Yunus Oğuz gənc oxucularla görüşdü

“Əvvəllər tarixi romanlar yazmaq barədə fikirləşmirdim”

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığına təkcə tarix elmini araşdıranlar, onu tədqiq edənlər deyil, eləcə də cəmiyyətin müxtəlif təbəqələri tərəfindən böyük maraq özünü göstərir. Müəllifin işıq üzü görən romanlarının oxucu kütləsinin artması da bunu deməyə əsas verir. Xüsusilə müasir dövrün gəncləri Yunus Oğuzun tarixi romanları əsasında qədim tariximizi öyrənməyə, əsl gerçəklikləri bilməyə həvəsli görünürlər. Məhz bunun nəticəsidir ki, gənclərin mütəmadi olaraq yazıçı ilə görüşləri keçirilir. Belə tədbirlərdən biri bu günlərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında baş tutub. Təşkilatın Qarabağ Mərkəzinin təşəbbüsü ilə keçirilən görüşdə respublikanın  müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak edib. Görüşü giriş sözü ilə açan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Mahmud Sadiqov yazıçı-publisist Yunus Oğuzun tarixi romanlarının geniş yayıldığını, onun müəllifi olduğu kitabların böyük oxucu kütləsinin marağına səbəb olduğunu diqqətə çatdırıb. Bildirib ki, Yunus Oğuz  təkcə Azərbaycanda deyil, eləcə də regionda, türk dünyasında tanınan, kitabları maraqla oxunan yazıçılardandır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov isə deyib ki, Yunus Oğuz təqdimata ehtiyacı olmayan yazıçıdır. Onun müəllifi olduğu tarixi romanların gənclər tərəfindən böyük maraqla oxunduğunu deyən Şahin İsmayılov məhz bu marağı nəzərə alaraq ATGTİ-nin Yunus Oğuzla görüş təşkil etdiyini söyləyib. Təşkilatın Qarabağ Mərkəzinin sədri Vəliağa Əlizadə rəhbərlik etdiyi mərkəz barədə məlumat verərək deyib ki, başlıca məqsəd gənclərdə vətənpərvərlik hissinin artırılması, azərbaycançılıq ideologiyasının yüksəldilməsi məqsədilə seminarlar, konfranslar və tanınmış insanlarla görüşlər keçirməkdir. Yazıçı-publisist Yunus Oğuzla görüşün də məhz bu sadalanan amillərə xidmət etdiyini deyən Vəliağa Əlizadə onun müəllifi olduğu kitabların tariximizi öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

"Attila mənin üçün çox maraqlı idi"

