“Bəzilərinin heç söyməyə də istedadı çatmır” - MÜSAHİBƏ

"Mistikanın gerçəkliyinə inanıram"

Müsahibimiz tanınmış tənqidçi, "Azərbaycan" jurnalının baş redaktorunun müavini Əsəd Cahangirdir. 

-Ədəbiyyatımızda ən çox dəbdə olan cərəyanlar romantizm və realizm cərəyanlarıdır. Sizcə modernizm, posmodernizm cərəyanları Azərbaycan oxucusu üçün niyə maraqlı deyil?

- Mən hesab eləmirəm ki, modernizm və posmodernizm bizim üçün maraqlı deyil. Biz də bütün planetlə birgə Günəşin ətrafına fırlanırıq. Azərbaycan ədəbiyyatında, daha dəqiq desək poeziyasında modernizm 30-cu illərdə Rəsul Rza ilə başlayıb. 60-cı illərdə yenilikçi meyl nəsrə də gəlir, Anar, Elçin, Yusif Səmədoğlu, İsa Muğanna, Sabir Əhmədli, bir qədər sonra Afaq Məsud, Mövlud Süleymanlı və digərlərinin yaradıcılığında. 90-cı illərdən sonra modernizm güclənir, pocmodernist meyllər özünü büruzə verir. 

Əslində, bizdə posmodernizm 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində artıq mövcüd idi. Çingiz Hüseynovun "Fətəli fəthi" romanı, İsa Muğannanın "İdeal" romanı, Yusif Səmədoğlunun "Qətl günü" romanı və sair... Sadəcə, bir termin kimi mövcud deyildi. Çünki qapalı sovet mədəniyyəti çərçivəsində bu termini işlətmək az qala qadağan idi. Odur ki, cərəyanın nəzəri dərki 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində başladı. Mən postmodernizmə dair çoxsaylı məqalələrimi yazdım, bu məsələylə bağlı tərcümələr elədim - Zatonskidən, Adelgeymdən, Dugindən, İlindən, Nikitinadan, Andreyevdən və başqalarından. Murad Köhnəqala, Salam kimi bir sıra gənclər poeziyada, yaşlı nəsilin nümayəndələrindən Kamal Abdulla özünün "Yarımçıq əlyazma" romanıyla nəsrdə bu meylin təmsilçiləri kimi çıxış etdilər. Bu gün ədəbiyyatın aparıcı qüvvəsi modernizm və posmodernizmdir. Xüsusilə də gənclər buna daha çox meyillidirlər. 

- Bir tənqidçi kimi ədəbi prosesləri yaxından izləyirsiniz. Bu gün ədəbiyyat aləmində nələr baş verir?

- Bu gün o keçid dövrü başa çatmaqdadır. Siyasi müstəvidə təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, iqtisadi müstəvidə planlı təsərrüfatdan bazar iqtisadiyyatına, mənəvi müstəvidə  ateizmdən dinə keçdik. Eyni prosesi son 20 ildə ədəbiyyatda da yaşadıq. Ədəbiyyat sosrealizmin monopoliyasından çıxdı. İndi kimisi modernist, kimisi realist, kimisi magik realist, kimiisi də  psixoloji realist əsərlər yazır. Bunu bir növ siyasətdəki çoxpartiyalı sistemə bənzətmək olar. Amma bu proses tamamilə formalaşıb başa çatmadığına görə ədəbi proses üçün xaos səciyyəvidir. Bu, ədəbiyyatımızın metodoloji durumudur.

Janr yeniləşməsi baxımından da dəyişiklik baş verir? Poeziya özünün hökmran mövqeyini getdikcə daha çox nəsrə verir. Bu da dünya poeziyası və nəsrinin keçdiyi ən ümumi inkişaf yoluna uyğundur. Bu gün dünyada nəsr daha aktualdır, xüsusən də roman janrı. Bizdə də roman çox yazılır. Anarın "Ağ qoç, qar qoç", Elçinin "Bayraqdar", Afaq Məsudun "Azadlıq", Kamil Əfsəroğlunun "İt qanı", Eyvaz Zeynalovun "Qisas", Aslan Quliyevin "Keçmiş döyüşçü və oğlan" və sair bu kimi uğurlu əsərlərin adını çəkmək olar. Gənclərdən Şərif Ağayarın, Cavid Zeynallının, Mirmehdi Ağaoğlunun, Pərvinin uğurlu hekayələri onların gələcək romançı kimi potensialından xəbər verir. Amma bəzən romançılılğın mənfi tərəfləri də özünü biruzə verir - bacaran da roman yazır, bacarmayan da. Həvəskarlıq peşəkarlığı üstələyir. 

