Təsəvvüfdən romantikaya, romantikadan realizmə

Füzuli yaradıcılığında cərəyanlaşma

Dünya ədəbiyyatının çox nəhəng simalarından olan Füzulinin yaradıcılığına tənqidçilərimiz tərəfindən dönə-dönə müraciət olunsa da şairin istifadə etdiyi metodlar məsələsi çox zaman kölgədə qalmışdır. Bilindiyi kimi sovet dövründə ədəbiyyatda bədii metod məsələsi çox ciddi şəkildə qarşıya qoyulmuşdur. Sosializm realizminin ədəbiyyat və incəsənətdə hakim metod olduğu bir şəraitdə yazıçı və şairlərin əsərlərinə qiymət əlbəttə ilk növbədə onun öz əsərlərini hansı ədəbi cərəyanda yazmasından çox asılı idi. Məhz bu dövrdə klassik Azərbaycan şairlərinin romantizmə meyl edənlər kimi qələmə verirdilər. Digər şairlər kimi Füzulinin də yaşadığı dövrdə baş verən bütün hadisələrə öz şəxsi münasibətini bildirmiş, müharibələr, müharibələri törədən insanlara, riyakar ruhanilərə, sələmçi tacirlərə, ümumiyyətlə orta əsrlərin bütün hakim təbəqələrinə nifrət hissi bəsləmiş, əksinə zəhmətkeş xalqın dərd-sərini, şikayətini, arzu və istəklərini ifadə etməklə, bir sözlə dövrünün bütün hadisələrinin real təsvirini verməklə realizmin gözəl nümunələrini yaratmışdır. Bunu şairin aşağıdakı misralarla bitən son beytinə nəzər salmaqla aydın görmək olur:

Fərq imiş, fərq Füzuli şərəfi əhli- vücud,

Özünə eyləmə həmdəm füqəradan qeyri

Füzulinin romantizmə meylinin yaşadığı ictimai mühitlə əlaqələndirmək lazımdır. Lakin Füzuli təkcə romantizmə qapılıb qalmamış, qeyd etik onun əsərləri realizm ənənələri ilə zəngindir. Əli Fəhmi yazırdı: "Şairin yaşadığı cəmiyyətdə həyat nemətləri yaradan insanlar həmçinin Füzuli kimi həqiqət, ədalət sevən hünər əhli-şairlər və alimlər azadlıq və səadətdən məhrum, müsibət və fəlakət içərisində yaşayırdılar. Şairlə hakim ictimai qüvvələr arasında əmələ gəlmiş fikir-ideya ixtilafının, ziddiyətin əsas səbəbi budur".

Füzulidə çox az şairdə təsadüf olunan daha bir müsbət özəllik vardı. O sözü vaxtında deməyi bacarırdı. Onun yaşadığı cəmiyyətdə insan ləyaqətini alçaldan insanlar hökmranlıq edirdi. Onun əsərlərində ilk növbədə tənqidə məruz qalanlar feodallar və ruhanilər idi. Füzuli bunlara, eyni zamanda sufilərə, öz şəxsi mənfəətləri naminə islamı parçalayan təriqətçilərə qarşı etirazını bəzən beytlərarası, çox vaxt isə açıq şəkildə ifadə edirdi. Dövrünün şairlərindən onun qədər öz zəmanəsini qamçılayan ikinci bir şair yoxdur. O, elə bir zəmanədə yaşayırdı ki, bu zəmanədə:

Dust bipərva, fələk birəhm dövran bisükun,

Dərd çox həmdərd yox, düşmən qəvi tale zəbun.

Füzulinin yaşayıb-yaratdığı dövr Səfəvi-Osmanlı savaşlarının ən qızğın dövrü idi. Aramsız müharibələrdən şəhərlər əldən-ələ keçir, dağılır, əhali doğma yerlərini tərk edib köçüb gedirdi. Dövrünün hadisələrinə çox həssas olan şair yazırdı:

Tökdükcə qanımı oxun, ol asitan içər,

Bir yerdəyəm əsir ki, torpağı qan içər.

Füzuli dövrünün zalım hökmdarlarını, qaniçən feodallarını tənqid edərək deyirdi ki, onlar minlərlə dinar rüşvət verməklə özlərinə səltənət qurur. Amma bir inqilab baş verəcəyi təqdirdə bu səltənət bir andaca məhv olur. Bu, həm də onun hakim təbəqələrə bir mesajı idi. O, bir inqilabın baş verəcəyinə romantik inam bəsləyirdi. Bütövlükdə, onun əsərlərində xalq kütlələrini üsyana, inqilaba çağırış yoxdur. "Nə olsun onlar sultandır, mən də söz mülkünün sultanıyam" - deyərək özünə təsəlli verirdi.

