“Yeməyə çörəyim belə olmasa, restoranlarda sənətimi satmaram” - BİZİM QONAQ
“Hamı fikirləşir ki, təqaüdə çıxdıqdan sonra ailəsini necə dolandıracaq”
6 Dekabr 2013 14:38 Mədəniyyət"Bizim qonaq" layihəsinin müsahibi Respublika İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, məşhur rəqqas Tahir Eynullayevdi. Həmsöhbətimizlə bu sənətin hazırki durumu, çətinlikləri və yaradıcılığı haqda danışdıq.
-İlk olaraq sənətə gəlişinizdən danışaq. Bildiyim kimi, valideynləriniz də bu sənətdə olub.
-Demək olar ki, uşaq yaşlarından bu sənətlə məşğulam. Atam, nənəm rəqs sənətinin daşıyıcısı olub. Nəslimizdə rəqqaslarla yanaşı aktyorlar, rejissorlar, musiqiçilər yetişib. Rəqqas kimi fəaliyyətimə Y.Qaqarin adına Pionerlər Evində "Cücələrim" ansamblından başlamışam. Xoreoqrafiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Rəqs Ansamblında, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışmışam. Sonradan isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirərək Rəşid Behbudov adına Mahnı Teatrının balet truppasında fəaliyyətə başladım. Müəllimlik fəaliyyətinə 1996-cı ildə Respublika İncəsənət Gimnaziyasında başlamışam. 2002-c ildə Sankt-Peterburq Dövlət Teatr Akademiyasının aspiranturasını bitirdim. Beynəlxalq müsabiqələr laureatıyam. İlk mükafatımı Türkiyədə almışam. İsveçdə duet ortağımla birgə qran-pri mükafatına layiq görülmüşəm. Kanada, ABŞ, Türkiyə, Rusiya, Şotlandiya, İngiltərə, Norveç və bir çox digər ölkələrdə səfərdə olmuşam. Çalışıram ki, nəinki Azərbaycanda, həmçinin xaricdə tanınaraq nailiyyətlər əldə edim, bayrağımızı ucaldım.
-Həm də Sankt-Peterburq Konsert Birliyi ilə əməkdaşlıq edirsiniz. Bildiyimə görə, bu yaxınlarda keçirilməsi planlaşdırılan konsertdə çıxış etməkdən imtina etmisiniz.
-Sankt-Peterburq Konsert Birliyinin solistiyəm, hazırda həmin qurumla müqavilə əsasında işbirliyi qurmuşuq. Tez-tez müqaviləyə əsasən Rusiyada da konsertlərə qatılıram. Bu yaxınlarda da Sankt-Peterburq Dövlət "Müzik Holl" Teatrından dəvət almışdım. Yanvarda keçirilməsi planlaşdırılan müziklda çıxış etməkdən imtina etməyimə səbəb son vaxtlar rusların azərbaycanlılara qarşı kobud rəftarı olub. Bu cür rəftara etiraz olaraq bildirdim ki, vətəndaşlarımızın hüquqları pozulduğu bir ölkədə konsert vermək istəmirəm. Konsertdən imtina edən tək mən olmadım, başqa xalqların nümayəndələrindən də belə addım atan olub. Buna görə, həmin tamaşanın premyerası gələn ilin martınadək təxirə salınıb.
-Səfərləriniz çox olur. Səfərlərinizin maddi xərclərini dövlət qarşılayır, yoxsa özünüz?
-Azərbaycanı təmsil edirəm. Demək olar ki, səfərlərimin böyük əksəriyyəti öz hesabıma gerçəkləşir. Heç bir qurum qastrol səfərlərimi maddi tərəfdən qarşılaya bilməz. Çünki səfərlərim çox olur. Qazancım isə çoxsaylı alqışlar, sevgi və rəğbətdi. Bu mənə bəs edir. Gördüyüm işin maddi tərəfini fikirləşmirəm. Təklif gəldikdə belə onun maddi tərəfi, qonorarı ilə maraqlanmıram. Çalışmaq lazımdır ki, ölkəmizi xaricdə uğurla təmsil edək. Bu gün bir çox rəqqaslarımız, ansambllarımız Azərbaycanı xaricdə layiqincə təmsil edir.
-Deyəsən toylara marağınız yoxdur. Bu nə ilə əlaqədardı?
-Toylara ümumiyyətlə getmirəm, restoranlarda çıxış etmirəm. Qazancım mənə yetir. Sənətimə hörmət edirəm, hətta çörəyim belə olmasa, restoranlarda sənətimi satmaram. O demək deyil ki, buna pis baxıram. Sadəcə olaraq sənətimə hörmət edirəm. Səhnədə oynayaram və sənətimi restorana qurban vermərəm. Belə düşünürəm ki, professional rəqqas restoranda oynamaz. Müğənni restoranda ifa edə bilər, amma rəqs sənəti üçün, zənnimcə, bu bir qədər qəbuledilməzdi. Buna baxmayaraq restoranlarda işləyən həmkarlarımı da başa düşüb anlayıram.
-Əlbəttə ki, rəqqasların toy bazarına maraq göstərməsində maddi tərəfin rolu önəmlidi.
