Sürrealist ədəbi baxışlar və onun Azərbaycan ədəbiyyatındakı rolu
19 Mart 2014 12:45 MədəniyyətXX yüzilin əvvəlində Fransada təşəkkül tapmış sürrealizm ədəbi cərəyanı məlum olduğu kimi bir növ psixoloji sarsıntılarının, insan üzüntülərinin bədii inikası, ifadəsi kimi ədəbiyyatda öz əksini tapmışdır. Fransız mənşəli "Sür"-(üstü, üzəri) sözündən törənib. Anadolu türkcəsində də Sürrealizmlə yanaşı ona ekvivalent olan "gerçəküstüçülük" ifadəsi şlənir.
Realizm gerçəyi, həqiqətlə idealı birləşdirirdisə, reallığı göstərirdisə, sürrealizm bir növ bu mərhələdə addımlamağı, daha sadə dildə desək yerində addımlamaq prinsipinə qarşı çıxırdı. Adından, hərfi tərcüməsindən də göründüyü kimi realizmdən də yüksəyə, belə desək realizmin ifadə etdiyini daha pik nöqtədə təzahür etdirmək məqsədinə xidmət edirdi. Tanınmış rəssam Salvador Dalinin yaratdığı ölməz rəsm əsərlərində axan saatlar, uçan fillər və b. nümunələr buna misal ola bilər. Onlardan bir neçəsinə diqqət yetirək: Məsələn onun yaratdığı bir nümunədə bir balıq, iki pələng, və onların qarşısında bir kalaşnikov avtomatına bənzər bir silah göylə uçur. Əsərin maraqlı tərəfi ondadır ki, yanaşı uçan pələnglərdən birinin yarı hissəsi balığın ağzındadı. O biri pələngin də quyruğu balığın cəngində olan pələngin ağzındadır. İkinci pələngdə qəzəblə irəli sıçrayaraq qarşısındakı uçan silahı tutmaq istəyir. Digər bir şəkildə skelet kəlləsi təsvir olunur və bu kəllə hissəsinin təsvirinin iki gözünün və ağzının içində skelet kəllələri və yenə sonuncu kəllələrinin içində iç-içə, kiçilə-kiçilə təsvir olunan skelet kəllələri.
Sürrealizmdən yaxından məşğul olan tənqidçilər, həmçinin də bu cərəyana müəyyən çərçivədə şübhə ilə yanaşan və bəzi hallarda onun prinsiplərini ümumiyyətlə qəbul etməyən tənqidçilər bu cərəyanın daha çox ruhi xəstələr üçün olduğunun qənaətinə gəlirlər. Çünki təsvir olunan hadisələr gerçəkliyinin üzərindədir, yəni realizm çərçivəsinə çığmayan hadisələrdir. Sayıqlayan insanın gözünə iri əqrəblərin, divlərin görünməsi, bəzən halsız, qızdırmalı halda olan bir insanın evdə yataqda olarkən ətrafındakı əşyaların uçması buna misal ola bilər. Düzdür bütün bunların olduğu sahədən ayrılaraq (həmçinin öncəki sahəsində qalır..!) ədəbiyyata yansıması hamı tərəfindən qəbul olunmur. Bəlkə də bu cür halların nəticəsi və səbəbi idi ki, surrealizm cərəyanı daha çox kinomatoqrafiya sahəsində daha irəli getdi, təsdiqini tapdı.
Bu cərəyanın sütununu dediyimiz kimi psixoloji sarsıntı təşkil edir. Bu da təsadüfi deyil. Çünki tanınmış psixoloq Dr.Ziqmund Freydin bu cərəyanın təşəkkülündə əvəzsiz xidmətləri olmuşdur. Tənqidçilər cərəyanın konsepsiyasının işlənib hazırlanması, oturuşması, psixologiyadan yansıyaraq ədəbiyyata yol almasının təşəbbüskarı olan Freydin "azad assosiasiya" teoriyasını şüurdan instinktə keçid üçün baza hesab edirlər və sürrealizmin prinsiplərinin məhz bunun üzərində formalaşdığını qeyd edirlər. Freyd də öz növbəsində sürrealizmin təşəkkülündə psixologiyanın rolunun vacibliyini qeyd edirdi. Onun Sürrealim cərəyanın (həmçinin də digər müasir cərəyanlar) inkişafına göstərdiyi xidmətlərə görə bir çox cərəyan yaradıcıları, qurucuları onu özlərinə "mənəvi ata" hesab edirdilər. Sürrealizm meydana gəldiyi dönəm o qədər də açıq və geniş deyildi. Birinci Dünya Savaşının hökm sürdüyü illərdə meydana gələn bu cərəyan savaşın acı nəticələrindən doğan psixoloji gərginliyin kulminasiya nöqtəsi kimi də başa düşülə bilər. Bütün dünya müharibənin vahiməsi ilə titrəyirdi, milyonlarla insanların dünyasını dəyişməsi dünyanın özünü də dəyişdirdi. Odur ki, bu dəyişmənin ədəbiyyata da təsirsiz qalmayacağına heç bir sübhə yoxdur. Bu məntiqi yanaşmanı nəzərə alıb müəyyən qədər fikirlərimizi təsdiqləyə bilərik.
