Bəstəkar: “486 manatla nə etmək olar?”- MÜSAHİBƏ

Elnarə Dadaşova: “Teatra, konsertə gedəndə düşünürsən ki, sabaha yol pulun qalacaq”

Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olub. Altı yaşında olarkən vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə gedir. 30 ildən artıqdır ki bəstəkar kimi çalışan Elnarə Dadaşovanın əsərləri bir çox xarici ölkələrin konsert salonlarında da səsləndirilib. Bir müddət radio-televiziya sahəsində çalışan bəstəkar efir məkanında da uğurlu verlişlərə imza atıb.

Bugünki vəziyyətdən gileyli olan E.Dadaşova öz nəslinə mənsub bəstəkarların lazımınca dəyərləndirilmədiyini söyləyir. Onun sözlərinə görə, hazırki qonorar sistemi ürəkaçan deyil. Qonorardan əldə edilən məbləğin böyük hissəsinin texniki tərtibata xərclənildiyini deyən bəstəkar aylıq qazancının 486 manat olduğunu söyləyir. E.Dadaşova deyir ki, bu məbləğ geyimə, əyləncəyə, səhhətinə xərcləmək üçün yetərli deyil.

İlk olaraq bəstəkarla yaradıcılıq fəaliyyətindən danışdıq. Bəstəkar körpə balaları yeni bəstələri ilə yaxın zamanlarda sevindirəcəyini söyləyir.

-Yaradıcılığınızda hansı yeniliklər var?

-Əsasən orkestr və fortepianoda ifa üçün bəstələr yazmışam. Bir az da maraqlı olsun deyə, illər öncə körpə balalarımız üçün yazdığım bəstələri yeni formada hazırladım...Gərək ki, körpələr üçün yazılan bəstələr onların öz dillərində olsun ki, uşaq həmin mahnını sevə bilsin. Bundan başqa hazırda "Vağzalı", "Laçın" və s.İşləmələrimi redaktə edirəm. Təzə bəstələrim sırasında "İnci", "Miniatür" var. Müəyyən sujet xətti və məzmunu olan bəstələrdi. Ümumuiyyətlə bəstənin yazlmasında əsas tələblərdən biri onun məzmununnun anlaşıqlı olmasıdı. Belədə bəstə uşaq, həmçinin böyük tərəfindən də rahat qavranılır.

-Hansı müğənnilərlə işləyirsiniz?

-Fəridə Məmmədova ilə işləyirəm, hansı ki, onun səsi çox böyük imkana sahibdi. Səsində peşəkarlıq duyulan ifaçılarla işləməyə üstünlük verirəm. Ara müğənnilərlə işim də yoxdu, çünki yazdığımı heç oxuya da bilmirlər. Bunun üçün gərək ki, müğənninin səs diapozonu, texnikası, oxu təcrübəsi olsun.

-Ara müğənniləri dedikdə kimi nəzərdə tutursunuz?

-Heç kimi, onlar özləri üçün sağ olsun.

-Bəs estrada müğənnilərindən kimlərlə iş qurmusunuz?

-Hələ ki, estrada müğənnilərinə borcum var, onlar üçün heç nə yazmamışam. Estrada müğənnisi üçün mahnı bəstələyəndə gərək ki, maddiyyatın yüksək olsun. Aranjemana, studiyaya və başqa şeylərə görə pul ödəməlisən. Bu səbəbdən hələlik, estrada müğənniləri ilə işləmirəm.

-Bir çox bəstəkarlar maddi durumunun yaxşı olmamasından gileylənir. Bu durum sizi necə, narahat edirmi?

