Tənqid o zaman baş verir ki… - MÜSAHİBƏ
Vaqif Yusifli: “Tənqidin prinsipləri dəyişən deyil”
9 Yanvar 2014 14:34 MədəniyyətMüsahibimiz "Azərbaycan" dərgisinin baş redaktor müavini, tanınmış tənqidçi Vaqif Yusiflidir.
-Vaqif müəllim, tanınmış bir tənqidçi kimi necə düşünürsünüz, çağdaş ədəbi prosesin vəziyyəti necədir?
-Mən həmişə ədəbiyyatımız barədə nikbin fikirdə olmuşam. Ədəbi prosesdə üzə çıxan geriləmələr məni məyus etsə də, bununla yanaşı gözəl, istedadla yazılmış əsərlər də olub. Ona görə də bu günkü ədəbi proses haqqında qətiyyən bədbin fikirdə deyiləm. Hər bir dövrün, zamanın öz inkişaf prinsipləri, dialektikası var. Zaman və ədəbiyyat. Bunları bir-birindən ayırmaq olmaz. Yəni bu dövrün ədəbiyyatı bu zamana uyğundur. Bəzən zaman ədəbiyyata diktə edir, ədəbiyyat bu diktəni müəyyən əsərlərlə reallaşdırır, bəzən də ədəbiyyat zamanı üstələyir. Bunun gələcək meyllərini, tendensiyalarını görür və əks etdirir. Biz hazırda ədəbiyyatımızda bir durulma, aydınlaşma, saflaşma dövrünü yaşayırıq. Çünki hər bir yeni əsr özü ilə yeni fikirlər, duyğular, həyəcanlar gətirir. Ona görə də XXI əsin əvvəllərindən bizim milli ədəbiyyatımız böyük bir keçidə hazırlaşıb. Elə bir keçid ki, o ədəbiyyatımızda yeni bir mərhələ olacaq. Bu mərhələ nədən ibarət olacaq? Biz də XXI əsr insanının obrazı hələ yaradılmayıb. Bu mənada bizim ədəbi gəncliyin də prinsipləri müəyyənləşməlidir.
-İndi təndiqçilərimizin çoxu tənqiddən çox, tərifə yol verirlər. Yaxşı əsər haqqında da, pis əsər haqqında da eyni fikirləri söyləyirlər. Bu fikirlər yazıçıların sonrakı fəaliyyətində də açıq-aşkar hiss olunur. Bu barədə nə düşünürsünüz?
-Tərif o zaman olur ki, yaxşı bir əsər meydana gəlir. Sən o əsərin ədəbiyyatımızda yerini, rolunu, mövqeyini o əsərdə irəli sürülən ideyaları şərh edirsən. O əsərdə nəzərə çarpan yenilikləri oxucuların nəzərinə çatdırırsan. Tutaq ki, bizdə yaxşı hekayələr, pyeslər romanlar qələmə alınır. Sənətkarlıq cəhətdən yaxşı əsər, ideyalı əsər, bəyənimli əsər haqqında xoş söz demək lazımdır. Bu tənqidin missiyasıdır. Vay onda ki bu təriflər ortabab, zəif əsərlər haqqında söylənilsin. O zaman tənqid öz missiyasını itirmiş olur. Tənqid isə o zaman baş verir ki, o zaman doğrudan da müəyyən bir əsər həyat həqiqətini təhrif edir, ordakı obrazlar sönükdür, bəsitdir, primitivdir, şairin, ya da nasirin dili müasir ədəbi dil səviyyəsində deyil. Mücərrəd ideyalar irəli sürülür və bu zaman tənqid özünün tənqid missiyasını yerinə yetirməlidir.
-Artıq uzun illərdir ki, ədəbi tənqidlə yaxından məşğulsunuz. Əldə etdiyim məlumata görə bu yöndə 1000-ə yaxın məqalənin yazarısınız. Necə düşünürsünüz yaradıcılığa başladığınız zaman içində olduğunuz ədəbi mühitlə indiki ədəbi mühit arasında nə kimi oxşar və fərqli cəhətlər var?