Görüşdə çıxış edən yazıçı-publisist Yunus Oğuz əvvəllər tarixi romanlar yazmaq barədə fikirləşmədiyini deyib. 15 yaşından etibarən əsasən şeirlər, hekayələr, pyeslər yazmağa başladığını deyən Yunus Oğuz yazdıqlarını heç kimə göstərmədiyini, özü üçün bir növ sandıq ədəbiyyatı yaratdığını vurğulayıb: "Qədim türkləri tədqiq edərkən elə bir şeylərə rast gəlirdim ki, onu elmin qəlibinə salmaq mümkün olmurdu və onu ayırırdım. Bir də baxıb gördüm ki, artıq əsərlərimin konspektləri hazırdır. Attila mənim üçün çox maraqlı idi. Bütün Avropanın təkcə siyasəti yox, həm də müasir Avropanın mədəniyyətini qoymuş türk imperatoru məni daha çox maraqlandırırdı. Müasir Avropa dövlətləri mədəniyyətini Attilanın qurduğu imperiyadan götürürlər. Attila Romanın 15 kilometrliyində dayanaraq ora girmədi. Ancaq Attilaya qədər olan dövrdə qotlar Romaya girərək oranı dağıtdılar. Ümumiyyətlə, bu mənim üçün maraqlı bir şəxsiyyət idi. Çünki Attila yeni bir sivilizasiyanın əsasını qoymuşdu. Hətta almanlar hunlarla fəxr edirlər və bildirirlər ki, hunlar bizimkilərdir". Yazıçı digər tarixi romanları barədə də gənclərə məlumat verib. Bildirib ki, "Nadir şah" romanını yazanda mərkəzi ofisi Nyu-Yorkda yerləşən "Xliborts" nəşriyyatı əsərin ingilis dilli versiyası ilə maraqlanıb və kitabın həm Böyük Britaniya, həm də Amerikada nəşr olunması mümkünlüyünü vurğulayıb: "Beləliklə "Nadir şah" romanı ingilis dilində də çap edildi. Eyni zamanda Türkiyə, Rusiya, Özbəkistan, Qırğızstan və Ukraynada da kitablarım işıq üzü gördü. Bundan başqa "Türkün tarixinə yeni bir baxış" və "Qədim türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında"  adlı kitablarım ali məktəblər üçün dərs vəsaitidir. Həmçinin, bədii kitablarım Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə dərsdənkənar oxu vəsaiti kimi alınaraq məktəblərə paylanıb". Yazıçı bədii əsərlərə olan maraq barədə də söhbət açıb. Bildirib ki, bədii əsərlər milli qəhrəmanların yetişdirilməsi baxımından lazımlıdır: "Bədii əsərlər ona görə lazımdır ki, milli qəhrəmanlar yetişdirilir. Hər bir xalqın keçmişlə bağlı özünün milli qəhrəmanı var. Deyək ki, fransızlar Napoleonla fəxr edirlər. Bəs biz nə üçün Təhmasib, yaxud Nadir şahla fəxr etməyək?" "Əmir Teymur" romanı haqqında da danışan müəllif  deyib ki, kitabın Qazaxıstan, Özbəkistan və Qırğızıstanda da təqdimat mərasimi keçirilib: "Daşkənddə kitabın təqdimatı zamanı özbəklər özləri təəccüb edirdilər ki, biz bir çox faktları tapa bilmədiyimiz halda siz onları necə tapmısınız.

"Gərək yazıçı vicdanını itirməyəsən"

Yazıçı gənclərə öz tövsiyyələrini də verib və bildirib ki, əsər yazarkən ilk növbədə 3 başlıca prinsipə diqqət yetirmək lazımdır: "İstənilən əsər yazmaq məsələsi ortaya çıxanda ilk növbədə müəyyən etməlisən ki, onu nəyə görə yazırsan. Əsərin qayəsi nədir, əsər millətə xidmət edəcəkmi? Eyni zamanda əsər yazarkən gərək xronoloji ardıcıllığı və yazıçı vicdanını itirməyəsən. Bu üç əsas prinsipə diqqət yetirilməlidir. Ümumiyyətlə, hər hansı bir əsəri yazarkən ilk növbədə fikirləşməlisən ki, sənin yazdığın bu kitab millətinə, xalqına xidmət edəcəkmi? Əgər xidmət etməyəcəksə ümumiyyətlə yazmağa dəyməz". Yunus Oğuz bildirib ki, bütün halda öz qəhrəmanın haqqında sevə-sevə yazmalı, yaşamalı, onun psixoloji sarsıntılarını keçirməlisən: "Hər halda əsərləri yazana qədər psixoloji sarsıntılar daha çox olur. Hər bir insanın psixologiyasını açmaq, onun özəlliyini tapmaq o qədər də asan deyil. Əsərdə minlərlə, bəlkə də yüz minlərlə insan iştirak edir ki, hərəsindən bir obraz yaratmaq, onun psixoloji portretini təqdim etmək çox çətindir. Şerdə bir qədər o asandır.  Şerdə sevdiyinin portretini yaradırsan. Ancaq tarixi romanlarda onun bütün tərəflərini açmağa məcbursan. Bura həm pis, həm də yaxşı tərəf aiddir. Yerdə qalanını oxucunun öhdəsinə buraxırsan. Hesab edirəm ki, bundan sonra sizlərin də aranızdan millətə, dövlətə, xalqa, ailəsinə xidmət edən daha yaxşı əsərlər yazılıb ortalığa çıxacaq. Mən nə birinci, nə də sonuncuyam. İnşallah məndən də güclüləri gələcək".