- Belə həvəskarlardan kimlərin adlarını çəkə bilərsiniz?

- Yaxşı romanlar yazanda onların da adlarını çəkərik.

- Bəzi gənclər parnoqrafiyaya meyl edir. Sizcə, bu zamanın yeniləşmə tələbidir, yoxsa məşhurlaşmaq istəyi?

- Parnoqrafiya sovet dövrü qadağan olunmuş sahə idi. Odur ki, belə yazılar ilk baxışdan yeni görünə bilər. Amma ortada sənət olmasa, məsələ, problem səviyyəsində dərk olunmasa, bu yenilik sadəcə, yenikliyə, yəni düşüklüyə çevrilir. Məsələn, Eyvaz Zeynalovun "Bələdçi" romanında da pornoqrafik epizodlar bəsdi deyincədir. Amma bunlar nəticə etibarilə sosial problemlərin insan mənəviyyatına vurduğu ziyanı açmağa xidmət edir. Yəni pornoqrafiya burda son məqsəd yox, vasitədir. Gənclərdə isə pornoqrafiya çox vaxt məqsədə çevrilir.

- Əkrəm Əylisli məqalələrindən birində Anarı Azərbaycan nəsrində pornoqrafiyanın banisi adlandırmışdı.

- Ən pisi ədəbiyyatda daşnakpərst-ermənipərəstliyin banisi olmaqdır. Əkrəm Əylislinin "Daş yuxuları" bunun bariz örnəyidir. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı pornoqrafiya yox, sosial-melodramatik romandır. Orda heyvani şəhvət hissi yox, məhəbbətin poeziyası verilib. Məsələn, Zaurla Təhminənin çimərlik epizodu sevgi haqqında gözəl bir şeirdir. Ümumən, bu roman Azərbaycan nəsrində ən güclü rezonans doğuran əsərdir. Bunu hətta Anarın əleyhdarları da etiraf edirlər. Əkrəm Əylislinin sözləri özü də bu etirafın bir formasıdır. Oxucu marağı baxımından Anarın romanını yalnız Əlibala Hacızadənin "İtkin gəlin"i ilə müqayisə etmək olar. Amma "İtkin gəlin"in şöhrəti elə yazıldığı dövrdə də qaldı. Anarın romanı isə əsrin və minilliyin sərhəddini aşa bildi.        Məncə, Əkrəm Əylislinin bu fikri onun qısqanclığından irəli gəlir. Çünki onun heç bir əsəri "Beşmərtəbli evin altıncı mərtəbəsi"nin doğurduğu rezonansın ondan birini doğura bilməyib. Əkrəm Əylislinin hətta 60-80-ci illər nəsrinin də üstündən zaman xətt çəkdi. O özü "Ətirşah Masan" romanında bunu dolayısı ilə etiraf edir. Onun "Daş yuxular" kimi avantüraya əl atmasının bir səbəbi də itirdiyi şöhrəti geri qaytarmaq cəhdi idi. Amma qaş düzəltdiyi yerdə vurub göz çıxardı. 

- Ədəbiyyatda məddahlığın qəti əleyhinəsiniz. Tənqidçi olmağınıza baxmayaraq özünüz də ara-sıra tənqidə məruz qalırsınız, belə tənqidçiləri "plebey təsəvvürünün sahibi" adlandırırsınız. Buna münasibət bildirməyinizi xahiş edirəm.

