Əgər rayonlarda bir kitab dükanı yoxdursa…

Sabir Rüstəmxanlı: “Ümumilikdə kitab çapı vergidən azad olunmalıdır”

Bazarlarda satışa çıxarılan dərs və əlavə tədris vəsaitləri, eləcə də dərs ləvazimatlarının qiymətlərində pərakəndəlik hökm sürür. Belə ki, müxtəlif firma və nəşriyyatların istehsalı olan bu növ məhsullar həddən artıq baha qiymətə təklif olunur. Təhsil sahəsinin strateji sahə hesab edilməsinə baxmayaraq hazırda satışa çıxarılan dərs vəsaitlərinin içərisində həm dövlət hesabına çap olunan, həm də özəl mətbəələrin nəşrləri var. Məsələ orasındadır ki, onların standart qiyməti hələ ki, müəyyən edilməyib. Dövlət isə ölkədə bazar iqtisadiyyatının hökm sürdüyünü əsas gətirərək qiymət məsələsinə müdaxilə etməkdən çəkinir. Belə vəziyyəti nəzərə alan parlament dərs vəsaitləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olan nəşriyyatları Əlavə Dəyər Vergisindən azad edib. Bundan sonra yalnız dövlət sifarişi olmayan ədəbiyyatlara gergi tətbiq olunacaq. Bəs, bu yenilik kitab bazarında olan neqativ halların aradan qaldırılmasına nə dərəcədə təsir edəcək?

 Tərcümə sahəsi iflic vəziyyətdədir

Millət vəkili Fazil Mustafa bildirib ki, vətəndaşların kitaba olan marağının artırılması məqsədilə atılan hər bir addım yüksək qiymətləndirilməlidir. İndiyə qədər satıcılar bəhanə edirdilər ki, ƏDV yüksək olduğundan dərs vəsaitlərini aşağı qiymətə satmaq mümkün deyil. Qanunda edilən dəyişikliklə bu bəhanə ortadan qalxacaq. Ancaq bir məsələ var ki, qiymətlərə nəzarət edəcək mexanizm necə hazırlanacaq, vətəndaşlar doğrudanmı uşaqlarının təhsil alması üçün dərs vəsaitlərini aşağı qiymətə ala biləcəklərmi? Bu hal nəzərə alınaraq demək olar ki, ümumiyyətlə təkcə dərs vəsaitlərində deyil, eləcə də insanların kitaba marağını artırmaq məqsədilə kitab istehsalı sahəsinə bir sıra güzəştlərin edilməsinə ehtiyac var. Məsələn, orjinaldan tərcümə ədəbiyyatına da eyni güzəştlər edilməlidir ki, bu sahədə olan neqativ hallar aradan qalxmış olsun: "Sözün həqiqi mənasında bu gün Azərbaycanda tərcümə sahəsində ciddi problemlər var. Dünyanın mütərəqqi nəşrlərinin Azərbaycanda yayılması məsələsində çox ciddi natamamlıqlarla rastlaşırıq. Belə halların aradan qaldırılması məqsədilə düşünülmüş yollar müəyyən edilməlidir. Məlumdur ki, Prezidentin sərəncamı ilə Tərcümə Mərkəzi şəbəkəsi yaradıldı və bu struktura vəsait ayrıldı. Amma hələ ki, bu sahədə konkret fəaliyyət görünmür. Yəni, Azərbaycanda bu sahədə kadrların yetişdirilməsi üçün məqsədli şəkildə onlara dəstək verilməsinə ehtiyac var. Ancaq pərakəndə formada, qabiliyyəti olan-olmayan çoxsaylı insanlar bu işlə məşğul olur. Məsələn, bu günlərdə "Nobel" mükafatından imtina etmiş tanınmış yazıçı-filosof Partrın tərcümə edilmiş "Ürəkbulandırma" əsərini oxudum, lakin çox şeyləri başa düşə bilmədim. Bu isə o deməkdir ki, kitabları Azərbaycan dilinə tərcümə etmək elə də asan məsələ deyil. Bu, hazırlıq və peşəkarlıq tələb edən bir sahədir. Ona görə də həm elmi-kütləvi, həm də bədii əsərlərin orjinaldan tərcüməsi sahəsində də güzəştlər edilməlidir".

