“Harada tutsam oxuyacam” - MÜSAHİBƏ
Aqşin Yenisey: “Dedi nə? Dedim Flora xanım, bir ağız oxusun ki, “Baxma, o qatarın dalınca baxma”
21 Noyabr 2013 14:47 MədəniyyətŞair Aqşin Yeniseyin "OLAYLAR"a müsahibəsi
- BDU-nun coğrafiya fakültəsini bitirmisiniz. Aqşin bəy, maraqlıdır, coğrafiyadan ədəbiyyata sizi nə gətirdi?
- Yekəxanalıq çıxmasın, mən ədəbiyyatdan coğrafiyaya getmişdim, çünki hələ doqquz yaşımdan ilk şeirlərimi yazırdım. Coğrafiyaya gəlişim isə test imtahanlarının nəticəsi idi. Riyaziyyatı yaxşı oxuduğum üçün iqtisadçı olmaq istəyirdim, buna görə ikinci qrupa sənəd vermişdim. Amma peşman deyiləm, ona görə ki, coğrafiyanı bildiyim üçün dünyanı qiyabi olaraq indi əlimin içi kimi tanıyıram.
- "Yalnızlığın renesans dövrü" adlı şeirinizdə belə bir fikir var: qadınlar - bu məişət inkivizatorları yandırdıqları tonqala atırlar öz ərlərini". Bir az izah verərdiniz.
- Bu misra insanların məişət qayğılarının ayaqları altında qarışqa kimi necə amansızca əzilməsinə bir poetik yanaşmadır. Məişət həyatın dibidir. Məişət bizi böyüməyə qoymur, daim dolanışıq təzyiqi altındayıq və bunun heç bir mənası yoxdu. Bəzi qadınlar ərlərinə pul kisəsi, kişilər qadınlarına seks aparatı kimi baxır və bunun adını sevgi, ailə həyatı qoymuşuq. Əslində, bu gün sevmək avamlıq əlamətidir. Pul qazanmağı və xərcləməyi bacarsan, hamını satın alamaq olar. Pul - bəşəriyyət indiyə qədər bundan qiymətli dəyər kəşf etməyib. İdealizim boş söhbətdir.
- Azad Yazarlar Ocağı adlı təşkilatın rəhbərisiniz. Qurumun fəaliyyəti barədə məlumat verədiniz. Hansı işləri görürsünüz?
- İndi mən rəhbər deyiləm, bu ocaqda rəhbərlik simvolik xarakterlidir. İndi Günel Mövluddur "hökmdarımız", o da ərə gedib, təşkilat qalıb başlı-başına. AYO- da toplaşan yazıçı və şairlər şəxsi yaradıcılıqları ilə məşğuldur; hərəsi öz emalatxanasında. Son günlər daha bir neçə gənc yazar AYO-ya üzv oldu. Biz inzibati yox, ədəbi-ictimai təşkilatıq və yaxşı yazmaqdan başqa heç bir öhdəliyimiz yoxdu.
- Bu sualı sizdən əvvəl yazıçı Qan Turalı ilə müsahibədə ona ünvanlamışdım. Dilqəm Əhmədlə müsahibədə o, sizin haqqınızda deyir ki: "Yeni ədəbiyyatda yalnız bir şair tanıyıram, Aqşin Yenisey". Nə deyərdiniz?
- Dilqəm Əhmədin bədii zövqünə heç bir şübhəm yoxdu, çünki onu şəxsən tanıyıram. O hətta desə ki, müasir ədəbiyyatımızda Bəybala Xanoğlanoğlu "F.A"-dır, inanaram. Amma qaldı ki mənim münasibətimə, qoy deyim: məncə, bu gün Günel Mövlud, Seymur Baycan, Günel Həsənqulu, Qan Turalı, Şərif Ağayar, Ağalar Məmmədov, Nərmin Kamal, Xəqani Has, Zamin Hacı, elə Dilqəmin özü - bu yazarlar hansı janrda yazmaqlarından asılı olmayaraq mətn yarada bilən müasir yazarlarımızdır. Şəxsən mən özümü bu cərgədə ən axırıncı yerdə görürəm, səmimi sözümdür. Gizlənməkdən xoşum gəlir, amma nə edim ki, həmişə məni qabağa itələyirlər.
- Daha çox şeirlərinizlə tanınırsınız. Bəy, yoxsa ki, şeir yazmaq nəsr yazmaq şeirdən daha çətindir?