Füzuli yaradıcılığının müsbət cəhətlərindən biri də bu idi ki, o, daima insanları uca tutur, onları var-dövlət hərisliyindən, şöhrətpərəstlikdən çəkindirməyə çalışırdı: "Dünyanın bütün ehtiyaclarını ödəyə bilmək mümkün deyildir, hərislik elə bir yoldur ki, onun sonu yoxdur". Onun əsərlərində zamanla səsləşən, bu gün artıq zərb məsəlləşən "Rəhmsiz insanlar ürəyi yanmışlara ürək yandıra bilməz", "qurddan çoban olmaz" kimi sözləri işlətməsi öz zəmanəsinə açıq-aydın meydan oxumaq deyildimi? Şairin məhz bu özəlliklərinə əsaslanan Füzulişünas alim Əli Fəhminin qeyd etdiyi kimi elə buna görə də "Böyük şairin xalq kütlələri içərisində dərin rəğbət qazanan qəzəlləri, şəriət ehkamlarına, məscid, namaz, ramazan xurafatına qüvvətli zərbə vurduğu üçün "hərzə", "Küfr" sayılır və təqib olunurdu".

Lakin onun dinlə bağlı yazdığı qəzəllərində dərin bir ziddiyyət hakimdir. O, islam dininin müqəddəsliyini vəsf etməklə həm də islamın əsaslarından biri olan namazdan uzaqlaşmağa çağırır, namazı "müəzzinin naləsi" adlandırırdı. Bu məsələdə onun kəskin çıxış etməsinə əsaslanaraq belə düşünürəm ki, o, hürufilərlə eyni bir zamanda yaşasaydı daha irəli gedə bilərdi. Füzulini sırf sufi şairi kimi də qəbul etmək düzgün olmazdı. O, yalnız cəmiyyətlə mübarizədə aciz qaldığı hallarda sufilərlə yaxınlaşır, insanları tərkidünyalığa, həyat nemətlərindən imtina etməyə çağırmaqla özü də bilmədən onların diqqətini cəmiyyətə qarşı mübarizədən yayındırırdı.

Cəmiyyətin eybəcərlikləri ilə mübarizədə aciz qalıb Allaha sığınmaq sufiliyin əsas şərti idi. Bütövlükdə sufizmin mövcud olduğu bütün dövrlərdə mövcud quruluşun məhvi deyil, ruhani dünyasının məhvi hədəf götürülürdü. Öz acizliklərini zamanın boynuna yükləyirdilər. Bu Füzulidə də belə idi.

Ey Füzuli, qalmışam heyrətdə, bilməm neyləyim;

Dövr-zalim, bəxt nafərcam, tələb- çox, ömr az.

Füzuli haqqında tənqidi əsərlər yazan əksər tənqidçilər onun islamın əsaslarına toxunmadığını qeyd edirlər. Bu tənqidçilərə müəyyən mənada haqq qazandırmaq olar. Çünki, şair bütün əsərlərini Allahın və Onun yaratdığı ayın, günəşin tərənnümü ilə başlayır. Amma əgər o, insanları namazdan, cənnət və cəhənnəmə inanmaqdan şəkindirirsə (cənnət və cəhənnəm boş şeydir, insan torpaqdan yaranıb torpağa qarışacaq, insanlar vəfasızdır, heç kimdə vəfa qalmayıb)-beləliklə də yaşadığı zamanı ittiham edirdisə bu dinin və cəmiyyətin özünə qarşı realistcəsinə mübarizə deyildimi? Amma, bəzən də islamı olduğu kimi qəbul edir, sadəcə təriqətçiliyi rədd edirdi. Şairə görə insan Allahı yalnız

müəyyən bir həddə qədər dərk edə bilər. Əslində isə O dərk edilməzdir, əlçatmazdır.

O, "məscidə ayaq basma" deyərkən geniş xalq kütlələrinə deyil, öz-özünə müraciət edirdi. Bu mənada onun dünyagörüşü dar idi. Qədim Şərq və yunan fəlsəfəsinə dərindən bələd olan, vicdan azadlığı təbliğ edən bir şairin passiv mübarizə metodu təəccüb doğurur.

Füzulinin zəmanəsindən şikayətlə bağlı qəzəllərdə müəyyən qədər ziddiyyət hiss olunur. Məsələn, o, bir yandan fəlakətli və müsibətli dövrlərdə də öz dəyanətini qoruyub saxlayır, bir yandan da onu izləyən fəlakət və bəlaların qəzavü-qədər olduğuna inanırdı.

Füzulini romantizmlə və realizmlə birləşdirən bir cəhət o idi ki. o, "sənət xalq üçün, ədəbiyyat üçündür" prinsipinə riayət edib sənətin qarşısında konkret vəzifələr qoyurdu. Özü də bir şair kimi cəmiyyətin bütün işlərində fəal iştirak edir, hadisələrə çevik reaksiya verirdi.