 Elmi nəşrlər niyə satışa çıxarılmır?

Millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın sözlərinə görə, təhsil sahəsi millət üçün strateji əhəmiyət daşıdığından onun inkişafına dövlət tərəfindən dəstək verilməsinə ehiyac var. Dövlət də öz növbəsində təhsilin inkişafı, əhalinin maarifləndirilməsinə maraqlı olduğunu mütəmadı nümayiş etdirir: "Hesab edirəm ki, yaxın gələcəkdə belə güzəştlər sırf elmi nəşrlərə də şamil ediləcək. Çünki, hazırki şəraitdə elmi nəşrlərin dəstəyə çox böyük ehtiyacı var. Bu gün elmi-populyar ədəbiyyat istisna olmaqla, sırf fundamental elmə aid ədəbiyyatları çap etdikdə maya dəyəri çox yüksək olur. Belə əsərlər baha başa gəldiyindən faktiki olaraq bu kitabları satmaq mümkün olmur. Çünki onu maya dəyərindən aşağı qiymətə satışa qoya bilmərik. Ona görə ki, elmi işçilər belə baha qiymətə bu kitabları ala bilməzlər. Odur ki, Azərbaycanda elmin inkişafını stimullaşdırmaq üşün elmi ədəbiyyat nəşrlərinə güzəştlər edilməlidir".

 Uşaqlara köhnə illərin nostalgiyası aşılanır

Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, Azərbaycanda dərsliklərin çapı ilə bağlı ardıcıl siyasət aparılmasına ehtiyac var. Onun sözlərinə görə, latın qrafikası ilə çap olunan milli və dünya ədəbiyyatının məktəblərə paylanması əslində inqilabi bir hadisə idi. Bunun ardınca dərsliklərin məktəblərə pulsuz verilməsi də mühüm addımlardan hesab olunmalıdır. İndi növbəti bir addım atılaraq uşaq ədəbiyyatı və dərsliklər əlavə dəyər vergisindən azad olunur: "Amma burada diqqəti cəlb edən bir məsələ var. Aydınlıq gətirilməlidir ki, dərslikləri kim şap edəcək, bu poliqrafiya kimlərin əlindədir. Vaxtilə ölkədə "Maarif" nəşriyyatı var idi ki, bu məsələləri öz üzərinə götürürdü. Sonradan bu nəşriyyat ləğv edildi. Qanunvericilikdə dəyişiklik isə imkanlı adamlara şərait yaradır ki, güzəştlərdən yararlana bilsinlər. Amma bu işlə məşğul olan kiçik nəşriyyatlar yenə də verginin altında qalır. Əgər doğrudan da bu sahədə ciddi dəyişiklik etmək istəyiriksə, ümumilikdə kitab çapı vergidən azad olunmalıdır. Çünki bizdə kitab nəşri sahəsində çoxmərtəbəli vergi siyasəti tətbiq olunur. Kağıza, kitabın nəşrinə və satışına müxtəlif vergilər tətbiq olunur ki, bu da nəticə etibarilə kitabın qiymətinə təsir edir. Bu baxımdan yaxşı olardı ki, ümumulikdə kitab çapı vergidən azad edilsin. Nəzərə almaq lazımdır ki, bu məsələ dövlətin siyasətinə uyğundur və Azərbaycanın gələcəyi ilə birbaşa bağlı olan bir məsələdir". Millət vəkili onu da bildirib ki, kitab çapını bazarın öhdəsinə buraxmaq düzgün olmazdı: "Əgər bu məsələ bazarın ümidinə qalsa, onda biz ibtidai icma quruluşuna qayıtmalıyıq. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın bəzi kəndlərində bir dənə də olsun kitab mağazası yoxdur. 12-15 min əhalisi olan kəndlərimiz var ki, indiyə qədər kitab mağazası ilə təmin olunmayıb. Hətta sosializm dövründə avtolavkalar var idi ki, kəndlərdə kitabları bu avtomobillərdə gəzdirirdilər. İndi isə belə imkanlar da yoxdur. Buna baxmayaraq düşünürəm ki, bu məsələdə sosializm yox, milli düşüncə olmalıdır. Milli düşüncə isə tələb edir ki, biz kitablarımızı qoruyaq. Təəssüf ki, indi kitaba qarşı böyük hücumlar var. Kitablara qarşı bazar da hücum edir, özümüz də. O da etiraf edilməlidir ki, son vaxtlar nəşriyyatların keyfiyyəti, kitabların nəşri gözəlləşir, alıcıların sayı də artır. Ancaq rayonlarda bir kitab dükanı yoxdursa, rayon camaatı kitab üçün hər dəfə durub Bakıya gəlməli deyil ki". Onun sözlərinə görə, ölkədə dərsliklərin çapına xüsusi diqqət yetirilməlidir. Çünki, bəzi hallarda dəxli olmayan adamların yazıları dərsliklərə salınır. Qeyri-peşəkarlıqla, bədiiliyə dəxli olmayan yazılara dərsliklərdə rast gəlmək mümkündür: "Bu gün Azərbaycanın bilgi ədəbiyyatı kənarda qalıb, yenə də sosialist ədəbiyyatı dərsliklərə düşüb. Nəticədə uşaqlarımıza millətə, dövlətə maraqdan, məhəbbətdən çox köhnə illərin nostalgiyasını aşılayırıq. Bu ciddi məsələdir və hesab edirəm ki, dərsliklərlə bağlı ümumrespublika müzakirəsi keçirilərək bu sahədə bir nizam yaradılmalıdır. Ümumilikdə isə elmi ədəbiyyatın çapına, orjinal əsərlərin tərcüməsinə dəstək verilməsi nəticə etibarilə elm və mədəniyyətin inkişafına təkan verə bilər".

