“Teatr sevişmək yeri deyil”
Elnur Kərimov: “Elə aktyor var ki, teatrda yaşayır, evi yoxdu”
27 Noyabr 2013 14:42 Mədəniyyət( "Bizim Qonaq" layihəsinin müsahibi Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimovdu. Əvvəli 20 noyabrda)
....Kinostudiya mənim üçün yad məkan deyil. Qayınatam, əməkdar incəsənət xadimi Əsəd Əsədov ömrünü-gününü bura həsr edib.
-Teatr sahəsində əsas probleminiz tamaşaçı qıtlığıdı. Tamaşaçıların teatra biganə münasibətini nə ilə əlaqələndirmək olar?
-Teatr sahəsində əsas problemimiz tamaşaçı qıtlığıdı. Onların marağı olsa rəhbərlik tamaşaçının istəyinə uyğun proqram hazırlayar. Hal-hazırki duruma görə rejissor direktora plan verir, daha sonra həmin plan nazirliyə göndərilir. Qəbul olunduqdan sonra isə tamaşaya qoyulur. Tamaşaçı hər dəfə bir bəhanə uydurur. Teatra gəlməməsinə səbəb kimi korifey aktyorlarının olmamasını göstərir. Mən inanıram ki, bunu söyləyən tamaşaçı heç vaxt pul verərək həmin aktyorun tamaşasına gəlməyib. Düzdür, bu gün Siyavuş Aslan, Yaşar Nuri kimi korifeylərimiz yoxdu, lakin yetişən gənc nəslimiz var.
-Nədənsə bir çox media qurumları teatrdakı yeniliklərə, teatr xəbərlərinə biganə yanaşır. Hər halda bunun da tamaşaçı kütləsinə təsiri danlmazdı...
- Jurnalistlərdən də çox gileyliyik. Mütəmadi olaraq tamaşalarımıza gəlmirlər. Müğənni mahnı yazdırır, toya gedir, kimisə təhqir edib reklam qazanır. Onlardan fərqli olaraq bizim işimiz daha çətindi. Görün vəziyyət necə dəyişib ki, artıq müğənnilər də aktyorluq edib pul qazanmaq istəyirlər. Bir sıra kanallar var ki, serial, ya filmin titrində həmin şəxlsəri müğənni kimi də yox, aktyor kimi təqdim edirlər. Onlara ayıb olsun! Müğənnini müğənni, aktyoru da aktyor kimi təqdim etmək lazımdı. Müğənnidən fərqli olaraq aktyor bütün sahələri özündə birləşdirir. O oxumalı, rəqs etməli, lazım gələrsə pianinoda çalmalıdır. Jurnalistlərin daha çox şou-biznesə marağı var. Bizim problemimiz daha çoxdu. Elə aktyor var ki, teatrda yaşayır, evi yoxdu. Aktrisa Nəsibə Eldarova bayaqdan tamaşada deyib gülür-oynayır. Tamaşa qurtaran kimi üzünü silib oğlunun qırxına gedəcək. Mədəniyyət sahəsi ilə bağlı xəbərləri açanda oxuyuram ki, filan ölkədə mədəniyyət günləri keçirildi. Bu teatr xəbəri deyil. Reklamımız azdı. Telekanalların bir çoxu teatra maraq göstərmir. Teatrın maddi bazası o qədər də yaxşı deyil ki, bunun müqabilində televiziyaya pul verə bilsin. Teatr rəhbərləri yalnız dövlətdən aldığı pulu aktyora verir. Məsələn, mən burdan aldığım pulun 3 mislini evin kirayəsinə ödəyirəm. Əlavə gəlir yerləri olsaydı yaxşı olardı. 174 manat əmək haqqı heç evin kirayəsinə bəs etmir. Buna görə reklam və seriallara çəkilirəm. Reklamdan əldə etdiyim pul necə gəlir, hara gedir heç bilmirəm. Serialların çəkilməsi bizə bir az kömək edir... Prezidentimizin dəstəyi ilə yerli serialların çəkilməsi üçün vəsait ayrıldı. Deyirlər ki, pisdi. Məgər biz deyirik ki, yaxşıdı? Amma özümüzünküdü. Əsas məsələ də budur. O vaxtlar "İtkin Gəlin" filmi bizim üçün şedevr idi. Amma indi bizə çox adi görünür. Beş il sonra da bu gün çəkilən film, seriallar çox adi olacaq. İstər yaradıcılıq, istərsə də texnika baxımından. Təcrübə olmadan birdən-birə nəsə çəkmək, əldə etmək çətindi.
