“İstedadsızda elə həya var ki…, özünə yol açacaq”

Namiq Məna: “Kimisi efirdə 5 dəqiqə görünmək üçün sənətə gəlir”

(Əvvəli 2 dekabr sayımızda)

"Bizim qonaq" layihəsində bədihəçi Namiq Məna ilə söhbəti davam etdiririk.

-...Bugünki gündə həmin uşaq bir çox müsabiqələrdə iştirak edib. Vəzni, bəhri, bu sənətin tarixini bilir. Filan müsabiqəyə, yarışmaya baxıb deyir ki, burda təhqir-söyüş var, mən belə yarışmalara qatılmaram. Namiq Məna məktəbinin belə istedadlı yetirmələri var. Onlar bu janrda sözlərini deyəcəklər.

-Sənət daşıyıcılarının psixoloji durumu yerində deyil. Bunu daha çox amillərlə əlaqələndirmək olar?

-Sənətin daşıyıcılarının böyük əksəriyyətinin psixoloji durumu yerində deyil. Maqnit tomoqrafiyasından keçsələr görərsiniz ki, beyinlərində fəsadlar var. Bunu mən tam əminliklə deyirəm. El şənliklərində yüksək tonda səsgücləndiricilərindən istifadə edilməsi, bədahətən şeir deyərkən beyinin 2 qat yüklənməsi öz fəsadlarını zaman keçdikcə göstərir.İstər-istəməz el şənliklərində səsgücləndiricilər onların beyinlərdə bu cür fəsadlar törədir. Bu da istər-istəməz insanda əsəb gərginliyi yaradır.

 -Sənətə yönələn tənqidlərdən biri də janrın xəlqilikdən uzaqlaşmasıdı...

- Həmişə deyirəm ki, sənətin qədimliyi ilə müasirliyini gərək qoruyaq. Müasirlik də əndazədən çıxmamalıdı. Təəssüflər olsun ki, sənətin qədimliyindən get-gedə əsər-əlamət qalmayacaq.  Deyirsən niyə valideynini söyürsən, deyir ki öz valideynimdi, özüm bilərəm. Deyirəm get otur evdə söy də, bunu niyə ictimailəşdirirsən? Avtomobillərdə bu cür səviyyəsiz ifalar səsləndirildiyi üçün sənətin digər daşıyıcılarına da yuxarıdan aşağı baxırlar.

-Bədihələrdə bugünümüz, problemlərimiz, ölkəmizin uğurları da işıqlandırılmalıdı...Sizin müəllifi olduğunuz bir neçə bədihədə də bunu görmüşük.

-Bugünki gündə Azərbaycanda gedən yüksək inkişafı da bədihələrimdə işıqlandırmışam. 20 Yanvara aid bədihələr demişəm. İndi də ölkəmizdəki yüksək inkişafı yaradıcılığımda geniş işıqlandırıram. Çalışmışıq ki, gəncləri narkomaniya və bu kimi zərərli vərdişlərdən uzaqlaşdıraq. Təşkil olunan müsabiqələrdə nakomaniyaya qarşı dəfələrlə qafiyə açmışıq. Olur ki, insan ətraf mühit tərəfindən hər hansı işə sövq edilir. Bunların qarşısını almaq, insanları doğru istiqamətə yönləndirmək üçün əlimizdən gələni əsirgəməmişik. Əks təsirlərə meyli azaltmaqla çalışmışıq ki, gənclərin idmana marağını artıraq. Bu cür verilişlərin vasitəsilə maarifləndirici tədbirlər görmək olar.

-Bəzən meyxananı bir fərqli tonda, mahnı kimi təqdim edirlər.

-Bu artıq mahnıdı, meyxana deyil. İndiki gənclər arasında musiqili meyxanaya böyük maraq var. Musiqili meyxana nə deməkdir bilmirəm. Bunu kim icad eləyib? Ağasəlim ritm altında deyirdi, bu o demək deyil ki, musiqi var deyə janr musiqili meyxana adlanır. Buna yaxşı baxmıram. Bir azdan bədihə bu yolla qədimliyini itirəcək. El arasında deyirlər ki, "Hicran" teatrına baxmısınız? "Hicran" tamaşadı, teatr deyil axı.

-Üzeyir də özünü meyxanaçı adlandırır...

-Səhv edir, o mahnı janrında oxuyur. Gəlsin mənimlə bədahətən bir qafiyə açsın. Nə deyə biləcək?

Bir aralar bədihə deyənlərin hamısı özünü şair adlandırırdı. Belələri çox idi. Onların özlərini şair adlandırmağı düzgün deyildi. Bu haqlı iraddı. Bugünki gündə Nizami Gəncəviyə, Mirzə Ələkbərə, Bəxtiyar Vahabzadəyə də şair deyiriksə, artıq Namiq Mənanı şair adlandırmaq çox gülünc səslənər. Onların o qədər kitabları, əsərləri var, bəs sənin nəyin var? Bəzən görürsən ki, kimisə təqdim edəndə deyirlər ki, meyxana ustası. Bu bir tituldu. Amma bizim bir-birimizi söz ustadı adlandırmağımız çox yanlışdı. Biz bu gün varıq, sabah yoxuq. Mən Vahidin səsinin lent yazısına qulaq asanda özümdən gedirdim. Çox kövrəlmişdim. Bu gün mənim yaradıcılığım onun qədər zəngin olmasa da, vaxt gələcək inandırım sizi ki, bu müsahibəm də xatirəyə çevriləcək. Vaxt gələcək mənim müsahibələrimi axtaracaqlar.

