Ağ Ev artıq İrəvanı Kremlin  “arxa bağçası” kimi qəbul etmir- ÖZƏL

ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da İrəvana planlaşdırılan səfəri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda gedən geosiyasi rəqabətin yeni mərhələsi kimi qiymətləndirilməlidir. Səfərin Ermənistanda iyunun 7-də keçirilməsi nəzərdə tutulan seçkilər ərəfəsinə təsadüf etməsi heç də təsadüfi xarakter daşımır. Vaşinqton bununla açıq mesaj verir ki, Ermənistan artıq sadəcə regional dövlət deyil, böyük güclərin strateji hesablamalarında mühüm geosiyasi platformaya çevrilib.
ABŞ administrasiyası son illər Cənubi Qafqaza münasibətdə daha fəal xətt yürütməyə başlayıb. Bunun əsas səbəbi regionun həm enerji-logistika marşrutları, həm də Çin-Rusiya-İran xəttinə qarşı alternativ geosiyasi koridor kimi önəminin artmasıdır. Vaşinqton anlayır ki, Ukrayna müharibəsindən sonra Avrasiya məkanında yeni güc balansı formalaşır və bu prosesdə Cənubi Qafqaz həlledici tranzit və siyasi qovşaqlardan birinə çevrilir.
Rubionun İrəvana səfəri də məhz bu strategiyanın tərkib hissəsidir. Ağ Ev bununla göstərməyə çalışır ki, ABŞ bölgəni Rusiyanın "arxa bağçası" kimi qəbul etmir və burada öz maraqlarını qorumaqda qərarlıdır. Xüsusilə Ermənistan üzərindən Qərbin bölgəyə daxil olmaq imkanlarının genişlənməsi Vaşinqton üçün mühüm geosiyasi alət sayılır. Ermənistan isə öz növbəsində uzun illər Rusiyadan asılı təhlükəsizlik modelinin zəiflədiyini gördüyü üçün alternativ dayaqlar axtarışını sürətləndirib.
Bu baxımdan 8 avqust 2025-ci ildə Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə olunmuş anlaşmaların nəticələri Rubionun səfərində əsas müzakirə mövzularından biri olacaq. ABŞ həmin anlaşmaların real siyasi nəticələr verməsində maraqlıdır. Çünki Vaşinqton üçün Azərbaycan-Ermənistan normallaşması yalnız iki ölkə arasında sülh məsələsi deyil, həm də regionda yeni iqtisadi və geosiyasi arxitekturanın qurulması deməkdir.
Səfər çərçivəsində müzakirə olunacaq əsas məsələlərdən biri də yekun sülh müqaviləsinin perspektivləri olacaq. ABŞ bölgədə davamlı sabitliyin təmin olunmasını Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək yeni kommunikasiya və enerji xətlərinin təhlükəsizliyi baxımından vacib hesab edir. Bu kontekstdə TRIPP layihəsinin reallaşdırılması istiqamətində aparılan müzakirələr xüsusi diqqət mərkəzindədir. Layihə təkcə iqtisadi deyil, həm də böyük güclərin bölgədə nüfuz savaşı baxımından strateji xarakter daşıyır.
Vaşinqton anlayır ki, Azərbaycan bölgənin əsas geoiqtisadi aktoruna çevrilib. Orta Dəhliz, enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat xətləri və Türk dünyasını birləşdirən kommunikasiya marşrutları Bakı faktorunu gücləndirib. Buna görə də ABŞ həm Bakı ilə münasibətləri qorumağa, həm də Ermənistanı regiondakı yeni reallıqlara inteqrasiya etməyə çalışır.
Ermənistana Azərbaycan ərazisi üzərindən yüklərin daşınması məsələsinin gündəmə gəlməsi də təsadüfi deyil. Bu, faktiki olaraq regionda blokada və qarşıdurma mərhələsindən qarşılıqlı iqtisadi asılılıq modelinə keçid cəhdidir. ABŞ hesab edir ki, iqtisadi inteqrasiya siyasi sabitliyi sürətləndirə bilər. Lakin burada əsas məsələ tərəflər arasında etimadın hansı səviyyədə formalaşacağıdır.
Rubionun səfərinin digər mühüm tərəfi isə onun regional və qlobal güclərə ünvanlanan mesaj xarakteri daşımasıdır. Vaşinqton açıq şəkildə göstərir ki, Cənubi Qafqaz artıq yalnız Moskvanın təsir dairəsi deyil. ABŞ bölgədə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik aspektindən aktiv rol oynamağa hazır olduğunu nümayiş etdirir.
Bu proses paralel olaraq geosiyasi mübarizəni daha da kəskinləşdirir. Ermənistan hazırda Qərb-Rusiya qarşıdurmasının ən həssas nöqtələrindən birinə çevrilib. Moskva İrəvanın Qərbə yaxınlaşmasını öz mövqelərinə təhdid hesab edir. ABŞ isə əksinə, Ermənistan vasitəsilə bölgədə təsir imkanlarını genişləndirməyə çalışır. Nəticədə Ermənistan geosiyasi savaşın episentrinə çevrilir.
Bütün bunların fonunda Azərbaycan balanslaşdırılmış və praqmatik siyasətini davam etdirir. Bakı həm Qərb, həm Rusiya, həm də regional güclərlə münasibətlərdə milli maraqlara əsaslanan çevik xətt yürüdür. Bu səbəbdən bölgədə formalaşan yeni geosiyasi düzəndə Azərbaycanın rolu daha da artır.
Nəticə etibarilə, Marko Rubionun İrəvana səfəri adi diplomatik təmas deyil. Bu səfər Vaşinqtonun Cənubi Qafqaz uğrunda geosiyasi mübarizədə daha açıq və aktiv mərhələyə keçdiyini göstərir. ABŞ bölgədə yeni siyasi və iqtisadi düzənin formalaşmasında iştirak etmək, enerji və tranzit layihələrində mövqeyini möhkəmləndirmək, eyni zamanda Rusiya və digər rəqib güclərin təsir imkanlarını məhdudlaşdırmaq niyyətini nümayiş etdirir. Ermənistan isə bu böyük rəqabətin mərkəzində öz gələcək strateji istiqamətini müəyyən etməyə çalışan əsas platformalardan birinə çevrilir.
 Mürtəza Bünyadlı
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31