Keyfiyyətli serial niyə çəkə bilmirik? - AKTUAL
Nuşirəvan Məhərrəmli: “Dövlət vəsait ayırıb, televiziyalar buyurub ortaya iş qoysunlar”
12 Mart 2014 16:05 MədəniyyətNizami Cəfərov: "Prodakşın və televiziyalar peşəkarları cəlb etməlidir"
Sərhədlərimizdən çox da uzağa getmək lazım deyil. Qonşu Türkiyədə bu sahə kifayət qədər sürətlə və istənilən keyfiyyətdə inkişaf edib. Söhbət seriallardan gedir. Bizim tamaşaçılar daha çox bu ölkənin istehsalı olan serialları izləməyi sevir. Çünki zövq alır. Qardaş dövlət olduğu üçün onları seçmir. Hər halda Türkiyə sənətkarları sehrbaz deyillər. Onlar bu uğura öz əməkləri sayəsində nail olublar. Azərbaycanın tanınmış aparıcılarından olan Esmira Çərkəzqızının üçəmləri "Möhtəşəm yüzil" serialında rol aldıqlarından serialın çəkilişləri zamanı sərf olunan əməyi daha yaxından izləmək imkanı qazanan xanım orada bu sahəyə nə qədər məsuliyyətli və peşəkar yanaşılmasından söhbət açıb. Bu amillər isə öz bəhrəsini kifayət qədər verir.
Azərbaycanda isə bu sahə hələ də inkişaf mərhələsini yaşamaqdadır. Yerli seriallarımıza baxmaq üçün tamaşaçılarımızdan hələ də kifayət qədər səbr tələb olunur. Bu sahəyə dövlət tərəfindən də yardım olunmasına baxmayaraq, serial çəkənlərə hələ də tamaşaçıların əksəriyyətini razı salmaq qismət olmayıb. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirdi ki, qurum hər bir serial çəkilişində bu işi görənlərə nəzarət edə bilməz: "Bu bizə aid olan məsələ deyil. Bu sahədə əsas iş telekanalların üzərinə düşür. Bizdə serialların keyfiyyətinə nəzarət mexanizmi yoxdur. Biz bunu formalaşdıra bilmirik. Çünki bu müvəqqəti bir işdir. Dövlət serialların çəkilişi üçün yardım etdi. Bundan sonra artıq bazar iqtisadiyyatı özü bunu formalaşdırmalıdır. Dövlət hər zaman serialların çəkilişi üçün vəsait ayırmayacaq ki. Bir müddətdən sonra biz bu məsələyə, ümumiyyətlə qarışmayacayıq. Telekanallar özləri baxacaqlar və daha keyfiyyətli, efirə uyğun serialları göstərəcəklər". N.Məhərrəmli bildirdi ki, serialların çəkilişi üçün əlavə vəsaitin ayrılıb-ayrılmayacağı ilə bağlı heç bir söz deyə bilməz: "Dövlət iki dəfə serialların çəkilişi üçün çox böyük bir vəsait ayırdı. Serial sektoru demək olar ki, canlandı. Kəmiyyət baxımından heç bir problem yoxdur. Azərbaycanda kifayət qədər serial çəkilir. Biz vəsaiti telekanallara ödəyirik. Demək olar ki, son mərhələdəyik". Sədr bildirdi ki, artıq bütün məsuliyyət televiziyalardadır, buyursunlar ortaya iş qoysunlur. Şura sədrinin sözlərinə görə, zövqlər müxtəlif olduğu üçün bəzi insanlar var ki, serialların keyfiyyətindən narazıdır, eləsi var ki, irəliləyiş hss edir: "Mən də hiss edirəm ki, son zamanlar irəliləyişlər var. Xarici ölkələrdəki kimi yüksək keyfiyyətli seriallar səviyyəsində deyil. Bunun üçün də zamana ehtiyacımız var. Hesab edirəm ki, bu sahədə ildən ilə irəliləyişlər olacaq. Hazırda 15-dən çox serial yayımlanır. Bunun hamısı tamaşaçıların hər birinin xoşuna gəlmir. Bəzi seriallar var ki, reytinqi yüksəkdir. Bəzilərinin reytinqi aşağıdır. Bu artıq tamaşaçının özünün seçimidir. Biz insanlara seçim imkanları vermişik". N.Məhərrəmli onu da bildirdi ki, quruma TV-lər tərəfindən verilən smetalarda aktyorlara normal maaş yazılır. Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komitəsinin sədri Nizami Cəfərov dövlətin serialların çəkilişinə maliyyə vəsaiti ayırmasının müsbət hal olduğunu vurğuladı. Serial çəkilişinə maliyyə tələb olunduğunu deyən N.Cəfərov çox az prodakşın və telekanalların öz hesablarına serial çəkmək gücünə sahib olduğunu bildirdi: " Bu birinci addımdır və mədəniyyətimizn, kinomuzun tarixində kifayət qədər böyük hadisədir. Dünyada serial çox geniş yayılan və baxılan janrdır. Tamaşaçılarımız vaxtilə Cənubi Amerika, indi isə türk seriallarına maraqla baxırlar. Bu seriallardakı üstün cəhətləri-rejissor, aktyor işini, sənətkarlığı görüblər. Ona görə də Azərbaycan tamaşaçısı görmüş, tələbkardır. 10-dan çox serial gedir telekanallarda, deməzdim ki, hamısı yüksək səviyyədədir, amma axtarışlar gedir. Hələlik bizim səviyyəmiz budur. O zaman daha pis olardı ki, ümumiyyətlə bu çəkilişlərə başlamayaydıq. Əsas uğur vəsaitin ayrılması və işlərə başlanılmasıdır. Təbii ki, narazılıq da olacaq". Millət vəkilinin sözlərinə görə, seriallarda qüsurlar hər sahədə var. Maliyyənin azlığından başlamış, maliyyədən düzgün istifadə etməmək, ssenarilərin teleserial üçün xarakterik olan dramatizm, melodrama, yaxud maraqlı olan tarixi hadisələrə müraciət etməmək, insanları düşündürən məişət, ailə məsələlərinin, ictimai-siyasi məsələləri lazımi şəkildə işıqlandırmamaq, maarifçilik nöqteyi-nəzərindən maraqlı ola biləcək hadisələrə o qədər də yaxından bələd olmamaq və yaxud onları normal, teleserial üçün səciyyəvi olan estetikada təqdim etməmək problemləri var. Birinci mövzu və ssenari problemidir. İkinci mühüm məsələ rejissor işidir. Bizim hələlik bu sahədə peşəkar rejissorlarımız azdır və yaxud demək olar ki, yox dərəcəsindədir. Rejissor işinə çoxlu tələb olunan şərtlər var və bu şərtlər ödənilməlidir. Ssenari hətta mükəmməl deyilsə belə, hadisələri, əhvalatları, konstruksiyanı maraqlı şəkildə etmək məsələsi var. Və nəhayət yenə də aktyor problemi gəlir. Məncə, aktyor problemi hamısından çoxdur. Kino fərqli janrdır. Burada dəfələrlə çəkilişlər olur və daha uğurlu epizod seçilir. Bir kinonun çəkilişinə aylarla vaxt tələb olunduğuna görə, aktyor yetişə bilər. Amma teleserial çox sürətlə çəkilir. Ona görə də bəzən aktyor kanyukturası həddən artıq çox olur. Nə qədər peşəkar olsan ki, təkrar çəkilmədən qısa bir müddətdə geniş süjetləri, hadisələri oynaya biləsən. İstedad problemi də hər zaman mövcuddur". N.Cəfərov onu da bildirdi ki, serial sahəmizin uğurlu cəhətləri də var. Sadəcə olaraq bu sahəyə diqqət yetirilməlidir. Belə ki, yalnız tamaşaçı yox, peşəkarların diqqəti olmalı və müzakirələr aparılmalıdır. Müqayisələr, teleserial tənqidi, televiziya tənqidi işləməlidir. Ümumi ictimai rəylə peşəkarların rəyləri bölüşdürülməlidir: "Prodakşın və televiziyaların üzərinə ciddi iş düşür. Peşəkarlar seçilsin, iş peşəkarlara tapşırılsın və onlar da peşəkarları yığsın. Başqa tələb yoxdur. Maliyyədən sonra birinci növbədə sənətkarlıq və peşəkarlıq gəlir".
Aygün