Daşkənddə Novruz bayramına həsr olunacaq Azərbaycan-Özbəkistan dostluq konserti keçiriləcək

Martın 18-də Azərbaycanın Özbəkistandakı səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənd şəhərindəki "Türküstan" konsert sarayında Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti keçiriləcək. Bayram tədbirində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak edəcək. Konsertdə ölkəmizi "Aypara" qrupu təmsil edəcəkdir. Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və xanəndələr-Aytən Məhərrəmova və Vüsal Zamanov xalq mahnıları, muğam və təsniflərimizi ifa edəcəklər. Konsertdə Özbəkistan tərəfdən isə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalının qaliblərindən olan Yulduz Turdiyeva, və tanınmış müğənni İsroil Saidumarov Azərbaycan və özbək mahnılarını oxuyacaq. Bayram tədbiri çərçivəsində "Türküstan" konsert sarayının foyesində təşkil olunacaq sərgidə Azərbaycan mədəniyyəti, Novruz adət-ənənələri, ölkəmizin turizm potensialı, muğam sənəti ilə bağlı materiallar, rəsm və xalçalarımız, milli suvenirlər nümayiş etdiriləcək. İştirakçılar Novruz şirniyyatlarına qonaq ediləcək, səfirlərə və digər qonaqlara ziyafət veriləcək. Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi də ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31