-Yeni kardların necə, teatra marağı varmı?
- 2003-cü ildən bu yana yeni kadrlar teatra gəlmir. Bir aralar bir-iki nəfər gəldi ki, sonradan onlar da teatrı tərk etdi. İndi institutu bitirənlər müğənni, prodüsser olmaq istəyir, çünki o sahələrdə gəlir var. Teatrda isə gəlir yoxdu deyə axın edən yeni kadrlar azlıq təşkil edir.
-Kino-serial sahəsində rejissor işi necə uğurlu alınırmı?
-Rövşən İsax, Elxan Cəfərov, Kənan M.M kimi istedadlı rejissorlarımız var. Rövşən İsax məktəb görmüş rejissordu, nəyi necə çəkməyi bacarır. Rövşən İsax tammetrajlı bədii film çəkən rejissordu. Pantomim teatrının yaradıcılarından biridi. Rejissoru olduğu "Pərvanələrin Rəqsi" serialı ətrafda çox maraq doğurdu. Elxan Cəfərov gözəl rejissordu. Milli qəhrəman haqda çəkdiyi qısametrajlı film nazirlik tərəfindən də yüksək qiymətləndirildi. Müəllifi olduğu "Əlavə təsir" filmində rol almışam. Daha sonra ona müharibə mövzusunda tammetrajlı filmlər çəkmək tapşırıldı. Beləliklə də "Dolu" filmi çəkildi. Mən də bir tamaşaçı kimi serialları izləyirəm. "Bir Ailəm Var" düşünürəm ki, hazırda ən reytinqli serialdı. Elə epizodlar var ki, həyat yoldaşım baxanda ağlayır. Xəzər Tv-nin dəstəyi ilə bir sıra aktyorlar Türkiyənin aparıcı seriallarının çəkilişlərini izləyib, kurslar keçib nəyi harda necə etmək lazım olduğunu öyrəniblər. "Bir Ailəm Var"ın yayım vaxtı yaxşı deyil. "Həyat, sən nə qəribəsən" serialından bir dəqiqə sonra "Bir Ailəm Var" yayıma gedir. İstər-istəməz eyni janrda olan iki serialı ardıcıl olaraq izləmək adamı yorur. Yayım vaxtı dəyişilsə düşünürəm ki, bundan da böyük auditoriya əldə edə biləcəyik.
- Təqdim olunan tamaşaların tərbiyəvi əhəmiyyətindən danışaq...
Tamaşaların tərbiyəvi əhəmiyyəti böyükdü. Ola bilər ki, insan baxdığı hər hansı tamaşada öz obrazını görə, ona uyğun hərəkət edə bilər. Azyaşlıların formalaşmasında, dünyagörüşlərinin artmasında da teatrın rolu danılmazdı. Tamaşa uşaqlarda təxəyyül, fantaziya formalaşdırır. Təəssüflər olsun ki, bu gün uşaqların böyük əksəriyyətində təxəyyül, fantaziya yoxdu. İndiki dövrdə uşaqlar daha çox telefona, komputerə can atırlar.
