Kamal Abdullanın romanı qırğız dilinə tərcümə edildi
12 Mart 2014 17:03 MədəniyyətBu günlərdə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı qırğız dilinə tərcümə edilərək nəşr olunub. Əsərin çapı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Qazaxıstandakı Azərbaycan Mədəniyyətləri İttifaqının sifarişi ilə mümkün olub. Fondun prezidenti Nüsrət Məmmədov "OLAYLAR"-a bildirib ki, "Yarımçıq əlyazma" romanı Dədə Qorqud, Şah İsmayıl Xətai dövrünün və müasir zamanın insanlarının bir-birilə ünsiyyət cəhdinin bədii ifadəsidir. Əsəri qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev və Bekten Dıykanbay tərcümə edib. Kitabın redaktoru isə Mukan Asanaliyevdir. Nəşrə önsözü Qırğızstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdıldaca Akmataliyev yazıb. 500 nüsxə ilə nəşr edilən kitabın oxucular arasında pulsuz yayılması nəzərdə tutulur. İlk dəfə 2004-cü ildə işıq üzü görən əsər daha sonra Fransada, Türkiyədə, Rusiyada, Braziliyada, Polşada, Qazaxıstanda tərcümə olunaraq oxucuların ixtiyarına verilib. Hazırda "Yarımçıq əlyazma" Misirdə ərəb dilində çapa hazırlanır.