Digər tərəfdən də psixatriya sahəsində işləmiş Dr. Andre Bretonun sürrealizmin prinsiplərini məhz Birinci Dünya Savaşı illərində hazırlaması fikirlərimizin təsdiqi üçün ikinci dəlil ola bilər. Biz bu cür fikirlər səsləndirməklə heç də bu cərəyanın yaranmasını sırf olaraq Birinci Dünya Savaşı ilə bağlamırıq. Müəyyən təzadlı fikirlərin mövcudluğu və gətirdiyimiz faktlar bu fikri də əsas prizmadan kənara çəkmir. Belə bil məntiqi mənzərə ortaya çıxa bilər. "Əgər müqayisəyə qalsa, o zaman İkinci Dünya Savaşında daha çox insan həlak olmuşdu. Birinci Dünya Savaşı ilə müqayisədə demək olar iki misli insan itkisi. O zaman Sürrealizm bu dövrdə yaranmalı və ya daha genişlənməli idi". Bəli elə də oldu. Sürrealizm bu dövrdə daha da çiçəkləndi. Hətta bir sıra rəssamlar faşizmə və nasizmə etiraz edərək Avropanı tərk edib, Şimala Amerikaya - ABŞ-a köçərək orada məskulaşdılar.
Bu cərəyanın müasir, yeni bir cərəyan kimi Azərbaycan ədəbiyyatında o qədər də məşhur olmadığından bu cərəyan haqqında bəzi fikirləri incələmək istəyirik. Bu cərəyanın ədəbiyyatımızda özünü lazımi səviyyədə doğrultmamasın da bir sıra səbələri var idi. Sovetlər Birliyi dönəmi, Azadlıq hərəkatının genişlənməsi və demək olar, bütün sahələrə nüfuz etməsi, realizmin, romantizmin və digər cərəyanları Azərbaycan ədəbiyyatında hegemonluğu sürrealizmin Azərbaycan ədəbiyyatına gəlişinin qarşısını alırdı. Bəlkə də birinci addımı rəssamlar atmalı idi. Bu müəyyən qədər yazıçılar üçün də cəsarət xarakteri daşıyardı. Biz illah da "Azərbaycan ədəbiyyatında sürrealizm olmayıb" şüarının əlimizdə bayraq tutmuruq. Sadəcə demək istəyir ki, ya ədəbiyyatımızda sürrealizm olub amma lazımi səviyyədə yox, ya da ümumiyyətlə olmayıb.
Sovetlər Birliyi dövründə bir sovet rəssamının əriyən saatlar və ya uçan fillər kimi obrazlar yaratması o qədər də ciddi və real görünmürdü. Siyasi və dini mübahisələri xoşlamasam da bunu deməliyəm ki, bu cür nümunələrin yaradılması (fərqi yoxdur ədəbi və ya mədəni nümunə olsun) SSRİ-nin əlində həmin əsərlərin müəllifini aradan qaldrmaq üçün vasitə ola bilərdi. Necə ki 1937-ci ildə repressiya baş vermişdi...
Bir neçə kiçik həcmli surrealist şeirə diqqət edək:
Diş tozunun qutusu, sən elə ağ və bakirəsən ki... Yox, bacarmıram.
Nobel ödülü laureatı İosif Brodiskinin qələmə aldığı şeirin təhlilinə o qədər də ciddi ehtiyac yoxdur. Kiçik bir nümunədə Brodiski öz fikilərini diş tozunun qutusunun timsalında gözəl canlandıraraq sürrealimin gözəl nümunəsini yaradır.
Aleksey Alyoxinin "İndi" adlı şerindən nümunə gətirək:
Bu gün baqqaliyə dükanında öz eybəcər qocalığıma rast gəldim və onu yeraltı keçidə qədər ötürdüm baxışımla
Burada da baqqal dükanının qarşısından keçən bir cavan oğlan dükanın pəncərəsinə baxır, psixoloji olaraq gələcəyə gedir. Özünün qocalığını eybəcər şəkildə təsvir edir və sonra da onu psixoloji olaraq yerin altına - son mənzilə yola salır, dəfn edir.
(Qeyd: Nümunə gətirdiyimiz şeirlər ruscadan dilimizə tanınmış şair, esseist, tərcüməçi Səlim Babullaoğlu tərəfindən tərcümə olunmuşdur).
Çağdaş Azərbaycan ədəbiyyatının problemlərindən biri də məlum olduğu kimi janrsızlıq, yeni yaranmış ədəbi cərəyanların tam qavranılmaması və ya bu kimi məlum problemlərdən ibarətdir. Odur ki istər posmodernizm olsun, istərsə də digər müasir cərəyanda qələmə alınan bədii nümunələrdə qırıqlıqlar, əyintilər müşahidə olunur. Ötən yazımızda posmodernizmin timsalında bu barədə ətraflı danışmışdıq. Dünyagörüşünün, intellektual bazanın kasadlığı gənc yazarlarımızın bir çoxu üçün yeni yaranan cərəyanların mənimsənilməsi üçün əngəl törədir. Bütün bunlara görə də yeni yaranan ədəbi cərəyanları özündə əks etdirən bədii nümunələr ədəbiyyatımızda gec-gec yaranır.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.