“O şəkildən sonra düz 10 kilo arıqladım”

Əfsanəvi ifaçı və manekençinin qızı, həssas, inadkar və dünyaca məşhur kino ulduz...Tənha, iki uşaq anası və emiqrantların hüquqları uğrunda qızğın mübarizə aparan, belə demək olarsa, "zərif simalı güclü qadın" - bu xanım Emmanuel Beardır...
Biz Parisin mərkəzində, Emmanuel Bearın evindəyik. Bear bu gözəl interyerli, sakit auralı, insan ruhuna hüzur bəxş edən evə yenicə köçüb. Ancaq elə bir təəssürat var ki, o, burada çoxdan yaşayır. Bear - paradoksdur. O, Fransadakı qeyri-qanuni emiqrantların hüquqlarını müdafiə edir, "Dior"un siması olur, UNİCEF - ə dəstək olur, "Elle" jurnalının üz qabığında çılpaq pozlar verir... Bu qadının adı Emmanueldir. Emmanuel bizimlə müsahibədə də səmimi və açıq oldu...



- Siz növbəti dəfə evinizi dəyişdiniz. Deyəsən, bu sizinlə tez-tez baş verir...
- Yox, deməzdim. İki ildən bir. (Gülür.)

- Öz yerinizi tapmaqda çətinlik çəkirsiniz?
- Mən heyvan kimiyəm: onlar fırlanırlar, uzanmaq üçün özlərinə rahat yer, poza axtarırlar. Eynən mən də, fırlanıram, fırlanıram, özümə isti, rahat yer tapana qədər axtarıram. İdeal məkan olmadığına görə, mən yaşayış yerimi dəyişirəm. Həm də mən heç vaxt parisli olmamışam, görünür, bundan sonra da ola bilməyəcəm. Mən yaxın hesab etdiyim insanlarla rahat kofe içəcəyim isti bir məkan axtarıram.

- Məşhurluğunuz sizə hər hansı bir kafedə çay içməyə imkan vermir?
- Yox, məsələ bunda deyil. Sadəcə, mən elə insanların əhatəsində yaşamaq istəyirəm ki, onlar anlasınlar ki, səhər saat 8-də mən jurnallarda göründüyüm kimi görünə bilmərəm. Məni tanımayanlar deyir: "Sən demə, həyatda o, başqa cürdür..."



- Siz düşünürsünüz ki, publika qarşısına kosmetikada və gözəl geyimdə çıxmalısınız?
- Mən, ümumiyyətlə, makiyaj etməyi bacarmıram. Bunu etməyə qərar versəm belə, bərbad alınacaq. Gün eynəkləri isə başqa məsələ. Baxmayaraq ki, bəzən mənə elə gəlir ki, onlarda mən olduqca gülünc görünürəm.

- Qara eynəkləri həm də diqqəti özünə cəlb etmək üçün geyinirlər...
- Xeyr, onlar məni müdafiə edir. Düzdür, onda da məni tanıyırlar, ancaq mənim baxışımı görmürlər. Bu isə böyük şeydir.

- Necə düşünürsünüz, ətrafdakıların sizin haqda təsəvvürü doğrudur?
- Bu barədə düşünmək çox qəribədir. Ancaq, əslində, mənim kinodakı rollarım, jurnallardakı fotolarım - bu mənim bir parçamdır. Bununla bərabər, mən başqayam, özümü müdafiə etməyi bacarıram. Uşaqlıqdan beləyəm. Müəllimlərə kobudluq edirdim. Dərsin ortasında sinifi tərk edə bilərdim.



- Bəlkə buna səbəb, sizin fərqli mühitdə böyüməyinizdir. Atanız, əfsanəvi ifaçı, şair, bəstəkar Qi Bear, ananız keçmiş model, hippi...
- Düz vurğulayırsınız, bu iki müxtəlif dünya idi. Mən hər iki valideynimi çox istəyirəm. Ancaq heç vaxt onlardan hər hansına bənzəmək istəməmişəm. Anamın məndən başqa dörd uşağı var - mənim qardaşlarım. Ayın axırı çətin vaxtlarımız başlayırdı, işıq pulu, telefon pulu. Yarıyunan, yarıitaliyalı olan anam düşünürdü ki, əsas tox olmaqdır, qalan şeylər vacib deyil. Hamı ona gülürdü. Bu da məni incidirdi. Mən başqa, normal valideynlərimin olmasını arzulayırdım. Ögey atam uzun saqqal saxlayırdı, cins və çəhrayı köynək geyinirdi. Yadımdadır, məndən soruşanda yalandan deyirdim ki, o bizim bağbandır.