-Mən yaradıcılığa başladığım dövrü hesab edirəm ki, 1975-ildən hesablamaq olar. Onda aspirant idim. Həmçinin tələbəlik illərində və kənddə müəllim işlədiyim vaxtlarda da çoxlu yazılar yazmışam, rayon qəzetində çap etdirmişəm. Bunları mən professional yazılar hesab etmirəm, amma tənqidçilik üçün bunları məşq hesab edirəm, onlardan imtina etmirəm. O zaman yazı çap etdirmək olduqca çətin idi, müəyyən bir sxem varıydı. Yəni ki, sən bu sxemdən çalışmalı idin ki, kənara çıxmayasan. Elə həqiqətlər var idi ki, sən onları deyə bilmirdin. Amma indi yazırsan, ürəyini açırsan. Əsrlər keçsə belə tənqidin prinsipləri dəyişən deyil. Bir yazıçı haqqında, əsər haqqında obyektivlik, prinsipiallıq, həqiqəti demək bütün zamanlara aiddir. Amma elə zamanlar olur ki, bu prinsipləri tam həyata keçirə bilmirsən. Elə zaman olur ki, həyata keçirə bilirsən. Məsələn, mən o zamankı tənqidi məqalələrimdə birbaşa yazıçıları tənqid edirdim, bu görə də tutaq ki, bu tənqidlərə görə təhqirlərə də məruz qalırdım, acı münasibətlə də qarşılaşırdım. Amma indi elə bir şey yoxdur, yazılarıma görə heç kim məni qınamır. İndi də çalışıram ki, ədəbi prosesi bütünlüklə əhatə edə bilim. Cavanlar haqqında da yazıram, yaşlılar haqqında da. İndi zaman başqa şeylər tələb edir.
-Müsahibə aldığım ədəbiyyat adamlarının çoxundan posmodernizm cərəyanı ilə bağlı fikirlərini soruşuram. Necə düşünürsünüz, bu cərəyan Azərbaycan ədəbiyyatında lazımı şəkildə təbliğ olunurmu?
-Çox zaman Qərb ədəbiyyatında zamanını, müddətini bitirmiş cərəyanlardan yapışırıq. Posmodernizm də bunlardan biridir. Artıq bu cərəyan ədəbiyyatda vaxtını bitirib, qurtarıb. Bu bizim ədəbi lüğətimizə 2000-ci illərdə daxil olub. Bu cərəyana formal yanaşma prinsiplərinin olduğunu qeyd etmişəm. Yəni ki, deyirlər ki posmodernizmdə inkarçılıq var. Bizimkilər də yapışırlar bundan. Zaman keçə-keçə ədəbiyyatda da hər şey yoluna düşür, modernizm də, posmodernizm də bizim ədəbiyyatda yaşaya bilər, ya yox onu zaman göstərəcək. Qorxmaz Quliyevin, Əsəd Cahangirin, Nərgiz Cabbarlının, Vaqif Yusiflinin, Cavanşir Yusiflinin bu barədə müəyyən yazıları çap olunub, təbii ki bunlar da yetərli deyil.
-Nobel ödülü laueratı Orxan Pamuk artıq belə desək, Türkiyə ədəbiyyatının ədəbi hadisəsinə çevrilməyi bacarıb. Qeyd etdiyimiz "Ədəbi hadisə" ifadəsini hansı Çağdaş Azərbaycan ədəbiyyatı nümayəndəsinə şamil etmək olar?
-"Ədəbi hadisə" anlayışı necə deyərlər, çox şərti anlayışdır. Üstündən əsrlər keçməsinə baxmayaraq Füzulinin yaradıcılığını ədəbi hadisə hesab edirəm, indinin özüçün belə. Sabiri də ədəbi hadisə hesab edirəm, çünki bu adamlar köhnəlmir. Amma son əlli ilin əsərləri içərisində mən bir neçə dəfə bunu demişəm, poeziyada ədəbi hadisə, onlar şərti amillərdi. Musa Yaqubu, Ramiz Rövşəni, İsa İsmayılzadəni, Ələkbər Salahzadəni, Vaqif Səmədoğlunu, Əli Kərimi, Bəxtiyar Vahabzadəni də sevirəm. Amma böyük mənada ədəbi hadisə kimi mən Yusif Səmədoğlunun "Qətl günü" romanını Azərbaycan nəsrinin dünya ədəbiyyatı arenasına çıxarıla biləcək bir əsər hesab edirəm. Bu əsər mənim üçün ədəbi hadisədir.