-Demək olarmı ki, janra bu yeniliyi Namiq Qaraçuxurlu gətirdi?

-Deməzdim. Namiq mahnını mahnı kimi, bədihəni də bədihə kimi təqdim edib. Mən görməmişəm ki, Namiq mahnını bədihə kimi təqdim etsin. Düşünürəm ki, Namiq sənətdə ona qarşı qısqanclıqları görüb, janrdan uzaqlaşıb. Əvvəl-əvvəl atam da mənim bu janra gəlməyimə razı deyildi, deyirdi ki, get dərsini oxu. Elə bir fikir formalaşmışdı ki, bu sənətlə məşğul olan bekar adamdı. Müəyyən uğurlar əldə etdikdən sonra, yaxınlarım, qohumlarım baxıb seviniblər.

-Sənətə gəlişinizdən söz düşmüşkən, qısaca da olsa...

-1972-ci ildə anadan olmuşam, 10 yaşım olarkən bu sənətə marağım yaranıb. Əlbətdə ki, o dövrlər dediyim bədihələr söz yığını idi. Bunun üçün söz ehtiyatı, mütailə, müşahidə lazım idi. Aktrisa da kiminsə rolu oynamaq üçün həmin şəxsin həyatını müşahidə eləməlidir ki, tam olaraq bu rolu canlandıra bilsin. Müşahidə qabiliyyəti bədahətən şeir janrında da olmalıdı. Beləcə bədihə ustadı kimi formalaşdım. Beləcə mütailələrimi də genişləndirdim. Birinci dəfə toyda bədihə deyəndə həyəcanlı olduğumdan iki şüşə su içdim. Həyəcan olduqda bəzən gözlənilən nəticə əldə edilmir. Həyəcan istedadı kölgədə qoyur. Müsabiqələrə qatıldım, qalib olaraq avtomobil qazandım. Həmin avtomobili də internata bağışladım.

-Hansı fakültəni bitirmisiniz?

-İncəsənət univesitetinin dram-teatr kino aktyorluğu fakültəsini bitirmişəm.

-Bəs, niyə sənəti davam etdirmədiniz?

-Elə o vaxtı gördüm ki, bu sənət məndə alınır, ona görə də bu sahə ilə məşğul oldum. İstedadım var. Seriala dəvət alsam çəkilərəm. Amma bu sənətin də özünəməxsus çətinlikləri var. İxtisas fənlərindən beş almışam, özü də Şəfiqə Məmmədovadan. Zəminə Haciyeva, Yaşar Nuri bizə dərs deyib. Bu janrda belə formalaşmağımda ixtisas aldığım fakültənin müəllimlərinin mənə verdiyi tədrisin mühüm rolu var. Bugünki gündə həmkarlarımdan seçilməyimdə də bu universitetin məzunu olmağımın mühüm əhəmiyyəti var. Çox şeyləri tələbə olarkən bu təhsil ocağında öyrənmişəm.

-Xanımların bu sənətə gəlişini necə qiymətləndirirsiniz?

-Nə bilim....(gülür). Deyim, növbəti qalmaqal yaradım, kiminsə çörək puluna bais olum? Deməsəm də olmur. Xanımların bədahətən şeir deməyi yaxşı haldı. Sadəcə olaraq ifadə tərzlərinə yüksək səviyyədə fikir verməlidirlər. Ümumiyyətlə hər bir sənətçi unutmamalıdır ki, onun fanat ordusu var. Fanatı saç düzümündən tutmuş onun əxlaqına qədər hər bir nüansa diqqətlə fikir verir. Ola bilər istedadı güclü olsun, amma əxlaqı yerində olmasın. Fanat çalışır ki, özünü sevdiyi şəxsə oxşatsın. Buna görə, sənətkar hər bir addımına fikir verməlidi. Xanımın bədihəsində də müəyyən əndazələr gözlənilməlidi.

-Xanımların kişilərlə deyişməsinə necə baxırsınız?

-Bəsit, bayağı demirsə, bədahətən deyə bilirsə...(gülür). Sağ olsaydı Xanımağa ilə deyişərdi. O da bədihəçi olub. Hər kəs öz intellektini ortaya qoyur. Həzrət Əlinin kəlamıdır ki, insan öz dilinin altında yatır. Qarşındakı insan danışanda sən onun hansı xarakterdə olduğunu bilirsən. Bəzi hallarda görünüş, nitq insanı aldada da bilir. Bəzən görürsən ki, qarşındakı səni aldatmaq istəyir. Məclislərin birində biri çıxıb qəzəl dedi. Soruşanda ki, bu kimin qəzəlidi, dedi mənim. O ağzını açanda mən bilirdim ki, müəlliflik ona aid deyil. Ahəngindən belə bunu başa düşmək olar. Bizdə şeiriyyətə böyük maraq var. Mən deyərdim ki, böyük əksəriyyətinin nitqində əruz var.

