“Uşaq vaxtı ayaqqabımız cırıq olanda içinə “kulok” qoyardıq” - BİZİM QONAQ
Elnur Kərimov: “Bir sıra görkəmli rəqqaslarımız bu gün də Türkiyədə ticarətlə məşğul olurlar”
20 Noyabr 2013 16:08 Mədəniyyət"Bir axmaq insanın fikri var idi ki, guya 2012-ci ilin 21 dekabr tarixində dünya dağılacaq. O insan belə şeylərə inanan deyildi. Sadəcə olaraq nəvələri üçün stress, həyəcan keçirirdi. Onlar xəstələnəndə belə çox pis olurdu. Üç dəfə infarkt keçirtmişdi"
"Bizim Qonaq" rubrikasının budəfəki müsahibi "Bir ailəm var", "Qaynana" və s bu tip ekran əsərlərindən yaxşı tanıdğımız Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovdu. Həmsöhbətimizlə uşaqlıq xatirələri, qayğılı günləri, sənətə gəlişi və ailəsi haqda danışdıq...
-Öncə uşaqlığınızdan danışaq...Necə bir ailədə böyümüsünüz?
-Ailədə beş uşaq olmuşuq. O dövrdə beş övlad sahibi olmaq çox çətin idi. 29 yaşlı anam üçün bu qədər uşağı böyütmək, onların qayğılarını çəkmək elə də asan deyildi. Anam bunun bir yolunu tapmışdı. Bizi pioner məktəbinə yazdırdı. Hərəmiz ayrı-ayrı sahələrlə məşğul idik. Məndən böyük qardaşlarımdan biri rəqslə, digərləri nağara və xor dərslərinə gedirdi. Evin balacası idim, həm də çox ərköyün olduğum üçün böyük qardaşlarıma baxıb nağaranı, rəqsi öyrəndim, xor dərnəyinə getdim. Demək olar ki, elə o vaxtdan incəsənətə bağlandım. Nağara müəllimim Azər Əliyev idi, hansı ki onun bu sənətə böyük töhfələri olub. Əməkdar Artist Natiq Şirinov da Azər Əliyevin tələbəsi olub. 3 yaşım olanda artıq sarayda nağaradan solo konsert vermişdim. Nağara sənətini öyrəndikdən sonra Dənizçilərin Mədəniyyət Evində işləməyə başladım. Müxtəlif vaxtlarda qastrol səfərlərinə getdim. Krasnovodsk, Şevçenko və başqa bölgələrə səfərlərimiz olmuşdu.
-Bir müddət internatda da olmusunuz...
-Ansamblda bədii rəhbərimiz var idi, o məni İncəsənət Gimnaziyasına yönəltdi. O zamanlar həmin yer 8 nömrəli musiqi təmayülli internat məktəbi adlanırdı. Adı internat olduğundan bir az qorxurdum. Bu məktəbin öz qayda-qanunları var idi. İndiki xalq artistlərinin bir qismi həmin internat məktəbini bitirib. Uşaqlar rayondan gəlib, burda qalırdılar. Tətil günlərində evə gedirdik. Həmin məktəbə daxil olarkən nədənsə nağara sənətini seçmədim. Skripkaya yönəldim. İlk dörd ili skripka ilə məşğul oldum, daha sonra bu sahədən uzaqlaşdım. Gördüm ki, məndə alınmır. Daha sonra klarnetlə məşğul olmağa başladım. Eyni zamanda aktyorluqla maraqlanırdım. Cədvəlimiz elə idi ki, musiqi nəzəriyyəsi, aktyorluq, rəqslə mütəmadi olaraq məşğul olurduq. Klarnetdə uğur qazandım. Bu sahədə təhsil almaq üçün Konservatoriyaya hazırlaşdığım müddətdə səhhətimdə problemlər yaranmağa başladı. Əsəb sistemim pozuldu, beynimdə problemlər, baş ağrıları özünü biruzə verdi. Beləcə klarnetdən də uzaqlaşdım. Aktyorluq sənəti ilə məşğul olmağa başladım. Azərbaycan Televiziyasının qızıl fondunda olan "O olmasın, bu olsun" İncəsənət Gimnaziyasına daxil olduq. Artıq bu sənətə daha ciddi yanaşmağa başladım. Bu dönəmdə bizimlə məşğul olan müəllimlərimiz də kifayət qədər peşəkar idi. Ayaz Salayev, Ənvər Vəliyev kimi gözəl müəllimlərimiz