-Gileyim çoxdu. Müəllimlərə, bəstəkarlara və digər sənət sahiblərinə münasibət bir qədər arzuolunan vəziyyətdə deyil. Mən belə düşünürəm. Deyək ki, dərs yüklərimiz artıb, amma əmək haqqı olduğu kimi qalıb. Belə çıxır ki, maaş azalıb. Bəstəkarlar da il boyu qonorar gözləyir, ötən il ala bilməmişik, bu il də ki, ya qismət.. Heç bu il də,deyəsən,verilməsi mümkün deyil. Bəstəkarın yaşam tərzi də kifayət qədər qənaətbəxş olmalıdı. Biz yalnız aldığımız adlarla təsəlli tapırıq. Xaricdə belədir ki, onlar ad almır, peşəkardısa, əsəri rezonans yarada bilirsə sadəcə işinin müqabilində qonorar alır. Xaricdəki bəstəkarların yaşam tərzi fərqlidir, maddi tələbləri də kifayət qədər ödənilir. Amma Azərbaycanda bu sənətə hələ ki ikinci dərəcəli bir sənət kimi baxılır. Gənclər də bizə baxanda bəstəkarlığı ucuz bir şeyə dəyişir, ən asan yola əl ataraq bəsit yola düşürlər. Çünki orda qazanc var. Amma biz...biz o səviyyəyə enə bilmirik. Düşünürəm ki, bu məsələdə şüurlu sürətdə dəyişiklik yaratmaq lazımdı. Ölkə yalnız idmançısı, nefti ilə tanınmır ki. Ziyalısı ilə də ölkə tanınır. Heydər Əliyev də hər zaman ziyalını uca tutub, ona dəyər verib. Bilib ki, ölkəni tanıdan, onu təmsil edən ziyalısı, incəsənət xadimidi.

-Bəs, hazırda bu laqeyd münasibət nədən qaynaqlanır, sizcə?

-Mənə elə gəlir ki, bu haqda bir az dərindən düşünülmür. Ağlamayan uşağa süd verməzlər, deyiblər. Gərək ki, biz də problemlərimizi açıqlayaq, hansı vəziyyətdə olduğumuzu göstərək. Bizə münasibət həmişə çox yaxşı olub, adlar da paylanılıb, qonorarlar da verilib. Hətta olub ki, iki kəlmə efirdə danışığımıza görə poçt ünvanımıza pul göndərilib. Amma indi, istəyirsən bir saat danış yenə də faydası yoxdu, ona da qiymət verilmir. Bu məsələlər bir az kənarda qalıb. Məhz bu problemlərə görə gənclər sənətdən daha çox onlara gəlir gətirəcək yerə meyillənirlər. Amma biz qazanc naminə o səviyyəyə enib, bəsit bəstələr yaza bilmirik. Özümü sındıra-sındıra bəsit bir şey ortaya çıxarda bilmirəm. Bu sənətimə, özümə, ustadıma vətənimə qarşı hörmətsizlikdi. Ölkə hüdudlarından xaricdə ara deyil, gözəl, peşəkar, dəyərli bəstələrimizlə tanınırıq. Ara bəstələrlə xaricdə vətənini təmsil edə bilməzsən. Biz həmişə incəsənətimizlə tanınıb, təmsil olunmuşuq. Bapbalaca ölkəyik, harda da büdrəsək incəsənətdə heç vaxt büdrəməmişik. Buna görə, incəsənətə dəyər vermək, qiymətini bilmək, onu uca tutmaq lazımdı. Belə düşünürəm ki, bu anlaşılmazlıq bəlkə də bizim susqun mövqedə dayanmağımızdan irəli gəlir. Susmağımıza da səbəb mədəniyyətmizə sığınmağımızdı. Düşünmüşük ki, görülür, problemlər çatdırılır.

-Böyük sənətkarlar, onların gördükləri işlər haqda sənədli filmlər hazırlanır. Yəqin ki, istərdiniz ki, hazırda yaşayan, sənətkar adına layiq olan şəxslər üçün də bu tip metrajlı filmlər hazırlansın.

-İstərdim...istərdim ki, mədəniyyət xadimləri, görkəmli sənətkarlar haqda möhtəşəm filmlər çəkilsin. Bu yaxınlarda Məhsəti Gəncəvi haqda sənədli filmə baxırdım. 900 il əvvəl yaşayıb. Əlbəttə ki, bunu başa düşmək olar ki, 900 il ötdüyü üçün görkəmli şair üçün sənədlər azdı. Bizim indi yaşayan müasirlərimiz var axı. Bəs onlar haqda niyə filmlər çəkilmir? Biz sənətkarların bolluğuna düşmüşük deyəsən. Elə bilirik ki, həmişə sənətkar yetişəcək. Quyunu da vaxtında arıtmasan onun gözləri tutular.