 Piratçılıq da bir bəlaya çevrilib

Millət vəkili Bəxtiyar Əliyevin sözlərinə görə, prezidentin sərəncamı ilə dünya və Azərbaycan ədəbiyyatınün bütün nümunələri latın qrafikası ilə dövlət hesabına şap edilərək bütün məktəb və kitabxanalara pulsuz paylanılır. Etiraf edilməlidir ki, bu hadisə ölkə tarixi üçün ən böyük və əhəmiyyətli hadisələrdən biridir. Eyni zamanda, ensiklopediyalar da dövlət hesabına çap edilir. Belə bir halda valideynlərin hansı səbəbdən bazardan dərslik almaları başa düşülən deyil: "Ola bilər ki, dərslik çapında piratçılıq var ki, dövlət hesabına çap olunmuş dərsliklərin surətini çıxarıb hansısa yollarla gəlir mənbəyinə çevirmək istəyən qüvvələr var. Hansı ki, bütün məktəb və şagirdlər dövlət hesabına dərsliklərlə təmin olunurlar. İndi isə dərsliklərin çapına güzəşt edilməsi nəşriyyatların dövlət vəsaitindən daha səmərəli istifadə edilməsi, daha yüksək keyfiyyətli dərsliklərin nəşr edilməsi və nəşriyyatların fəaliyyətinin genişləndirilməsi üçün əlavə bir dəstəkdir. Şübhəsiz ki, bu addım dərsliklərin daha keyfiyyətli çapına geniş imkanlar yaradacaq". Millət vəkilinin sözlərinə görə, dövlətin dərsliklərlə bağlı həyata keçirdiyi siyasət davamlı olmalıdır: "Təhsil qanununda nəzərdə tutulur ki, məktəbəqədər tərbiyyə müəssisələrində artıq məktəbə hazırlıq işləri aparılmalıdır. Bununla əlaqədar dövlət başçısının uşaq bağçalarının və məktəbə hazırlıq işinin təşkili ilə bağlı sərəncamı da var. Hesab edirəm ki, dərsliklərə edilən güzəştlər məktəbəqədər təhsil müəssisələri üçün dövlət hesabına çap edilən nəşrlərə də aid edilməlidir".

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31