1 milyondan çox izlənən “Toy gecəsi” VIDEO
12 Fevral 2014 12:44 MədəniyyətGeniş tamaşaçı auditoriyasının böyük diqqət və marağına səbəb olmuş, təkcə internet üzərindən müxtəlif ünvanlarda üst-üstə bir milyondan çox izlənən "Toy gecəsi" serialının 19-cu bölümündə də bir sıra maraqlı hadisələr baş verir.
Gülyanın sifarişi ilə avtomobil qəzasına salınan Aygün və sürücüsü Azər xəstəxanaya yerləşdirilir. Bəlli olur ki, Aygünü müalicə edən onun köhnə məhəllədən olan sinif yoldaşı Fərid həkimdir. Bu həmin Fəriddir ki, orta məktəb illərində Aygünlə onun arasında saf bir məhəbbət olub. Sonradan acı bir ayrılıq bu sevgiyə son qoyub. Bu arada Aygünün avtomobil qəzasını araşdıran Aslan cinayətin izinə düşür və Aqili tapır. Aslan elə bir situasiya yaradır ki, Aqilin həqiqəti etiraf etməkdən başqa çıxış yolu qalmır. Bu məsələdən ən çox yararlanan yenə də Aslan olur. Daha bir maraqlı olay isə Zaurla bağlı baş verir. Tamaşaçıların böyük nifrətini qazanmış, hər zaman çirkin niyyətlərini həyata keçirməklə diqqət mərkəzində olan Zaur bu dəfə nəhayət ki, ilişir. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov Zaurun bəzi oyunlarından xəbər tutur və onun qarşısında qəti şərt qoyur. İndi Zaurun həyatı tükdən asılı vəziyyətdədir. Görəsən, Zaur bu vəziyyətdən çıxa biləcəkmi?
Bu və digər hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, "Toy gecəsi" bədii televiziya serialının 19-cu bölümünü bu gün axşam saat 19.00-da ATV kanalında izləməyi unutmayın.