Strasburqda Nizami Gəncəviyə həsr olunmuş konfrans

Nizami Gəncəvinin 870 illik yubileyi layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilmiş tədbirlər silsiləsi fevralın 14-də beynəlxalq konfransla davam etdiriləcək. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, konfrans Strasburqun Rin sarayında 3 ay ərzində (19 noyabr 2013 - 19 fevral 2014) təşkil edilmiş "XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı" sərgisinin yekun mərhələsində keçiriləcək. Elmi müzakirədə Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının "Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmalarının orijinallığı", "Qötenin və Nizaminin şərqşünaslığı", "Psixoloji terapiya qismində olan hekayə: Nizami Gəncəvinin "Yeddi gözəl"i", "Nizami Gəncəvi - bütün zamanların və bütün məkanların şairi" mövzularında məruzələri dinləniləcək.

Xatırladaq ki, layihə çərçivəsində ötən il noyabrın 12-də Parisin Əlyazmalar və məktublar muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi, noyabrın 13-də Parisdə, Azərbaycan Mədəniyyəti Mərkəzində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub. Mədəni-kütləvi tədbirlər noyabrın 19-da Strasburqda davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31