Bu gün külək havalanıb deyəsən...
19:38 MədəniyyətPəncərə
Büründü pəncərə göz yaşlarına,
Bir qadın çiynindən atdı yükünü.
Açdı ürəyini boş küçələrə ,
Pəncərə -pəncərə tutdu yükünü.
Min həsrət cücərdi yağışın altda,
Cücərdi ,böyüdü gecə boyunca.
Bir pişik bir siçan ovuna çıxdı,
Yüyürdü , yıxıldı küçə boyunca.
Bir ac köpək kimi uladı külək,
Uladı o başa, bu başa qaçdı.
Tutdu ağacların qol -budağından,
Ayağı dolaça-dolaşa qaçdı.
Yiyəsiz itlərin səsi kəsildi,
Quşlar yuvasına çəkildi , yatdı .
Pəncərə -pəncərə yıxıldı şəhər,
Pəncərə -pəncərə büküldü , yatdı.
Pəncərə-pəncərə yuyundu gecə ,
Pəncərə-pəncərə duruldu qadın.
Pəncərə -pəncərə açıldı səhər,
Pəncərə -pəncərə yoruldu qadın.
Sizinlə çox savaşdım,
Dərə keçdim , dağ aşdım,
Hamınızla barışdım ,
Ağrılar , ay ağrılar.
Məni hara çəkdiniz,
Məni dara çəkdiniz,
Boğazıma çökdünüz ,
Doğrular , ay doğrular.
Məni məndən aldınız,
Dilə , dişə saldınız ,
Qismətimi çaldınız,
Oğrular , ay oğrular.
Bu gün külək havalanıb deyəsən,
Bu ağacı qayçılayır səhərdən.
Həsrətini,nisgilini toplayıb
Yavaş-yavaş payız dönür səfərdən.
Budaq -budaq küsüb gedir yarpaqlar,
Küsüb gedir,heyif çıxır ağacdan.
Külək -külək silkələnir budaqlar,
Xəzəl -xəzəl yağış yağır ağacdan.
Yarpaqlarla halallaşır bu ağac,
Bir bahar da başa vurur ömrünü.
Budağından qopub düşən xəzəllər
Dağa verir,daşa verir ömrünü.
Bir nağıl da sona çatır beləcə,
Hava şıltaq,səma bulud, torpaq ac.
Bir də haçan günəş doğar bu yerdə,
Bir də haçan yarpaqlayar bu ağac?
XXX
Bir gecə də öz taxtından yıxıldı,
Bir səhər də taxta çıxdı təzədən.
Günəş doğdu,ay gizlətdi üzünü,
Bir ümid də şahə qalxdı təzədən.
Bir zülməti yola saldı ləpələr,
Dəniz yenə qaranlığın soyundu.
Göy üzündən işıq düşdü üstünə,
Yenə şəhər nur selində yuyundu.
Yarıpayız,yarıbahar ağaclar
Salamladı yuvasında quşları.
Yağış-yağış,külək-külək sevindi
Bu şəhərin divarları,daşları.
Bina-bina yuxusundan oyandı,
Addım-addım ayaq açdı küçələr.
Göyərçinlər sahil-sahil dağıldı,
Oğrun-oğrun dənə qaçdı sərçələr.
Budağından qopub düşən xəzəllər
Küçə-küçə küləklərlə yarışdı.
Yeni günü salamladıq beləcə,
Payız bizə,biz payıza qarışdıq.
Şair Əlisəmid Kürə..
Alnının qırışlarında min ilin ağrıları,
Baxışlarında min ilin təəssüfü var.
Arada gülümsəyirsən əzabların üzünə,
Ancaq mən gülüşünün altından axan göz yaşlarını yaxşı görürəm, şair.
həsrətə təşnəsən deyə gülümsədikcə bir az da susuzlayırsan,
Ciyərin yanır ayrılıqdan sarı.
Sən susadıqca təp-təzə Söz doğulur ayrılıq rəngdə.
Danışdıqca bir az da böyüyürsən həqiqətin gözündə,
Susduqca bir az da ...
Bilirəm ,nigaransan dünyadan,adamlardan, ağaclardan,ağaclara daş atan uşaqlardan,
Qar altında dən axtaran quşlardan , qarışqalardan--
Hər şeydən, hər kəsdən nigaransan,
Elə özündən də ..
Əllərin cibindən , cibin sərçələrdən utananda göy üzünə yağış ismarlayırsan arada,
Bilirsən ki, səmada bizə ən yaxın buludlardı, buludlar.
Sən kədəri qədəh -qədəh başına çəkdikcə hardasa bir ümidin üstünə qapqara kölgə düşür ,
Hər gün bir qədəh ümidsizləşirsən beləcə.
Hələ əzablara,həsrətə,tənhalığa qədəh -qədəh meydan oxumağını demirəm,
Mən çox şeyi gizlədirəm səndən ,
Çox şeyi demirəm , şair.
Eh, nöqtələr, suallar, nidalar!!
Təranə Dəmir.