var idi. Sinif rəhbərimiz Göyçək Borçalı 20 Yanvar, Xocalı faciəsi günlərinə, işğal olunmuş rayonların ildönümündə, böyük şair və dramaturqların anım mərasiminə ssenari yazırdı. Yazmaq qabiliyyəti çox yaxşı idi. Hər ay gimnaziyada aktyorluqdan imtahan verirdik. Sözün açığı,o vaxt heç ağlıma gəlməzdi ki, nə vaxtsa universitetə daxil ola bilərəm. Bu haqda düşünməmişdim də. Sanki özümə çox arxayın idim, həyəcanım yox idi. Deyirdim ki, hər şey yaxşı olacaq. "Şeron"un üzvi Ülvi Cəfərovla bir yerdə təhsil almışıq. Uşaqlıqdan onunla dostlaşmışdıq. O mənə dedi ki, gəl universitetə sənəd verək. Dedim ki, yox əşi, institut nədi, hərbçi olmaq lazımdı. Ülvi məni məcbur etdi ki, imtahana gedək. Getdik. O vaxtlar İncəsənət Universiteti Malakan bağının yanında idi. Həyətə girəndə dedilər ki, dram-kino aktyorluğuna sənəd verənlər bu tərəfə gəlsinlər, Musiqili Komediya Teatrına sənəd verənlər isə bu tərəfə. Gördüm ki, Ülvi məni qoyub o biri tərəfə getdi. O, sənədlərini Musiqili Komediya Teatrına təqdim etdi. Nəysə belə... Ülvi musiqili komediya, mən isə dram-kino aktyorluğuna sənəd verənlərin sırasında dayandım. Heç bilmirdim də ki, nə edəcəyəm. İnstitut haqda ümumiyyətlə heç bir məlumatım da yox idi. Çox sevdiyim aktrisa Şəfiqə Məmmədova münsif heyətində əyləşmişdi. İmtahana girərkən hər kəsə verilən ilk sual "nə bacarırsan?" oldu. Özündən razılıq kimi çıxmasın, amma bu sual mənə verilərkən heç bir narahatlıq keçirtmədən hər şeyi bacardığımı söylədim. Özümə çox arxayın idim. Nə qorxum, nə də ki həyəcanım var idi. Məktəb vaxtı bir çox sənətkarlar bizə təhsil verdikləri üçün gözümüz sənətə, sənətkara alışmışdı. Verilən sualları cavablandırıb, tapşırıqları yerinə yetirdikdən sonra Şəfiqə xanım məndən razı qaldığını deyərək beş yazdı. Beş almağım mənim üçün heç də gözlənilməz deyildi. Elə bil ki, bunu da gözləyirdim. Şəfiqə xanımın dediyi bir söz hələ də xatirimdədi. Mənə dedi ki, sənə beş yazmaq istəyirəm. Dedi ki, səni çayxanalarda görmək istəmirəm, istəyirəm ki, səsin teatrlardan gəlsin, çayxanalardan yox. O hətta mənimlə nə vaxtsa eyni filmdə rol almaq istədiyini də söylədi. Əslində mənim heç çayxanalara marağım olmayıb...İllər ötdü, teatrda işləməyə başladım, amma bu sözləri unutmadım...Qabiliyyət imtahanları iki hissəli olur. Birinci imtahandan beş almağım ətrafımdakıları məndən fərqli olaraq təəccübləndirdi. Universitetə sənəd verməyimdən evdəkilər də xəbərsiz idi. İkinci imtahana keçərkən səhnə danışığından məktəbdə sənət müəllimim olan Ənvər Vəliyev münsif heyətində əyləşmişdi. Birinci imtahanda Şəfiqə xanımdan beş aldığım münsiflər heyətində əyləşən hər kəs üçün, o cümlədən də, Ənvər müəllim üçün təəccüblü oldu. "Şəfiqə Məmmədova sənə beş verib?" "bəli" deyəndə sənədlərimi götürüb çıxmağı əmr etdilər. Elə bildilər ki, onları aldadıram. Nəhayət onlara bəlli oldu ki, həqiqətən də Şəfiqə xanım mənə beş yazıb. Müəllimim mənə çox çətin suallar verdi. Hətta özünün öyrətdiyi şeiri deyərkən səhvlər aşkarladı. Nəhayət, yüksək balla Ülvi ilə eyni ildə universitetə daxil olduq. Bu evdəkilər üçün də böyük sürpriz oldu.
