“Azıx” haqqında düşüncələrim
16 Dekabr 2013 13:47 MədəniyyətAzərbaycan ibtidai insanların ən qədim yaşayış məskənlərindəndir. Bunu ölkəmizin ərazisində mövcud olan, dünyada oxşarı olmayan qədim yaşayış məskənləri sübut edir. İsaq İbrahimov həmin qədim yaşayış məskənlərindən biri olan Qobustan haqqında yazırdı: "Qobustan misli bərabəri olmayan muzeydir. On min il əvvəl bu yazıları yazanlar özlərinə əbədi abidə qoyublar. Qobustan hansı xalqın olsaydı, bütün dünyaya səs salardı. Biz hələ onun qədrini bilmirik". Sayğıdəyər alimimizin bu sözlərini eyni ilə Qobustandan heç də az önəm kəsb etməyən Azıxa da şamil etmək olar.
Tarix voleybol oyununa bənzəyir, rəqib harda boşluq görürsə topu həmin boşluğa atır. Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında monoqrafiyalar, tarixi romanlar yazmaq və yaymaq lazımdır. Elçin Hüseynbəylinin "Azıx" romanı da məhz bu məqsədə xidmət edir.
Tarixi faktlarla yazıçı təxəyyülünün birgə məhsulu olan "Azıx"ı oxuyarkən Amazon qadınları haqqında əfsanəni xatırladım. Əsərdə "Az qaraqaş, qaragöz idi, saçları çiyninə dağılmışdı. Qorçatan xatırladı ki, tayfa ərlərini (dəliqanlılarını) düşmən tayfasından olan həmin qadınlar yoldan çıxarırdılar" sözlərini oxuyunca indi daha artıq başa düşürəm ki, Amazon qadınları haqqında söylənilənlər heç də əfsanə deyildir. Və bir də ki, tarixdə heç nə boşuna yaranmır. Qafqaz dağlarında yaşamaları söylənilən Amazon qadınları kişilərə meyl etmir, (kişilər onlar yalnız uşağa qalmaq üçün lazım idi, uşaq olandan sonra isə kişini oğlan uşağı ilə birlikdə tayfadan qovurdular) eyni zamanda kişilərə qarşı olduqca temperamentli, erotik, haqq-ədalət uğrunda dirəniş aparırdılar. Onların Makedoniyalı İsgəndərlə görüşləri haqqında rəvayətlər var. "Amazon qadınları" haqqında söhbətlər tarixi həqiqətlərə söykənməsə belə hər halda bu haqda üst-üstə düşən çox məqamlar var. Əski yunan qaynaqlarında Bərdənin qadınlara tapınması, rus qaynaqlarında Bərdədə qadınlara tapınan iki tayfanın yaşaması, Nuxa-Şəki sözünün qadınlar şəhəri kimi anlam verməsi və bu şəhərin amazon qadınlarının idarəsi altında olması Qafqaz dağlarında yaşayan amazon qadınları (amazon fars dilində həməzən-zənən-qadın anlamına gəlir) bütün bunlar bizə yalnız bir şeyi deyir: Azərbaycan tarixinin qədim dövrü yenidən işlənməlidir. E.ö 66-cı ildə Pompeyə qarşı alban qadınlarının cəsarəti, 5-ci yüzildə Qaradənizin Amazon dənizi adlanması, Qobustanda 8 min il öncə əllərində ox-yay tutan qadın təsvirləri, N.Gəncəvinin Nüşabə obrazı, Tomris, ondan sonrakı qadınlar, 944-cü ildə Bərdədə qızların qəhrəmanlığı, daha öncələr eneolit dövründə qadınlar üçün bütlər qoyulması-bütün bunların hamısı həqiqətdir. Amma, görünür bu məsələ bizdən daha artıq xariciləri düşündürür. Eşitdiyimə görə bir rus rejissoru Bakıda amazon qadınları haqqında film belə çəkmişdir. Bizim tarixçilər isə bu qaranlıq səhifələri araşdırmq əvəzinə Anar demiş, "erkənlə doğanağın mehriban münasibətlərindən" yazırlar.
Bəri başdan qeyd edim ki, "Azıx" iri həcmli olmasa da gərgin əməklə hasilə gəlib. Bu məqsədlə yazıçı ibtidai insanların tarixini öyrənmiş, onların həyatına dair filmləri izləmişdir. Onun Biologiyaya, insan anatomiyasına aid biliyi isə heyrət ediləcək qədərdir. (nəzərə alsaq ki, bu onun ixtisası deyildir). Bir də ki, təəccüblənməyə dəyməz, axı, o, Elçin Hüseynbəylidir. "Ekzellənt".