Yoldaşımla telefonumuzun modelləri fərqli olsa da qızım hər ikisinin istifadəsini yaxşı bilir. Bacardığım qədər telefonu uşaqdan uzaq tuturam. Çalışıram ki, bağçaya aparım, ona nağıllar danışım, şeirlər öyrədim. Artıq iki yaşı var, şeir deyir, rəqəmləri az da olsa saya bilir. Çalışıram ki, onun intellektini inkişaf etdirim. Hərdən bir tamaşalara da gətirirəm. Bir də görürsən ki, səhnə dəyişir, işıqlar sönür, qrim fərqli olur deyə ağlamağa başlayır. Uşaq ağlayır, bu o demək deyil ki, tamaşa qorxuludu. Demək ki, sənin uşağının problemidi. Yavaş-yavaş uşaq teatra alışaraq tamaşaları sevməyə başlayır. Teatra maraq uşaq yaşlarından yaradılmalıdı. Uşaq vaxtından sənətə marağım olmasaydı, bəlkə indi də sənətdə olmazdım. Bir müddət idmana getdim, kunfu, güləşlə məşğul oldum. Amma daha çox bu sahə mənim diqqətimi çəkdi. İndi fikirləşirəm ki, nə yaxşı müxtəlif sahələrlə məşğul olmuşam. Ehtiyac olduqda səhnədə nağara, tütək çalır, rəqs edirəm. Uşağı hərtərəfli böyütmək lazımdı. Bağçaya getmək o demək deyil ki, uşaq orda rahat istirahət edib. Bağçadan sonra çalışmaq lazımdır ki, ona xoş əyləncə verəsən. Bir az parkda da gəzdirmək olar. Övladıma qarşı çox həssasam.
-Qızınızla kifayət qədər vaxt keçirə bilirsinizmi?
- Demək olar ki, günümü ona həsr edirəm. Yaxşı gəlirim olsa bütün günü evdə də oturaram. Ailəmə çox bağlıyam. Elə olur ki, direktordan xahiş edirəm ki, bir müddət məni teatrdan uzaqlaşdırsınlar. İndi elə bir dövrdür ki, bir az gərginlik yaşayıram. Bu da tamaşaçıların teatra laqeyd münasibətinə görədi. Çalışıram ki, bir az bu problemlərdən uzaq düşüm. Uşağı bağçaya aparanda da onun üçün darıxıram. Elə olur ki, saat dörddən bağçaya gəlib qapının arasından ona baxıram.
- Tamaşaçılarda teatr mədəniyyəti formalaşıbmı? Ümumuiyyətlə teatra münasibət necədi...
-Tamaşaçının teatra münasibəti, davranışı da düzgün formalaşmayıb. Görürsən ki, beş gənc oğlan tamaşaya gəlir, tamaşaya baxmaq əvəzinə bütün günü telefonda oyun oynayır, qız şəkillərinə baxırlar. Tərbiyəsizliyin son həddi odur ki, tamaşaçı ucadan qışqıraraq aktyora söz atır, "ə, bir az sakit ol" deyir. Bu tərbiyəsizlikdi, onlara tərbiyə düzgün verilməyib. Teatr qızla sevişməyin yeri deyil. Qızı qucaqlamaq, öpüşmək üçün yer deyil. Nəsə bir söz deyəndə başlayır sənlə dava eləməyə ki "ala, sən nə danışırsan". Düşünürəm ki, hər şeyi, tərbiyəni də bağça və məktəblərdən başlamaq lazımdı. Belə bir proqramım var, mütəmadi olaraq aktyorlarla bağça, məktəb şagirdlərini görüşdürmək lazımdı. İranda aktyorun əlindən öpürlər. Demirəm ki, bizizm də əlimizdən öpsünlər, heç olmasa zəhmətimizi dəyərləndirsinlər, sakit otursunlar. Deyirlər ki, "teatr nədir ala, teatr var?" Var, sən nə vaxt teatra gəldin ki, bunu da biləsən.
-Sizcə teatr sahəsində hansı islahatların aparılması labüddür. Ən azı aktyorun güzəranını yaxşılaşdırmaq üçün...
