“İtmiş başların abidəsi”
13 Noyabr 2013 13:41 MədəniyyətKitab məlumat mənbəyinin imtinaedilməz hissəsi, insan inkişafının istiqamətverici vasitəsidir. Tarixi kitablardan öyrənirik. Adları tarixə keçən və keçməyən məşhur adlar zəka qavramını kitablara borcludur. Təəssüf ki, indiki vaxtda kitab əsas məlumat bazası olmaq funksiyasını tamamilə internetə verib. Artıq insanlar kitablara o qədər də çox üz tutmurlar. Kitabların sıradan çıxmasının əsl səbəbi inkişaf etmiş yeni texnologiyaların insanlara qarşı əks hücumudur. Cəmiyyət televiziya və internetdən asılı vəziyyətə düşüb. Həm kitab, həm də cəmiyyət tutduğu unikal mövqeyini yeniliklər qarşısında itirir. İnsanlarda oxumaq vərdişi yoxa çıxır. Bu isə cəmiyyətin təfəkkürünün formalaşmasında vaxt itkisi yaradır. İnsanlar internet və televiziyalar vasitəsilə hərtərəfli məlumat aldıqlarını bildirirlər. İnternetə alüdəlik kitab oxumaq vərdişlərinin olmamasından qaynaqlanır. İnsan inkişafını universal səviyyədə saxlamaq üçün internetdən istifadəni kitab oxumaqla paralel şəkildə aparmalıdır. Kitab oxuyan insanın beyni məlumatları qəbul etmək xassəsi oxumayanla müqayisədə 70% daha üstündür. Kitab oxuma vərdişi insanı formalaşdıran yeganə vasitədir. Mütailə beyin yarımkürələri arasında əlaqə yaratmaqla yanaşı inkişafını sürətləndirir. Davranış və düşüncə tərzini formalaşdırır, kamilləşdirir, ən nəhayət cəmiyyət arasında digər oxumağa meyli olmayan fərdlərlə müqayisədə şəxsiyyət kimi yetişdirir. Kitabların informasiyanı tez qəbul etməyi inkişaf etdirmək xarakteri var. Düşüncə və sözü daha yaxşı ifadə etmək vərdişi yaradır, danışığı səlisləşdirir. Dəqiqlik yaradır, özünəinam hissi aşılayır. Anlam və qavrama qabiliyyətini yüksəldir. Kitablar bir sözlə müvəfəqiyyətin kodudur. Cəmiyyətin şəxsiyyət yaratmaq şüurunu kamilləşdirir. Kitab oxuyan insanın konsentrasiya gücü çoxdur. Danışığını bilən mədəni insan səviyyəsinə yüksəldir. Fikirlərin sürət həddini artırır. Rahatlaşdırır, xəyal gücünü çoxaldır, yaradıcılıq keyfiyyəti formalaşdırır. Söz bazasını zənginləşdirir. Ünsiyyəti asanlaşdırır. Lakin kitab oxumamaq vərdişinin olmamasının konkret səbəbləri var. Məsələn, televiziya kanalları və internet saytlarında yayımlanan şou xarakterli verliş və məlumatların çoxluq təşkil etməsi kitaba istinad etməyin qarşında əngəldir. Çünki kitab oxumaq izləməklə müqayisədə daha çətindir. Xüsusən də uşaqların kompüter oyunlarına olan marağı da əsas paya sahibdir. Ələlxüsus da telekanallarda uşaq oyunları ilə əlaqədar reklamların artması problemin qlobal hal almasını sürətləndirir. Telekanal və internet saytlarının insanları şou bombardmanına tutduğu vaxtda kitablara müraciət etmək çətindir. Amma kitablar səssiz müəllimlərdir. İnsana həyat sevinci verir. Düşüncələri yetkinləşdirir. Fikirləri inkişaf etdirən qidadır. Stressi azaldır. İnsanı bütün istiqamətlərdə hazırlaşdırır. Peşə həyatımızda müvəfəqiyyətimiz qarşısında yol açır. Ətrafdakı hadisələrə baxış istiqamətimizi müəyyənləşdirir. İctimai əlaqələrimizdəki keyfiyyəti dəyişdirir. Xüsusən də təhsil sahəsində uğur qazandırır. Oxumaq həzz duymaq, zehin bəzəkliyini, düzgün qərar vermək qabiliyyətimizi inkişaf etdirməyə faydalıdır. İnsanı ərdəmli edir. Uilyam Davenant isə kitabı itmiş başların abidəsi adlandırırdı.
