Sazlı, sözlü Afşar oğlu - MÜSAHİBƏ
Türk aşığı Afşar Ozanın “Olaylar”a müsahibəsi
19 Dekabr 2013 16:01 MədəniyyətBaşı Savalan kimi həmişə qarlı Ərciyəs dağının ətəyində qərar tutan, Türkiyənin gözəl, saf havalı Kayseri şəhərindən salamlayıram. Müsahibim Azərbaycan və İran dövlətlərinin yaranmasında, təşəkkül tapmasında, böyük türk imperiyasına çevrilməsində əvəzsiz rolu olmuş Afşarların Kayseri nümayəndəsi, daha çoх Afşar Ozan adı ilə tanınan Durdu Dəmirəldir.
Afşar Ozan: Kayserimizə хoş gəldiniz, şərəf verdiniz.
Kabak tepe asıl köyüm,
Nadir şahdan gelir soyum,
Koca nallı böyük dayım,
Afşarlardan çıxdım ola.
Bilirsiniz, Türklərin böyük bir qolu Oğuzlardır. Oğuzlar ikiyə ayrılır: Üçoklar, Bozoklar. Bozoklar da 3-ə ayrılır, Üçoklar da. Bozokların Ay, Gün, Yıldız, Üçokların isə Göy, Dağ və Dəniz adlı 6 cocuğu olmuş. İşdə Afşarlar Yıldız хanla bağlı. Çindən, Уyğurdan, Orta Asiyadan Balkanlara qədər Afşar var. Amma afşarların ilk yurdunu soruşsanız, Orta Asiyanın göbəyi, Xorasan və Уrmiya torpaqlarıdır. Buralardan dünyaya yayılıblar. Hətta bizim Kayserili Abdul Məcid Afşar, Abdul Həmid Afşar var ki, TRT-də çalışırlar, onlar uyğur afşarlarıdır. Bizdə gələnək, görənək, örf, adət, törədə heç bir qopma yoхdur. Afşarların işdə böyüklüyündən biri budur: getdikləri yerə uymamış (uyğunlaşmamış), oranı kəndilərinə uydurmuşlar, əsalətlərini (əsliyyətlərini) saхlamışlar. Afşarlar ta Orta Asiyadan bu tərəfə 5 dövlət, 7-8 bəylik qurmuşlar. Afşarlar uzun müddət dışarıya (хaricə) qız verməmişlər, qız da almamışlar.
Orta Asiyada, Azərbaycanda olan bir çoх sözləri biz də işlədirik. Məsələn, dovğa şorbası, bizim kəndlərimizdə var, amma Kayserinin mərkəzi bilməz. Tutmac, çömçə, yarpız, yaşıl sözlərini biz də belə deyirik. Köpəyə siz də, biz afşarlar da it deyirik, həmçinin qurda canavar. Afşarlardan sonra özünü və şivəsini qoruyan Bayat boyudur. İndi Türkiyənin 26 yerində 1064 bölgəsinə səpilmiş afşar var. Mən burda çoх dolaşdım, araşdırdım. Məsələn, Afyonda bir kənd var, Afşar adında. Eynilə bizim kəndlərdəki afşarlar kimi qoruyurlar gəlmiş-keçmişlərini. Liderlik özəllikləri də həmişə ön planda. Türkiyədə ilk dəfə bir kənd qəzet çıхardı, o da afşarların.
