Savaş dövrünün ədəbiyyatı sosializm realizminin ən gözəl örnəkləri kimi
11 Aprel 2014 13:45 MədəniyyətMirvarid Dilbazi "Çağırır dünyanı qəti üsyana" şerində dünyanı əli qana boyanmış faşizmə qarşı üsyana çağırır, başqa bir şerində insanlara təsəlli verərək:
Bu dünyanın böyük dərdi,
Tarixlərdə qalacaqdır.
Digər bir şerində isə:
Düşmənlə üz-üzə durmasanız siz,
Rahat yatardımı körpələriniz.
yazır.
Zeynal Xəlil "Dörd yüz on altı", "Döyüşçünün vəsiyyəti" şerlərində azərbaycanlı döyüşçülərdən olan 416-cı Taqanroq diviziyası döyüşçülərinin rəşadətindən, "Açın, çiçəklər, açın" şerində cəbhədən qayıtmayan dostunun nakam qalan arzularından danışır.
Nigar Rəfibəyli "Zəfər nəğməsi", "Yeni il" şerlərində özünəməxsus səmimiyyətlə vətən oğullarını vəsf edir.
Əliağa Vahidin qəzəlləri, Mehdi Seyidzadənin rübailəri, Əli Nəzminin satirik şerləri döyüşçüləri qələbəyə ruhlandırmaq baxımından böyük rol oynayırdı.
Müharibə dövrü Azərbaycan nəsrində də sosializm realizminin gözəl nümunələri yaranırdı. Süleyman Rəhimovun "Torpağın səsi" hekayəsində hadisələr faşistlər tərəfindən işğal olunub talan olunan bir kənddə cərəyan edir. Almanlara satılmış Sabakovun təhriki ilə alman zabiti Adolf əldən- ayaqdan düşmüş qoca Timofey Vasiliçin nəvəsi Luizanı zorlamaq istəyir. Lakin Luiza özünü pəncərədən atıb xilas olur. Qoca Timofey gecə ikən fürsət tapıb Adolfu qətl edir. Buna görə də diri-diri torpağa basdırılmağa məhkum olunur. Qoca qəbirin içində durub zorla bu səhnəyə tamaşaya yığdırılan camaatın arasında arvadı Fridanı axtarır. Frida bir göz qırpımında camaatdan ayrılır və qəbrin içində onu gözlətyən ərinin qollarına atılır. Almanlar bu qadının yəhudi olduğunu bildikdə onu dartıb quyudan çıxarırlar. Qoca Timofeyə "yəhudi qadının üzünə tüpür, səni qəbirdən çıxardaq" deyərək təkid etsələr də və ona köhnə rus məsəli olan "Vur yəhudini, Rusiyanı xilas et" məsəlini xatırlatsalar da o, bundan imtina edir. Bu zaman qəribə bir hadisə baş verir. Almanların əlindən dartınıb qurtulan Frida yenidən qəbrə-ərinin ağuşuna tullanır və öz oğullarına "Pyotr, intiqam, intiqam" qışqıraraq hər ikisi bir yerdə ölürlər. Onların üstünə nə qədər torpaq tökülsə də torpaq "intiqam, intiqam"səslərini boğa bilmir.
Göründüyü kimi yazıçı burada eyni vaxtda bir neçə məsələni qaldırır. Bu səpkidə əsərlərin bu gün təbliği gənclər üçün önəmli rol oynaya bilər.
Əli Vəliyevin "İradə" hekayəsinin qəhrəmanı Fərhad bölük komandiridir. Onun bölüyünə düşmənin bəlli hücumunun qarşısını almaq, sovet tanklarının hücumunu asanlaşdırmaq üçün tikanlı məftilləri kəsmək tapşırılıb. Fərhad öz bölüyünə azərbaycansayağı "hər kimdə azərbaycanlı qanı varsa bu gecə kişilik eləməlidir" deyə əsgər yoldaşlarının hisslərini coşdurur. Bölük çətin tapşırığın öhdəsindən gəlsə də Fərhad ağır yaralanaraq bir qıçını itirir. Tikanlı məftillərin arasında taqətsiz uzanan Fərhad "əsir düşməkdənsə ölmək yaxşıdır" deyərək buna cəhd etsə də bacarmır. Az sonra almanların "SS" deyilən bir dəstəsinə əsir düşür. Fərhadın alman zabiti ilə dialoqu çox maraqlıdır. Ona yemək təklif edən alman zabitinə "Cənab zabit! Mən azərbaycanlıyam, bizə haram tikə yemək qadağandır"-deyir. Zabitin "Nahaq yerə uyumuşsunuz yəhudilərin və bolşeviklərin sözlərinə... Azərbaycanlıların Krım torpağında nə işi var? Niyə oturmursunuz o gözəl-göyçək yerinizdə. Azərbaycan çox gözəl ölkədir, xalqı da qanacaqlı, mənfəətini başa düşəndir" sözlərinə Fərhad "bir kommunist kimi mənimçün Azərbaycan da Krım da vətəndir"deyərək cavab verir. Düşmənə hərbi sirr verməyən Fərhad işgəncə ilə öldürülür. Heç "ana" çığırmağa macal tapmır.
