Gənc şairələrin forumu keçirildi

Rəşad Məcid: “…yazılıb, Bakı, mart, 2014-cü il”

Beynəlxalq Muğam Mərkəzində "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə "Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu" baş tutub. Ötən il baş tutan forumdan fərqli olaraq bu il istənilən ölkənin nümayəndəsi forumda iştirak etmək hüququna sahib olub. İki hissədən ibarət olan forumun birinci hissəsində müsabiqə iştirakçıları öz şeirlərini doğma dillərində səsləndirib. İkinci hissədə isə müzakirələr təşkil edilib. "Şərq-Qərb mədəniyyət müxtəlifliyi", "Ədəbiyyatda yenilik tendensiyası", "Ədəbiyyatda sülhə çağırış" adlı mövzular müzakirə predmeti olub. Moderatorlar isə Çingiz Abdulayev, Anar, Günel Anarqızı, Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva olub. Təşkilatçılar öncə bu forumun tarixçəsi haqda qısa məlumat verib. Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini  İntiqam Babayev bu layihənin artıq ənənəvi hal aldığını deyib : "Layihəmiz artıq ənənəvi hal alıb. Təşkilatçılar iştirakçıların tanınması üçün onlara geniş şərait yaradıb. "Böyük İpək Yolu" Beynəlxalq gənclər ittifaqı yarandığı qısa müddət ərzində bir sıra uğurlu layihələrə imza atıb. Gənclər və İdman Nazirliyi olaraq biz də bu cür forumların keçirilməsinə dəstək olacağıq".

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov beynəlxalq səviyyəli bu cür forumların təşkilində əsas məqsədin mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə xidmət etdiyini deyir: "Bu cür forumların, beynəlxalq səviyyəli görüşlərin təşkilində məqsəd mədəniyyətlərarası əlaqələri gücləndirməkdi. Forumun təşkili üçün Azərbaycan Yazıçılar Birliyinin, Gənclər və İdman Nazirliyinin səylərini xüsusilə qiymətləndirirəm. Bugünki forumda 25 ölkənin gənc şairələri iştirak edir. Düşünürəm ki, mədəniyyət, ədəbiyyat və incəsənət vasitəsilə dövlətlərarası bir sıra problemlər həllini tapa bilər. Müharibələr sona çatar. Artıq iki ildir ki, forum öz işini davam etdirir. Artıq indidən gələn üçün müəyyən planlarımız var. Düşünürük ki, gələn il ötən və cari ildə forumda iştirak edən heyəti bir araya yığaq. Forum vasitəsilə biz həmçinin Azərbaycan mədəniyyətinin, incəsənətini qonaqlarımıza təbliğ edirik". Daha sonra çıxış üçün söz 525-ci qəzetin redaktoru Rəşad Məcidə verilib. R.Məcid forum iştirakçıları ilə ötən gün keçirilən görüşlərindən söz açıb: "Dünən Azərbaycan Yazıçılar Birliyində müxtəlif ölkələrdən gələn forum iştirakçıları ilə Natəvan Klubunda görüşümüz oldu. Mən ilk olaraq onlara Azərbaycanın görkəmli şairəsi Natəvan haqda məlumat verdim. Daha sonra digər şairə xanım Məhsəti Gəncəvi, onun yaradıcılığı, şahmat oynamaq bacarığı, Gəncə haqda məlumat verdim...Mən həmişə, elə gənc yaşlarımda da oxuduğum şeirlərin sonluğuna baxıram. Hansı ki, bəzən şairlər şeirin tarxiçəsini alt hissədə qeyd edirlər. Çox sevinərdim ki, gələcəkdə əlimə forum iştirakçılarından hər hansı birinin kitabı düşsün və oxuyanda görüm ki, yazılıb, Bakı, mart, 2014-cü il".

Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31