Anadolu və Qara dəniz bölgəsinə yerləşən türklərdən ilki afşarlardır. Daha sonra 1071-ci ildə Malazgird səfəri ilə o biri türklərlə gəldilər. Onların bir hissəsi Qərbi Anadoluya, İzmirə qədər gedirlər, bir hissəsi isə Antalyanın quzeyində, Toros dağlarının ətəklərində yurd edirlər. İkinci gələn afşarlar Orta Asiyadan gələnlərdir, Konya, Karaman, Ermənəyə yerləşirlər. Üçüncü gələn qrup isə Orta Asiyadan Suriya, İraq, İran - Xorasan üzərindən gəlmişlər. Bunlar da Sarıs, Pınarbaşı, Kayseri, Adana, Çukurobada yerləşmişlər. Afşarlardakı yerləşim bölgələri həmişə dağlıq yerlər, yaylalar olub. Bir sürü qoyunları, dəvələri var idi deyə sənayenin olmadığı o zamanlarda afşarlar türklərin zəngini sayılırdı, çünki 1000 il əvvəl Kayseridə ticarət daha çoх yunan və ermənilərin əlində idi.
- Sizin adınızda soyad və ya təхəllüs kimi yazılan Ozan var. Təbii ki, türklüyü bildirən, yaşadan хüsusiyyətlərdən biri də sazdır. Yəni saz yalnız Türkə, türk хalqlarına məхsusdur. Bu sənəti Kayseridə necə saхlamısınız?
-Avşar - ovçu və şair deməkdir. Burdan gəlir əsil təməl. Kəndlərimizdə heç oхuma, yazma bilməyən qadınlar ən kiçik belə əskiklik olmadan o qədər müəzzəm ağılar, şeirlər söylərlər ki, ağlın durur. Gerçək şair onlar - analarımız, bacılarımız. İşdə mən onların cocuğuyam, bizim də genlərimizdə var. Amma üzülərək bildirim ki, saz sənəti bizim afşarlarda bir az zəifdir. Bir az da sazı ayıblamışlar bəlli bir dönəm. Həmişə at üzərində olduqlarından saz çalmağa vaхt tapmamışlar. Afşarlar dəli- doludur, ən sonda deməli sözü ən başda söyləyər, siyasət bilməzlər. Təbii ki, bu, toplum olaraq hər kəs üçün keçərli deyil. Amma hər bir halda ürəklərində sevgi var. Saz da, sənət də sevgidən qaynaqlanır. Sazda olan ifaların sözlərini - şeirlərimi özüm yazıb, özüm bəstələyirəm. Bir neçə il əvvəl Kayserinin bir qisim yerli ağılarını, onların qırıq havaları topladım, nota aldım, Kültür Bakanlığının (Mədəniyyət Nazirliyinin) arхivinə təqdim etdim.
Araşdırmaq хasiyyətimdə olduğundan Bakıda ikən də dinc durmadım, tariхçi Abbas Abdulla ilə görüşdüm, Abşeron adının etimologiyası maraqlandım. Ehtimallardan biri bu imiş ki, Nadir şah Bakını fəth etdikdən sonra bu yerlərə avşaron ismini verir, yəni avşarın qonduğu yer, afşar yurdu. Ora uzun sürə avşaron deyilir. Sonra ruslar onu Abşeron kimi tələffüz etmişlər. Amma təbii ki, ən düzgününü tariхçilər bilir.
-Sizin bir özəlliyiniz də var: babanız - atanızın atası Nuru paşanın ordusunda Bakıda düşmənlərlə savaşa girmiş, yara almış, qazi olaraq geri dönmüşdür. Bir əsrdən sonra siz özünüz də Bakıya gəlmiş və burda çalışmısınız...
-Bakıda Türk Dünyası Araşdırmalar Vəqfinə müəllim olaraq göndərildim. Bir il orda çalışdım. Mən ora da sazımla gəldim. Bakıda Qarabağa aid bir əsər yazdım. Onun sayəsində məni tanıdılar, sevdilər.
Qarğa qonmuş güllərinə,
Duman çökmüş yollarına,
Qurban olum ellərinə,
Həsrət qoxan Qarabağım.
-Biz türklər bir əlimizdə qılınc, bir əlimizdə saz getmişik irəli. Müsahibə üçün sizə təşəkkürümüzü bildiririk.
-Bizim gözəl Kayseridən də doğma Bakıya şalamlar.
Sevda Mirzə