Mənim Günəşlərim - HEKAYƏ

Günəş öz qızılı saçları ilə göyün ortasına doğru sürünürdü. Səhərdən bağçada səliqə-sahman yaradan ata bir anlığa günəşə baxdı. Günəş də öz mehriban, yandırıcı təbəssümü ilə ona cavab verdi. Atanın yanında güllərin ləçəklərini toppuş əlləri ilə sığallayan balaca Günəş dayanmadan onu sual yağışına tutmuşdu.

* Ata, günəş niyə gözlərimi qamaşdırır?

* Ata, günəş olmasa güllər açar?

* Ata, güllər niyə rəngbərəngdir?

* Ata, ay ata, mən gözələm, yoxsa göydəki günəş?

Bu sual atanı lap duyğulandırdı. O, əlindəki beli yerə atdı, uşağı başı üzərinə qaldıraraq: "Sən, sən Günəş gözəlsən. Hamıdan gözəl."

Birdən, birdən ata səmaya baxdı. Sanki, günəş od püskürürdü, şüalarını yerə doğru uzadaraq qızcığazı atanın əlindən almağa çalışırdı. Deyəsən, aldı da. Uşaq günəşin əyilərək nənnini xatırladan şüalarının üstündə getdikcə atadan uzaqlaşırdı. Ata körpə Günəşinə yardım etməyə çalışır, gücü çatmırdı. Sanki bütün qüvvəsi tükənir, uşağa uzanan əlləri od tutub yanır, səmaya dartınır, ayaqları yerdən üzülür, lakin bu çox ləng baş verdiyindən qızına çata bilmirdi. Ata gözünü körpəsindən ayırmamağa çalışır, qızcığaz sürətlə uzaqlaşır, qırmızı kürəyə dönürdü. Ata qışqırmaq, yeri-göyü köməyə çağırmaq istəyir, səsi çıxmırdı, həyəcandan nəfəsi təngiyirdi, artıq gözlərindən yaş axmağa başlamışdı.

O bir anlıq nəzərlərini qızından ayırdı, göylərə meydan oxuyan günəşə baxdı. Günəş ona çox dəhşətli göründü. Nəfəsindən alov çıxır, bu qələbəsindən qəhqəhə çəkirdi.

Elə bu an, bu an... Hiss etdi ki, soyuq, yumşaq ayaqları ilə atasının çiyinlərini təpikləyən Günəş: "Ata, eşitmirsən, mənə istidi, yerə qoy." Özünə gələn ata qızı aşağı dartdı. Bağrına basdı. Onu bir anlığa buraxmaq istəmədi. Başını qaldıraraq göylərə baxdı. Günəş indi sevincək halda ata və balanın bu halına tamaşa edir, şüalar da yavaş-yavaş yuxarı dartılırdı.

Ata qucağındakı Günəşi yerə qoydu və həyəcanla: "Qızım, deyim hansı Günəş gözəldir? Bax, yeri-göyü işıqlandıran, hər tərəfi al-əlvan, rəngbərəng edən o qüdrətli Günəş bizim ikimizin də dünyasını nurlandırır. Sən də mənim dünyamı mənalandırırsan." Qız gözlərini döyə-döyə atasına baxırdı. Ata isə ürəyindən keçəni dilinə gətirdi: "İkinizə görə də yaşamağa dəyər."

Bikəxanım Səlimova 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31