- Atanızla görüşürdünüz?
- Ancaq tətildə. O, Parisdə yaşayırdı, biz isə cənubda. Lakin daim onu hiss edirdim. 10 yaşım olanda o, mənə bir dəstə qızılgül göndərmişdi. 14 yaşımda isə mən özüm qatarla onun yanına getdim. Mən anlayırdım ki, "anamın düşərgəsini" tərk edirəm, çünki mənə ata lazım idi. Lakin atamın həyatı dəlisov idi. Odur ki, o, məni pansiona qoydu.

- Yəqin, ataya görə ananı tərk etmək və nəticədə, pansionda yaşamaq asan deyildi...
- Atamın başqa yolu yox idi. Pansionatda da özümü elə apardım ki, axırda məni qovmalı oldular. Atam məni Kvebekə göndərdi. Bu məni adam etmək üçün sonuncu yol idi. Mən Kanadada 4 il yaşadım. Burada xoşbəxt idim. Məhz Kanadada mən aktrisa olmağa qərar verdim. Vogue üçün çəkildim, daha sonra böyük rejissor Robert Oltman məni kəşf etdi...



- Siz valideynləriniz üçün darıxmırdınız?
- 17 yaşında valideynlərini tərk edən insan darıxmaz. Amma nənəm üçün çox darıxırdım!

- Özünüzə Elle-də baxanda, yəqin, gözəl olduğunuz görürsünüz...
- Yox, yox. Mən bu fotoların necə edildiyini bilirəm: İşıq, retuş. Bu jurnalın üz qabığında özümü gördüyüm an başa düşdüm ki, nəsə etmək lazımdır. O şəkildən sonra düz 10 kilo arıqladım. Heç bir foto təskinlik verə bilmir. Təskinliyi yalnız həyat verir və məhəbbət. Mən bədənimdə özümü elə də yaxşı hiss etməməyə öyrəşmişəm. Həmçinin, pis yatmağıma. Hər şeyə öyrəşirsən.

- Yatmağınıza nə mane olur?
- Bilmirəm. Mən sadəcə uzanıram. Mənim hətta uzanıb düşünməkdən də xoşum gəlir. Bu mənim üçün xüsusi bir andır. Bundan xeyir götürməyi öyrənmişəm. Əvvəllər yatmamağıma görə özümü dəhşətli dərəcədə pis hiss edirdim. Lakin getdikcə, bununla barışdım. Bu gecə mən yalnız iki saat yatmışam. Həkimim deyir ki, mənə yalnız psixoanaliz kömək edə bilər.

- Bu barədə nə düşünürsünüz?
- Bəzən psixoanalitiklər məni əməlli -başlı xilas ediblər. Ayrı-ayrı epizodlar olub. Bunun nə olduğunu bilirəm. Zənnimcə, bu vacibdir. Ola bilsin, nə vaxtsa bunla rahat məşğul olaram.



- Həyatdakı əsas məqsədiniz nədir?
- Xoşbəxtlik.

- Ən çox nə ilə fəxr edirsiniz?
- Övladlarımla.

- Ən böyük təəssüf hissini nə zaman yaşamışınız?
- Şaxta Babanın mövcud olmadığını öyrəndiyim an.

- Özünüzdə nəyi dəyişmək istərdiniz?
- Mən sadəcə inkişaf etməyə çalışıram.

- Hər hansısa fobiyanız var?
- Klaustrofobiya.

- İnsanlardakı hansı xüsusiyyət sizi cəlb edir?
- Ağıl və mərhəmət hissi.

- Hansılar itələyir?
- Qorxaqlıq.

- Yaşlanmaqdan qorxursunuz?
- Bu təkcə qorxu deyil. Bu arzu ilə qorxu arasında bir hissdir.

- Bəs ölümdən qorxursunuz?
- Hələ ki, yox.

- Özünüzü güclü hesab edirsiniz?
- Güc - digərlərinin sənə necə baxmalarını vecinə almamaq, cəsarətlə özün olmaq deməkdir. Bu məndə həmişə alınmır... (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31