ATXƏM Əli bəy Hüseynzadənin 150 illiyini qeyd edəcək

Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə prezident İlham Əliyevin imzaladığı sərancama uyğun olaraq Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Salyan rayon İcra Hakimiyyəti ilə birlikdə tədbir keçirməyi nəzərdə tutub. ATXƏM-dən "OLAYLAR"-a daxil olan məlumata görə, fevralın 24-də böyük maarifçi-ədbi Əli bəy Hüseynzadənin 150 illik yubileyi onun doğulduğu Salyan rayonunda təntənəli şəkildə qeyd ediləcək. "Əli bəy Hüseynzadə: Türk dünyasının siyasi-ideoloji fikir adamı" adlı elmi-praktik konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin, Əli bəy Hüseynzadənin abidəsini, eləcə də Tarix Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər. Konfransda Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, ATXƏM sədri İlham İsmayılov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, araşdırmaçı yazar Azər Turan çıxış edəcək. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev isə konfransda Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı ətrafında məruzə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31