“Meyxanaçıların içərisində ilk dəfə mənim albomum çıxıb” - MÜSAHİBƏ
Tahir Rəvan: “Efirə çıxmayanda küçədə adama salam da vermirlər”
5 Dekabr 2013 15:09 MədəniyyətMeyxanaçı Tahir Rəvanın "OLAYLAR"a müsahibəsi.
- Tahir müəllim, meyxana son zamanlarda populyarlaşıb. Belə bir fikir var ki, folklor ədəbiyyatının bu janrı həm də, bayağı musiqi və poeziya nümunəsidir. Həmçinin öz bayağılığı ilə xüsusən də gəncləri səhv istiqamətə aparır.
- Həqiqətən də son zamanlarda meyxananın populyarlaşmasının şahidi oluruq. Məsələnin əsas müsbət cəhəti isə populyarlaşmaqla yanaşı bu janr həm də inkişaf edir. Bu fikirlə razı deyiləm ki, meyxana bayağı musiqi və poeziyanı təmsil edən janrdır. Bayağı meyxanalar bundan əvvəl də deyilib. Zaman-zaman həmişə söyüşlərlə, kobud jarqonlarla deyilmiş meyxanalar olub. Lakin o vaxtı texniki inkişaf indiki səviyyədə olmadığı üçün həmin meyxanalar yayılmırdı. Kassetlər az idi, disklər isə ümumiyyətlə yox idi. Meyxana elə bir janrdır ki, meyxanaçı gərək gördüyündən desin. Rəhmətlik Nizami də həmişə gördüyünü deyirdi. Aşıq gördüyünü çalar, meyxanaçı da gərək, gördüyündən danışsın. Nə qədər meyxana deyən çox olsa, janr da o qədər inkişaf edər.
- Namiq Məna hesab edir ki, meyxana bədihədir...
- Vallah, neçə illər meyxana deyənlərin içərisində yaşamışam, elə mənim əmim - Səlim Dağlı da meyxana deyən olub. Nizami Rəmzi isə atamın dayısı oğlu idi. Onların dilindən meyxana eşitmişəm. Heç vaxt meyxanaya bədihə deməyiblər. Ümumiyyətlə bədihə ilə meyxananın heç bir fərqi yoxdur. Müqayisə edəndə ortaya eyni məfhum çıxır. Sadəcə olaraq ad dəyişdirilib. Bədihə deyən də sözünü deyir, meyxana deyən də.
- Meyxananın iki məktəbi daha məşhurdu: Maştağa və Dağlı məktəbi. İndi hansı məktəblər var, varsa, nə ilə fərqlənirlər?
- İndi meyxana məktəblərinin sayı çoxalıb. Sonradan Əhmədli məktəbi də ortaya çıxdı. Yaradıcısı Mehman Əhmədlidir. Əvvəllər konsert salonlarında, efirlərdə meyxana demək çətin idi. Aşkarlığa çıxandan sonra meyxana populyarlaşdı. Meyxananın inkişafında Nizami Rəmzinin rolu böyük olub. O, meyxananın inkişafı üçün bir sıra yeniliklər gətirdi. Janrın musiqiləşdirilməsi, caz meyxananın ortaya çıxması ilk dəfə Nizami Rəmzinin adı ilə bağlıdır. Azərbaycanda ilk dəfə meyxanaya klip çəkdirən də o olub. Bunların hamısını görmüşəm, o həm də mənim müəllimim olub. Yaxşı yadımdadır. Həmişə meyxanaçılar bizim evə yığışardılar. İkimərtəbəli evdi, birincisində biz olurduq, ikincisində əmimgil qalırdı. Dövrünün məşhur meyxanaçıları - Ağasəlim Çıldaq, Kəbir Azəri, Molla Məmməd, Nizami Rəmzi və mən tez-tez bir yerə yığışıb meyxana deyərdik. İlk dəfə konsert salonlarında meyxananı da Nizami Rəmzi deyib. Bu janrı Azərbaycandan kənara da o çıxarıb.