Qeyd etdik ki, şair sırf sufi şairi olmamışdır. Sadəcə bəzi əsərlərində sufizmə meyl göstərmişdir. Lakin Füzulinin əsərləri ilə səthi tanışlıqdan aydın olur ki, sufizmə, C. Ruminin - Mövləviyyə və. b. ideyalarına rəğbət bəsləmişdir. Amma bu cəhətdən şarin yaradıcılığında müəyyən qədər ziddiyyət də yox deyildir. Çünki, onun bəzən tamamilə təriqət əhlinə qoşulması faktları da mövcuddur. Sufiliyin tarixi kökləri, onu doğuran səbəblər, eləcə də Şərqin alim və şairlərinin, ən çox da Cəlaləddin Ruminin sufilik haqqında qiymətli fikirlərinə Füzulinin əsərlərində çox rast gəlirik. Əli Fəhmi Füzulinin şərab haqqında fikirlərini, sufizmin fəlsəfi əsasları Şeyx Mahmud Şəbustərinin "Gülşəni-raz" əsərinin Lahicaninin şərhi ilə fars dilində müqaisəli təhlil edərək yazır: "Göründüyü kimi burada şərab Allahın təcəllisidir. Şəbüstəri özünü unudub tərk etməyə, cisminin varlığından xilas olmağa aparan şərabə, qətrəni dəryaya, yəni cüzvü küllə qovuşduran sağərsiz və qədəhsiz, şərəbü əbədü vəchin, yəni Allahın qədəhindən şərab içməyi təklif edir, Füzulinin təsvir etdiyi şərab isə şadlıq və xoşluq oyadan, insanı nəğmə dinləməyə ruhlandıran "Əqli və ədəbi" ortadan qaldıran şərabdır".

Füzuli filosof şair idi. O dünya fəlsəfə alimləri - Heraklitin, Platonun, Aristotelin əsərlərini dərindən əxz etmiş və onların aforizmlərindən öz əsərlərində dəfələrlə istifadə etmişdi. Bu əsərlər artıq Füzuliyə qədər hələ xilafət dövründə tərcümə olunmuşdu. Füzuli nəğməkar şair idi, gözəlliyi bir ilahi sərvət saymışdır. Lakin gözəlliyi yalnız kamal əhli, müdrik insanlar duya bilər, çünki onu anlamaq, dərk etmək böyük istedad və mərifət tələb edirr. Gözəlliyi dərindən duymaq, ona məftun olmaq insanı kamala çatdırır, onun daxili aləmini nəcib, yüksək hisslərlə zənginləşdirir. Füzuli gözəlin canlı sürətini, romantik boyalarını rəsm edərkən məhz bu idealdan çıxış edirdi.

Füzuli təbiətən üsyankar deyildi. Bəzən hətta hakimlərin üsyançılar üzərində qələbəsini alqışlayır, mədh edirdi. O, dövrünün eybəcərliklərini məharətlə görür, çıxış yolları axtarırdı. O, elə bir ideal dövlət arzulayırdı ki, burada hakim siniflərin deyil, yoxsul təbəqənin mənafeyi əsas götürülsün, əmlakı qorunsun.

Bu zaman o, iki çıxış yolunu göstərirdi. Ya bu dünyadan köçüb getmək (romantik bir aləmə), ya da Allaha sığınmaq (təsəvvüf). Hər iki halda o, bunlara əhalini maarifləndirməklə nail olmaq istəyirdi. O da Nizami kimi ədalətli hökmdar axtarışında idi. Birinci cəhəti onu maarifçilərlə, ikinci cəhəti isə xəyalpərvər sentimentalizmlə birləşdirir. C.Cabbarlı yazırdı: "Füzulinin 4 əsr bundan əvvəl yazdığı əsərlər bu gün belə sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilər".

Füzuli fəlakətlərin özəyini mövcud quruluşda deyil, ayrı-ayrı feodal hakimlərində görürdü. O, bir yandan qəzavü qədərin bazu güçünə döndərməyin mümkün olmadığını yazır, bir yandan zülmə dözməyib ya şəhid olmaq, ya da intiqam almağın vacibliyini qeyd edirdi. "Həddiqətüs-sühəda"da yazırdı:

Əcz ilə dönmək ədudən cəhldir himmət tutub,

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.

Bəs islam şərqində böyük nüfuza malik, əsərləri sağlığında əlyazma şəklində bütün islam şərqini dolaşan şair niyə üsyan etmirdi, öz kəsərli, xalqın ruhunu oxşayan şerlərindən xalqı oyadıb köklü bir üsyan qaldırmırdı?

