“Gələcəyə doğru”dan Gələcəyə doğru...
26 Dekabr 2013 14:47 MədəniyyətGənc yazar, ona çəkinmədən şamil etdiyim "titul"la desəm - tələbə-araşdırmaçı Yeqzar Cəfərlinin "Gələcəyə doğru" kitabının layihəsi önümdədir. Müxtəlif dövrlərdə respublikanın, demək olar əksər qəzet və dərgilərində dərc edilən ədəbi, ədəbi-tənqidi və tanıtım məqalələrindən ibarət olan "Gələcəyə doğru" kitabı Yeqzarın üçüncü kitabıdır. Onun hələ 19 yaşındaykən qələmə aldığı və ədəbi ictimaiyyətin, elə mənim özümün də böyük marağıma səbəb olan, ədəbiyyatşünas, şərqşünas alim Əli Fəhminin həyat və yaradıcılığından bəhs edən "Əli Fəhmi dünyası" adlı monoqrafik kitabı gənc müəllifə böyük uğur gətirdi. Daha sonra gənc yazar "Uçurum" adlı hekayələr kitabını qələmə aldı. Yazarın həyat axtarışlarının məhsulu olan bu hekayələr göstərdi ki, o artıq ədəbi tənqidlə yanaşı nəsr sahəsində də uğur qazanmağı bacarır. Bütün bunlardan ruhlanan müəllif müxtəlif vaxtlarda mətbuatda çap etdirdiyi yeni məqalələrini ayrıca kitab halında çap etdirmək qərarına gəlib. Bəri başdan deyim, bu, onun haqqıdır (başqa sözlə, o, bu qərarda haqlıdır!). Onu da qeyd edim ki, gənc müəllif bu məqalələri gərgin əməyi ilə araya-ərsəyə gətirir. Tez-tez bizim Atatürk Mərkəzinə gəlir, yazdıqları ilə məni tanış edir, özünəməxsus nəzakətlə yaradıcılıq hesabatı verir, yeni ədəbi planları ilə bağlı məsləhət istəyir. Bu məqalələrin içərisində Azərbaycan-Ərəb ədəbi əlaqələri; görkəmli ərəbşünas alim Aida xanım İmanquliyevanın ərəb məhcər (mühacir) ədəbiyyatı ilə bağlı məqalələri; şərqşünas alim Əli Fəhminin elmi fəaliyyəti ilə bağlı və Türkologiya, əsasən də türk dillərində ərəb və fars qarışıqlı sözlərlə bağlı araşdırmaları özəlliklə diqqətimi cəlb edib. Gənc yazarın ərəb dilini yaşına görə yaxşı səviyyədə bilməsi, ərəb dilli qaynaqlardan bacarıqla yararlanması (Ədəbiyyatımızın böyük bir bölümünün ərəb dili ilə bağlı olmasını nəzərə alsaq) gələcəkdə ədəbiyyatşünüslıq elmimizə yeni bir imza qazandıracaq, - deyə düşünürəm.
Ədəbi tənqid ədəbiyyatın olduqca mürəkkəb sahəsi olmaqla yanaşı zərgər dəqiqliyi tələb edir. Bəlli olduğu kimi, tənqid sözünün kökündə də "nəqd" ("nəqdləşdirmək") durur. Nəzərə alsaq ki, hər hansı bir şairin, alimin və yazıçının yaradıcılığı haqqında tədqiqat xarakterli bir yazı hazırlamaq üçün onun bütün yaradıcılığını ətraflı öyrənmək lazımdır - o zaman bu işin çətinliyini daha dərindən başa düşmək olur - hələ-hələ yazar gənc bir qələm, bir tələbədirsə..! Bu məsuliyyəti dərk edərək də gənc dostumuz Yeqzar Cəfərli öz üzərində gərgin çalışır, alimlərlə sıx əlaqə saxlayır, öyrənir və başqalarını da məlumatlandırmaq (öyrətmək) sahəsində çalışır!..