-Tərcümə ədəbiyyatında da müəyyən qədər boşluqlar var. Çox zaman tərcüməçilər hər hansı bir əsəri tərcümə edərkən yalnız dil bacarığına arxalanır və sonucda əsərin əsas ideyasını, daşıdığı anlamını ortaya qoya bilmirlər. Buna münasibətiniz necədir?
-Mən tərcümə məsələləri ilə çox az məşğul oluram. Özüm 80-ci illərdə "Azərbaycan" jurnalında müəyyən ədəbiyyatşünaslıq materiallarını tərcümə edirdim. 80-ci illərdə görkəmli tərcüməçi Natiq Səfərovun yanında olanda çətinliklərin şahidi olurdum. İndi də bu sahədə irəliləlişlər var. Amma hələ ki, tərcümə sahəsində sular durulmayıb. Bizim tərcüməçilərin ən böyük qüsuru ondadır ki, ola bilsin ki, onlar hər hansı bir xarici dili mükəmməl bilirlər, amma öz dillərini bilmirlər.
-Son zamanlar gənclərin tənqidi ədəbiyyata gəlişi çox az müşahidə olunur. Ədəbi tənqiddəki boşluq sizi narahat etmirmi?
-Təbii ki, narahat edir. Amma mən elə bir kəşf edə bilmərəm ki, məsələn mənim reseptimlə müəyyən tənqidçilər ordusu meydana gəlsin. Tənqidçi nadir istedaddır. Biz ədəbiyyata gəldiyimiz 70-ci illərdə Nadir Cabbarlı, Aydın Məmmədov, Kamil Vəliyev, Rəhim Əliyev bir az sonra Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu, Məryəm Əlizadə, Qurban Bayramov və başqa bir çoxları özlərini doğrultdu. Yəni tənqidçi gərək şeiri şair qədər, nəsri nasir qədər bilə, Şərq və Qərb ədəbiyyatlarını, ədəbiyyat nəzəriyyəsini, ədəbiyyat tarixini, tarixi, fəlsəfəni, psixologiyanı da bilə. Tənqidçinin içində ədəbiyyata qarşı bir sevgi olmalıdı. İstedadlı bir şair tez yetişə bilər. Amma 10 ildən bir bir tənqidçi meydana gəlirsə, bu ədəbiyyat üçün böyük hadisə ola bilər. Amma mən qətiyyən razı deyiləm. Bu gün Vaqif Yusifli, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Əsəd Cahangir, Elnarə Hakimova, Nərgiz Cabbarlı, Rahid Ulusel kimi tənqidmilərimiz var ki bu da bizə narahat olmamağa əsas verir.
-Gənc yazarlardan kimləri daha çox bəyənirsiniz və onların gələcəkləri üçün daha ümidlisiniz?
-Gənc yazarlar çoxdu. Mən artıq dörd nəsildir ki, ədəbiyyata gələnlərdən yazıram. Gənc biz kimə deyirik? Yaşı 30-a çatan, bir az keçən 35-ə qədər. Lənkəranda yaşayan Tərlan Əbilovun hərçəndi yaşı qırxa yaxındı, amma o yaxşı şair, tənqidçi kimi öz sözünü deyib. Səhər, Gülnarə Cəmaləddin, İradə Aytel, Şahinə Könül, Aysel Əlizadə, Pərvin, Cavidan, Qismət mənim sevdiyim, əsərlərini bəyəndiyim gənclərdi və mən onların gələcəkləri barədə daha ümidliyəm.
-Kiçik həcmli hekayələrə münasibətiniz necədir? Məsələn, mən düşünürəm ki, bir-iki cümlədən ibarət bir yazını hekayə hesab etmək doğru yanaşma deyil.