Hekayədə hadisələr kənd həyatı ilə paralel inkişaf edir. Fərhad xəyalında anası ilə danışır. Bir az öncə oğlundan məktub alıb sevinən ana indi çox narahatdır. Oğlunun başına bir qəziyə gəlməsi onun ürəyinə damıb. Ana Fərhadı əziyyətlə böyütmüş, özü demiş, "qız üzünü gəlin eləmiz, qara hörüyünü ağ hörmüşdü". Müəllif huşunu itirməkdə olan Fərhadın dilindən aşağıdakı bayatını səsləndirməklə müharibənin bütün ağırlığını ifadə etmişdir.
Əzizim əkə dərdim,
Yüklənib lökə dərdim,
Nər çəkməz, maya çəkməz,
Fil gərək çəkə dərdim.
Mir Cəlalın "Mənim də haqqım var" hekayəsinin qəhrəmanı olan Kazım müharibə başlanandan qatarla cəbhəyə əsgər daşımışdır. İndi müharibə başa çatmışdır. Müdiriyyət qatarda bilet paylayan nəzarətçi işləyən Kazımı daha asan bir işə keçirmək istəyir. O isə razı olmur. Döyüşdən tərxis olunan döyüşçüləri geriyə qaytarmaqla anaları sevindirəcəyini heç kiminlə paylaşmaq istəmir.
Böyük Vətən müharibəsi illərində Dövlət Müdafiə Fondu yaradılır. Arxa cəbhə əməkçiləri olan qadınlar təkcə ağır əməklə kifayətlənmir, cəbhəyə qalın əlcək və corablar toxuyub göndərirdilər. M.Hüseynin "Nişan üzüyü" hekayəsinin qəhrəmanı Əminə xala da bütün analar kimi cəbhədə vuruşan oğlu üçün narahatdır. Budur, ana oğlunun cəbhədən göndərdiyi məktubu qarşısına qoyub düşünür. "Ana, onların pulemyotları yağış kimi güllə yağdırırdı. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq patronu olaydı, gör onda heç bir soldat da sağ qalıb qaçıb qurtula bilərdimi!.."
Bəs ana oğluna kömək üçün nə etsin? Fonda samovarınımı, mis qazanınımı göndərsin? Bu ki, cəmi bir-iki mərmi edər. Az sonra samovar, mis qazanla yanaşı oğlunun nişan üzüyünü də fonda təqdim edir. Ona bu qiymətli əşyanı özündə saxlamağı məsləhət bilənlərə "mənim bundan da qiymətli şeyim var. Oğlum bundan da qiymətlidir, ona patron lazımdır" deyir.
Sabit Rəhmanın "Saçların mənası" hekayəsində Mişanın timsalında müharibə dövründə ayıq-sayıq olan sovet adamı tərənnüm olunur.
Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini həyəcanlanmadan oxumaq mümkün deyildir. Buz heykələ dönmüş qadının qucağında körpənin əsgərlər tərəfindən sağ-salamat xilas olunması ilə müəllif yazır: "Ana fədakarlığının misilsiz ehtişamını təcəssüm etdirən buz heykəl isə artıq onların qəlbində buzdan deyil, intiqama çağıran tuncdan tökülmüş əbədi bir abidədir". Bax, budur çoxlarının bəyənmədiyi, dodaq büzdüyü sosializm realizmi dövründə yaranan əsərlər. Xocalı faciəsində də fevralın soyuğunda buza dönmüş körpələr, qadınlar haqqında belə əsərlərin yazılmasına ehtiyyac var.
M.S.Ordubadinin "Serjant İvanov adına körpələr evi" hekayəsinin süjeti olduqca maraqlı bir hadisənin üzərində qurulub. Bu haqqda keçmiş covet ədəbiyyatı dərsliklərində məlumat verildiyindən bu baradə danışmırıq.
Qeyd etdiyim bütün bu əsərlərin məzmununu bəşəriyyətin başı üstünü almış ölüm təhlükəsini sovuşdurmaq təşkil edirdi. Gənc bir yazar olaraq belə düşünürəm ki, sosializm realizmi adıyla bu əsərlərdən imtina etmək olmaz, əksinə onları daha geniş təbliğ etmək lazımdır. Ən azından müharibə dövrünü yaşadığımıza görə.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.