Öz xalqına xeyirxahlıq və səadət arzulayan şair xalqını idarə etmək üçün müxtəlif vasitələr axtarır, ən yaxşı çıxış yolunu isə xalqı maarifləndirməkdə görürdü. Burada o, Nizami ilə birləşirdi. Nizami də "elmdən başqa heç kim heç kimdən üstün sayıla bilməz" - deyirdi. Amma Nizamidən bir neçə əsr sonra yaşamış Füzulinin dünyagörüşü nisbətən dar idi. Və bir də ki, Nizami daha cəsarətli idi.

Füzulinin qadın hüquqsuzluğuna münasibəti əsil realist bir münasibət idi. Özünün qadın hüquqsüzluğuna qarşı mübarizəsini Leylinin timsalında verən şair Leylini namuslu bir qız kimi təqdim etsə də bütövlükdə Leyli zəif personaj kimi verilib və öz azadlığı uğrunda mübarizə apara bilmir. Bunu onun dəvəyə xitabında aydın görmək olur:

Mən kimi yox əldə ixtiyarın,

Bir özgə əlindədir məharın.

Leyli azad məhəbbətə olan əngəlləri qırıb sevgilisinə qovuşsaydı, Füzuli bir inqilabçı demokrat səviyyəsinə yüksələ bilərdi. Və düşünürəm ki, Leyli bir ərəb qızı deyil, türk qızı olsaydı öz mübarizəsində daha azad, daha sərbəst ola bilərdi. Əsərdə Füzulinin iki gəncin faciəsinə səbəb olan islam dininə (daha doğrusu dinin özünə deyil, qadını bir heyvan səviyyəsinə endirən təriqətlərə. Çünki, o, islam peyğəmbərinin qadına olan yüksək münasibətini bilməmiş deyildi) öz üsyankar səsini ucaldırdı.

Şairin yaradıcılığının müəyyən bir hissəsini mədhiyyələr təşkil edir. Bizim ədəbiyyatımızda mədhiyyə yazanları tənqid etmək artıq çoxdan bir ənənə halını alıb. Bu, özünü ən çox sosializm realizmi ədəbiyyatında göstərirdi. Gənc bir araşdırmaçı olaraq belə düşünürəm ki, mədhiyyələrin bir qismini (real mədhiyyələri) əksinə mədh etmək lazımdır. Çünki, mədhiyyələri rədd etməklə biz ən azı iki iki şeyi itiririk:

1.Yüksək sənətkarlıqla yzılmış şer nümunələrini.

2. Cəmiyyətdə az-çox yaxşı adamların olduğunu

Füzuli hər şeydən öncə bir məhəbbət. bir eşq şairi idi. O, məndən başqa məzmunda şerlər istəməyin mən aşiqəm həmişə şerlərim aşiqanədir deyərək gələcəkdə buna görə onu tənqid edənlərə heç bir şans qoymurdu. Eşqi müqəddəs sayırdı. Bir sufi kimi iki sevgilinin qovuşmasını insanı Allahla birləşməyinə bərabər tuturdu. Ürəyi öz xalqına qarşı romantik arzularla dolu idi. Əgər Allah özünün hiss və duyğularına görə peyğəmbərlər seçsəydi heç şübhəsiz Füzuli məhəbbət peyğəmbəri olardı. Şair insanları, həyatı, təbiəti sarsılmaz bir məhəbbətlə sevirdi.

Füzuli özündən sonrakı azərbaycan dilli poeziyanın inkişafına güclü təkan versə də, özündən sonra çox güclü bir şairlər ordusu yaratsa da ədəbiyyatımızı qəzəl və qəsidə xəstəliyinə elə mübtəla etdi ki, bugünün özündə belə qəzəl yazan şairlər bu xəstəlikdən qurtula bilmir. Bütün bunlara baxmayaraq "Füzulinin poeziyası mərifət, məlamət, cəsarət, yüksək insani məhəbbət və həyat, qəzəb, nifrət poeziyasıdır". (M.C.Cəfərov).

Füzulinin azərbaycan dilində yazdığı əsərlərin dili nisbətən çətindir. Özündən qabaqkı ədiblərin - Qazi Bürhanəddin, Nəsiminin dilindən daha çətindir. Ərəb dilinə bələd olmayan bugünkü gənc nəsil üçün müəyyən şətinliklər yaradır. Yaradıcılığının bir sıra məhdud cəhətlərinə baxmayaraq o, xalqımızın milli iftixarı səviyyəsinə qalxmış, bütün dövrlər üçün aktual şerləri xalqımız var olunca yaşayacaqdır. Bugünün özündə belə Füzulini müqəddəs bilib əsərlərinə toxunarkən dəstəmaz alan insanlar var.

Yeqzar Cəfərli

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31