“Yazıçının “izm”lə maraqlanması cəfəngiyyatdır”

Məlahət Xəlilova: “Artıq yeni yazarlar özlərinin ideoloji xəttinə uyğun olan cərəyanlarını müəyyən edib, onları uğura aparan yoldadırlar”

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" adlı layihəsi çərçivəsində növbəti dəyirmi masasını keçirib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova ədəbiyyatın cəmiyyətdəki rolundan danışıb. O, qeyd edib ki, ədəbiyyat zaman-zaman bədii-estetik idrak ictimai-siyasi idrakın ilkin bazası, hərəkətverici qüvvəsi rolunu oynayıb. Məlahət Xəlilova ədəbiyyatın bədii-estetik hadisə olmadığını deyib, onun sözlərinə görə, ədəbiyyat həm də, ideoloji məsələdir: "XXI əsrdə istər Azərbaycan, istər Avropa, istərsə də dünya ədəbiyyatının əsas hərəketverici qüvvəsi ədəbi cərəyanlardır. Müasir ədəbi cərəyanlar ədəbi proseslərin formalaşmasında müstəsna əhəmiyyətə malikdirlər. Müasir çağda ədəbi cərəyanlar elmi-metodoloji bazasından, yanaşma tərzindən asılı olaraq ədəbiyyat üçün həm də istiqamətverici stimulyatordur. Cərəyanlar müasir ədəbiyyatın ideoloji və estetik xətlərini müəyyən edən faktorlardır. Yarandığı gündən ədəbiyyat müxtəlif estetikalara və müxtəlif ideologiyalara xidmət edib. Bu özünü ədəbi cərəyanların yaranmasında və ədəbi proseslərdə göstərib. Sürrealizm, Neoklassisizm, Romantizm, Parnasizm, Naturalizm, Simvolizm, Realizm, Futurizm, Dadaizm, Ekzistensializm, Personalizm, Modernizm, Postmodernizm, İmpressionizm, Ekspressionizm - sadaladığım "izm" lərin hamısı ədəbiyyata aiddir. Dünya ədəbiyyatında sadaladığımız "izm"lərin hamısında ədəbi əsərlər yazılıb. Eyni zamanda Azərbaycan ədəbiyyatında da, bu ədəbi cərəyanlara aid əsərlər var. Müasir ədəbi cərəyanların Azərbaycanın ədəbi sahəsinə ayaq açmasından sonra hesab edirəm ki, vəziyyət müsbət inkişaf məcrasına yönəlib. Artıq yeni yazarlar özlərinin ideoloji xəttinə uyğun olan cərəyanlarını müəyyən edib, onları uğura aparan yoldadırlar. Azərbaycanda ədəbi cərəyanlar dünya ədəbiyyatı ilə müqayisədə heç də pis pillədə deyil. Bu kontekstdə yeni yazılan əsərlər dünya oxucusuna təqdim etmək üçün yüksək keyfiyyətə malikdir". Məlahət Xəlilova qeyd etdi ki, bəzi yazarlar əsərlərində müxtəlif cərəyanları biri-birinə qarışdıraraq, öz estetik prinsiplərinin ziddinə gedir. M.Xəlilova postmodern görünmək üçün əsərlərinə qarmaqarışıq elementlər gətirən çoxlu sayda yazarların olduğunu iddia edir: "Yeni nəsil bəzi istedadlı yazarlarını müşahidə edəndə görürsən ki, bunun təbii stixiyası tamam başqadır və öz yolu ilə gedərsə daha çox uğur qazana bilər. Amma hay - küy onu da yolundan azdırar. "Hər şərin mahiyyətində bir xeyir, hər xeyirin də mahiyyətində bir şər var" prinsipilə, müasir Azərbaycan ədəbiyyatı da sıravi öncə qalmamaq üçün bu prosesi uğurla keçəcək". Lakin M.Xəlilova hesab edir ki, peşəkar yazıçı heç də yazı prosesində hansı ədəbi cərəyana aid olmasını fikirləşməməlidir. O, yazan şəxsin hər hansı "izm"lə maraqlanmasını cəfəng hesab edir: "Sadəcə yazmaq lazımdır, bir qələm sahibinin işi ancaq yazmaqdır. Qələmindən çıxan əsəri hansısa cərəyana daxil etmək, yazıları araşdırmaq və təsnifləndirmək isə nəzəriyyəçilərin problemidir. Azərbaycanda bu ənənə bərpa edilməlidir, bu sahədə müəyyən qarışıq mənzərənin şahidi oluruq. İndi həm tənqidçiliklə, həm də nəzəriyyəçiliklə yazarlar özləri məşğul olurlar". Məlahət Xəlilova vurğuladı ki, müasir "izm"lərin Azərbaycan ədəbiyyatına axını müsbət haldır. İstənilən vəziyyətdə bunu inkişafa gedən yol adlandıran M.Xəlilovanın sözlərinə görə, müasir ədəbi cərəyanlarla yanaşı, ədəbiyyatda milli dəyərlərin izlənilməsi də nəzər alınmalıdır: "Vətənpərvərlik mövzusuna xüsusi yer verilməlidir. Hesab edirəm ki, ədəbiyyat Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı vasitədir. Son illərdə Qarabağa dair yazılan az sayda əsərlərə rast gəlirik. Məsələ yazarlarımızın diqqətində saxlanılmalıdır".

