Özbək yazıçısı ilaxır çərşənbəni Azərbaycanda qeyd edəcək - EKSKLÜZİV
17 Mart 2014 16:29 MədəniyyətOdlar yurdu Azərbaycana Novruz gəlir. Sabah ilaxır çərşənbəsidir. Təbiətin oyanışı, insanların bayram əhval-ruhiyyəsi xoş ovqata köklənməyə təkan verir. Çox yaradıcı insanlar, xarici ölkə vətəndaşları Novruz bayramını qeyd etmək üçün Azərbaycanı seçir. Onlardan biri də sevilən özbək yazıçısı Ruşana İ.-dir. Qeyd edək ki, Ruşana xanım 3 ildir ki, Azərbaycanda yaşayır. Xanımın eksklüziv olaraq "OLAYLAR" İA-ya açıqlaması: "3 ildir ki, yaradıcılıq işlərimlə bağlı Azərbaycandayam. Azərbaycanda "Hisslərin dadı" adlı kitabımı qələmə almışam, yaxın vaxtlarda kitab işıq üzü görəcək. Belə bir psixologiya var - qadın zərif və incədir, bir qədər də gücsüzdür. Mən bu fikirlə qəti razı deyiləm. Çünki bu gün istər siyasətdə, istər mədəniyyətdə, istərsə də hüquq-mühafizə orqanlarında çox güclü xanımlar çalışır. Mən xanımları güclü, mübariz görmək istəyirəm. Qadın və kişi eyni hüquqa malikdir. İstəməzdim ki, xanımlarımız bəylərin qarşısında aciq qalsın. Mən güclü xanımları həmişə dəstəkləmişəm. Azərbaycanı ikinci vətənim kimi sevirəm. Sabah ilaxır çərşənbəsi olduğundan, şəkərbura, paxlava və qoğal bişirmişəm. Sevinirəm ki, Azərbaycanda bunları hazırlamağı öyrəndim. Azərbaycan plovunun çox növləri olduğundan seçim qarşısında çətinlik çəkdiyimdən bayram süfrəmi özbək plovu bəzəyəcək. Səmənini çox sevdiyimdən səməni də almışam. Mənim üçün Azərbaycanın bölgələrində Novruz bayramının necə keçirilməsi çox maraqlı olduğundan bu bayramı mənimlə qeyd etmək üçün Özbəkistandan dəvət etdiyim sinif yoldaşlarımla bərabər bir neçə bölgədə olacağıq. Özbəkistandan fərqli Buxara, Səmərqənd, Andicanda Novruz bayramı fərqli ənənələrlə qeyd edilir. Həmin bölgələrdə at yarışı, pəhləvanların məharətli güləşləri, köpkari, xoruz döyüşləri üstünlük təşkil edir. "OLAYLAR" vasitəsilə həm Özbəkistan, həm də Azərbaycanda yaşayan insanları Novruz bayramı münasibətilə təbrik edirəm. Azərbaycanda Novruzu qeyd etməkdən zövq alıram. Hər bir insanın süfrəsi zəngin olsun".
Alim Nəbioğlu