Kamal Abdullanın daha bir kitabı qırğız dilinə tərcümə edilir

Filologiya elmləri doktoru Kamal Abdullanın daha bir kitabı qırğız dilinə tərcümə edilir. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan "OLAYLAR"-a daxil olan məlumata görə, "Dilçiliyə səyahət - dilçi olmayanlar üçün dilçilik" adlı kitab tanınmış şair və tərcüməçi Mukan Asanəliyev və Bekten Dıykanbay tərəfindən tərcümə olunur. Kitabın bu ilin iyun ayında nəşri nəzərdə tutulub. Təqdimat mərasimi isə iyul-avqust aylarında yazıçının Bişkekdə qırğız dilində nəşr edilmiş "Yarımçıq əlyazma" romanı ilə birgə olacaq. Qeyd edək ki,  bu ilin mart ayında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentinin) səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Damira Niyazaliyeva, büdcə və maliyyə komitəsinin sədr müavini Kubanıçbek Tumanov və başqaları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ilə görüşüblər. Görüş zamanı qırğız dilinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanı müəllifə təqdim edilib, qarşılıqlı əlaqələrin inkişafı, Kamal Abdullanın "Dilçilyə səyahət" kitabının da qırğız dilinə tərcüməsi və s. məsələlər müzakirə olunub. Həmçinin Kamal Abdulla "Yarımçıq əlyazma" romanının Qırğızıstan Parlamenti və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə keçiriləcək təqdimat mərasiminə dəvət olunub. Müəllif dəvəti qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31