Layihənin eksperti Fatma Abbasquliyeva çıxışında ədəbi proseslərdə ayrı-ayrı yazarların "izm"lərə münasibətini ortaya qoydu. F.Abbasquliyeva bildirdi ki, Azərbaycanda ədəbi cərəyanlara aidlik məsələsi də, yazarların bir araya gəlməsi də dostbazlıqdan o tərəfə keçmir. O, hesab edir ki, yeni ədəbiyyatımızdakı qruplaşmalar əslində hər hansı bir ədəbi cərəyandan daha çox xırda, məhdud dairənin dostbazlığından başqa bir şey deyil. F.Abbasquliyeva bunu ədəbi cərəyanların Azərbaycan ədəbiyyatına axının qarşısında ən böyük maneə kimi görür: "Əgər söhbət ədəbi cərəyanlardan gedirsə, məsələdə qruplaşma və dostbazlıq söhbətləri yığışdırılmalıdır: "Yazıçı "izm"lə məşğul olmasa daha yaxşı olardı. Çünki onun hansısa cərəyan haqqında düşünməsi birbaşa yaradıcılığına mənfi təsir göstərir. Əsər ərsəyə gələndən sonra onun "izm"inin müəyyənləşməsi üçün sahə mütəxəssislərinə həvalə edilməlidir. Əks təqdirdə yazıçının özünü cərəyana aid etməsi məntiq baxımından səhvdir. Tarix boyu tanıdığımız istənilən ciddi yazarı istənilən "ədəbi cərəyana" aid etmək olar. Məsələ ondadır ki, yazıçının özünün belə bir iddiası olmamalıdır". Fatma Abbasquliyeva vurğuladı ki, yazıçının istedadı, ruhi azadlığı onun hər şeyidi - ədəbi cərəyanı da, ədəbi vicdanı da, böyüklüyü də onun estetik bütövlüyüdür: "Onu hər hansı bir uydurma termin səviyyəsində anlamaq da və onu bu dar çərçivəyə salmaq da səhvdir. Xüsusilə özünü postmodernist adlandıran yazıçıları başa düşmək çətindir. Hər nəyi bəyənməyən bu tip yazıçılar bu gün qruplaşmalar şəklində fəaliyyət göstərirlər. Əgər həqiqətən də hər şey onlar deyən kimi cərəyan edirsə, o zaman təmizlik işini birinci özlərindən başlamalıdırlar. Çünki yazıçının özünü hansısa, cərəyana aid etməsindən absurd iş yoxdur. Heç kəs onlara "sən postmodernistsən, sən səhvsən" kimi ittihamlar səsləndirmir. Hərənin bir yolu var. Problem onların özündədir, yazıçı heç vaxt özünü qabağa verib cərəyan mənsubluğunu deməməlidir. Təəssüflər olsun ki, indi belələrinin sayə getikcə artır. Onlar özləri üçün dərhal ölçü götürməlidirlər".

Ekspert Alim Hüseynli isə milli-avanqard ədəbiyyatın inkişafının yazıçılar tərəfindən irəli çəkilməsinin vacib olduğunu bildirdi. A.Hüseynli indiki məqamda Azərbaycan ədəbiyyatında elə də ürəkaçan ədəbi cərəyanın olmadığı qənaətindədir. Ekspertin sözlərinə görə, yazıçılar tərəfindən milli ədəbiyyatımıza dünya səviyyəsində çıxış edə bilən və cərəyanlar qabağında öz sözü və ideologiyasını ortaya qoya bilən cərəyanlar gətirilməlidir: Konkret olaraq, yazılan əsərlərin hansısa cərəyana aid olması o qədər də hiss olunmur. Lakin müəyyən nümunələr var ki, onlar istisnadırlar. Müstəqillikdən sonra gələn ədəbiyyatda sanballı əsərlər var və yazılır. Gümanım var ki, bir neçə illərdən sonra Azərbaycan ədəbiyyatı ilə də dünyada tanınacaq. Əsasən, istedadlı gənclərimiz var, kifayət qədər də maraqlı, oirjinal əsərlər yazılır. Lakin məsələ ədəbi cərəyana gələndə vəziyyət bir qədər dəyişir. Yazıçılar əsərlərini yazmamış "izm"lərə ciddi əhəmiyyət verirlər. Bu isə fikrimcə, hər hansı bir ədəbi cərəyana qoşulan yazar özünü, düşüncəsini istər-istəməz çərçivəyə salmış olur - bu isə onun yaradıcı təxəyyülünü məhdudlaşdırır". ("OLAYLAR İA")

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31