Osmanlı və Azərbaycan Türkcələrinin vahid böyük şairi
25 Mart 2014 08:13 MədəniyyətBu, çox təəccüblüdür ki, Hüseyn Cavidin Türkiyədə ilk kitabı 2014-cü il martın 24-ünə təsadüf etdi. Bəli, bu qədər yaxın tarixə. Adamın inanmağı gəlmir Osmanlı türkcəsində bu qədər mükəmməl yazmış şairi Türkiyəyə vətəndaşlarına niyə bu günə qədər tanıda bilməyib.
İstanbul Universitetinin Avrasiya İnstitutunda "Hüseyn Cavidin əsərləri"nin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalovun da iştirak etdikləri bu tədbirdə Azərbaycanlı və Türkiyəli alimlər çıxış etdilər. Pofessorlar Mustafa Özkan, Kamran Əliyev Hüseyn Cavidin yaradıcılığından ümumi halda bəhs edərək şairin şeirlərindən sitatlar gətirdilər. Tarixçi professor Xəlil Bal 1915-1918-ci illərdə ermənilərin Şaumyanın başçılığı ilə Bakıda törətdikləri 12 min Azərbaycan türkünün qətliamından, bu dövrdə əsir alınmış Türk əsgərlərinin Nargin adasına sürgünündən danışdı və sonra Cavidin onlara ürəkağrısı ilə həsr edtiyi şeiri oxudu.
"Hüseyn Cavidin əsərləri" kitabının Türk dilində tərtibatçısı professor Azər Turan çıxışında şairi "Osmanlı və Azərbaycan Türkcələrinin vahid böyük şairi" adlandırdı və onun birmənalı olaraq Ortaq Türkcədə yazdığından bəhs etdi. Alim H.Cavidin "İblis" əsərinin üzərində dayanaraq "Osmanlı imperiyasının çökmə səbəbləri bu əsərdədir" dedi, şairin misralarından dəlillər gətirdi.
Professor İbrahim Yıldırım "Azərbaycandan gələn kültür öncülləri" araşdırmasından misallar gətirərək ötən əsrin əvvəllərində Türkiyədə təhsil almış Azərbaycanlıları sadaladı.
Ən maraqlı çıxışlardan biri "Kaspi" jurnalının baş redaktoru dosent Sona Vəliyevanın idi. O, Hüseyn Cavidin həyatı ilə bağlı nəşrlərdə yazılmayan faktlardan danışdı. Millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlı da hər zaman olduğu kimi bəlağətli çıxışı ilə hər kəsin diqqətini özündə cəmləyə bildi. İstanbulda təhsil alan Azərbaycanlı tələbə Mehdi Gəncəli də çıxış edərək "bu günə qədər Cavidin İstanbulda yaşadığı dövrlərdə cəmi 3 şeirinin nəşr olunduğu məlum idi, amma onun daha 7 şeirini ortaya çıxardıq" və bunları "Osmanlı ədəbiyyatında Cavid imzası" məqaləmdə topladım.
Türkiyənin Azərbaycanlı aktrisası Məlahət Abbasova və başqaları isə Hüseyn Cavidin şeirlərini oxudular. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbiri əvvəldən sona qədər lentə alan AzTv, İTV, "TRT Haber" və digər kanalların müxbirlərinin suallarına cavab verərək bu mərasimin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşəbbüsü ilə təşkil olunduğunu dilə gətirərək bu işdə onlara həmrəy olan qardaş ölkənin də ali təhsil ocağına - İstanbul Universiteti Avrasiya İnstitutuna təşəkkürünü bildirdi.