Bu şəxslər üçün 100 manatlıq artım nəzərdə tutulur – Bir şərtlə...
10:06 SosialAzərbaycanda son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina olunması ictimaiyyətdə diqqət çəkib. Qərarın səbəbi kimi plagiat halları, işlərin elmi səviyyəsinin aşağı olması və sənədlərin qaydalara uyğun tərtib edilməməsi göstərilib.
Elmi ad uğrunda mübarizənin getdiyi bir şəraitdə sual yaranır: bu dərəcələrin üstünlükləri nədir? Məsələn, əlavə maaş, güzəşt və ya digər imtiyazlar nəzərdə tutulurmu?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, elmi dərəcənin faydasını görmək üçün ali təhsil ocaqlarında işləmək lazımdır:
"Onsuz da elmi dərəcə olmasa, magistrlara dərs keçmək olmur, tam dərs saatları verilmir və sair. Yəni belə adlar yalnız universitetlərdə əhəmiyyətlidir. Hətta prezident olmaq üçün bakalavr diplomu kifayət edir. Paralel olaraq, elmi dərəcəsi olanlar ali təhsil müəssisələrində çalışırsa, maaşa əlavələr edilir. Lakin bu, kiçik məbləğdir".
Ekspert bildirib ki, elmi dərəcə olmasa, dosent vəzifəsinə seçilmək mümkün deyil:
"Həmçinin, ikinci elmi dərəcə olmadıqda, professor adı verilmir. Bu sistem SSRİ-dən miras qalıb və ləğv olunmalıdır".
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il yanvarın 1-dən etibarən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilir.
Əlavələrin ödənilməsi, həmin şəxsin əmək müqaviləsinin şərtlərinə və iş yerinin daxili qaydalarına uyğun olaraq həyata keçirilir.