-Bugünki müsabiqələr necə ədalətli təşkil olunurmu?

-İndiki müsabiqələrdə bir həftə öncədən qafiyəni verirlər, gedib əzbərləyib gəlirlər. Bununla da tamaşaçını aldadırlar. Belədə sənət uçuruma gedəcək də. Bu janrın daşıyıcısı olduğum üçün tam fikrimi deməyə haqqım var. Ən azı tarix qarşısında vicdan əzabı çəkmək istəmirəm. Tarixən bu janrın gözəl daşıyıcıları olub. Mən buna göz yumsam nə olacaq? Müsabiqələr təşkil olunduqda dəfələrlə mənə rüşvət təklif olunub, almamışam. Bunu vicdanıma sığışdırmaram. Sənətdə ötəri insanların axın etməsinə şərait yaratmaq lazım deyil. Kimisi 5 dəqiqə efirdə görünmək üçün bu sənətə gəlir.

-Ləhcə necə, olmalıdırmı?

-Bəzən görürsən ki, biri küçə danışığını efirə gətirir. Hər bir üslubun öz normaları var. Adicə mən universitetedə oxuyarkən bilirdim ki, ədəbi dildə ləhcə olmamalıdı. İndi aparıcıların böyük qismi ləhcə ilə danışır. Sən sırf Azərbaycan dilini təbliğ edirsən, buna görə də dilimizin normalarını, gözəlliyini qoruyub saxlamalısan. Bundan başqa çalışmaq lazımdı ki, köhnə sözləri də yenidən dilə qaytarasan. Buna görə, düşünürəm ki, efirə də hər adamı buraxmaq olmaz...Sözləri də yerində, məqamında işlətmək lazımdı. Bir var baxmaq, bir də var görmək, Bunları bir çox hallarda eyni mənada işlədirlər. Vaxt var idi radioda Aydın Qaradağlının səsinə qulaq asanda böyük zövq alırdıq. Nitq mədəniyyətindən gərək ki, düzgün yararlanmağı bacarasan. Hər adam efir məkanına buraxılmamalıdı. Baxırsan ki, efirə çıxır, özünü bizim janrın nümayəndəsi kimi təqdim edir, amma heç bir savadı və tərbiyəsi yoxdu. Elələri var ki, heç orta təhsilləri də yoxdu. Qafiyələri uzlaşdırır, özünü də ustad adlandırır. Zaman-zaman yaxşılarla pislər ələkdən keçəcək. İstedada cığır açmaq lazımdı. İstedadsızda elə həya var ki, nə cür oldu özünə bir yol tapacaq.

-Sənətə axın edənlər, necə çoxdurmu?

-Bugünki gündə sənətə axın edənlər çoxdu. Eləsi var ki, valideyni ona deyir ki, heç olmasa get meyxana deyən ol... Təəssüflər olsun.... Bu sənətin gələcəkdə bütün dünyaya inteqrasiya etməyini arzulayıram.

-Ardıcıllarınız çoxdurmu?

-Bugünki gündə üzdə olanların çoxuna mən münsif kimi qiymət vermişəm. Onların sırasında Elşən Xəzər, Oqtay Kamil, Aqşin də var. Əvvəllər fikirləşirdim ki, görəsən nə vaxtsa mən filan məşhurla görüşə biləcəyəm? İndi Allaha şükürlər olsun ki, mənimlə görüşə gələndə sevinənlər var. Öz yerimi tutanadək mən də kimlərəsə baxıb görüb-götürmüşəm. Sadə olmaq lazımdı. Nə olsun ki, sənətkarsan, görürsən ki, qırmızı işıq yanır, dayan da. Sən hər bir hərəkətinlə yanındakılara nümunə olmalısan. Sənətə təzə gələndə deyirdilər ki, içəcəksən. Qalırdım məəttəl. Mən hələ 90-cı illərin əvvəllərindən danışıram. Deyidilər ki, sən içməsən deyə bilməzsən axı. Həqiqətən də belə fikir formalaşmışdı. İndi də bu fikirlər var. O dəfə fizioterapiya üçün bir xəstəxanaya getmişəm, bir qadın o birinə deyir ki, az, az bu o deyil? Namiq Məna, az bunlar çəkməsə deyəmmir axı. O biri də deyir ki, az yoxe görmürsən bu kostyum-qalstukdadı. Deyir yox e, bu da oxuyanda gözünü yumur. Toylar, el şənliklərindəki durum bu cür informasiyalar formalaşdırır. Görürsən ki, gözləri bağlıdı, halı da özündə deyil. Sonra da deyir ki, boğazım ağrayır. Boğazın ağrayırsa gözlərini niyə yumursan?

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31