-İlk olaraq bu sahədə çalışan işçiləri vergidən azad etmək. Deputat olsaydım, ilk növbədə prezidnetimizdən xahiş edərdim ki, sırf mədəniyyət, xüsusən də teatr sahəsində vergini götürsün. Maaşımızı bu zaman heç olmasa tam ala bilərik. Çünki vergi çox yüksəkdi. Qazancımızın tən yarısı vergiyə gedir. Bu bizi üzür. Bir sıra ölkələr var ki, sırf teatr sahəsindən vergini götürüb. Dövlətimiz çox zəngindi, buna da qadirdi. Düşünürəm ki, prezidentə belə təkilf verilərsə həmin anda yüksək qiymətləndirilər". Aktyorların 50-70 faizinin evi yoxdu. Maddi güzəranımızın yaxşılaşması üçün təkliflər verilməlidi. Bəzi aktyorlara ev verilir. Amma gəlin baxaq görək bu evlər kimlərə çatır. Evi olanlara. Evsizlərə ev vermək lazımdı, bunu araşdırmaq lazımdı. İstərdim ki, bir teatr şəhərciyi yaradıla, aktyorlara həmin məkanda evlər verilərdi.
-Açıq-saçıq səhnələrə münasibətiniz necədir? Yəni milli mentalitet bu baxımdan önəmlidirmi?
-Yox, heç bir önəmi yoxdu. Mən qəbul edirəm.
-Təklif gəlsəydi tərəf müqabilinizlə belə rolda çəkilərdiniz?
-Çəkilərdim. Niyə də yox.
-Nədənsə tamaşaçıların bir qismi hələ də bu cür səhnələri yerli aktyorların təqdimatında qəbul edə bilmir. Aktrisa Vəfa Zeynalova çox qısa səhnəyə görə nə qədər müzakirə obyektinə çevrildi...
-Bu qınaqlar yersiz idi. "İlahi məxluq" çox maraqlı bir filmdi. Hər hansı bir filmi izləyərkən gərək onu izləyib hadisələrin necə cərəyan etdiyini görəsən. Vəfa obrazını çox gözəl canlandırıb. Tamaşaçının bu cür obrazı yaradan aktrisa haqda söylədiyi fikirləri yalnız avamlılıqla izah etmək olar. Bu sözləri deyən insanların bir qismi saatlarla oturub internetdə porno izləyir. Aktyor Rasim Cəfərovu gərək ki, güllələsinlər? O lüt soyunur.
-Tamaşaçı seriallarda təkrar obrazları görməkdən bezdiyini deyir...Demək olar ki, hər rejissorun bir komandası var. Siz bunun əsas səbəbini nədə görürsünüz?
-Hər bir rejissorun öz komandası var. Türkiyədə elə seriallar var ki, rejissorun heyəti dəyişilməz olaraq qalır. Onlar üçün əsas olan iş və onun keyfiyyətidi. Kino-teatr sahəsində də belədir. Elə rejissorlar var ki, həmişə eyni aktyorlarla işləyirlər. Adını da qoyurlar ki, belə rahatdı.
-Qeyri-sənət sahiblərinin bu sahəyə gəlişinə münasibətiniz necədi? Bir qisim aktyorlar, o cümlədən Anar Heybətov bu fikirlə razı deyil ki, aktyorluğu bitirməyən kino-seriala çəkilməməlidi.
-Anarın fikirləri ilə mən də razıyam. İstedadı varsa müğənni ola bilər, başqa bir yaradıcı işlə məşğul ola bilər. Amma bu sənətdə olarkən mütləq onun sirrlərini, xırdalıqlarını öyrənmək lazımdı. Türkiyədə hər bir aktyor öz üzərində işləyir, 6-7 ay Amerikada təhsil alır, kurs keçir, öz bazasını yaradır. Aktyor üçün hər zaman teatrda rol var. 20 yaşda gənci, 30-da evlini, yaşa dolduqca ata, baba obrazını canlandırırsan. Hər yaşın bir obrazı var. 90 yaşında da obrazın var. Teatr elə bir məbəddir ki, onun sonu yoxdu.