- Əhmədli meyxana məktəbinin yarandığını dediniz. Bu məktəb əvvəlkilərlə rəqabət apara bilirmi?
- Əhmədli meyxana məktəbinin də yetişdirdiyi kifayət qədər meyxanaçılar var. Mehman Əhmədli, Namiq Qaraçuxurlu, Oqtay Kamil kimi meyxanaçılar Əhmədli məktəbinin yetirmələridir.
- Namiq Qaraçuxurlu ilə bağlı bir sual ortaya çıxdı. Namiqin meyxananı atıb, şou-biznesə keçməsinə necə baxırsınız?
- Namiq Qaraçuxurlunun işinə qarışa bilmərəm. Bu onun şəxsi fikridir, ancaq hörmət edə bilərəm. Ən ağıllı meyxanaçı Namiq Qaraçuxurludur. Gedib, bir-iki mahnı oxuyub, pulunu alıb qoyur cibinə.
- Efirlər meyxanaçılarla dolub daşır. Amma Tahir Rəvan ortalıqda görünmür...
- Gərək insanı dəvət etsinlər ki, ora getsin. Məsələn, siz məni redaksiyanıza dəvət etmisiniz, mən də gəlmişəm. Dəvət olunmayan yerə heç vaxt getməmişəm. "Space" telekanalında efirə gedən "Sözüm var" proqramına dəvət alırdım. Fəxri qonaq kimi ara-sıra verilişdə iştirak edirdim. Digər kanallardan heç bir təklif almamışam. Məsələdə mənlik heç nə yoxdur.
- Bəs, el şənliklərində, toy məclislərində iştirak edirsinizmi?
- Əvvəlki illərlə müqayisədə çox az iştirak edirəm. Kim dəvət edirsə, gedirəm. Bakı ilə yanaşı digər rayonlarda da oluram. İlk dəfə 1998-ci ildə orada meyxananın nə olduğunu bilinməyən vaxtda Ordubada getmişdim. Rayonun Gəncə kəndinə toy məclisinə dəvət almışdım. İlk dəfə Ordubadda meyxananı mənim dilimdən eşitdilər. Məndən sonra Naxçıvana Kərim gedib. İndinin özündə də Naxçıvandan yavaş-yavaş meyxanaçılar çıxır. Artıq burada meyxana dirçəlməyə başlayıb. Meyxana deyənlərin içərisində də birinci dəfə mənim albomum çıxıb. 1997-ci ildə çıxan albomumda Nizami Rəmzinin rəhmətə getməsi haqqında meyxanam yer alıb. Həmin meyxanaya klip də çəkdirmişəm.
- Meyxana həyat tərzidir, yoxsa ki sənət?
- Kimisi üçün həyat tərzidir, kimisi üçün də sənətdir. Sənətkar üçün sənətdir. Çünki o, bu janrın əsas daşıyıcısıdır. Əgər meyxanadan çörəyi çıxırsa, pul qazanırsa bu, onun sənətidir.
- Üzeyir Mehdizadə, Mürsəl, Lil Orxan, Elnur Muradzadə və s. kimi ara müğənnilərinin sayı çoxalıb. Amma iddia edənlər var ki, bu kimilər mahnı yox, məhz meyxana deyirlər. Məsələn, Üzeyiri götürək, bu insan mahnı oxuyur, yoxsa ki, meyxana deyir?
- Üzeyir meyxana demir, o, mahnı oxuyur. Onun oxuduğuna meyxana demək olmaz. Belə meyxana demirlər.
- Tahir müəllim, belə bir fikir də var ki, meyxananın ictimai-siyasi motivləri yoxdur.