Gənc yazarın türk dili ilə bağlı, özəlliklə də ərəb dilindən türk dilinə keçən sözlərin qarşılığına həsr olunmuş məqalələrinin yaşadığımız dövr üçün çox güncəl olduğu qənaətindəyəm. O, dilimizin ərəb və fars tərkibli sözlərdən təmizlənməsinin vacibliyini qeyd etməklə yanaşı eyni zamanda klassik irsimizin böyük bölümünün bu əcnəbi dillərlə bağlılığını nəzərə alaraq həmin dillərin ayrıca tədrisini də vacib sayır (bu minvalla bir sıra yanlışlıqların aradan
qaldırılmasının mükünlüyünü düşünür). O, Səlcuqlar dövründən başlamış şair və alimlərin fars dilində yazdıqlarının kökünü, səbəbini aramağa çalışır. Məsələn, "Azərbaycan-ərəb ədəbi əlaqələrinə yeni baxış" məqaləsində Yeqzar Cəfərli ərəb dilinə istinad edən Azərbaycan şairləri, islamın qələbəsindən sonra Mədinəyə köçən, hər biri islamda yüksək rütbə olan mövla, bütövlükdə isə məvali şairlər adlanan Azərbaycan şairləri haqqında; IX yüzildən başlayaraq türklərin ərəblər üzərində siyasi, daha sonra isə mədəni üstünlüyü haqqında; nəhayət bu əlaqələrin çağdaş durumu haqqında müəyyən bilgilər verir. O, bütün bu məqalələrdə təkcə qaldırdığı məsələləri yorumlamaqla (incələməklə) yetinmir, həmin olaylara şəxsi münasibətini də cəsarətlə bildirir.
Gənc yazarın diqqətimi çəkən cəhətlərindən bir də onun yeni yazılmış nəşrlərə, eləcə də tarixi romanlara yazdığı rəylərdir. O, bu əsərləri "debat-təhlil"ə cəlb edir ki, bu da günümüz ədəbiyyatında, zənn edirəm, yeni yanaşma, yeni üslubdur. O, yorulmadan və ardıcıl surətdə araşdırmalar aparır, öz üzərində daim çalışır, mütaliə edir və sonucda bir-birindən maraqlı məqalələr ərsəyə gətirməyə müvəffəq olur. Mən sevinirəm ki, onun kimi gəncin timsalında belə bir nəticəyə gəlmək mümkündür ki, gələcəkdə ədəbiyyatımızın, özəlliklə də, ədəbi tənqidin inkişafı daha bir imza boyu, bir enerjili qələm boyu böyüyəcək, genişlənəcəkdir! Əlbəttə, bu sahədə əzmlə çalışmaq yolu ilə! Onun əzmkarlığı, qətiyyəti, ədəbiyyat təsərrüfatımızda baş verən proseslərə çevik reaksiya vermək bacarığı - bütün bunlar fikrimizi mökəmləndirir; onun (sözün müsbət anlamında) yaşından irəli xüsusiyyətlərə malik gənc kimi hələ neçə-neçə (yaşına sığmayan!) işlərlə bizi sevindirəcəyinə əsaslar yaradır.
Məqalələrinin hər birində fərqli bir problem qaldıran yazar, bu yazıların hər birində hansısa bir yenilik gətirməyə çalışır. XX yüzil və çağdaş ədəbiyyatımızın bir sıra görkəmli simaları - Əli Kərim, Xəlil Rza Ulutürk, Aida İmanquliyeva, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Yunus Oğuz və başqalarının yaradıcılığı haqqında onun maraqlı araşdırmaları buna misal göstərilə bilər. Bu məqalələri qələmə alarkən, məqalənin ruhuna ən uyğun örnəkləri iqtibas gətirir, öz fərqləndirmə, dəyərləndirmə və yorumunu, incələməsini təqdim edir. Eelə düşünürəm, onun uğurunun bir səbəbi də orijinallığındadır.
Yeqzar Cəfərlinin publisistik məqalələri də diqqəti cəlb edir. O, cəmiyyətdə baş verən proseslərdən heç də geridə qalmır; məqalələrin hər birində, elmlə jurnalistikanın vəhdətini yaratmağa çalışır. Vaxtaşırı mətbuatda maraqlı müzakirələrə qoşulur, özünün cəsarətli fikir və mülahizələrini bildirir. Bu yolda gənc müəllifə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Prof. Dr. Nizami CƏFƏROV
AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi, millət vəkili
Atatürk mərkəzinin müdiri
Qeyd: Kitab hazırda Mədəniyyət və Turizm Nazirliyində çapa hazırlanır.