Elçin Hüseynbəyli ilə müsahibəmdə o, qeyd etdi ki, bəzən tənqidçilər hər hansı bir əsərimdə mənim əsil məqsədimi açıb göstərə bilmirlər. Bu dəfə mən hörmətli yazıçımızınn ən dərin qatlarına baş vurub "Azıx"dakı bütün sətiraltı eyhamları aydınlaşdırmağa və Elçin Hüseynbəylini razı salmağa çalışacağam.
Əsərlərindən hiss olunur ki, müəllif doğma vətənini-Qarabağı qədərsiz məhəbbətlə sevir. Qarabağ onunçün dünyanın ən gözəl, ən qədim guşəsidir, "Bəşəriyyətin başlanğıc nöqtəsinin yeri bəllidir, həmin nöqtə Azərbaycanın düz ortasında, göbəyində yerləşir"(yəni Qarabağda)-deyərək bununla fəxr edir. Və bu kəşfin mahiyyətini dərindən dərk etməyən, Azıxın xalqımızın ölüm-dirim məsələsi olduğunu bilməyən soydaşlara öz iradını bildirməkdən belə çəkinmir. Azıxantropla "Biz indi hansı millətin oğlu olması ilə ürəkdən fəxr edə, qürurla gəzə bilərdik. Eyfel qülləsinə də, Trafalqar meydanına da, Misir ehramlarına da, Semiramida bağlarına da iddia edə bilərdik. Dünyanın bütün möcüzələrini öz adımızla bağlayardıq".
İstər "Azıx"da, istərsə də daha öncəki əsərlərdə yazıçı bir an da olsa doğma torpaqlarımızın düşmən tapdağından azad edəcəyimizə şübhə etmir. Amma o, bəziləri kimi "lazım olsa" deyib (məgər lazım olmaya da bilər?) Lazım kişini gözləmir."Bəs neçə vətənpərvər oğlanlarımız, qeyrətli, namuslu qızlarımız azdır bəyəm? Bu hələ harasıdır? İtirilmiş torpaqlarımızı da alacağıq. Hə... bə nə".
Elçin Hüseynbəyli keçmişi müasirləşdirməyi bacarır. Keçmişlə müasirliyin paralel təsvirini verib sonda hadisələri birləşdirir, hadisələr bir-birini tamamlayır. Keçmişə maraqlı ekskurs edir. Məsələn, "Azıx"da İmran bəy tərəfindən yaradılmış homindin-Bəşərin təsvirini verməklə Qorçatanın və Azın da həyatını, yaşam tərzini də verib oxucunu düşündürür, bir sıra suallarla oxucuları baş-başa qoyur.
İndi mən çox sevinirəm ki, Azıxantropu ermənilər Qarabağı işğal etməzdən əvvəl kəşf etmişik. Yoxsa onlar tarixçilərimizin məsuliyyətsizliyi ucbatından Azıxı özlərinə çıxıb bizim keçmişimizi şübhə altına alardılar. (Hərçənd ki, bəzi hallarda buna nail ola bilirlər). Müəllif bunu romanın bir neçə yerində qeyd edir: "Biz hamımız Azıxdan çıxmışıq, ilkin mərkəzimiz oradır. Azıxantropun nəslindənik". Məişət əşyalarına, metalloma belə mahnılar qoşulduğu halda "Azıxa bircə dənə də olsa mahnı qoşulmaması" müəllifi narahat edir. Bu da bizim biganəliyimizin bir üzü. Hər şeyi unudub sevinirik, çalıb oxuyuruq, oynayırıq. Neyləmək olar, təbiətimiz belədir, toy-bayram həvəsliyik.
Xalqımızın hansı dinə etiqad etməsindən asılı olmayarq öz inancıında həmişə möhkəm olmuşdur. Allah sandığı predmetdən qorxub çəkinib. Ona görə də insaflı, mərhəmətli, xeyirxah olub. Əsərdən oxuyuruq ki, od tayfasının müqəddəs sümükləri yoxa çıxanda "kişilər gücsüz, qadınlar sonsuz olar, meşələr yanıb külə dönər, çaylarımız quruyar, bulaqlarımız susuz olar"-deyə qorxurlar.
İmran bəy Azıx adamının klonu olan Bəşəri eyni ilə babalarımızın ruhunda yaradır. Çünki, yazıçının qənaəti belədir ki, biz tamamilə babalarımıza bənzəməsək, onların döyüşkən ruhu ilə silahlanmasaq torpaqlarımızı azad edə bilmərik. "Sən onun sifətinə baxsan, eynən rəhmətlik babamdır. Başını əlləri arasına alır, üz-gözünü turşudur və qəfil ayağa qalxıb çığırır. Mən bu işi belə qoymaram"-deyir.