- Həqiqətən də belədir. Çünki həmin meyxana üslubu Nizami ilə birlikdə məzara getdi. Ağasəlim Çıldaqda bu tip meyxanlar o qədər olmayıb. Nizami isə bunun əksinə olaraq həmişə gördüyündən deyirdi. 1990-cı ildə 20 Yanvar faciəsindən 2 gün sonra Nizami Rəmzi öz sözlərilə qanlı hadisəyə öz reaksiyasını verdi. Həmin meyxana Yasamalda ev şəraitində kassetə yazıldı. Çünki həmin dövrdə rus ordusu tanklarla küçələrdə gəzirdi, şəhərdə fövqəladə vəziyyət elan olunmuşdu. İnsanları şəhərə çıxmağa qoymurdular. Amma evdə yazılmış həmin meyxana Azərbaycanın hər yerinə yayıldı. Meyxana əmim Səlim Dağlının maqnitofonunda yazılmışdı.
- Ancaq Nizami Rəmzinin fəaliyyətindən danışırsınız. Amma Ağasəlim Çıldaqın da bu sahəyə verdiyi kifayət qədər töhfələr var. Niyə ondan danışmırsınız?
- Ağasəlim Çıldaqın da meyxananın inkişafında kifayət qədər xidmətləri olub. Onun bu sahədəki fəaliyyətini danmaq günah olardı. Ağasəlimin də çoxlu sayda ürəklərə yol tapan meyxanaları var. Amma meyxananı musiqiləşdirən və efirə çıxaran Nizami Rəmzi olub. Bu iki meyxanaçı arasında ayrı-seçkilik salmaq lazım deyil. Ağasəlimi uşaqlıqdan tanıyıram, əmim Səlim Dağlı ilə yaxın dost olub. Onlar tez-tez birlikdə toya gedirdilər. Ağasəlim sözün həqiq mənasında öz sənətinin adamı idi.
- Fikrinizcə, meyxanaya aid verlişlərin efirlərdə çoxluq təşkil etməsi bu sahəni bayağılaşdırmır?
- Yox, bu fikirlə razı deyiləm. Bu meyxananın inkişafına müsbət təsir edir. Amma telekanallar bu sahəyə aid olan köhnə ustadları yada salmır. Məsələn, bütün televiziyalar köhnə sənətkar kimi məni unudublar. Tamam yaddan çıxmışam. Əvvəllər heç olmasa ara-sıra münsif, qonaq kimi dəvət olunurdum. Amma axır vaxtlarda bu da tamam yaddan çıxıb. Sanki kölgədə qalmışam.
- Hal-hazırda nə işlə məşğulsunuz?
- İkinci sənətim yoxdur, ancaq meyxana deyirəm. İnsanı populyar edən efirdir, orada çıxmayanda küçədə belə adama salam vermirlər. Sayan da olmur. Elə bilirlər ki, bu aləmdə yoxsan.
- Tin meyxanasına maraq elə bil daha böyükdür?
- Tin meyxanası həqiqətən də həmişə insanlar üçün maraqlı olub. Çünki orada istədiyin sözü deyə bilirsən. Amma efirdə etikanı gözləmək lazım gəlir. Efir qaydaları ilə tin qanunları biri-birindən kəskin şəkildə fərqlənir. Ona görə də tin meyxanası həmişə insanlar tərəfindən rəğbətlə qarşılanıb. Toyxanalarda deyilən meyxanalarla efirlərdə deyilənlər arasında da fərqlər var. Toyxanalarda da meyxanaçılara qadağalar qoyulmur, istədikləri kimi deyirlər. Ümumiyyətlə, meyxanaçıların hamısı kitablar oxumalıdır, ədəbi proseslərdən başı çıxmalıdır. Harada deməyindən asılı olmayaraq meyxanalarını həmin şəraitə uyğunlaşdırmağı bacarmalıdır. Söz bazası zəngin olmalıdır. Əgər ehtiyatda sözü yoxdursa, açılan qafiyəyə reaksiyası olmayacaq, deyişməni yola verəcək. Mən yaxşı meyxana demək üçün mütaliə edirəm. Əks təqdirdə heç nə deyə bilmərəm. Seyid Əzim Şirvani, Məhəmməd Füzuli, Əliağa Vahiddən mütaliələr edirəm.