-Aktyor olmaq istəyinizi valideynləriniz necə qarşıladı?
-Valideynlərim bu xəbəri çox yaxşı qarşıladılar. Onlar heç vaxt mənə hər hansı işdə maneə olmayıblar. Aktyor olmaq istəyimi də normal qarşıladılar.
-Belə başa düşdüm ki, öncədən qarşınıza aktyor olmağı məqsəd kimi qoymamısınız...Sadəcə keçdiyiniz yol sizi bu sənətə gətirib...
-Yox. Belə deməzdim. Klarnetdən sonra bu sahəyə birdəfəlik bağlandım. Amma bu yolun institutdan keçəcəyini bilmirdim. Bunu da Ülvi mənə başa saldı. Ailəvi get-gəlimiz olub. Onunla tez-tez yığışıb görüşürük. Bir də görürsən ki, o toylarda ifa edəndə mən də aparıcı oluram. Söhbətləşib, uşaqlığımızı da yada salırıq. Deyirəm ki, yadındadı uşaq olarkən ayaqqabımız cırıq olanda içinə "kulok" qoyardıq. O illərdə çox böyük çətinliklərimiz olub...96-cı ilə qədər qardaşımın paltarlarını geyinirdim. Maddi sıxıntılarımız çox olurdu. 1996-cı ildə iki illik Türkiyəyə getdim. Qardaşım rəqs ansamblında işləmək üçün gedirdi deyə, məni də özü ilə apardı. Qardaşımla birgə rəqs ansamblında çıxış edib, "Çobanlar"ı oynadım. Rəqsi də çox yaxşı bacarırdım. İşlərim uğurlu olduğu üçün yaxşı gəlir də əldə etdim. Mağazada işləyirdim, rus alıcılar gələndə dili bildiyim üçün ordakılara kömək edib pul qazanırdım...Təəssüflər olsun ki, bir sıra görkəmli rəqqaslarımız bu gün də Türkiyədə ticarətlə məşğul olurlar. Türkiyədə olduğum vaxtlarda ticarətlə məşğul olurdum. Elə olurdu ki, həftəyə 1200 dollar qazanırdım.
-İlk pulunuzu da bu vaxt qazanmısınız?
-Yox, ilk pulumu ansamblda işləyərkən qazanmışdım. Amma Türkiyədə olarkən istədiyim qədər pul qazandım, özümə hər şey aldım. Nədən ki əziyyət çəkirdim, o məndə yox idi, onları aldım. Hazırda evdə 40-50-yə yaxın ayaqqabım var. Maddi sıxıntılarımız olanda ayaqqabı sarıdan çox yanıqlı idim. Ayaqqabılarım tez-tez cırılırdı, hər gün də almaq imkanımız olmurdu. Uşaq idik, o ayaqqabı ilə hər şey edirdik. Bu gün geyinirdik, sabaha yaramırdı. Valideynlərimizi də qınamaq olmazdı. Hər gün uşağa ayaqqabı almaq mümkün deyil axı. Ona görə, Ülvi ilə bir çıxış yolu tapmışdıq. Ayağımıza "kulok" keçirdirdik ki, su keçməsin. Hazırda da eyni teatrda çalışırıq. Gənc Tamaşaçılara məni Ülvi gətirib. Aktyor kimi də onu çox bəyənirəm, maraqlı obrazları olub. Ələddin rolunun ilk ifaçısı da Ülvi olub.
-Atanızdan söz açmadınız...