Yunus Oğuz Nadir şahın İran mənşəli olmasına dair səslənən iddialar, eləcə də onun qəddarlığı barədə yazılanlara da aydınlıq gətirib. Bildirib ki,  Nadir əsl türk olub: "Nadir Avşar adı onun kifayətqədər türk olmasını təsdiqləyir. Avşar sözü Mahmud Kaşğarinin "Divani-lüğəti ət-Türk"əsərində də qeyd olunur. Avşar Mahmud Kaşğarinin XI əsrdə göstərdiyi 22 boydan biridir. Hətta müasir İran tarixçiləri də qeyd edirlər ki, Nadir şah türkdür. Onun qəddar olması barədə deyilənlərə gəlincə isə mən bu fikirlə razılaşa bilmərəm. Dağılan dövləti qurmaq, Təbrizdə dayanan osmanlıları öz yerinə qaytarmaq, rusların Rəştə çatmasının qarşısını almaq üçün neyləmək lazım idi?. 4 xalqın ordusu orada idi. Belə bir zamanda qəddar olmaq lazım gəlmirdimi? Məgər qəddar olmasan o dövrün müasir ordusunu yaratmaq olardımı? Hər kəsə anarxiya fikirli ideyalar versəydi torpaqları azad edə bilərdimi? Təbii ki, yox. İvan Qroznıdan başlamış rus çarlarının hamısı qəddar olmayıbmı? Kazanı və Həştərxanı alarkən təkcə öldürülən uşaqların sayı 300 min nəfər idi. Ona görə də imperiya qurmağın qaydası budur. Bu gün ermənilər Dağlıq Qarabağda işğal etdikləri torpaqları geri qaytarmırlar. Geri qaytarmadıqları halda neyləməlisən? Təbii ki, döyüşməlisən. Döyüşdə də qəddar olmalısan. Döyüşün qaydaları, pozulmayan prinsipləri budur ki, sən öldürməsən səni öldürəcəklər. Bütün dünyanın döyüş qaydaları belədir. Ola bilər siz Nadir şahın oğlunun gözünü çıxartdığını oxumusunuz. Halbuki oğlu 3 dəfə Nadir şaha sui-qəsd təşkil etmişdi. Belə olan halda neyləmək lazım idi?" Yazıçı qələmə alarkən ən çox əziyyət çəkdiyi tarixi romanın da "Nadir şah" romanı olduğunu vurğulayıb. Çox ağır idi."Yunus Oğuz  çıxışında onu da bildirib ki, indi ağıl dünyasıdır və hər şeyə ağılla qalib gəlmək mümkündür: "Amerikalılar, ingilislər kosmosa, Marsa çıxırlar, biz isə deyirik ki, başımı güllənin altına soxacam. Əgər sən ağıllı olacaqsansa amerikalıdan, ingilisdən də irəli gedəcəksən. İngilislər 500 il ancaq İbn Sinadan dərs keçiblər. Ağılda geri qaldıqca bizim ağılımızı oğurlayırlar". Yazıçı bu gün milli kimliyin daha çox ortaya çıxdığını diqqətə çatdırıb. Qeyd edib ki, milli kimliyin də hər zaman tarixi sərhədləri olmalıdır: "Milli kimlik milli qürurla bağlıdır. Milli qürurun da həmişə torpaq hüdudları olur". Daha sonra Yunus Oğuz tələbələri maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda çıxış edən ATGTİ-nın Qarabağ Mərkəzinin sədri Vəliağa Əlizadə Yunus Oğuza tələbə gənclərlə görüşə gəldiyinə görə təşəkkürünü bildirib və gənclərin bu görüşdən tariximizlə bağlı bir sıra yeni məlumatıar əldə etdiklərini vurğulayıb. Sonra yazıçı-publisist Yunus Oğuzun bir müddət əvvəl işıq üzü görən "Şah arvadı və cadügər" romanı tələbə gənclərə hədiyyə edilib və gənclər Yunus Oğuzla xatirə şəkli çəkdirib.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31