- Açılan mövzularda bayağılıq açıq şəkildə hiss olunur. Sanki qafiyələr tükənib, təkrarçılıq var. Fikrinizcə, bütün qafiyələr deyilibmi?
- Qafiyələr heç vaxt tükənmir. Demək istəyən üçün ətrafda olan hər şey qafiyədir, yeni mövzudur.
- Demək ki, yaxşı meyxanaçılar, ustadlar tükənib.
- Kifayət qədər meyxana ustadları var. Hamısını pisləmək olmaz. Məsələn, Rəşad Dağlı çox yaxşı meyxana deyir.
- Meyxananı Azərbaycanı dünya səviyyəsində tanıtmaq üçün vasitə kimi istifadə etmək olarmı?
- İntiqam və Ehtiram artıq belə bir işin öhdəsindən layiqincə gəliblər. Onların simasında Rusiya vətəndaşları Azərbaycan meyxanasını sevə-sevə dinləyirlər. Ehtiram və İntiqamın meyxanası Avropaya qədər gedib çatdı. Meyxana dünya səviyyəsinə çıxarılsa, kifayət qədər maraq oyada bilər. Nizami Rəmzi neçə gün İsraildə meyxana konsertləri verib. İsraildən başqa da digər ölkələrdə meyxananı təbliğ edə bilib. Onun xarici ölkələrdə kifayət qədər dinləyiciləri vardı.
- Nizami Rəmzinin ölümü ilə əlaqədar müxtəlif fikirlər səsləndirirdilər. Meyxanaçının ölümündə sui-qəsd izlərinin olduğunu iddia edənlər vardı...
- Nizami Rəmzini avtobus vuraraq öldürüb. Yolunun ortasına çıxan avtobus onu 20 metr yerlə sürüyüb. Həmin vaxt Kəbir də onun yanındaydı. O da Nizami Rəmzi ilə birlikdə dünyasını dəyişdi.
- İngilis dilində meyxana demək sizcə, düzgündür?
- İngilis dilini bilmirəm, amma rus dilində meyxana eşitmişəm. Hərə bu sahədə bir yenilik etmək istəyir.
- Sizi yaddan çıxaranlara nə demək istərdiniz?
- Köhnə meyxanaçıların bu sənət aləmində zəhmətləri böyük olub. Onları unutmasınlar. Köhnə ustadları yad etmək lazımdır. Beş günlük dünyadır, heç kəs özü ilə məzara dünya malı aparmayacaq. Dünyada bir yaxşılıq, bir də pislik qalır. Daha çox yaxşılıq etmək lazımdır. İnsan yaddaşlarda yaxşı əməllərlə qalsa, daha yaxşı olar.
- Yaxşı qəzəllər də yazırsınız. Tahir müəllim, sonluq üçün birini deyə bilərsiniz?
- Ahu güldürmədi eşq içrə qəm ağlatdı məni,
Qoymadı rahət olum dəmbədəm ağlatdı məni.
Tökdü zülfün üzünə etdi nihan rüxsarın
Yandırıb yaxdı bu tövr ol sənəm ağlatdı məni.
Bilmədim neyləmiş idim üzü dönmüş fələyə,
Eylədi qətlimi axırda xəm ağlatdı məni.
Məni dünyada süründürdü fələk kölgə kimi
Verdi ol qədri ki, zülmi-sitəm ağlatdı məni.
Əli övladı şücaətli ələmdar ağanın,
Yazmadı şəninə bir söz qələm ağlatdı məni.
Şad günüm olsa da az qəmli günün çoxdur, Rəvan
Həmi güldürdü bu rüzgarın, həmi ağlatdı məni.
Mənsur Rəğbətoğlu