-Atam bu yaxınlarda rəhmətə gedib...Artıq bir ildi ki, o bizimlə deyil. Çox qəribə insan idi. Hər şeyi anamın boynuna atmışdı, heç bir işimizə qarışmazdı, öz işi ilə məşğul olardu. Anamız da psixoloji olaraq beynimizə yeritmişdi ki, atanız işə gedir, işdən gəlir, onu çox yormayın. Deyirdi ki, o gələndə səs-küy olmaz, yatmalıdı, sakit olun. Atamızla çox da təmasda ola bilmirdik. O işə, biz də ki məktəbə, pionerlər evinə gedirdik. Atam heç vaxt nəyəsə görə bizi qınamırdı. Bir dəfə mənə dedi ki, böyümüsən işlər görürsən, sənət seçmisən. Mənə məsləhət kimi dedi ki, çalış elə bir yol seç ki, çətinliyə düşməyəsən. Özü də çətinliyin nə olduğunu bilirdi. Həm də arxamızda heç kimimiz yox idi. Bir də deyərdi ki, çalış heç vaxt valideynlərini utandırmayasan. Deyirdi ki, təsəvvür et ki, bu vaxtacan heç kəsdən söz götürməyən bir adam sənə görə kiminsə yanına dəvət olunub danlanılır, sənə deyə bilmədiklərini mənə deyir. Bu cür öyüd-nəsihətlər verərdi bizə. Demək olar ki, teatrımızın bütün aktyorları onu tanıyardı. "Şeron" qrupu yarandığı illərdə atam da məşqlərə gəlirdi. Səs-küyümüz qonşuların da vecinə deyildi. Özümüz üçün oxuyub-oynayırdıq.
-Ölümünə nə səbəb oldu?
-Atam tez-tez infarkt keçirirdi ki, bu da bizə stress yaşadırdı. Allah-təala imkan verdi, əməliyyat etdirdik, damarlarını dəyişdirdik. Övlad, nəvə sevgisi atama böyük stress yaşatdı ki, o da bununla çox ömür sürə bilmədi.
-Səbəb nə idi?
-Bilirsiniz necə, bir axmaq insanın fikri var idi ki, guya 2012-ci ilin 21 dekabr tarixində dünya dağılacaq. O insan belə şeylərə inanan deyildi. Sadəcə olaraq nəvələri üçün stress, həyəcan keçirirdi. Onlar xəstələnəndə belə çox pis olurdu. Üç dəfə infarkt keçirtmişdi. Mütəmadi olaraq xəstəxanada yatırdı. Rayona getmək istəyəndə belə həkimi ilə məsləhətləşirdi...Ailə həyatı qurduqdan sonra ayrı evdə qalmalı oldum...
-Kirayədə, yoxsa?
-Kirayədə, elə indi də kirayədə qalıram. Dekabrın 22-si səhər tezdən mənə zəng edib dedilər ki, atamı reanimasiyaya yerləşdiriblər. Düzü ailəmiz, dünya dağılacaq, filan şey olacaq kimi fikirlərə inanmırdı. Getdik görüşdük, söhbət elədik. Həkimlər də dedi ki, yaşamaq şansı çox azdı. Sonuncu dəfə də onu mən gördüm. 23-ü dünyasını dəyişdi. Reanimasiya şöbəsinin rəhbəri bizə çox hörmət etdi. Gedib bacılarımı da gətirdim ki, atamla görüşsünlər. Bacardığım qədər həkimi söhbətə çəkirdim ki, bacılarım atamla istədikləri qədər söhbət edə bilsinlər. Bacılarımı yola salanda gördüm ki, gözündən yaş axır. Mənə dedi ki, ona su alım. Alıb gətirdim. Həkimdən icazə aldım ki, nəvələrini də görüşünə gətirim. Uşaqları maşına mindirərkən yolda zəng edib dedilər ki, atanı saxlamaq mümkün olmadı. Artıq hər şeyi başa düşmüşdüm...kişinin çox maraqlı həyatı var idi.
-Hansı sənətlə məşğul olub?
-Əvvəllər hərbçi olub. Gənclikdə avtobus parkı var idi, sonradan orda işləyib. Amma vəzifəsi nə idi, onu bilmirəm.
Nigar Məhərrəm
P.S Ardı çox maraqlı olacaq...