Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”. YYSİB-nin yeni kreativ layihəsi

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyindən fəqrli innovativ təşəbbüs-layihə ilə ictimai-mədəni kampaniyaya başlayıb

Son illər gənclər arasında ənənəvi mütaliə mədəniyyətinin zəifləməsi, sosial şəbəkələrə qeyri-səmərəli vaxt sərfi və nəsillər arasında yaranan soyuqluq - cəmiyyətimizin üzləşdiyi bu problemlərin hər biri ciddi düşüncə tələb edir.

Yaradılmasından 15 il keçən Azərbaycan Respublikasının Gənclər Fondunun 2026-cı ildə elan etdiyi "Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi" çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin ( #YYSİB ) həyata keçirdiyi "Yeni nəsil üçün hibrid - real və virtual kənd kitabxana-klub modeli" adlı yeni layihə məhz bu çağırışlara cavab verir.

Layihənin əsas istiqaməti

1 oktyabr - 30 dekabr 2026-cı il tarixlərində reallaşdırılacaq "Yeni nəsil üçün hibrid - real və virtual kənd kitabxana-klub modeli" layihəsinin əsas ideyası Cənub bölgəsində, Lənkəran rayonunun kəndlərindən birində həm fiziki, həm də rəqəmsal mühitdə fəaliyyət göstərən müasir kitabxana-klub yaratmaqdır. Layihə rəhbəri, #YYSİB sədri Aydın Xan Əbilovun məlumatına görə, uğurlu nəticə verəcəyi təqdirdə bu model ölkənin digər bölgələrində də tətbiq edilə bilər.

Niyə məhz kənd və indi?!

Son illərin rəsmi açıqlamaları göstərir ki, məktəblərin yuxarı sinif şagirdləri ədəbiyyat və Azərbaycan dili fənlərindən zəif nəticələr göstərir. Eyni zamanda İnternet və İKT texnologiyalarına kor-koranə meylin artması gəncləri həqiqi ünsiyyətdən uzaqlaşdırıb, nəsillər arasında soyuqluq yaradıb. Layihə rəhbərliyinin fikrincə, çıxış yolu qadağalarda deyil, gənc nəsli real və virtual mütaliə mühitinə cəlb etməkdədir. Dərslərarası tətillərdə şagirdlərin mədəni-estetik istirahətinin səmərəli təşkili, onların kreativ və intellektual inkişafına təkan vermək də layihənin əsas hədəflərindəndir.

Fəaliyyət istiqamətləri

Layihə çərçivəsində Lənkəranın müəyyənləşdirilmiş kəndində modul tipli hybrid - real və virtual kitabxana yaradılacaq. Burada 200 nüsxəlik müxtəlif mövzulu kitab fondunun toplanması, uşaqlar üçün e-kinoklubun qurulması, art-müzakirələrin və mini-video nümayişlərinin təşkili nəzərdə tutulub. Kitabxana nəzdində ədəbiyyatçılar, mütaliəçilər, kinosevərlər, həmçinin bloqqerlər, youtuberlər və tiktokerlərdən ibarət qruplar formalaşdırılacaq.
Xüsusi diqqət rəqəmsal istiqamətə ayrılır: Azərbaycan həqiqətləri haqqında qlobal İnternet resurslarında fərqli formatlı kontentlər, audiovizual və virtual məhsullar yaradılacaq, qısametrajlı sosial videoçarxlar çəkiləcək, silsilə İnternet-TV verilişlərinin hazırlanması, montajı, səslənməsi və yayımı təmin ediləcək.
"İntellektual əsgər: oxumaq dəbdədir" adlı sosial media səhifəsi fəaliyyətə başlayacaq, elektron kitabxanada ayrıca altbölmə açılaraq orada bölgənin gənc kreativlərinin yaradıcılığına həsr olunmuş iki elektron nəşr yayımlanacaq və virtual sərgi təşkil olunacaq.

Kimlər iştirak edəcək?

Layihəyə Lənkəran rayonunda yaşayan məktəblilər, yeniyetmələr, icma nümayəndələri, müəlliflər, yazıçılar, Bakıdan gənc intellektuallar, jurnalistlər, bloqqerlər və tələbələr cəlb olunacaq. İnternet vasitəsilə isə respublika daxilində və dünyada yaşayan soydaşlarımız, xaricdə oxuyan gənclər, aktivistlər, kreativ əlil gənclər və tanıtıma ehtiyacı olan yaradıcı şəxslər fəaliyyətlərə qoşula biləcəklər. Layihə sonunda bütün iştirakçılar vahid intellektual platformada birləşəcəklər.

Mediada təqdimat

Layihənin ictimaiyyətə çatdırılması dəqiq işlənmiş media-plan vasitəsilə həyata keçiriləcək. Telefon, radio, İnternet və ölkənin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Feysbuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə ekspert rəyləri, məqalələr, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, ictimaiyyətin müzakirəsinə buraxılacaq. Fəaliyyətlərin hesabatları yazılı və elektron KİV-də yayımlanacaq, qurumun rəsmi saytında yerləşdiriləcək.

Gözlənilən nəticələr

Layihə rəhbərliyi bir sıra konkret nəticələri qarşıya qoyub:
• Formalaşdırılacaq komanda üzvləri, könüllülər və iştirakçılar sonrakı mərhələdə yeni intellektual platformanın əsas fəalları kimi götürüləcək;
• Gənclər arasında mütaliə mədəniyyəti və e-oxu vərdişlərinin inkişafına təkan verəcək yeni formalar dəstəklənəcək;
• Real və virtual tədbirlər, e-sərgilər, e-debatlar vasitəsilə İnternetdə yeni trendlərin yaranmasına motivasiya veriləcək;
• İdeoloji-mənəvi dəstək planları və modelləri hazırlanıb geniş ictimaiyyətin müzakirəsinə çıxarılacaq;
• İdeoloji-kreativ neo-maarifçilik hərəkatı genişləndiriləcək, gənclərin iştirakı təmin ediləcək;
• Lənkəranlı gənc yaradıcı qüvvələrin iştirakı ilə 2 elektron nəşr hazırlanıb İnternetdə yerləşdiriləcək;
• Elektron kitabxanada altbölmə yaradılaraq dünyanın istənilən yerində yaşayan gənclərin istifadəsinə veriləcək;
• Azərbaycan, doğma diyar və xalqımıza sevgi və sayğını nümayiş etdirən qısametrajlı sənədli-mədəni videoçarx hazırlanacaq;
• İki İnternet TV formatlı veriliş yayımlanacaq;
• Süni İntellekt resursları üçün yeni intellektual məlumat mənbələri yaradılacaq;
• Bakıda və Lənkəranda təqdimat mərasimləri keçiriləcək;
• Layihənin davamı olaraq yeni fəaliyyət planları hazırlanacaq, hesabatlılığa xüsusi diqqət ayrılacaq.

1998-ci ildən fəaliyyət göstərən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi nizamnaməsinə uyğun olaraq yeni media, e-kitab, bloqqerlik və ədəbi-mədəni hadisələrin təşkili, hüquqi-mədəni neo-maarifçilik sahəsində fəaliyyət göstərir. Təşkilatın üzvləri arasında Prezidentin illik fərdi təqaüdünün laureatları, aparıcı media orqanlarında ekspert kimi çıxış edən intellektuallar, yerli və beynəlxalq mükafatların laureatları var.

Nihad Əbilli 

YYSİB İH-nin üzvü, Analitik-İnformasiya bölümünün əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31