-Onları başa düşürəm, pul qazanmaq üçün bu yola əl atırlar. Əgər onlar oynadığı konsertlərdən yetərincə pul qazansaydılar, heç restoranlarda çıxışa ehtiyac qalmazdı.
-Rəqs sənətini öyrənmək üçün vacib olan amillər hansılardı?
-Çox istərdim ki, rəqqaslar dünya rəqslərini öyrənməkdən öncə milli rəqslərimizi, onların tarixini bilsinlər. Rəqqaslarda və rəqs quruluşlarında rəqs mədəniyyəti olmalıdı. Bunun üçün onlar çalışmalıdırlar ki, qalmaqaldan uzaq olsunlar. Qalmaqala vaxt sərf etməkdənsə, sənət nümayiş etdirsələr, daha yaxşı olar. Əksəriyyəti fəxrlə "mən filan rəqsdə birinciyəm" deyir. Sənətə gəlib, hər hansı rəqsi ifa etdikdən sonra deyirlər ki, "bunu ilk olaraq mən oynamışam". Məsələn, ölkəmizdə hind rəqslərinin ilk ifaçıları Roza Cəlilova, Aliya Ramazanova, daha sonra isə Zita Babazadə olub. Ərəb rəqslərindən danışanda, öncə Xumar Zülfüqarova, Zita Babazadə yada düşür. Dünya xalq rəqslərindən söz açırıqsa, Fərhad Qəndəhovu, Əminə Dilbazini və başqalarını göstərə bilərik. Milli rəqs sahəsində bizdən öncə Əminə Dilbazi, Əlibaba Abdullayev, baletdə Qəmər Almaszadə, Leyla Vəkilova kimi sənətkarlar olub. Bizdən qabaq bu qədər sənətkarlarımız ola-ola özümüzü birinci adlandırmağımız çox gülüncdü. Biz deyə bilərik ki, "bu kompozisiyanın ilk ifaçısı mən olmuşam". Amma hind, ərəb, ispan, ya da qaraçı rəqsinin ilk ifaçısı mənəm demək düzgün deyil.
-Dünya rəqslərini ifa edərkən nələri bilmək lazımdı?
-Başqa bir ölkənin rəqsi canlandırılarkən düzgün quruluş verilməli, rəqsə uyğun geyim seçilməli, onun tarixi öyrənilməlidi. Rəqsin tarixini, onun mənsub olduğu xalq haqda tarixi informasiyalar toplamadan düzgün quruluş vermək olmaz.
-Azyaşlıların bu sənətə marağı varmı?
-Onların bu sahəyə böyük marağı var. Tədris zamanı ilk növbədə şagirdlərə milli rəqsləri, gimnastika və klassikanı öyrədirik. 5-ci sinifdə rəqs tarixini, 8-ci sinifdən etibarən isə dünya ölkələrinin rəqslərini öyrənirlər. Professional rəqqaslar, bu işin içində olanlar rəqs tarixini bilirlər. Hazırda gimnaziyada 1-9-cu siniflərdə 176 şagird təhsil alır. Bu qədər uşaq arasından kimin sənəti davam etdirəcəyini hələ ki, demək çətindi. Ötən il bir, ondan öncəki il isə üç məzunumuz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinə qəbul olub. Rəqsə maraq böyükdü. Sadəcə olaraq hər kəs ilk növbədə ailəsini, günü-güzəranını fikirləşir. Rəqslə çox qabağa getmək mümkün deyil. Bu gün sənəti davam etdirməyən istedadlı rəqqaslarımız da az deyil.
-Düşünürəm ki, rəqqasları ağrıdan məsələlərdən biri də təqaüdlə bağlıdı. 20 ildən sonra staj bitsə də, rəqqasa bunun müqabilində heç bir təqaüd verilmir...
-Rəqqasın 20 illik stajı var. Sənətə yenicə gələn şəxs yalnız iyirmi il ərzində rəqs edə bilər. Sovet dövründə 20 il staj bitdikdən sonra rəqqasa təqaüd verirdilər. İndi isə belə deyil. 18 yaşda fəaliyyətə başlayan rəqqas 38 yaşında təqaüdə çıxır və heç bir müavinət almır. 65 yaşadək qazanc əldə etmək üçün gərək bu insan hardasa işləsin. Yeganə çıxış yolu müəllimlikdi, bunu da hamı bacarmır. Hamını bir sual narahat edir ki, təqaüdə çıxdıqdan sonra ailəsini nə ilə dolandıracaq. Buna görə, bir çoxları sənətdən uzaqlaşır. Bu gün istedadlı rəqqaslarımız var ki, artıq fəaliyyətini davam etdirmir, ölkəni tərk edir. Bu problemlərin kökündə təqaüdün ayrılmaması dayanır.
-Etiraf edək ki, bu sənətdə də professional olmayanlar var...
-Təbii ki, var. Professional rəqqas Bakı Xoreoqrafiya Məktəbini bitirməlidi. Bu diploma sahib olmasan, özünü professional adlandıra bilməzsən. Amma diplom kağızda yox, sənin əməllərində, sənətində və təcrübəndə olmalıdır, birinci yerdə istedad, daha sonra isə təhsil və təcrübə dayanır.
Nigar Məhərrəm