-Bildiyimiz kimi Gənc Tamaşaçılar Teatrında daha çox uşaqlar üçün tamaşalar hazırlanır. Onların istəklərini bilmək, tələbatlarını ödəmək necə, çətin deyilmi?
-Uşaqları sevindirmək üçün onların istəklərinə cavab verməli, nə istədiyini öyrənməli, arzuladıqları obrazları yaratmalısan ki, səni maraqla izləsinlər. Uşaqları çox sevdiyimdən çalışıram ki, daha məsuliyyətli olum. İstəyirəm ki, teatrdan ayrıldıqdan sonra uşaq evdə mənim obrazımı canlandırsın. İstəmərəm ki, hansısa uşaq bizdən narazı getsin.
-Öncəki illərlə müqayisədə demək olarmı ki, uşaqların maraq dairəsi dəyişib?
-Yox. Uşaq elə həmişə uşaqdı. Tamaşaya gəldikdə onlar özlərini nağıl aləmində hiss edirlər. Çalışırıq ki, onlara bu aləmin sehrini yaşadaq, özlərini belə bir ab-havada hiss etsinlər. Teatrın səhnəsi, mətbəxi çox sehrlidi. Buna görə, biz bu mətbəxə heç kəsi buraxmırıq. Çalışrırıq ki, bunu gizli saxlayaq. Çünki bu bir sehrdi. Sirli dünyaya yad insanın gəlişi bu dünyanı dağıda bilər. Çox aşağı səviyyəsi olan jurnalistlərimiz var ki, məşq prosesinə baxıb, nə baş verdiyini bilmədən nə gəldi yazır. Rejissor yanımdan keçir, mənim qarnıma zarafatca vurub deyir ki, belə de də. Jurnalist də bunu belə qələmə alır ki, aktyor yalnız rejissor yumruğunu yedikdən sonra nə etmək lazım olduğunu bildi. Ona görə teatrın mətbəxinə heç kəsi buraxmaq olmaz. Biz rejissorla məşq zamanı mübahisə də, dava da edə bilərik. Elə olur ki, davamız olur, ortaq nöqtəyə gələ bilmirik. Kağızı yazıb tamaşasını verirəm. Məhz bu məqamların jurnalistlər tərəfindən işıqlandırılması bizə pis təsir edir. Özlərini elə təqdim edirlər ki, guya onlar teatr haqda hər şeyi bilirlər. Elə simalar var ki, onları teatrda görəndə əsəbləşirəm. Belələri teatra xeyri olmayacaq şəxslərdi. Dəfələrlə tapşırmışam ki, o şəxslər mənim məşqlərimə qatılmasınlar. Teatra sənət kimi baxmırlar. Elə bilirlər ki, teatr şadlıq sarayında müğənninin mahnı ifa etməsidi. Teatr klip çəkdirmək, restoranda mahnı ifa etmək deyil.
-Aparılan islahatlardan biri də budur ki, instutut bitirməyən aktyorların kateqoriyaları aşağı olur. Buna münasibətiniz necədi?
- Aparılan islahatlardan biri də budur ki, institut bitirməyən aktyorların kateqoriyaları aşağı olur. Bizdə Vüsal Mehrəliyev, Ceyhun Məmmədov kimi istedadlı aktyorlar var ki, onlar texnikum bitiriblər. Texnikumu bitirən elə aktyorlar var ki, incəsənəti bitirənlərdən daha istedadlıdı.
-Teatr sahəsində inkişafa nail olmaq üçün hansı tədbirlər görmək olar?
-İnstitutlarda, məktəblərdə kursların təşkili yaxşı ənənədi. Əvvəllər belə ənənələr var idi, tez-tez aktyorlarla görüşərdik. Aktyorlara sənətdə irəliləmək üçün hər cür şərait yaradılmalıdı.
Nigar Məhərrəm