- Ədəbiyyatımıza beş-altı şeirlə gəlmişəm, əgər buna "ədəbiyyata gəlmək" demək olarsa. İnanın ki, o beş-altı şeri yazanda heç ağlıma da gəlməzdi ki, ədəbiyyatgilə gedirəm, sadəcə, oxumağa, poetik zövqümün tələbatını ödəməyə bir şey tapmadığım üçün özümə ruhani həzz verən şeirlər yazmağa başladım və dostlar bu şeirləri çap etdilər. Bu şeirlər insanların xoşuna gəldi. Düzü, mən ədəbiyyata gəlməmişəm, oxucularım sürüyə-sürüyə gətiriblər. Suyun üç halı olduğu kimi, istedadın da üç halı var; maye, buxar, bərk. Şeir istedadın maye halıdır, axıb gedir, publisistika buxar halıdır, uçub gedir, nəsr bərk halıdır, donub qalır. Məncə, fikrimi çatdıra bildim.
- "Qiyamət günün səhəri", "Tək adamın fikirləri", "Sabahdan bütün cinayətkarlar mənəm", "Taqqulbabdan sonra lello" və s. nəsr və şeirlərinizin maraqlı başlıqları var. Hardan gəlir?
- Bu, yəqin ki, bizim bədii genetik kodumuz olan "Kitabi-Dədə Qorqud"dan gəlir. Ad qoymaq ad qazanmaq qədər çətin məsələdir. Mən, bəlkə də, yazının özünü daha rahat düşünürəm, nəinki onun adını. Hətta elə yazılarım olub ki, ad qoymaq üçün nə qədər düşünüb-daşınmışam xeyri olmayıb, axırda hirsimdən adsız şəkildə redaktora göndərib xahiş etmişəm ki, sən Allah, bu "zibilə" bir ad qoyun. Mənim düşüncəmə görə yazının adı yazının yarısıdır.
- Şairə Namidə Bingöl "Kulis-az"a müsahibəsində belə bir fikir ifadə edib: "Aqşin mənə dedi ki, Aqşin tənhalığa qapılıb, evdə olur". Niyə tənhalıq?
- Bu, bir zarafat idi. Namidə xanım ilk dəfə məni görəndə soruşdu ki, siz Aqşin Yeniseysiniz? Dedim yox, mən onun qohumuyam, o, yəni mən guya evdə tənhalığa qapılmışam. O da inandı və çıxıb getdi. Tənhalıq, sadəcə, bir həyat tərzidir, ona fəlsəfi, psixi, poetik don geyindirməyə ehtiyac yoxdu. Yoqa kimi, vegeterianlıq kimi bir şeydi. Amma bəşəriyyət hələ bundan ağır duyğu kəşf etməyib.
- Yeni yaranan ədəbiyyat haqqında nə deyərdiniz. Sizi qane edirmi?
- O, hələ yaranır, bətndədir. doğulsun, böyüsün, bərkə-boşa düşsün, ondan sonra öz fikrimizi deyərik.
- Yeni ədəbiyyatda kimin fikirlərilə razılaşmırsınız?
- Söhbət mətnin estetikasından gedirsə, demək olar ki, heç kimin. Niyə? Ona görə ki, estetika fərdi yanaşmadır, hər yaradıcı adamın öz estetikası olmalıdır, yoxsa heç bir yenilik baş verməz. Söhbət mətnin etikasından gedirsə, sevdiyim və zəhləm gedən mətlər var. Biz, adətən, müəlliflərin adını çəkirik. Təklif edirəm ki, gəlin bundan sonra kitabların adını çəkək və ilk addımı özüm atıram; "Qadını döşündən asdılar" romanı çox sarsaq mətndir, həm estetik, həm də etik baxımdan. İndi isə keçək dünyanın ədəbiyyat biznesinə, məsələn, Xalid Hüseyn adlı əfqan mənşəli Amerika yazıçısı var. Amerika nəşriyyatları pul qazanmaq üçün onun piarı ilə məşğuldur. Onun tərcümə olunmuş "Çərpələng uçuran" əsərini oxudum və sadəcə, kitabı divara çırpdım ki, boş yerə vaxt xərclədim.
- Kimləri oxyursunuz?
- Hamını. Çörçillin memuarını axtarıram, harada tutsam... oxuyacağam.