-Qonorar sistemi haqda daha ətraflı danışaq, Hansı tələblərə uyğun olaraq qonorar ayrılır?

-Uzun müddət ümumiyyətlə heç nə verilmirdi. Sonra vəziyyət bir az istiləşdi. Seçilmiş, işıq üzü görmüş bəstələr qiymətləndirildi. Öncələr telekanallara da ildə dörd dəfə bəstə təqdim edirdik. Bu zaman əlbəttə ki, müəyyən tələblər nəzərə alınaraq seçim edilirdi. Hər yerindən duranın bəstəsini seçmirdilər. Əsərlərimiz ittifaq tərəfindən seçilib, göndərilib. İlin sonu yaxınlaşsa da hələ ki bizi arayıb axtaran yoxdu. Çox istərdim ki, qonorar da yüksək olsun. Verilən qonorarın böyük hissəsi tərtibata xərclənir, bu işdə əməyi keçənlərin məvacibi tərəfimizdən ödənilir. İndeksasiya da olmalıdır, baxın görün qiymətlərin artımı hiss olunmadan dəyişib, yüksəlib. Amma işçilərin əmək haqqı olduğu kimi qalıb. İnsan kimi yaşamaq üçün gərək ki, yaşamın normal olsun. Biz cəmiyyət arasına çıxırıq, konsertə, teatra da getmək istəyirik. Filarmaniyaya getmək üçün pulumuz olsa özümüz bilet alardıq da. Niyə biz incəsənət ocaqkarının qapılarından qısıla-qısıla keçək. Onlar bilirlər ki, imkanımız yoxdu, buna görə konsert, tədbirlərə daxil olmaq üçün bizə şərait yaradırlar. Amma niyə belə olsun ki. Teatra, konsertə gedəndə düşünürsən ki, sabaha yol pulun qalacaq. İnsana dərman da, yemək də lazımdı. Hər hansı bir klinikaya getdikdə elə qapıda səni soymağa başlayırlar. Hələ bunun ardını demirəm. Amma soyulmaq üçün də gərək ki, cibində nəsə olsun ki, səni soya bilsinlər.

-Bir bəstə üçün təxmini nə qədər qonorar verilir?

-Çox az, Kicik həcmlilərə görə 200 manatdan 500 manatadək. Opera üçün, məsələn,  təhminən 10 min manat verilir. Düşünürəm ki, böyük zəhmət, əziyyət tələb edən sahə üçün bu məbləğ çox azdı. Adi ara mahnısı 5-6 minə satılır.

-Səhhətinizdə necə, problem varmı?

-Ürəyimdə işemiya xəstəliyi var. Bu da təbiidi. Elə olur ki, yatmadan səhərdən axşamadək işləməli oluram. Bunun müqabilində gərək ki, ildə iki dəfə gedib tibbi durumunu müayinədən keçirəsən.

-Yəqin ki aldığınız bu məbləğin müqabilində səhhətinizin yetərincə qayğısına qala bilmirsiniz?

-Təbii ki, yox. Adıma, elmi dərəcəmə, vəzifəmə görə  486 manat alıram. 486 manatla nə etmək olar ki? Nə geyinmək, dincəlmək, səhhətin qayğısına qalmaq, nə də ki müəyyən əsərlər üçün texniki  xərclər ğdəmək. Hələ gündəlik xərclərdən söz açmıram. Hələ bu professor maaşıdı. Qaymarit xəstəliyindən də uzun müdətdir ki, əziyyət çəkirəm. Ciddi müalicəyə ehtiyacım var. Amma bir dəfə müayinədən sonra ikinci dəfə müayinədən keçməyə imkanın  olmur,Çünki bu zaman  əlində pul qalmır.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31