-"Hansı işi?
-Qarabağı azad etmək haqqında düşünür. Deyir ki, lazım gəlsə ermənilərlə danışa bilər. Onların da dilini bilir. Bizdən törəyiblər axı..."
Azıxdakı çənə sümüyü həqiqətənmi qadına məxsusdur? Mən, əlbəttə, Məmmədəli Hüseynovun böyük alim olmağına əsla şübhə etmirəm. Amma Azıxantropun qadın olması heç də əcdadımızın qadın olmasını bildirmir. Bəs bu Azıxantropun özü bir kişidən əmələ gəlib ya yox? Axı, bəşəriyyət Adəmdən törəyib. Bunu müəllif də romanda qeyd edir "Bizim əcdadımız kişidir, erkəkdir. Qadınlar isə ozümüzü təsdiq vasitəsidir".
İmran bəyin yaratdığı hominid-bəşər (Azıxantropun klonu) dini baxımdan yanaşanda yenə də dünyanın ən qədim sakini ola bilər. Adəmin cənnətdən qovulub yerə enməsi ilə başlayan Enmə (hubut) təqvimi ilə Azıxantropu dünyanın ən qədim sakinlərindən hesab etmək olar. Az isə Azıx sakinlərinin çox-çox sonrakı nəsillərindəndir. Çünki, Azıxdakı adamların oddan istifadə ili ən azı 700 min ildir. Amma romanla tanışlıqdan bəlli olur ki, Az odun nə olduğunu bilmirdi. Azıx adamının yaş həddi də ibtidai insanların yaş həddi ilə düz gəlir. Çünki, alimlər Azıx adamının yaş həddini 18-22 yaş təyin etmişlər ki, bu da həqiqətə çox yaxındır. Çünki adi bir diş ağrısından belə ölə bilən ibtidai insanların orta yaş həddi 20 yaş idi.
"Azıx"da bir-biri ilə ziddiyyət təşkil edən məqamlar var. Eyni ölkədə yaşayan iki tayfanın-birinin odla tanış olması və onu min illərlə qoruyub saxlaması, digər tayfanın isə odun nə olduğunu bilməyib əti çiy-çiy yeməsi və odu qonşu tayfadan oğurlamaq üçün bütün səylərini göstərməsi əlbəttə bir qədər şübhə doğurur. "Exzellənt".
"Azıx"ı oxuyarkən "Bibliya"dan Musa peyğəmbər haqqında bir hekayəti xatırladım. Musa Bəni İsraili Misirdən çıxarıb babalarının torpağı olan Kənana aparmaq istəyirdi. Amma bu torpaqlarda Allaha şərik qoşan tayfalar çoxdandı ki, məskən salmışdılar. Onları yalnız savaş yolu ilə oradan çıxarmaq mümkün idi. Lakin onlar uzun müddət əsarətdə qaldıqlarından vuruşmaqdan qorxurdular. Musa onları səhrada 40 il saxladı. O vaxta qədər ki, yeni nəsil yetişdi və o torpaqları azad etdilər.
İmran bəyin yaratdığı klon-Bəşər öz xalqının taleyindən narahatdır. Neft quyusuna düşür, təhqiqat aparır ki, görəsən xaricilər neftimizi tamam çəkib aparıblarmı? Bunu müəllifin işğal olunmuş torpaqlarımızla, sərvətlərimizlə bağlı həyacan təbili kimi də başa düşmək olar. İmran bəylə birgə yazıçı da Bəşərin itməsindən çox narahatdır. Bəşər mütləq tapılmalıdır. Yoxsa torpaqlarımızı kim azad edəcək? Torpaqlarımızı azad edəcək o Bəşər kim olacaq? Kim olacaqsa
bax, ona xalqımız "Bakının tən ortasında bir heykəl ucaldacaq. Altında da yazacaq: "Vətənpərvər Azərbaycanlılardan yadigar".
Azıxı oxuyan hər bir oxucu ən azı bir həqiqəti dərk etməlidir: Azərbaycan tarixinin ən qədim dövrü yenidən yazılmalıdır. İndiki gənclik şərəfli keçmişinə köklənməsə torpaqlarımızı azad edə bilməyəcək. Bizə "Azıx" kimi gözəl bir əsər bəxş dən Elçin Hüseynbəyliyə təşəkkür edirik. Biz inanırırıq ki "Azıx" romanı yazıçıya böyük şöhrət gətirəcək və onun "Facebook" dostlarının sayı durmadan artacaq.
Yeqzar Cəfərli