- Hamıya verdiyim sualdır, hamı deyəndə yəni yazıçılara, qələm adamlarına. Niyə içirsiniz? İçmək məsələsində belə bir fikir yaranır ki, sanki yaradıcılıqla məşğul olan adamların hamısının xəmiri eyni yoğrulub.
- Sadəcə, zehni yorğunluğumu aradan götürmək üçün. İnsan kamil yaradılmayıb, həyat onu yorur, sıradan çıxarır. Kimi bu yorğunluğu bədənindən, ruhundan çıxarmaq üçün namaz qılır, kimi yoqa ilə məşğul olur, kimi karate idman növünə üz tutur, kimi narkotikə qurşanır, kimi də mənim kimi yazı yazıb yorulandan sonra içib dincini alır. Mən yalnız intellektual zəhmətimin yorğunluğunun dincini almaq üçün içirəm, özü də tək, kimsəsiz.
- "Azərbaycanlılar avropalılardan daha çox postmodernistdirlər" - maraqlı fikirdir.
- Mən bilmirəm bu fikrə oxşayan şeyi kim deyib. Postmodernizm incəsənətin gəlib çıxdığı estetik, etik, fəlsəfi bir düşüncə tərzidir, yaradıcı bir cərəyandır. Söhbət insanların küçədəki, evdəki həyat tərzindəki "postmodernizmdən" gedirsə, razıyam. Rəhmətlik Rafiq Tağı yazırdı: "Heç kim zəmanət verə bilməz ki, avtobusda yanaşı oturduğun azərbaycanlı qəfildən qalxıb səni bıçaqlamayacaq". Yazdığı öz başına gəldi, öz qatili ilə avtobusda yanaşı oturmuşdular. Yaxud heç kim zəmanət verə bilməz ki, xeyli qoyunu olan çoban elmlər namizədi olmaq üçün minlərlə qoyununu satıb özünə parapsixologiya haqqında dissertasiya yazdırmasın. Bu, postmodernizm deyil, absurdizimdir, yəni izaholunmaz haldır.
Avropa yazıçıları insanın bu vəziyyətini mətndə necə təsvir etmək haqqında düşünürlər. Gördüklərini olduğu kimi kağıza köçürmək - bu, yaradıcılıq deyil, yaradıcılıq özündən yaratmaqdır. Avropalılar həyatı özündən yaradırlar, biz isə yaradılmış həyatın, sadəcə, mirzəliyini edirik. Fərqimiz budur.
- Dörd kitabın - "Unutmaq sözünün şəkli", "Sizin eradan əvvəl", "Cənnətdə terror aksiyası", "147 dənə sən", həmçinin "Göləqarğısancan" romanının müəllifisiniz. Arxası gələcəkmi? Yaradıcılığınız barədə danışardınız.
- İki ildir romana oxşayan bir yazı üzərində işləyirəm, amma bilmirəm axırı nə olacaq. Ev-eşik qayğıları fikrimi yayındırır, ona görə əsəbiləşirəm. Bir də görürsən, sovet imperiyasının çökməsi haqqında yazdığım yerdə qapı döyülür və buyur, işıq idarəsinin əməkdaşı: - Sabaha qədər borcunuzu ödəməsəniz çırağınızı söndürəcəyik, yaxud telefon zəngi, Sizi sabah "Xan" sarayı şadlıq evində Xanoğlanın böyük oğlu Baloğlanın kiçik toyuna dəvət edirik. İndi get yaz görüm necə yazırsan.
- Ədəbiyyatdan kənar - başınıza gələn ən maraqlı hadisə hansı olub?
- O qədər olub ki, qoy birini danışım. Bir dəfə Lənkəranda bəstəkar Firudin Allahverdi ilə o qədər içmişdik ki, qatara sürünə-sürünə yaxınlaşdığımıza görə polis bizi saxladı. Elə bilmişdi terrorçuyuq, qatarı partlatmağa gedirik. Üstümüzü axtarmağa başladı. Qatar isə çıxıb getdi. Firudin qatarın arxasınca həsrətlə boylananda dedim abi, bilirsən indi burda nə çatmır? Dedi nə? Dedim Flora xanım, bir ağız oxusun ki, "Baxma, o qatarın dalınca baxma".
- Aqşin bəy, son olaraq nə demək istərdiniz?
- Qardan ötrü darıxıram, bütün günü pəncərədən göylərə baxıram, qarın yolunu gözləyirəm.
Mənsur Rəğbətoğlu