"Ən yaxşı yazıçılar, ən yaxşı oxuculardan çıxır"
Fərqi yoxdur, istənilən peşə sahəsində çalışan insanın əsas uğur talismanı onun kitablarıdır. Kafe, bar, restoran, əyləncə mərkəzləri, gizli kazinolarda vaxt öldürən kateqoriya kitabı olmayanlardır. Oxumamaq passivləşdirir. Oxumaq ruhun ucalığıdır. Kitabı olmayanların ruhu da yoxsul olur. Oxumayan insan zehni hadisələrə reaksiyası olmur, kitabsızlıq fikir gimnastikasını öldürür. Kitab oxumaq onun məşhur müəlliflərilə əyani söhbətdir. Kitab şamdır, keçmiş tarixdən bu günümzə işıq salır. Kitab oxumağın zehni inkişafı ana bətnindən başlayır. Ana qarnındakı körpə 6-7 ayında xaricdə baş verən səsliliyi eşidə bilir. Ana kitab oxuyarkən bətndəki körpə onu dinləyə bilir. Hamiləlik dövründə kitab oxuyan anaların doğulan körpələri də sağlam olur. Bu vərdiş uşaqların doğuşdan sonrakı inkişafında danışmaq xassəsini sağlamlaşdırır. Evdə valideynlər kitab oxyarkən uşaqları bunu mütləq şəkildə görməlidirlər. Bu ənənə şəklinə düşə bilər. Ailə daxilində kitablara dair söhbətlər olmalıdır. Ad və bayram günlərində verilən hədiyyələr içərisində kitabların olması da əhəmiyyətli olardı. Evlərdə kiçik də olsa kitab guşəsi və kitabxana olmalıdır. Bundan başqa uşaqların kitab seçimi düzgün istiqamətləndirilməlidir. Azyaşlıların telekanallarda yayımlanan kitab və tərbiyəvi verilişlərə dair proqramları izlənilməsinə yönəlik addımlar atılmalıdır. Ara-sıra onları kitabxanalara da aparmaq olar. Uşaqların kitab dünyasından faydalanmasını məhdudlaşdırmaq lazım deyil. Kitabsız böyüyən uşaq susuz yetişən ağaca oxşayır, heç bir xeyiri olmaz. Qasım bəy Zakir deyirdi ki, axmaqla oturub-durmaqdansa, kitabla tək qalmaq daha yaxşıdır.
Vaxtında yaxşı oxuyucu olanlar
Kitab evləri, kitabxana və internet saytlarında ən çox müraciət olunan kitab və yazarlarla bağlı kiçik araşdırma apardıq. Araşdırmanın sonunda aşağıdakı nəticələr əldə edilib:
Bakının kitab mağazalarında ən çox alınan əcnəbi yazarların kitabları: "Çərpələng uçuran" (Xalid Hüseyni), "Qara qəhvə" (Aqata Kristi), "İtirilmiş simvol" (Den Broun), "Siçanlar və adamlar" (Con Steynbek), "Kişilərin kitabı" (Oşo), "Rio-Pyedra sahilində oturdum və ağladım", "11 dəqiqə" (Paulo Koelyo) və s. Qabriel Qarsiya Markes, Corc Oruell, Patrik Züskind, Orxan Pamuk, Dostayevski, K.Hamsun, Lev Tolstoy, A.K.Doyl, Teodor Drayzer, Russo, V.Hüqo, İ.V.Höte, C.Devid Selincerin əsərləri də satılan kitablar arasındadır.
Ən çox arzulanan yazıçı: Çarlz Bukovski olsa da, yazıçının əsərləri Azərbaycan dilinə tərcümə edilməyib.
Daha çox müraciət edilən yazıçılar: Jan Pol Sartr, Sabahaddin Ali, Joze Saramaqo, Kafka, Kamyu, Bukovski və s.
Kitabları daha çox oxunan azərbaycanlı yazıçılar: Çingiz Abdullayev, Pərviz Cəbrayıl ("Çe Qevaranın son sirri"), Qurban Səid ("Əli və Nino"), Sayman Aruz ("Yüz il inqilab"), Yunus Oğuz ("Şah arvadı və cadugər"), Seymur Baycan ("Quqark"), Eyvaz Zeynalov ("Bələdçi"), Qaraqan "A" romanı, Varis ("Sənə inanıram"), Ş.Nəzərli, Elxan Elatlı və s. Yazıçı Cəlil Cavanşirin yenicə işıq üzü görən son kitabı "Dinlər, Təriqətlər, peyğəmbərlər"inə də maraq var. Günel Mövlud da yazdığı nəsr əsərlərilə diqqətçəkən yazıçılardan biridir.
İnternet saytlarında şeirlərilə populyar olan şairlər: Aqşin Yenisey, Rina İşıq, Mirzə Sakit, Cəlil Cavanşir, Qismət, Kənan Hacı, Sayman Aruz, Emin Piri, Salam Sarvan, Nicat Qafuroğlu, Elman Tovuz və s.
Axır vaxtlarda xarici ölkələrdə kitabları ən çox satılan və yayılan yazıçılar: Çingiz Abdullayev, Yunus Oğuz və Seymur Baycan. Y.Oğuz və Ç.Abdullayevin əsərləri türkdilli ölkələr, əsasən Türkiyə, MDB və Avropada satılır. Müxtəlif dillərə tərcümə edilib. S.Baycanın "Quqark"ı isə Azərbaycandan başqa Rusiya və Gürcüstanda da məşhurdur, rus dilinə tərcümə edilib.
Özünü "heç vaxt çap olunmayan kitabın müəllifi" adlandıran yazıçı: Ceyhun Musaoğlu. Qeyd edək ki, C.Musaoğlu internet saytları və qəzetlərdə daha çox hekayə və köşə yazıları ilə məşhurdur. Yazıçının bir romanı hazır olsa da hələlik çapa getməyib.
Kitab evləri və kitabxanalara üz tutan kütlənin əksəri daimi müştərilər və üzvlərdir. Məsələdə qabağa çıxan əsas məqam isə oxucu auditoriyasının daha çox əcnəbi yazarlara üstünlük verməsidir. Bunun o qədər əhəmiyyəti yoxdur, əsas odur ki, kitablar vərəqlənsin. Şair demiş, bir az sonra, sonra olacaq. Yəni indi oxumaq lazımdır.
Ömər Zamin