskin ziddiyyətlər buna imkan vermədi. Şerdə realizm bayrağını Q.B.Zakirdən alıb inkişaf etdirdi və Sabirə ötürdü.

Yeqzar Cəfərli

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31