Sərv ağacının vəsfi

Azərbaycanın görkəmli ədəbiyyatçı, əruzşünas alimi Əli Fəhmi təkcə ali məktəb tələbələrinə, teatr və kino xadimlərinə mühazirələr oxumaqla yetinmir, tez-tez xalq məclislərində olur, maraqlı söhbətlərlə xalqı feyziyab edərdi. Xalq onun hansı məclisdə iştirak edəcəyini qabaqcadan bilər, axışıb oraya gələrdilər. Onları maraqlandıran suallarla böyük alimə müraciət edərdilər. Həmin sualların birinə -Sərv ağacı haqqındakı suala - Əli Fəhminin cavabını oxucular üçün də maraqlı olar deyə - təqdim edirik: 

"Məlumunuz olsun ki, sərv ağacı üç qisim olur. 

1. Sərvi- sohi, 2. Sərvi- naz, 3. Sərvi azad. 

1. Sohi sözü fars dilində düz şəkildə yüksələn şeyə deyilir. Necə ki, gözəllərin qaməti "qəddisohi" adlanır. Bu cür sərvin iki budağı olur. Və hər iksi yanlara əyilməyərək düz yuxarı qalxırlar. 

2. Bu cür sərvin budaqları hər tərəfə mayil olub, axarlı - baxarlı olur, naz eyləyən gözəllər kimi özünü o tərəf, bu tərəfə burcudur (meylləndirir). 

3. Bu cür sərv ağaclarının bütün budaqları əvvəldən düz olub dik yuxarı qalxır və ətrafdakı digər ağaclara toxunmur. Bu cür sərv 3 şeydən azaddır 

1. Əyilməkdən; 

2. Başqa ağaclara mane olmaqdan; 

3. Xəzandan və meyvə verməkdən azaddır. Bu cür sərvlər ilin bütün fəsillərində yamyaşıl olurlar. Xəzan bunun yarpaqlarını tökə bilməz. Ona görə də həmişə bahar kimi göyçək, təravətli, qəddi-qaməti düz və həmişə bakirə kimi görünən sərvi-azada oxşadırlar. Necə ki, Füzuli demişdir: 

Sərvi azad qəddinlə mənə yeksan görünür. 

Kim ki, sərgəştə ola baxsa xuraman görünür. 

İkinci mənada azad o şəxsə deyilir ki, dünyanın qəm və qüssəsini birdəfəlik tullayıb, əlinə düşən malı, pulu, neməti xərcləsin. Farslar belə şəxslərə mərde-azadeqan deyirlər. Belə şəxslərin həmişə əlləri boş olar. Çünki, əllərindən gələni həmin dəqiqədə keyf-mayasayə, dostlara, üxvane-səfayə sərf edirlər. Odur ki, sizin verdiyiniz beytdə Sədi əleyhirrəhimə düz buyurmuşdur; "Yeki besərv qovt, gera mivei nemiari. Cəvab dad ke azadiqan tohi dəstənd. (Tərcüməsi: biri sərvdən soruşdu, niyə meyvən yoxdur? Cavab verdi ki, azadeganın əlləri boş olur). Sədi burada mərde azadeqanın əliboş olmasını sərvin meyvədən azad olmasına təşbih etmişdir. Yaxud əksinə... 

İkinci məsələ-məlumdur ki, farçe qədimdə, yəni atəşpərəstlik dövründə atın kişnəməsinə, şirin nəriltisinə deyirdilər. Günə isə "şənbə" demişlər. Bizim axtardığımız üçüncü mənadır. Yəni, şənbə sözü ( ruz, yəvm) deməkdir. Onlar İranın islamiyyəti qəbulundan sonra aimə günü müsəlman qaydası ilə tətil və bayram günü hesab edərək iki aimə mənasındakı günləri "şənbə" sözünü n əvvəlinə sayları gəlməklə işlətmişlər. Cümə ertəsinə "şənbə", qalanlarına isə Yek, do, se, çahar, pənc artırmışlar, ancaq təkcə cümə ertəsi gününü saylarla əlaqələndirməmişlər. Eləcə "şənbə" 

adlandırmışlar. Çünki, atəşpərəst olduqları zaman onların təhsüik günü şənbə olmuşdur. Yəhudilər kimi cümə ertəsi günü onların bayramlari olduğu üçün və "şənbə adlandığı üçün günlərin sayını ondan sonra gələn gündən başlamışlar. Yekşənbə (birinci gün), düşənbə (ikinci gün) və ilaxır. Əgər onların xəlifədən qorxusu olmasaydı cüməni də şeş şənbə adlandırardılar. İslamı qəbul etsələr də öz əski qanunlarını unutmamaq üçün şənbə gününə toxunub onu yek şənbə etməmışlər. Necə ki, bu günə qədər əcəmilərdən, xususən Cəmşiddən qalan Novruz bayramını müdafiə edib və ona cürbəcür yalan donlar geydirərək (Həzrət Əlinin taxta çıxması günüdür-deyərək) saxlamışlar. Yuxarıda qeyd etdiyim "Azadeqan" şəxslərin əlləri boş olduğunu subut etmək üçün Sədinin başqa bir beyti də yada düşdü: 

Qərar der kəfe azadqan nə gərdəd mal, 

Nə səbr hər dele aşeq, nə ab dər dərbal. 

(Tərcüməsi: aşiqlərin ürəyində səbr, ələkdə isə su qalmadığı kimi, azadlıqların da əlində mal qərar tutmaz. 

"Mən bilən bu qədər"). 

Əli Fəhmi 27.02.72. 

Yeqzar Cəfərli 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31