- Ara-sıra yox, çox tənqidlərə məruz qalıram. Bu məni o qədər də narahat etmir. Tənqidçi ədəbiyyatı narahat edən edən adamdır.  Odur ki, əgər tənqidçi təriflənirsə, deməli,  o pis tənqidçidir, deməli o öz vəzifəsini yerinə yetirə bilmir. Odur ki, görəndə ki, hamı məni tərifləyir, narahat oluram. Bir dəfə bir nəfər qələm dostum gəlib dedi ki, filankəs səni yaman təriflədi. Halbuki o filankəs həmişə məni tənqid edərdi. Odur ki, dedim: "Onda işlər pisdir". Soruşdu ki, niyə? Dedim ona görə ki, o məni tərif yox, tənqid etməlidir. Demək, mən daha onu narahat etmirəm. 

Amma tənqiddən gərqli olaraq təhqirin qəti əleyhinəyəm. Mənim dediyim "plebey" məsələsi də onunla bağlıdır ki, bizim təkcə cavanlarda yox, yaşlı və orta nəslin bəzi nümayəndələrində də polemika mədəniyyəti formalaşmayıb. Bəzilərinin heç söyməyə də istedadı çatmır. 

- Sizcə, bu nədən irəli gəlir?

- İntellekt azlığından, mənəvi boşluqdan, özünün haqsız olduğunu müxtəlif vasitələrlə ört-basdır etməyə çalışmaqdan. Söyüş acizlərin əl atdığı son silahdır. Son on-on beş ildə ən çox tənqidi yazılar yazan mən olmuşam. Amma qoy bir nəfər desin ki, kimisə təhqir etmişəm.  Çünki buna ehtiyacım olmayıb, mənim daha güclü silahım var.

- Gənc bir yazar olaraq belə düşünürəm ki, Azərbaycan oxucusunun marağı kənarında olan yabançı ədəbi yanrların ədəbiyyatımıza axınl realizmə marağı azaldır. Yoxsa bu kimi əsərlər umumiyyətlə oxunmur, siz necə düşünürsünüz?

- Mən özüm həyada bir sıra mistik təzahürlərlə uğraşmış adamam. Yəni mistikanın gerçəkliyinə inanıram. Azərbaycan ədəbiyyatında posmodernizm anlayışını də gətirən mənəm. Ancaq realist nəsri mistikadan da, postmodern əsərlərdən az sevmirəm. Əsas odur ki, istedadla yazılsın. Məsələn, bu günlərdə Səxavət Talıblının qlobal mövzuya həsr olunmuş "Adəmin övladları" romanını maraqla oxudum. Kitab bu yaxınlarda işıq üzü görəcək. İndi Eyvaz Zeynalovun "Tələ" romanını eyni maraqla oxuyuram. Hər ikisi də realist əsərdir.

- Sizcə, realizmlə yerdə qalan izmlərin əlaqəsi varmı?

- Bəzi cavanlar bəzən bir realist hekayə yazmadan postmodern roman yazmağa keçirlər. Bu özülsüz bina tikməyə bənzəyir. Əslində, bütün yerdə qalan izmlər realizmin üzərində pöhrələnir. Onların hamısı sözün geniş mənasında realizmdir. Baxır adamın realizm anlayışına. Məsələn, mən realizm anlayışına konseptual, geniş yanaşıram. Məncə, reallıq ancaq gözə görünən şeylərdən ibarət deyil. Allah gözəgörünməzdir, amma bəyəm o real deyil? Biz indi bu otaqda oturub divarın o üzünü görmürük, amma bu o deməkdir ki, o üzdəkilər  real deyil?  Hegel deyirdi ki, "Ağla gələn hər bir şey gerçəkdir".  Bu tezisi astar üzünə də çevirmək olar - gerçək olmayan şey ağlımıza gələ biməz. Romantik, yaxud postmidernist də gözüylə gördüyü yox, qəlbinə, ağlına gələn gerçəkliyi yazır. Əgər bütün bunlar onun ağlına, yaxud qəlbinə gəlibsə, demək artlq  gerçəklikdir. Və demək, hansı izmdə yazmasından asılı olmayaraq, bütün yazarlar sözün geniş mənasında realistdirlər. 

(ardı var)

Yeqzar Cəfərli

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31