-Hər bir ədəbi janrın öz modeli var. Mirzə Cəlilin "Usta Zeynal", "Qurbanəli bəy", Haqverdiyevin bir çox hekayələrini, Yusif Vəzir Çəmənzəminlinin hekayələrini, Yusif Səmədoğlunun "Astana", "Bayatı şiraz", Elçinin "Baladadaşın ilk məhəbbəti", "Talvar" hekayələrini, İsi Məlikzadənin "Duz-çörək" hekayəsini, Əkrəm Əylslinin "May günü" hekayəsini, Seyxan Səxavətin "İt interviyusu" hekayəsini, Məmməd Orucun, Afaq Məsudun, Baba Vəziroğlunun, Saday Budqalının bir çox hekayələrini nəzərdə tuturam. Bu növ hekayələr 3 səhifədən 10 səhifəyə kimidir. Hekayənin müəyyən həcmi, sujeti olur. Hekayəni xırdalaşdırmaq olmaz. Xırdalaşmış hekayəyə mikro və kiçik həcmli hekayə demək daha doğrudur.
-Tanınmış bir tənqidçi kimi gələcək əsərlərdə daha çox hansı problemləri görmək istərdiniz?
-Bu günün həqiqətlərini, bu günün insanını vəsf etsinlər. Bu gün ətrafımızda son 20 ildə elə hadisələr var ki, bunlar onlarla romana mövzu ola bilər. Halbuki biz belə həyatın reallıqlarını görmürük.
-Bir ədəbiyyat adamı haqqında araşdırma tipli yazı hazırlayarkən onun yalnız öz əsərlərini oxuyuram, haqqında yazılanları yox. Onların təsirinə düşməmək üçün. Təcrübəli bir tənqidçi kimi deyin, düzmü edirəm?
-Düz etmirsiniz. Mən məsələn, bir yazıçı haqqında yazı yazıramsa ən azından o yazıçı haqqında yazılanları oxumalıyam. Tənqidçinin laboratoriyasında yazmaq istədiyi müəyyən bir yazıçı haqqında müəyyən tənqidi məqalələr, onun haqqında fikirlər olmalıdır. Əgər yaza bilmirsə belə çıxır ki, o yazılanlar sənin yazdıqlarından güclüdür və əgər yazsan, yaza bilsən, deməli sən özünü onlarla eyni səviyyədə tərəziyə qoyursan. Ola bilsin ki hətta onları üstələyəsən. Əgər sən bir psixoloji roman haqqında yazı yazmaq istəyirsən və o romanda yuxu obrazı təsvir olunursa sən ən azından yuxunun nə olmasını bilməlisən. Mən istənilən bir yazı yazarkən sitat gətirməyi çox sevirəm. Yaxşı bir fikir kimi ona istinad edirəm.
-Tanınmış tənqidçi, ədəbiyyatçı kimi ədəbiyyata yenicə qədəm qoyan gənclərə nəyi məsləhət görərdiniz?
-Gənclərə oxumağı, ilk növbədə bizim ədəbiyyatı mütaliə etməyi məsləhət görürəm, çünki bizim cavanlar klassikanı bilmirlər. Elə bizim yaxşı yazıçılarımızın çoxu da klassikanı bilmirlər. Xüsusən ədəbiyyat müəllimləri bu sahədə çox zəifdirlər. Mən çox istərdim ki, cavanlar birincisi, öz ədəbiyyatımızı yaxşı öyrənsinlər, daha sonra şərq ədəbiyyatını, qərb ədəbiyyatını öyrənsinlər. İkincisi, həyat həqiqətlərinə üz tutsunlar. Bu gün həyatda yazılmalı şeylər çoxdur. Üçüncüsü, öz yazılarında Azərbaycan dilinin zərifliyini, incəliyini lazımı şəkildə nümayiş etdirsinlər. Özəlliklə bir çox gənclərin əsərlərində dil bərbad vəziyyətdədir. Dördüncüsü də onların ədəbiyyatdan kənar əxlaqi hərəkətləridir ki, bu da məlum olduğu kimi onların yaşlı nəsli tez-tez ziyarət etməsi, onların hörmətini saxlamasıdır. Bir də ki, Sovet dövründə yaşayıb-yaradan sənətkarlara şər və böhtan atmasınlar.
Yeqzar Cəfərli